Şimon Lankri: Akko şəhərində Azərbaycan
multikulturalizminin öyrənilməsi vacibdir
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayev ölkəmizdə səfərdə
olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AzərTAc
xəbər verir ki, Kamal Abdullayev Azərbaycanda tarixi köklərə
malik multikulturalizm və tolerantlıq mədəniyyətinin
bu gün dövlət siyasətinin tərkib hissəsinə
çevrilməsindən və bu istiqamətdə Prezident
İlham Əliyev tərəfindən ölkəmizdəki
milli, dini icmalara göstərilən bərabər
qayğı və diqqətdən, multikulturalizmin Azərbaycan
modelinin dünya xalqlarına və dövlətlərinə
nümunə kimi təqdim edilməsi üçün
atılan addımlardan söz açıb.
Akko
şəhərinin meri Şimon Lankri ilk dəfə Azərbaycanda
olduğunu dedi. Akkoda bir çox millətlərin nümayəndələrinin
yaşadığını bildirən mer Azərbaycan
multikulturalizminin bu şəhərdə həm akademik, həm
də digər müstəvilərdə öyrənilməsi
üçün əməkdaşlığa hazır
olduqlarını söyləyib. O, yəhudilərlə
yanaşı, müsəlmanların, xristianların da
yaşadıqları bir şəhərdə bunun çox
vacib olduğunu vurğulayıb.
Görüşdə
İsrailin və Azərbaycanın təhsil, mədəniyyət,
multikulturalizmin təşviqi baxımından birgə əməkdaşlığı
mövzusunda fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 27 yanvar.- S.5.