“Xəzəri qəlbimə köçürmüşəm...”

 

Almaniyanın “Yeddinci kanal” televiziyası çəkdiyi filmi şərti olaraqBir neftçinin bir günü” adlandırıb. Əslində isə Firat Əliyev neçə illərdir yalnız gecələr işləyir. Doğrudur, Neft Daşlarında gecəli-gündüzlü, yəni növbəlidir. Amma ona istisna hal kimi bir qayda olaraq gecə növbəsində işləmək etibar edilib.

- Çətin deyil ki?

Firat Əliyev suala düşünmədən cavab verir:

- Çətin olmağına çətindir. Amma artıq vərdiş etmişəm. Burada, Neft Daşlarında əmək növbəsi çəkəndə ev işlərindən, ailə qayğılarından uzaq olursan. Odur ki, gündüzlər yatıb dincəlməyə xeyli vaxt qalır.

Neft Daşları” NQÇİ-nin 2-ci sahəsinin (mədəninin) neft və qazçıxarma ustası Firat Əliyevin gecələr işləməsini ona göstərilən etimad da, bəslənən etibar da, verilən məsuliyyətli tapşırıq da adlandırmaq olar. Odur ki, usta hər dəqiqə, hər an diqqətli, ayıq-sayıqdır. Üç briqadanın işinə nəzarət edir.

İşə adətən sahə rəisindən mədəndəki vəziyyət haqqında məlumat, müvafiq tapşırıqlar alandan sonra başlayır. Bütün gecəni quyuların rejiminə ciddi nəzarət etmək tələb olunur. Yerüstü avadanlıqlar da nəzər-diqqətdən yayınmamalıdır. Çünki ətrafda nə varsa - hamısı neftlə, qazla, təzyiqlə bağlıdır. Ən kiçik bir səhvdən, ən balaca bir diqqətsizlikdən böyük təhlükə yarana bilər. Odur ki, usta təkcə texnoloji rejimlərə deyil, gecə növbəsinə çıxan digər işçilər arasında nizam-intizama, fərdi mühafizə geyimlərindən istifadə qaydalarına, əməyin təhlükəsizliyinə nəzarət etməlidir.

Üstəlik, bütün bunlar ekstremal şəraitdə, coşqun Xəzərin qoynunda, estakadalar üstündə həyata keçirilir. Xəzər heç də həmişə sakit olmur, daha doğrusu, burada güclü külək, qasırğa adi hal sayılır.

Çətindir dəniz neftçisinin işi... Firat Əliyev isə belə hesab edir ki, ümumiyyətlə, asan , peşə yoxdur. Peşəni sevməyən, qavramayan, mənimsəyə bilməyənlər var. İşini-peşəni qəlbən sevəndə püxtələşirsən, necə deyərlər, professionallaşırsan. Peşəkar olandan sonra isə işin sənə çətin gəlmir, əksinə, zövq və məmnunluq gətirir.

“Peşəni sevsən, o, sənə heç vaxt vəfasızlıq etməz. Hansı peşənin, sənətin sahibi olacağı da insanın bir qismətidir, tale payıdır”. Müsahibim belə deyir. Təbii ki, öz tərcümeyi-halından, həyat təcrübəsindən çıxış edərək bu qərara gəlib.

Danışır ki, Cəbrayıl rayonunda böyüyüb boya-başa çatıb. Ailədə səkkiz qardaş-bacı olublar. Atası Əjdər kişi onu öz gözündən kənara buraxmaq istəmirmiş. İstəyirmiş ki, kənddə-kəsəkdə işləyib ata evində yurdçu olsun. Firat isə çox arzulayırmış ki, təhsil alsın. Nəhayət, elə arzu da qalib gəlib. Bakıda yaşayıb dəniz mədənində işləyən yaxın qohumu ona Neft Texnikumunda təhsil almağı məsləhət görüb. 1982-ci ildə texnikumu bitirən Firat Əliyevin təyinatını Neft Daşlarına veriblər.

