Azərbaycan ilə Dünya
İqtisadi Forumu
arasındakı əməkdaşlıq
yüksək səviyyədədir
Davos Forumu ölkəmizin
beynəlxalq nüfuzunun daha
da artdığını təsdiq etdi
İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir.
Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. 2014-cü ilin ötən dövründə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır.
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşıb, 400 min insana ünvanlı sosial yardım verilir. Qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Bu da çox mühüm nəticə kimi qiymətləndirilə bilər.
Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Ölkə başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Xatırladaq ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda Azərbaycana həsr olunan görüş təşkil olunmuş, burada ümummilli lider Heydər Əliyev ölkəmizin zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması barədə dünya ictimaiyyətinə məlumat vermişdir. Dövlət müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi. Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan dünya miqyasında artıq nüfuz qazanmış, “Əsrin müqaviləsi”nə imza atmış bir dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması ölkəmizin nəinki regionda, həmçinin dünyada söz sahibi kimi tanınmasından xəbər verirdi.
Forumun illik tədbirlərinin birində, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorçuluqda nəzarətsiz qalan torpaqların rolunun müzakirəsi Azərbaycan üçün də əhəmiyyətli oldu. Bu müzakirədən sonra dünya ictimaiyyətinin diqqəti respublikamızın sözügedən probleminə bir daha yönəldildi. Əvvəllər Davos Forumuna qatılmaqla əsasən öz iqtisadiyyatını inkişaf etdirmək, investorlar cəlb etmək üçün görüşlər keçirən Azərbaycan, sonradan artıq ölkəmizin investisiya imkanlarını dünyanın diqqətinə çatdırırdı.
2013-cü il aprelin 7-8 də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələrinin bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.
Davos Forumunun budəfəki 45-ci iclasında müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olmuşdur. Həmçinin forum iştirakçıları Azərbaycanda gedən iqtisadi yüksəlişə diqqət çəkmiş və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Tədbirdə həmçinin Ukraynada vəziyyət, iqlim dəyişikliyi, “Ebola” virusu, diabet xəstəliyi, monetar siyasət, avrozona, energetika və digər məsələlər də müzakirə edilmişdir.
Prezident İlham Əliyev forum çərçivəsində mühüm görüşlər keçirmişdir. Ölkəmizin başçısı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir. Azərbaycanın Avropanın enerji təminatında artan rolu göstərilmiş və bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulanmışdır. Davosda Prezident İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılmışdır. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır. Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olunmuş, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirilmiş, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşündə bir sıra mühüm məsələlərə toxunulmuşdur. Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Prezident İlham Əliyevin forumda iştirakının əhəmiyyətli olduğunu bildirmişdir. Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə etmişdir. Azərbaycan Prezidenti bu forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğulamışdır. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, qlobal böhran və onunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan böhranın yaratdığı çətinlikləri qabaqlayıcı tədbirlər həyata keçirməklə aradan qaldırmış və davamlı inkişafını təmin etmişdir. Ötən ildə dünyada qlobal iqtisadiyyatın inkişaf istiqamətində hərəkətə gəlməsi, habelə əlverişli xarici mövqe və daxili tələbin genişlənməsi fonunda Azərbaycan iqtisadiyyatında artım meyilləri davam etmişdir. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Azərbaycanın valyuta ehtiyatları da artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə hətta bir çox ölkələri də qabaqlayır.
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirakı zamanı bildirmişdir: “İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Neft qiymətlərindən asılılığımız get-gedə azalır. Beləliklə, iqtisadiyyatımızın böyük bir qismi qeyri-enerji sektoru tərəfindən təmin edilir. Həmçinin əsas beynəlxalq maliyyə təsisatlarının, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı və digərlərinin yardımı ilə çox sayda böyük infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görmüşük. İndi isə Azərbaycan artıq donor ölkəyə çevrilib. Biz özümüz Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təsisatları vasitəsilə bəzi layihələri maliyyələşdiririk.
Əlbəttə, başlanğıcda enerji təhlükəsizliyi məsələsi bizim üçün inkişaf vasitəsi kimi götürülmüşdür, çünki biz böyük enerji resurslarına malikik. Enerji resurslarımız regionda mühüm rol oynayır. Bu yaxınlarda digər yeni nəhəng meqalayihəyə başlamışıq. Bu, “Cənub” qaz dəhlizi adlanır. Bu layihə vasitəsilə qaz Azərbaycandan Avropaya nəql ediləcək. Bu, ola bilsin ki, Avropanın ən iri infrastruktur layihələrindən biri olacaq. “Cənub” qaz dəhlizi layihəsi artıq həyata keçirilən layihədir. İqtisadiyyatın şaxələndirilməsi demək olar ki, hər bir ölkə, xüsusən də zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə üçün ən mühüm elementlərdən biridir”.
Ölkə başçısı Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada da çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışmışdır.
“Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada çıxışı zamanı isə dövlət başçısı beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunmuşdur. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulamışdı. Dövlət başçısı onu da bildirmişdir ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak etmiş və antiterror koalisiyanın fəal üzvlərindən olmuşdur.
Davos Forumunun iqtisadi və siyasi əhəmiyyəti ildən-ilə artmaqdadır. Qlobal iqtisadi böhranın hələ də səngimədiyi, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Bu baxımdan Azərbaycanın da bu mötəbər tədbirdə yüksək səviyyədə iştirakı, əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, qarşılaşdığı problemləri də dünya dövlətlərinin diqqətinə çatdırması son dərəcə əhəmiyyətlidir.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 27 yanvar.- S.1.