Prezident İlham Əliyev regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının birinci ilinin yekunlarına həsr
olunan konfransda iştirak edib
Yanvarın
27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans
keçirilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev konfransda
iştirak edib.
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunur.
Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib.
2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əməkhaqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Prezident İlham
Əliyevin giriş nitqi
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilmişdir. Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda ikinci Dövlət Proqramının yekunlarını müzakirə etmişdik və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il keçibdir və bir il ərzində görülən işlər haqqında bu gün məlumatlar veriləcək, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.
Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.
Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.
Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.
2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir.
Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq.
Bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes strukturlarının rəhbərləri əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.
Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.
Bu illər ərzində 1 milyon 360 min yeni
iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da
daimi proses olmalıdır. Mən bu barədə
dəfələrlə demişəm. Çünki əhalinin
sayının artması tələb edir ki,
iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər
nəticəsində işsizlik 5 faizə
düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir.
Dünyanın aparıcı kredit reytinq agentlikləri
Azərbaycanın suveren reytinqlərini artırmışlar.
Davos Dünya İqtisadi Forumu ölkəmizi
iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə
görə 38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz.
İnflyasiya da çox aşağı səviyyədədir,
manat da ildən-ilə öz dəyərini artırır.
Ona görə bu statistik rəqəmlərə
baxdıqda hər kəs görə bilər ki, biz nə qədər
böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş
ölkələri xarici yardımdan bəhrələnmək
istəyirlər. Xarici yardım olmadan o
iqtisadiyyatlar çökür, defolt vəziyyətinə
düşür. Qapı-qapı gəzirlər,
yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər
də rahat hiss etmirlər.
Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına
çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə
də məruz qalmışıq. Bəzi
hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və
aparılır. Bəlkə bəzilərinin
xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil
ölkədir, Azərbaycanda hər şey yaxşıdır,
Azərbaycan çiçəklənir, gündən-günə
inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər,
gözünü deşir. Bizi bunu da bilirik.
Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə
də heç kimdən çəkinmədən
sözümüzü deyək, milli maraqlarımızı
qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə
iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ
2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə
nail olmasaq, bizim siyasi müstəqilliyimiz də
yarımçıq olacaq. Bu gün biz ətrafdakı
ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər
yetirin. Ermənistan nəinki müstəmləkə deyil,
hətta o, bəlkə heç nökər adına
da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən
tapdalanır və son hadisələr bunu bir daha göstərir.
Görün, nə qədər bunlar aciz
durumdadırlar ki, hətta haqlı tələbləri də
irəli sürə bilmirlər. Bu ölkə
artıq sübut edib ki, müstəqil ölkə kimi
yaşaya bilmir. Müstəmləkə
kimi yaşaya bilər. O qədər xalqlar var ki,
onların müstəqilliyi yoxdur. Əgər
öz çirkin siyasətindən əl çəkməsə,
onlardan biri də Ermənistan olacaq.
Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və
bu gün biz müstəqilik. İqtisadi və siyasi
cəhətdən heç kimdən asılı deyilik.
Heç kim bizimlə diktat dili ilə
danışa bilməz. Bəziləri bunu istəyir,
ancaq alınmır və alınmayacaq. Biz
öz sözümüzü təmkinlə, çox
soyuqqanlı deyirik və heç kimin qabağında
başıaşağı deyilik, ölkəmizi ləyaqətlə
idarə edirik.
Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda,
ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də
tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə
islahatlara o qədər də böyük dəstək
olmayacaq. Ona görə biz sosial sahəni də
prioritet kimi götürmüşük. Yaxşı
başa düşürdük, sosial sahə ancaq o vaxt
inkişaf edə bilər ki, güclü iqtisadiyyat olsun.
Yoxsa, gəl xaricdən alınan kreditlər
hesabına sosial sahəni inkişaf etdir. Biz
defolta düşən ölkələrin vəziyyətinə
düşərdik. Burada rəhbərliyin
məsuliyyətli davranışı da qeyd edilməlidir.
Bəzi ölkələr ki, indi xarici yardımsız
yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə
gəlmək naminə çoxlu vədlər vermişlər
- maaşları on dəfə qaldıracağıq, pensiya
yaşını aşağı salacağıq və s.
İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar
da hakimiyyətə gələndən sonra gərək o
sözləri yerinə yetirərdilər. Bunun
üçün resurs yox idi. Ona görə
nə etdilər? Getdilər xarici bazarlardan
borc aldılar, özlərini asılı vəziyyətə
saldılar. Ondan sonra borcun üstünə
borc gəldi. Bir borcu qaytarır, o biri borcu
götürür və beləliklə, piramida yaranır.
Piramidanı təkcə dələduz şirkətlər
yaratmır. Bəzi hallarda hökumətlər
də yaradır. Bir gün bu piramida
dağılmış və həmin ölkələr
çox ağır vəziyyətə düşmüşlər.
Ona görə siyasi məsuliyyət də
çox böyük əhəmiyyət daşıyır.
Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində
güclü iqtisadiyyatımız dayanır. Mən bu sahədə
də bəzi rəqəmləri qeyd etmək istərdim.
2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı
100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221
dollardır. Azərbaycanda sosial infrastruktur
layihələri son on bir ildə uğurla icra edilmişdir.
