Azərbaycan gimnastları Avropa

Oyunlarında yüksək nəticə göstərəcəklərinə əmindirlər

 

 

Yüksək səviyyədə dövlət qayğısı nəticəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ayrı-ayrı idman növlərində müşahidə olunan sürətli inkişaf, təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları qələbələr, paytaxtımızın mötəbər beynəlxalq turnirlərə ev sahibliyi etməsi, gənclərin idmana kütləvi axını məhz bu qayğının nəticəsidir.

Digər idman növləri ilə yanaşı, gimnastika da ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü sürətlə inkişaf edir. Onun bütün növlərində gözəllik, güc, incəsənət bir-birini tamamlayır. İdman gimnastikası güc, çeviklik, bir-birinə ecazkar gözəlliklə bağlanan hərəkətlərin sonda bir tam təşkil edən kompleksidir. İdmançının hansı alətdə çıxış etməsindən və ya sərbəst hərəkətləri yerinə yetirməsindən asılı olmayaraq, tamaşaçı böyük zövq alır, insanın yaratdığı möcüzə qarşısında heyrətə gəlir.

Gimnastika bütün dünyada yayılmış idman növüdür. Elə ölkələr var ki, onlar gimnastika ölkəsi də adlanır. Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya, Yaponiyabir sıra digər ölkələr güclü gimnastları ilə məşhurdur. Bu ölkələrdə güclü gimnastika məktəbləri, zəngin gimnastika ənənələri var. Təqdirəlayiq haldır ki, Azərbaycan da artıq bu ölkələr sırasına qoşulub.

Ölkəmizdə gimnastikanın inkişafı tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verib və 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb. Dövlət müstəqilliyinin bərpasından sonra, 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. Azərbaycan Gimnastika Federasiyası özündə gimnastikanın dörd növünü birləşdirir: bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinq.

 

Gimnastikanın inkişafında yeni mərhələ

 

Qısa zamanda Azərbaycanda gimnastika inkişaf etmiş, gimnastlarımız beynəlxalq miqyasda ustalıqlarını nümayiş etdirmişlər. 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarında Azərbaycan gimnastı Valeri Belenki Müstəqil Dövlətlər Birliyi komandasının tərkibində komanda hesabında olimpiya qızılını qazanıb. Bununla belə, o illər idmanda baş verən tənəzzül gimnastikadan da yan ötməyib. Azərbaycan gimnastları beynəlxalq yarışlarda çox zəif çıxış edir, sonuncu yerləri tuturdular. Beynəlxalq Gimnastika Federasiyası ilə əlaqə yox dərəcəsində idi. Bu idman növünün Azərbaycanda inkişaf edəcəyinə şübhə ilə yanaşırdılar. Gimnastika bölmələrində məşqlər lazımı səviyyədə keçirilmirdi, Azərbaycan çempionatının təşkilinə kifayət qədər diqqət verilmirdi. Yalnız akrobatika növündə əvvəlki ənənələrə sadiq qalmağa çalışırdılar. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının (AGF) növbəti hesabat-seçki konfransı ərəfəsində real vəziyyəti belə idi.

2002-ci il oktyabrın 7-də Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə gimnastikanın yeni inkişaf mərhələsi başladı. Federasiyanın yeni rəhbərliyi ilk növbədə ölkə gimnastikasının imkanlarını öyrəndi. Həmin ilin sonunda federasiya öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətlər gimnastika bölmələrinin fəaliyyətinin gücləndirilməsi, məşq üçün yaxşı şəraitin yaradılması, yeni klub və bölmələrin açılması, ölkə çempionatının yüksək səviyyədə təşkili, AGF-nin beynəlxalq əlaqələrinin qurulması, dünya və qitə federasiyaları ilə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi, Afina Olimpiya Oyunlarına lisenziya qazanılması, gimnastika üzrə mütəxəssislərin, məşqçi və hakimlərin yetişdirilməsi, onların öz bilik və bacarıqlarının təkmilləşdirilməsi, regionlarda gimnastika bölmələrinin yaradılması, yalnız bədii gimnastikanın deyil, digər növlərin də inkişaf etdirilməsi, Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda daha çox iştirakının təmin edilməsi, gimnastikanın maddi-texniki bazasının möhkəmləndirilməsi gimnastikanın təbliğ olunması idi.

Tezliklə gimnastika sahəsində canlanma hiss olunmağa başladı. Ölkə çempionatının təşkili və keçirilməsindəki çatışmazlıqlar aradan qaldırıldı, idmançıların beynəlxalq səviyyəli yarışlara qatılması üçün şərait yaradıldı. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

Gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu idman növünün kütləviləşdirilməsi istiqamətində görülən işlər tezliklə öz bəhrəsini verdi. Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat ölkə çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi gimnastlar yetişdilər.

2003-cü ilin fevral ayında Rusiyada keçirilmiş beynəlxalq turnirdə ölkəmizin ən güclü gimnastı Dinarə Gimatova gümüş medal qazandı, sonralar daha bir neçə nüfuzlu yarışda qüvvəsini sınadı. O, 2003-cü ilin may ayında Dünya kubokunun Fransada keçirilən birinci mərhələsində də uğurlu çıxış edərək lentlə hərəkətlərdə 8-ci nəticə göstərdi.

