Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət
Komissiyasının iclası keçirilib
Azərbaycan
Respublikası Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən fotostendlə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, videomateriallar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
İclası giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun və 2014-cü il 22 dekabr tarixli sərəncamlarına əsasən, Dövlət Komissiyasının tərkibində olunmuş dəyişiklikləri elan edib. Dövlət Komissiyasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarına, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məsələlərin həlli üçün daha da intensiv çalışacaqlarına əmin olduğunu bildirib.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov mövcud status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Bildirib ki, 2014-cü il ərzində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən törədilmiş təxribat-diversiya əməlləri bunu bir daha təsdiq edir. Ermənistanın destruktiv hərəkətləri göstərdi ki, bütün aidiyyəti dövlət strukturları kimi, Dövlət Komissiyası da səlahiyyətləri çərçivəsində cəbhədə baş verə biləcək hadisələrə operativ reaksiya verməyə hazır olmalıdır. Məlumdur ki, Ermənistanın təxribatı yalnız qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir. Terrorçuluğu və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti yeritməkdə davam edir.
2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif uydurma məlumatlar yayıb. Ölkə rəhbərinin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsilə məhkəmə şousu təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir.
Buna görə, təcavüz nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işlər görülməlidir. Müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan Komissiya hər bir vəziyyətə hazır olmalıdır. İşimizi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun qurmalıyıq.
Görülmüş işlərin yekunları barədə çıxış edən Dövlət Komissiyasının katibi Firudin Sadıqov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirildiyini bildirib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib.
Qeyd olunub ki, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində 2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə 2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib.
2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.
BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində, Ermənistanla sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da, Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.
Azərbaycan Respublikası isə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.
Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib. Lakin 5 il ərzində respublikamızda beynəlxalq humanitar hüquq normaları çərçivəsində saxlanmış, müasir tipli yaşayış yeri, hər cür məişət texnikası, gündə üç dəfə yeməklə təmin edilmiş, müntəzəm olaraq tibbi müayinə və müalicə almış, daim aidiyyəti beynəlxalq qurumların baş çəkdiyi ailənin qayıtdıqdan sonra erməni xislətinə uyğun olaraq Azərbaycan əleyhinə danışacaqları nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.
Ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.
Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərinin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.
Hesabat dövründə Komissiyanın beynəlxalq əlaqələri də diqqət mərkəzində saxlanılıb. Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələri və onların saxlanması üzrə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi məqsədilə müvafiq təşkilati tədbirlər görülüb.
Dövlət Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov qeyd edib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanması, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadə edilməsidir. İtkinlər barədə məlumatların toplanması işi BQXK-nın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib və bütövlükdə 3677 sorğu anketi toplanıb, həmin məlumatların bazaya daxil edilməsi isə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılıb.
Hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi və onların saxlanması üçün zəruri işlər aparılır. Bu işin reallaşdırılması məqsədilə ən vacib məsələ toplanmış nümunələrin saxlanması üçün müasir tələblərə cavab verən laborator-mərkəzin yaradılması idi. Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, artıq həmin mərkəz Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında yaradılıb. Müasir tələblərə cavab verən tibb müəssisəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin hospitalı bu iş üçün ideal variant idi. BQXK da yaradılmış şəraiti yüksək qiymətləndirib.
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, Dövlət Komissiyası və onun İşçi qrupu ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixən həyata keçirilmiş cinayət əməllərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən hücum diplomatiyası taktikasına uyğun olaraq hesabat dövründə də fəaliyyətini davam etdirib, Ermənistanın Azərbaycana təcavüzü, törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının ildönümləri və 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı xarici ölkələrdə və respublikamızda keçirilmiş bir sıra tədbirlərin təşkilinə yardımçı olub və yaxından iştirak edib. İtaliyanın mədəniyyət mərkəzi olan Milan şəhərində İtaliya və Azərbaycanın bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycan həqiqətlərinə, mədəniyyət və ədəbiyyatına həsr edilmiş tədbirlər keçirilib. Tədbirlər Milan şəhər ictimaiyyətinin, ziyalıların, şairlərin, jurnalistlərin diqqət və marağına səbəb olub, İtaliya KİV-lərində geniş işıqlandırılıb.
Fevral ayında Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Belçikanın Brüssel, Niderland Krallığının Haaqa və Amsterdam şəhərlərində Xocalı soyqırımına həsr edilmiş tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət faktları barədə iştirakçılara ətraflı məlumat verilib və Komissiyanın nəşr etdiyi materiallar yayılıb. Tədbir Hollandiya kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Dünya Azərbaycanlıları Milli Birliyi tərəfindən İsveçin Malmö şəhərində “Bütöv Azərbaycan televiziyası” kanalının açılışında təmsil olunmuş Dövlət Komissiyasının katibi iştirakçılar qarşısında məruzə edib və Komissiya tərəfindən hazırlanmış materialları, o cümlədən video və fotofaktları televiziyaya təqdim edib.