2900 məktəb binası, 560 tibb ocağı
tikilmiş və ya təmir edilmişdir. Təkcə
regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi
yaradılmışdır. Bax, bu, sosial sahəyə,
sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin
təzahürüdür.
Bu illər ərzində sosial cəhətdən ən
ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi
köçkünlərə də biz daim qayğı ilə
yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə
yaradılmışdır. Hazırda, 210 min
köçkün yeni, gözəl evlərə, mənzillərə
köçürülmüşdür. Bu məqsədlər
üçün 2 milyard manat, yəni, 2,6
milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək
asan məsələ deyil. Bu, böyük bir
şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ
ki, ağır vəziyyətdə yaşayan
köçkünlərimiz var. Bu il də
onların problemlərinin həlli üçün həm
dövlət büdcəsində, həm Dövlət Neft
Fondunda kifayət qədər böyük vəsait nəzərdə
tutulur.
Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir.
Bu illər ərzində infrastruktur layihələrinə
böyük diqqət göstərilmişdir və
görülən işlər göz qabağındadır.
Düzdür, bəzi hallarda bu görülən işlər
unudulur, bəzilərinə elə gəlir ki, həmişə
belə olubdur. Ancaq indi bəzən o köhnə
görüntüləri televiziya ilə göstərəndə
hər kəs yada salır ki, əvvəlki vəziyyət necə
idi. Son illərdə həm Bakıda, həm bütün bölgələrdə
infrastruktur layihələrinin icrası prioritet xarakter
daşıyırdı. Çünki
bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə
bilməz. Bu, necə icra edilsin, o müəssisə
necə yaradılsın ki, o bölgədə, rayonda elektrik
enerjisi, yol yoxdur?
Ona görə,
bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən
2003-cü ildə demişəm, - elektrik təminatı və
yollar olmalıdır. Ondan sonra prioritet olaraq
qazlaşdırma, içməli su, meliorasiya. Biz, bax, bu ardıcıllıqla da gedirik. Ona görə ilk növbədə, elektrik enerjisi
qurğularının yaradılmasına böyük vəsait
ayrıldı. Son 11 il ərzində
23 elektrik stansiyası tikilmişdir ki, onların gücü
2400 meqavatdır. Müqayisə
üçün deyə bilərəm ki, ölkəmizin
ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır.
Əgər yaranmasaydı, bu gün ölkəmizin
üçdəbir hissəsi işıqsız qalacaqdı,
heç bir inkişafdan söhbət gedə bilməzdi,
heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11
ildə 64 min müəssisə yaradılmışdır.
Ona görə elektrik enerjisi ilə təchizat təmin
edildi.
Bütün şəhərlərdə
qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi
nailiyyətdir. Heç vaxt belə
olmamışdır. Hətta sovet
dövründə bəzi rayonlarda ümumiyyətlə təbii
qaz çəkilişi aparılmamışdır.
İndi bütün şəhərlərimizdə hər bir
evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu
proses gedir. Hər rübdə bir dəfə mənə
məlumat verilir. Hansı kəndlərdə
qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və
qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır.
Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə
də çatacağıq.
Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir.
Magistral yollar, kənd yolları, 340 körpü
və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars
kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə
Azərbaycanın təşəbbüsü ilə
başlamışdır, indi tikintisi başa çatır.
Bölgələrdə 6 aeroport tikilmişdir,
onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər
Əliyev beynəlxalq aeroportunun yeni terminal binası
tikilmişdir. İndi bölgələrdən
beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri
heç yox idi, tikilmişdir. Bu işə
başlayanda bəziləri hesab edirdilər ki, buna - əlavə
vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub,
şimal-qərb bölgələrindən müxtəlif
ölkələrə rahat gedir, daha Bakıya gəlməyə
ehtiyac yoxdur.
Bu infrastruktur layihələrinin arasında əlbəttə,
içməli su layihələri də prioritet xarakter
daşıyır və son illər ərzində bu sahəyə
daha da böyük diqqət göstərilir. Bizim
bütün şəhərlərimizdə Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su 24 saat təmin ediləcək. Artıq
bir neçə şəhərdə bu layihələr
başa çatıb. Mən də hər
bir layihənin başa çatması tədbirlərində
şəxsən iştirak edirəm və yerlərdən gələn
məlumatlar da məni çox sevindirir. Bu
da tarixi hadisədir. Çünki Azərbaycanın
daxili su mənbələri məhduddur. Bizim
əsas mənbələrimiz xaricdə formalaşan
çaylardır. Ona görə bu
çayların sularından səmərəli şəkildə
istifadə etmək, orada təmizləyici qurğuların
tikintisi, eyni zamanda, daxili mənbələrin
aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı
su kəməri tikilmişdir. Bu da simvolik
xarakter daşıyır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən
əldə edilmiş vəsait su kəmərinin tikintisinə
qoyulmuşdur.
Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə
qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir.
Əgər elektriklə, yolların tikintisi ilə
bağlı görülən müxtəlif işlər nəticəsində
o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına
qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına
yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə
çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı
nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən
çoxdur, amma 11 il bundan əvvəl bəlkə
10-15 faiz idi.