- Ötən 33 ildə çox hadisələrin şahidi olmuşam, - söyləyir. - Əksər quyularının “təvəllüdü” 1970-1975-ci illər olan köhnə mədəndə keçən il təzə quyular almışıq. 1994-cü ilin bir qasırğalı payız günündə 418 nömrəli quyunu necə “itirdiyimizheç yadımdan çıxmaz. Bu yaxınlarda isə onun yerində təzə 418a nömrəli quyudünyaya gəlib”. O da yadıma gəlir ki, cavan bir oğlan Neft Daşlarına çox böyük həvəslə gəlmişdi. Gecə qasırğa baş verdi - gecələr isə qasırğa daha vahiməli olur. Səhər açılanda həmin oğlan dənizə necə hay-küylə gəlmişdisə, eləcə də çıxıb getdi...

Bax buna görə deyirlər ki, dəniz cəsurları sevir. Firat Əliyev kimi cəsurları. Xəzərin qoynuna gələndə o da hələ həyatın bərkindən-boşundan çıxmamış bir gənc idi. Nə tufandan qorxdu, nə də işin çətinliyindən. Başını aşağı salıb çalışdı, tapşırılan işi məsuliyyətlə yerinə yetirdi, bilmədiklərini səylə, səbrlə öyrəndi, peşəkar oldu. 1989-cu ildə onu usta vəzifəsinə irəli çəkdilər. Həmin vaxtdan bəri “Peşəsinin ən yaxşı ustası” adını qazanıb, fəxri fərmanlar alıb, hədiyyələrlə mükafatlandırılıb.

İşi, vəzifəsi öz yerində, Neft Daşlarında onu fəal ictimaiyyətçi kimi də tanıyırlar. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir, həmkarlar təşkilatının işində yaxından iştirak edir. Beləcə, Neft Daşları Firat Əliyevin ikinci evinə çevrilib.

Əsl evi, ailəsi, övladları üçün yaratdığı isti od-ocaq isə Lökbatan qəsəbəsindədir. Oğlu Murad Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur, Qaradağ rayonunda mühəndis işləyir. Lalə və Jalə adında bir cüt qız övladı da var. Dedi ki, uşaqların boya-başa çatmasında, gözəl tərbiyə almasında Leylinin zəhməti böyükdür. Elədir ki, var. Ömrünün çoxunu dənizdə keçirən hər bir neftçinin arxasında səbrlə onun yolunu gözləyən, övladlarının tərbiyəsini, evin, ailənin qayğılarını öz zərif çiyinlərinə götürən fədakar bir xanım dayanır.

Firat Əliyevin ailəsi onun qazandığı halal çörəkdən, hünər dolu peşəsindən, layiq görüldüyü hörmətdən qürur duyur. Bəs vaxtilə onu şəhərə buraxmaq istəməyən valideynləri necə? “Çox təəssüf ki, atam bu günləri görmədi. Anam Mənzər xanım isə yanımdadır, mənim uşaqlarımla birlikdədir. Hər dəfə dənizə yollananda elə o vaxt şəhərə gələndə olduğu kimi boynuma sarılır...” Bunları deyib müsahibim baxışlarını yenidən gümüşü ləpələrini estakadanın dayaqlarına döyəcləyən Xəzərə dikdi. Dəniz neftçiləri həm də duyğulu, kövrək olurlar...

Mən də müsahibimin bu duyğularına köklənərək:

- Bir gün gələcək və Xəzərdən ayrılmalı olacaqsınız. Yəqin ki, ayrılıq çox çətin olacaq... - soruşdum.

Gözlədiyim cavabın əksinə olaraqyoxdedi:

- Zaman keçir, nəsillər dəyişir, həyat isə davam edir. Vaxtilə burada hünər göstərənlərin yerinə biz gəldik, sabah bizi də əvəz edəcək oğullar var. Elə bu gün mən öz işimi tam məsuliyyətlə Nəcəf Mustafayev, Nazir Məmmədov, İlkin Axundov kimi cavanlara həvalə edə bilərəm. Birki, Xəzər həmişə mənimlədir, mən onu çoxdandır qəlbimə köçürmüşəm...

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 27 yanvar.- S.6.