Dövlət Komissiyası sədrinin tapşırığına əsasən, MTN İctimai Əlaqələr İdarəsinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Dövlət Universitetində 2014-cü ilin noyabr və dekabr aylarında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqəti bilməlidir” mövzusunda təşkil etdiyi və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış konfransın işində Dövlət Komissiyası yaxından iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaxından iştirak edib. Sərgi-yarmarkaya Komissiya tərəfindən 12 dildə nəşr edilmiş 27 adda nəşriyyat məhsulu - kitablar, CD və DVD-lər çıxarılıb. Məhsullar sərgi-yarmarkada iştirak edən xarici və yerli qonaqların marağına səbəb olub. Sərgidə fəal iştirakına görə Dövlət Komissiyası diplomla təltif edilib.
Dövlət Komissiyası sədrinin göstəriş və tövsiyəsinə uyğun olaraq yeni bir kitab nəşrə hazırlanıb. “Terror: hadisələr, faktlar, sübutlar” adlı kitabda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri araşdırılıb. Kitab tərtib edilərkən Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yaradılmış birgə istintaq-əməliyyat qrupunda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında və arxivlərdə toplanmış materiallardan istifadə olunub. Bundan başqa, M.S.Neymət və V.A.Quliyevin “Îáúåêò àðìÿíñêîãî òåððîðà – ïàìÿòíèêè ìàòåðèàëüíîé êóëüòóðû àçåðáàéäæàíñêîãî íàðîäà” adlı kitabı fransız, ispan və Çin dillərində çap olunub. Qeyri-maddi mədəni irsimizin ermənilər və başqaları tərəfindən mənimsənilməsinin qarşısının alınması məqsədilə indiyədək bu səpkidə təqdim olunmuş kitablardan tam fərqli olaraq rus dilində dərc etdirdiyimiz “Azərbaycan mətbəxi” kitabı isə türk, ingilis və ispan dillərinə tərcümə edilərək nəşr olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı birləşmələri və Dağlıq Qarabağda yaradılmış erməni-terrorçu quldur dəstələrinin törətdiyi soyqırımı, etnik təmizləmə, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa və bəşəriyyətə qarşı həyata keçirilmiş digər cinayət əməlləri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Komissiyasında toplanmış materiallar əsasında MTN-in İctimai Əlaqələr İdarəsi və İctimai Televiziya tərəfindən hazırlanmış “Dünya həqiqətləri bilməlidir” adlı sənədli filmin çəkilişində Komissiyanın İşçi qrupu yaxından iştirak edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi internet səhifəsinin (www.human.gov.az) qlobal şəbəkədə texnoloji yeniliklərlə zənginləşdirilməsi, orada müasir tələblərə uyğun materialların yerləşdirilməsi məqsədilə Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, yenidən işlənməsi üçün zəruri tədbirlər görülüb.
Hesabat dövründə Dövlət Komissiyasının Azərbaycan, rus, ingilis dillərində 3200 nüsxə materiallar toplusu, 12 dildə nəşr edilmiş 27 adda 13 minə yaxın kitab, Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən material yazılmış 20 mindən artıq kompakt disk respublikada və xarici ölkələrdə yayılıb. Dövlət Komissiyasının materiallarının yayılmasında Komissiya üzvləri də xüsusi fəallıq göstəriblər. Belə ki, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə agentliyin əməkdaşları ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Danimarka, Çexiya və digər ölkələrdə, Zərifə Salahova isə Kuba, Belarus, Hollandiya, İsveçrə və Sinqapurda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Komissiyanın nəşr etdirdiyi materialların nümayişini və həmin ölkələrdəki beynəlxalq təşkilatlara, dövlət qurumlarına, universitet və mərkəzi kitabxanalara verilməsini təşkil ediblər.
Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri Fərhad Vahabov MTN və Dövlət Komissiyasının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində gördüyü adekvat tədbirlərdən danışdı.
Sonra məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub Mahmudov, İsa Həbibbəyli, Rəbiyyət Aslanova, Azay Quliyev, Çingiz Qənizadə, Oruc Zalov, Əflatun Amaşov çıxış edərək, ağır və eyni zamanda, şərəfli bir missiyanı həyata keçirən Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə böyük rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
İclasda müzakirə olunan məsələlərlə bağlı
müvafiq qərarlar qəbul edilib.
Azərbaycan.-2015.- 25 yanvar.- S.3.