İnfrastruktur layihələrinin arasında meliorasiya
layihələri də böyük önəm
daşıyır. Biz bu layihələrin icrasını təmin
etmişik. İki nəhəng meqalayihəni
icra etmişik - Şəmkirçay və Taxtakörpü su
anbarları, kanallar, elektrik stansiyaları. Bu
da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra bu
anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının
inkişafına xidmət edəcək. Eyni
zamanda, suların idarə edilməsi məsələlərinin
həllində də bu layihələrin böyük əhəmiyyəti
var. Bu da böyük vəsait tələb edən layihələrdir.
Ancaq biz bunu etmişik. Bir
daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait
qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim
kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm
ehtiyatlarımızı artırmışıq, həm də
investisiya qoymuşuq. Vaxtında real sektora,
infrastruktura investisiya qoymayan ölkələr bu gün
peşman olurlar. Onlar bu işə indi
başlayırlar, amma artıq gecdir. İndi
neftin qiyməti düşəndən sonra böyük
investisiya qoymaq o qədər də asan məsələ deyil.
Biz hər şeyi vaxtında etməli idik və
etmişik. Ona görə deyəndə ki,
bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər
üçün də maraq doğurur. Mən
hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
“Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr
regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu
layihələr son 9 il ərzində icra
edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə
istifadəyə verilmişdir, dəhliz yaradılmışdır.
O dəhliz indi xidmət göstərir, yeni layihələr
ortaya çıxır. Yenə də Azərbaycan
liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər
biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub”
qaz dəhlizi icra edilməyəcəkdi. Mən
vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi
ilə bağlı azı 10 beynəlxalq tədbirdə
iştirak etmişəm. Yəni, orada
müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin
qəbul edilməsi, vəssalam. Ondan sonra hamı
dağılır gedir, iş də
qalır kənarda. Mən minimum on tədbirdə
iştirak etmişəm. Hər dəfə
də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır?
Bunun əsas elementləri nədən ibarətdir?
Bu o qədər də çətin məsələ
deyil. Amma elə mən deyirdim, mən
eşidirdim. Daha sonra gördük ki,
artıq bu layihə yerində sayır. Yenə
də təşəbbüs göstərmişik, TANAP layihəsini
təklif etmişik. Adı da biz
qoymuşuq, təşəbbüskarı da biz olmuşuq.
2012-ci ildə Türkiyə ilə bu layihəni
imzaladıq. Ondan sonra artıq “Cənub”
qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ
on il bundan əvvəl müzakirə
olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik,
real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq,
elə indi də danışacaqdıq. Nazirlər
indi də gedib orada-burada konfranslar keçirəcəkdilər.
Biz real işlərlə məşğuluq.
Real işlər həyatda öz əksini
tapır. Ona görə bu gün Azərbaycan
modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real
işlərlə məşğuluq, xalqa xidmət edirik və
edəcəyik.
İndi
isə son bir il ərzində görülən
işlərlə bağlı məlumatlar səslənəcək
və söz verilir iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayevə.
X X X
İqtisadiyyat
və sənaye naziri Şahin MUSTAFAYEV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli konfrans iştirakçıları.
Son 10 il Azərbaycanın sürətli və hərtərəfli
inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin
artması, ölkənin enerji, ərzaq, nəqliyyat və
ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi,
beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin
rifahının davamlı olaraq yaxşılaşması
dövrü kimi tariximizə daxil olmuşdur. Bu
uğurların əsasında Prezident İlham Əliyevin
müasir çağırışlara cavab verən, məqsədyönlü
və praqmatik siyasəti durur.
Ölkənin davamlı sosial-iqtisadi
inkişafının təmin olunmasında, makroiqtisadi
sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi
təsirinin qarşısının alınmasında dövlət
başçısının böyük uzaqgörənliklə
apardığı iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən
olan regionların inkişafı strategiyasının müstəsna
əhəmiyyəti vardır.
2004-cü
ildən uğurla icra olunan regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları rayonların iqtisadi
potensialının artmasına, infrastruktur təminatının,
kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə,
biznes və investisiya mühitinin, əhalinin rifahının
yaxşılaşmasına səbəb olur, bununla da ölkənin
strateji inkişaf hədəflərinə, müəyyən
edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli
töhfəsini verir.
Ötən
il də “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
görülən işlər, həyata keçirilən layihələr,
əldə edilən uğurlu nəticələrlə zəngin
olmuşdur.
Möhtərəm
cənab Prezident, Sizin 2014-cü il ərzində bölgələrə
23 səfəriniz çərçivəsində 120-yə qədər
müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni
müəssisələrin açılış və təməlqoyma
mərasimlərində iştirakınız, müəssisələrin
fəaliyyəti ilə yaxından tanış
olmağınız, eləcə də ictimaiyyətlə
keçirilən görüşlərdə
qaldırılmış məsələlərin həlli məqsədilə
əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə
imzaladığınız 72 sərəncam regionların
inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir.
Cənab
Prezident, Sizin ötənilki konfransda verdiyiniz
tapşırıqların yerinə yetirilməsi
üçün zəruri tədbirlər həyata
keçirilmiş, regionların inkişafına ötən il
bütün mənbələr hesabına 4,5
milyard manat vəsait yönəldilmişdir.