Ümumiyyətlə, son 13 ildə AGF gimnastikanın ölkəmizdə təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görmüşdür. Bir çox idman cəmiyyətlərində gimnastika bölmələri açılmış, idman zalları təmir olunmuşdur. İdmançılara, məşqçilərə, həmçinin bu sahədə çalışan digər mütəxəssislərə qayğı göstərilir. Eləcə də ölkədaxili yarışların keçirilməsi səviyyəsi yüksəlmişdir.

 

Dünya gimnastikasının nəbzi Bakıda vurur

 

Qısa müddət ərzində bu sahədə aparılan məqsədyönlü fəaliyyət nəticəsində artıq Bakı beynəlxalq miqyaslı yarışlara ev sahibliyi etmək gücünü göstərməyi bacardı. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasına bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışının ölkəmizdə keçirilməsi ilə bağlı müraciət etdi. Beynəlxalq Gimnastika Federasiyasının Afinada keçirilmiş 74-cü konqresində Dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustunda Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi. Belə mötəbər turnir ilk dəfə idi ki, Azərbaycanda təşkil olunurdu. Bu, Azərbaycan gimnastikasının milli müstəqilliyin bərpasından bəri əldə etdiyi ilk böyük uğur oldu və bədii gimnastikamızın tarixinə parlaq səhifə kimi yazıldı.

2003-cü ilin aprelində Dünya kubokunun mərhələsinin təşkilinə hazırlıqla tanış olmaq üçün Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrand, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri Egle Abruzzinidən ibarət nümayəndə heyəti Azərbaycana gəldi. Nümayəndə heyəti səfər zamanı paytaxtın idman kompleksləri, gimnastikanın maddi-texniki bazası ilə tanış oldu. Qonaqlar mötəbər beynəlxalq yarışın Azərbaycanda keçirilməsi üçün görülən işlərdən məmnun qaldılar.

2003-cü ilin avqustunda Bakıda 17 ölkənin təmsilçilərinin iştirak etdiyi bədii gimnastika üzrə Dünya kubokunun mərhələsi yüksək səviyyədə keçdi. Azərbaycana gəlmiş qonaqlar və idmançılar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar.

Sonrakı illərdə də Azərbaycan bir sıra mötəbər beynəlxalq turnirlərə ev sahibliyi etdi:

* 2004-cü ildə 22 ölkədən 47 gimnastın iştirakı ilə bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışı;

* 2005-ci ildə Dünya kubokunda A kateqoriyasına malik AGF Kuboku uğrunda yarış;,

* 2005-ci ildə 47 ölkədən çoxlu sayda idmançının iştirakı ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatı;

* 2005-ci ildə dünya çempionatı;

* 2007-ci ildə Avropa çempionatı;

* 2009-cu ildə 32 ölkədən 186 gimnastın iştirakı ilə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı;

* 2014-cü ildə 30 ölkədən 250-dən çox gimnastın iştirakı ilə 30-cu Avropa çempionatı.

 

Dünyanın ən unikal idman qurğularından biri

 

Yeni idman komplekslərinin inşası mövcud idman obyektlərinin əsaslı şəkildə yenidən qurulması beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda idmanın inkişafı naminə görülən işlərin bariz nümunəsidir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun layihələrin icrası istiqamətində görülən işlərdən biri kimi Milli Gimnastika Arenasını göstərmək olar.

Ötən ilin aprel ayında Prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın iştirakı ilə Milli Gimnastika Arenasının açılış mərasimi keçirildi. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri buranın digər idman tədbirlərinin yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minədək artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olaraq bu idman obyektində hotelvar.

Bu möhtəşəm qurğu istismara verildikdən sonra orada mükəmməl məşq prosesini həyata keçirmək üçün maksimum şərait yaradılıb. Ən müasir idman avadanlıqları ilə təchiz olunan arenada yüksək ixtisaslı məşqçi korpusu fəaliyyət göstərir.

Avropa Oyunları zamanı burada 447 idmançının yarışacağı gözlənilir.

 

“Bakı-2015”də 26 gimnastımız yarışacaq

 

Qarşıda gimnastlarımızı tarixdə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunları gözləyir. Birinci Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi dövlətimiz üçün böyük önəm daşıyır. Bu idman tədbirində medal gözlədiyimiz idman növlərindən biri də, heç şübhəsiz, gimnastikadır.

Avropa Oyunlarında gimnastikanın 6 növü təmsil olunacaq. Bunlar bədii gimnastika, kişi idman gimnastikası, aerobika gimnastikası, qadın idman gimnastikası, akrobatika gimnastikası və batutdur.

Ümumilikdə ölkəmizin adına 26 idmançı yarışacaq. Kişi və qadın idman gimnastikasında 3 gimnast, batutda isə 2 oğlan və 2 qız idmançı iştirak edəcək.

Akrobatika gimnastikası isə qadın qrupu və qarışıq cütlük ilə təmsil olunacaq. Aerobika gimnastikasında Azərbaycanı 5 nəfərdən ibarət qrup və həmin qrupdan seçilmiş bir qarışıq cütlük təmsil edəcək. Bədii gimnastikada isə 2 fərdi gimnastqrup hərəkətləri komandası çıxış edəcək.

İnanırıq ki, gimnastikanın inkişafı üçün yaradılan şərait bu idman növündə uğurlarımızın artmasına şərait yaradacaq, idmançılarımız mötəbər turnirlərdə yeni-yeni zirvələr fəth edəcəklər.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 25 yanvar.- S.4.