Hesabat ilində regionlarda infrastruktur layihələrinin
icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və
su təchizatı infrastrukturunun yenilənməsi işləri
davam etdirilmişdir.
İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli
avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri
tikilmiş və ya təmir olunmuşdur.
Tapşırığınıza uyğun olaraq kənd
yollarının tikintisi davam etdirilmiş, hesabat ilində Sizin
43 sərəncamınızla bu məqsədlərə əlavə
vəsait ayrılmış, əhalisi 960 min nəfər olan
597 yaşayış məntəqəsini birləşdirən
1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi
və yenidən qurulması işləri
aparılmışdır.
Ötən
il 5 elektrik stansiyası istifadəyə verilmiş, regionlarda 3
min kilometr elektrik xətləri, 614 transformator, 20
yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və
ya əsaslı təmir olunmuş, 24 rayon üzrə 58
yaşayış məntəqəsi təbii qazla təmin
edilmişdir.
İnformasiya və rabitə xidmətlərinin
yaxşılaşdırılması məqsədilə
regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt
şöbəsi tikilmiş və ya əsaslı təmir
olunmuşdur.
Sumqayıt,
Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə
başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını
asanlaşdırmış, mərkəzlərin xidmətindən
1,1 milyondan çox vətəndaş
istifadə etmişdir.
İl ərzində
regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər
və idman, 43 mədəniyyət və digər sosial obyektlər
tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün
7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin
və ya 22 min məcburi köçkünün mənzil
şəraiti yaxşılaşdırılmış, əlil
və şəhid ailələri üçün 5 yaşayış
binası tikilmişdir.
Sosial layihələrin reallaşdırılmasında
mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
görülən miqyaslı işlər insanların
rifahının yaxşılaşması üçün yeni
imkanlar açır. Şübhəsiz ki, 2014-cü ildə
başlayan “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramı da digər layihələr kimi
uğurlu olacaq və əhalinin rifahının artmasına
töhfəsini verəcəkdir.
Möhtərəm
cənab Prezident, tərəfinizdən 2014-cü ilin “Sənaye
ili” elan edilməsi və bu çərçivədə tədbirlər
planının icrası regionlarda da sənayenin
inkişafına təkan vermiş, ötən il
regionlarda 105 sənaye müəssisəsi
açılmışdır. Ümumilikdə
“Sənaye ili”ndə görülən tədbirlər nəticəsində
qeyri-neft sənayesi 9 faiz artmışdır.
Sumqayıt
Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun
yaradılması işləri bu il başa
çatdırılacaqdır. Hazırda parkda 3
rezident qeydiyyata alınmış, 2 rezident ilə
danışıqlar yekunlaşır və layihələr
üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir.
Son illərdə
sənayedə həyata keçirilən dövlət dəstəyi
tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə
380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində
bir sıra sənaye məhsulları üzrə idxaldan
asılılıq azalmış, bəziləri üzrə isə
ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik
istehsal gücü 820 ton olan 28 müasir çörək
zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış
və artıq 22 zavod istifadəyə verilmişdir.
Sərəncamınıza uyğun olaraq sənaye məhəllələrinin
təşkili üçün bir sıra ölkələrin
təcrübəsi öyrənilmiş, qanunvericilik bazası
formalaşdırılmışdır və cari ildə sənaye
məhəllələrinin təşkilinə
başlanılacaqdır.
Son illərdə infrastruktur layihələrinin icrası,
biznes və investisiya mühitinin
yaxşılaşdırılması, həyata keçirilən
dövlət dəstəyi tədbirləri regionların
iqtisadi potensialını gücləndirməklə, cənab
Prezident, Sizin iqtisadi siyasətinizin prioritet istiqamətlərindən
biri kimi sahibkarlığın inkişafına təkan
vermişdir.
Ötən
il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
prosedurların sadələşdirilməsi, əsassız
müdaxilələrin qarşısının alınması
və digər istiqamətlər üzrə mühüm
işlər görülmüş, elektron xidmətlərin
sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə
fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin
sayı 2004-cü illə müqayisədə 2,5 dəfə
artaraq 386 minə çatmış, regionlardan vergi
daxilolmaları ötən ilə nisbətən 9,8 faiz
artmış, xərclərini yerli gəlirlər hesabına
maliyyələşdirən şəhər və
rayonların sayı 6-ya çatmışdır. İl ərzində
ölkə üzrə 123 min yeni iş yeri
açılmışdır.
Gənclərin sahibkarlıq təşəbbüsünün
dəstəklənməsi, yeni biznes və məşğulluq
imkanlarının yaradılması məqsədilə
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk
biznes inkubator fəaliyyətə başlamışdır.
2014-cü ildə sahibkarların maarifləndirilməsi və
nümunəvi layihələrin təqdim olunması ilə
bağlı regionlarda minlərlə sahibkarın
iştirakı ilə 169 tədbir keçirilmiş, 47
sahibkarın Almaniyada təcrübə keçməsi təşkil
olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560
sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla
295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən
çox yeni iş yerinin açılması imkanı
yaradılmışdır. 78 faizi regionlara
yönəldilmiş bu güzəştli kreditlər
hesabına 2014-cü ildə 39 iri istehsal, emal və
infrastruktur müəssisəsi istifadəyə verilmişdir.
Bu il isə daha 81 müəssisənin
istifadəyə veriləcəyi gözlənilir.
Cənab
Prezident, ötənilki konfransda verdiyiniz göstərişə
əsasən regionlarda kiçik sahibkarlıqla məşğul
olan vətəndaşların güzəştli kreditlərə
çıxışını təmin etmək və fermerlər
arasında kooperasiya əlaqələrini gücləndirmək
məqsədilə Fondla əməkdaşlıq edən bank
olmayan kredit təşkilatlarının sayı 20-yə
çatdırılmışdır. Bu isə
kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri
girov problemini həll etməyə imkan verir.
Möhtərəm
Prezident, intensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasətiniz, dövlət
dəstəyi tədbirləri, eləcə də bu sahədə
sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan
yüzlərlə müəssisənin açılması
öz nəticəsini vermiş, idxaldan
asılılığın azalmasına, özünütəminetmə
səviyyəsinin yüksəlməsinə səbəb
olmuşdur.
Son illərdə
dövlət dəstəyi tədbirləri, o cümlədən
19 rayonda 40 quşçuluq təsərrüfatına, 13
rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük
komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı
müəssisəsinə 240 milyon manat güzəştli
kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və
ət məhsullarının idxalının əhəmiyyətli
dərəcədə azalmasına səbəb olmuşdur.
Bundan əlavə,
20 rayonda 33 intensiv bağçılıq və
üzümçülük təsərrüfatlarına, 9
rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz
emalı müəssisələrinə 171 milyon manat güzəştli
kreditlərin verilməsi bu məhsullara daxili tələbatın
ödənilməsi və ixrac imkanını
yaratmışdır.
Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə
istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla
bir sıra qabaqlayıcı tədbirlər həyata
keçirilmiş, nəticədə süni qiymət
artımına yol verilməmişdir.
Şəmkirdə
təməli qoyulmuş və məhsulların istehsalından
satışınadək bütün mərhələləri
əhatə edəcək özəl pilot aqroparkında
işlər artıq praktik müstəviyə
keçmişdir.
Hazırda Xızı rayonunda aqroparkların
yaradılması məqsədilə baş plan
hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye
kompleksləri yaradılır.
Cənab
Prezident, tapşırığınıza uyğun olaraq, ərzaq
tələbatının yerli istehsal hesabına ödənilməsi
məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə
19 iri fermer təsərrüfatının yaradılmasına
47 milyon manat güzəştli kreditlər verilmişdir.
Ötən
illər ərzində məhsulların tədarükü,
saxlanması və satışı infrastrukturunun
yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton
olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan
22 taxıl anbarı kompleksinin yaradılması əhalinin
ilboyu keyfiyyətli yerli məhsullarla təminatında
mühüm rol oynayır, istehlak bazarında qiymətlərin
sabitliyi təmin edilir.
Tapşırığınıza əsasən müəssisələrin
regionlar üzrə optimal yerləşdirilməsi işləri
yerli resurslar, iqlim şəraiti, kadr potensialı və
formalaşmış ənənələr nəzərə
alınmaqla aparılan təhlillər əsasında
hazırlanan plana uyğun olaraq növbəti illərdə də
davam etdiriləcəkdir.
Xarici
ölkələrdə ixrac infrastrukturunun yaradılması
tapşırığınıza uyğun olaraq,
Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin
tikintisi bu il başa
çatdırılacaqdır. Gələcəkdə
digər ölkələrdə də mərkəzlərin
yaradılması perspektivləri araşdırılır.
Bu mərkəzlər ölkənin ixrac
coğrafiyasının genişləndirilməsinə,
ixracın həcminin artmasına müsbət təsir göstərəcəkdir.
Möhtərəm
cənab Prezident,
Müəllifi olduğunuz regionların inkişafı
strategiyasının uğurla həyata keçirilməsi nəinki
bölgələrin, eləcə də ümumilikdə
ölkənin inkişafında bir dönüş nöqtəsi
olmuş, bütün regionlarda quruculuq işləri geniş
vüsət almış, Azərbaycanın istənilən
bölgəsində yaşayan vətəndaşların bu
strategiyanın nəticələrinin öz gündəlik həyatında
hiss etməsinə səbəb olmuşdur.
Sizin xalqımızın ümummilli lideri Heydər
Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın
rifahının davamlı olaraq yüksəlməsinə
yönələn uzaqgörən, sistemli və qətiyyətli
siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin
uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən
regionların inkişafının daha da sürətlənməsini
təmin edəcəkdir.
Diqqətinizə
görə minnətdaram!
X X X
Kənd təsərrüfatı
naziri Heydər ƏSƏDOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident.
İcazə
verin ilk növbədə 2015-ci ili “Kənd
təsərrüfatı ili” elan etdiyinizə görə Sizə
kənd təsərrüfatı işçiləri
adından öz dərin minnətdarlığımızı
və ali ehtiramımızı bildirim.
Biz
böyük məsuliyyət hissi ilə anlayırıq ki, belə
bir qərarın qəbul edilməsi aqrar sektorun işçilərinə
göstərilən böyük etimadla yanaşı, Sizin qarşınızda olan öhdəliklərimizi
layiqincə yerinə yetirmək üçün daha
böyük məsuliyyət yaradır.
Dünyada
ilk dəfə Sizin tərəfinizdən irəli
sürülmüş və ölkəmizin bütün ərazisinin
inkişafının yeni keyfiyyət səviyyəsinə
yüksəldilməsini nəzərdə tutan regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramlarının müvəffəqiyyətlə icra
olunması “vahid milli iqtisadi məkan”ın tarixi nümunəsini
formalaşdırmaqdadır.
Cənab
Prezident, Dünya Bankının məlumat bazasına əsasən
Dövlət proqramlarının həyata keçirildiyi son on
il ərzində dünya miqyasında kənd təsərrüfatı
sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə
48,9 faiz, yəni dünya üzrə orta göstəricidən
17,1 faiz bəndi artıq olmuşdur. Bu dövr ərzində
ərzaq məhsullarının artımı 18 faiz olduğu
halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil
etmişdir.
Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin
təminatı möhkəmlənmiş, daxili istehsal
hesabına əhalinin əsas ərzaq məhsulları ilə
təminatı səviyyəsi iki dəfəyə qədər
artmış, meyvə-tərəvəz və bir sıra digər
məhsulların tələbatdan artıq istehsal edilməsi bu
məhsullar üzrə ixrac potensialını
artırmışdır.
Hesabat
ilində kənd təsərrüfatının ümumi məhsulunun
faktiki qiymətlərlə dəyəri 5,2
milyard manat təşkil etmiş, o cümlədən
heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat
olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3 faiz
artım deməkdir. Hesabat ilində son 50 ildə
görünməmiş quraqlıq və havaların əlverişsiz
keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının
istehsalı üzrə artım müşahidə edilməmişdir.
Hesabat
ilində ölkənin kənd təsərrüfatı məhsulları
üzrə ixracının əsasını təşkil edən
meyvə-tərəvəz məhsullarının ixrac həcmi
qonşu dövlətlərdə monetar sahədə baş
verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ
dolları və ya əvvəlki illə müqayisədə
16,1 faiz çox olmuşdur. Bu dövr ərzində
ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının
həcmi isə 25,2 milyon ABŞ dolları
və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən
13,5 faiz az olmuş, o cümlədən natural ifadədə
meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və
bostan məhsullarının idxalının həcmi 47,3 faiz
azalmışdır. Bu faktlar ərzaq məhsullarına
olan daxili bazar tələbatının ödənilməsində
yerli istehsalın rolunun əvvəlki illə müqayisədə
xeyli artdığını göstərir.
Möhtərəm
cənab Prezident!
Məlum olduğu kimi, istehsalın intensivləşdirilməsi
müasir dövrdə qlobal inkişafın əsas istiqamətini
təşkil edir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) məlumatlarına əsasən
son onilliklər ərzində dünya üzrə əkin sahələri
9 faiz artdığı halda, bitkiçilik məhsullarının
həcmi 2,3 dəfə, dünya üzrə mövcud
mal-qaranın sayı 26 faiz artdığı halda, süd
istehsalı 61 faiz artmışdır. Ölkəmizdə
də son 10 ildə eyni tendensiyanın saxlanılması aqrar
siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının
intensiv metodlarla inkişafının
stimullaşdırılması üçün dəfələrlə
verdiyiniz tapşırıqların, eləcə də bu
istiqamətdə imzaladığınız fərman və sərəncamların
məntiqi nəticəsidir.
Məhz bunların nəticəsidir ki, son illərdə əksər
kənd təsərrüfatı məhsulunun istehsal həcminin
artım tempi, ölkədə kənd əhalisinin
sayının artım tempini dəfələrlə üstələmişdir. Bu müddət ərzində
bitkiçilikdə istehsalın artım tempi əlavə əkin
sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən
yüksək olmuş, mal-qaranın baş sayı 21 faiz
artdığı halda, ət istehsalında 46,4 faiz, süd
istehsalında 53 faiz artım əldə olunmuşdur.
Möhtərəm
cənab Prezident!
Bir il
öncə mən bu kürsüdən çıxış
edərkən kənd təsərrüfatı işçilərinin
dövlətin bu sahəyə qayğısını yüksək
qiymətləndirməklə bərabər, müasir kənd
təsərrüfatı texnikasının dəyərinin bir
hissəsinin dövlət tərəfindən
qarşılanması, alınmış texnika ilə
bağlı yaranmış borcların müəyyən hissəsinin
dövlət hesabına ödənilməsi, mineral gübrələrin
satış qiymətinə tətbiq edilən dövlət
güzəştinin həcminin artırılması arzusunda
olduqlarını ali diqqətinizə məruzə etmişdim.
Bu gün
sonsuz minnətdarlıq hissi ilə qeyd edirəm ki, Sizin
göstərişiniz əsasında kənd təsərrüfatı
texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən
qarşılanmasına və satılmış texnika ilə
bağlı yaranmış borcların eyni hissəsinin
dövlət hesabına silinməsinə, habelə güzəştlə
satılan mineral gübrələrin həcminin hər hektar
üzrə 50 manatdan 80 manata qədər
artırılmasına və eləcə də bu mineral
gübrələrin satış qiymətinə tətbiq edilən
güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə
qərar verilmişdir.
Bütün
bunlar isə kənd təsərrüfatına göstərilən
sistemli dövlət qayğısının əhəmiyyətli
dərəcədə artması ilə bərabər, hətta
dünyada belə güzəştlərin azaldığı
bir zamanda Sizin onların yanında
olduğunuzu və Azərbaycan iqtisadiyyatının nə dərəcədə
dayanıqlı olduğunu bir daha göstərir.
Dövlət qayğısının artırılmasının
nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri
ilə təminatında yaddaqalan nəticələr
olmuşdur.
Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları
istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki
illə müqayisədə 37 faiz, o cümlədən
taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər
texnikalar isə 29 faiz artmışdır. Son ildə
alınmış ümumi kənd təsərrüfatı
texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa
ölkələrinin ən tanınmış şirkətlərinin
məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə
gətirilmiş və 50 faiz güzəştlə lizinqə
verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi,
xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat
ilinin payına düşmüşdür.
Beləliklə, idxal qiymətlərinin azaldılması
ilə yanaşı, tətbiq edilən güzəştlərin
həcminin artırılması hesabına 2014-cü ildə
fermerlər texnikanı əvvəlki ilə nisbətən 50
faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə
əldə edə bilmişlər. Bu da məhsulun maya dəyərini
əhəmiyyətli dərəcədə aşağı
salmaqla bərabər, onların gəlirlərinin artmasına
və investisiya imkanlarının genişləndirilməsinə
eyni səviyyədə müsbət təsir göstərmişdir.
Bundan əlavə,
bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri
çərçivəsində 2014-cü ilin məhsulu
üçün buğda və çəltik səpininə
görə 20,1 milyon manat, əkin sahələrinin
və çoõillik
bitkilərin becərilməsində istifadə edilən yanacaq
və motor yağlarına görə isə 51,8 milyon manat
yardım verilmişdir.
2014-cü
ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın
dönüş ili adlandırmaq olar. Belə ki,
dünyanın inkişaf etməkdə olan ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin
yaradılması üzrə razılıq əldə
edilmişdir. İndiyədək yalnız
ABŞ, Yaponiya, Belçika və İsveçrədə
mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi,
qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin
təmin edilməsi üzrə Azərbaycan dövlətinin
siyasi iradəsindən xəbər verir.
Dövlət başçısının
tapşırığına uyğun olaraq Bakı şəhərində
hər həftə sonları və bayram günləri təşkil
edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilmişdir. Özəl biznes subyektləri
ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə
və valyuta bazarında olduğu kimi ərzaq bazarına
natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində
həm Qurban bayramı, həm də Yeni il ərəfəsində
bazarlarda tələbata uyğun məhsul bolluğu
yaradılmış və qiymət dəyişmələri
baş verməmişdir.
Möhtərəm
cənab Prezident!
FAO-nun hesablamalarına görə, qlobal səviyyədə
istehsal həcmini lazımi səviyyədə artırmaq
üçün inkişaf etməkdə olan ölkələrdə
kənd təsərrüfatına tələb olunan illik xalis
investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində
qiymətləndirilir. Bu investisiyaların 60 faizdən
çoxunun məhz kənd təsərrüfatı
istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi
zəruri hesab edilir. Bütün bunlar, Azərbaycan
dövlətinin anbar-tədarük və topdansatış
bazar infrastrukturunun inkişafını dəstəkləməklə
bağlı siyasətinin qlobal çağırışlarla
tam səsləşdiyini göstərir.
Əvvəldə
qeyd etdiyim quraqlıq və əlverişsiz hava şəraiti
səbəbindən toxumçuluq sahəsində
yaranmış ciddi problemlərin Sizin göstərişinizlə
dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait
hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi
yolu ilə qısa müddət ərzində aradan
qaldırılması insanların bu sahəyə olan
marağının azalmasına imkan verməmişdir.
Cənab
Prezident, fürsətdən istifadə edərək kənd zəhmətkeşlərinin
Sizə olan sonsuz inam və istəyini ifadə edərək
aşağıdakı problemlərin həlli istiqamətində
ali diqqətinizi xahiş edirik:
- yem təminatının vəziyyətini daha da
yaxşılaşdırmaq üçün təkrar əkinin
həyata keçirilməsini stimullaşdırmaq məqsədilə
müvafiq tədbirlərin görülməsi;
- ölkədə toxuma olan tələbatın
dayanıqlı şəkildə ödənilməsini təmin
etmək məqsədilə Toxum Fondunun yaradılması;
- kənd təsərrüfatı məhsulları
istehsalçılarına yanacaq və motor yağlarına
görə yardımların həcminə bir daha
baxılması;
- tam istifadəsiz hala düşmüş və
təmir edilməsi iqtisadi cəhətdən səmərəli
olmayan texnikalara dair müvafiq qərarın qəbul
olunması;
- mülkiyyətində olan torpaq sahələrindən
istifadə etməyən torpaq sahiblərinə qarşı
müvafiq tədbirlərin görülməsi məqsədəuyğun
olardı.
İcazə verin kənd təsərrüfatına
göstərdiyiniz daimi qayğıya görə kənd əməkçiləri
adından bir daha Sizə dərin minnətdarlığımı
bildirim və əmin edim ki, onlar ölkənin tərəqqisi
naminə daha böyük əzmlə çalışacaqlar.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
“Meliorasiya
və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
sədri Əhməd ƏHMƏDZADƏ çıxış
edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz,
gərgin əməyiniz, qətiyyət və əzmkarlığınız,
milli maraqları və mənəvi dəyərləri ahəngdar
şəkildə uzlaşdırmağınız sayəsində
dünyanın ən sürətlə inkişaf edən, sabit
və qüdrətli dövlətinə çevrilmişdir.
Bu
yüksəlişin bir sirri, bir səbəbi də vardır
ki, bu da Sizin müəllifi olduğunuz respublika
iqtisadiyyatının hərtərəfli inkişafını
təmin edən, real icra imkanlarına söykənən,
çoxsaylı Dövlət proqramlarının qəbul edilməsi,
bu proqramların həyata keçirilməsi üçün
respublikanın potensialının səfərbər edilməsi,
ən başlıcası isə bu böyük miqyaslı
işlərə Sizin şəxsən rəhbərlik, nəzarət
etməyiniz, kömək və tələbkarlıq göstərməyinizdir.
Bu gün keçirilən tədbir bunu bir daha təsdiq
edir.
Cənab
Prezident, ölkə iqtisadiyyatının inkişafında
öz yeri olan meliorasiya və su təsərrüfatı sahəsinə
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
göstərilən diqqət və qayğı, onun həmişəyaşar
ideyaları bu gün Sizin rəhbərliyiniz
altında uğurla davam etdirilir. Bunun nəticəsi
olaraq son illərdə bu sahəyə əsaslı kapital
qoyuluşu dəfələrlə artmış, sahənin
maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə
kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi həyata
keçirilmişdir. 171 min hektar sahədə
suvarılan torpaqların su təminatı və 178 min hektar
sahədə meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 20 min hektar yeni
suvarılan sahələr kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd
subartezian quyusu qazılmışdır. Sel və
daşqınlara qarşı Kür, Araz və dağ
çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə,
bəndlərin möhkəmləndirilməsi işləri həyata
keçirilmişdir.
Azərbaycanın
gələcək inkişafı üçün əvəzolunmaz
nəhəng infrastruktur layihələri olan su elektrik
stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay
su anbarlarının, Vəlvələçay-Taxtakörpü
və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş
Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr
bilavasitə Sizin rəhbərliyiniz, daimi nəzarətiniz,
yaxından köməyiniz və qayğınız sayəsində
qısa müddət ərzində başa
çatdırılmışdır.
Möhtərəm
cənab Prezident!
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində
çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlər
üzrə 2014-cü ildə müvafiq işlər həyata
keçirilmişdir. Şimal
zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə
320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə
başlanılmışdır və hazırda bu işlər
davam etdirilir.
Sizin,
2014-cü il iyulun 22-də yeni inşa olunan
Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun
torpaq sahələrinə verilməsi üçün
suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində
iştirakınız zamanı Taxtakörpü su
anbarının tikintisi ilə əlaqədar 30 min hektara
yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinin
sürətləndirilməsi barədə verdiyiniz
tapşırıqların icrası olaraq, ilkin mərhələdə
rayonun 3400 hektar torpaq sahələrində meliorativ tədbirlərin
həyata keçirilməsinə
başlanılmışdır.
2014-cü
il noyabrın 15-də Sizin iştirakınızla
açılış mərasimi keçirilmiş Su Elektrik
Stansiyası ilə birgə Şəmkirçay su
anbarının tikintisinin başa çatdırılması
ilə Şəmkir, Göygöl, Samux və Goranboy
rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının
yaxşılaşdırılması, 17 min hektar yeni
suvarılan sahələrin istifadəyə verilməsi, eləcə
də Gəncə və Şəmkir şəhərlərinin
içməli su ilə təmin edilməsi və ildə 56
milyon kilovat elektrik enerjisinin istehsal edilməsi mümkün
olacaqdır.
2014-cü
ildə Dünya Bankının krediti hesabına
respublikanın 8 rayonunda içməli su təchizatı və
kanalizasiya sistemləri infrastrukturunun bərpası və
tikintisi işləri davam etdirilmiş, 10 rayonda isə 36 min
hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası
işləri başa çatdırılmışdır.
Müvafiq Sərəncamınızın icrası olaraq
respublikanın 32 rayonunun 223 yaşayış məntəqəsində
əkin sahələrinin suvarma və əhalinin içməli
suya olan tələbatının ödənilməsi
üçün 250, ümumilikdə isə 305 ədəd
subartezian quyuları qazılmışdır.
Ölkədə
iri taxılçılıq təsərrüfatlarının
yaradılması barədə verdiyiniz tapşırığa
əsasən Füzuli və Ağcabədi rayonlarının ərazilərində
1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma
suyu ilə təmin edilmiş, Neftçala rayonunda isə bu məqsədlə
Kür çayı üzərində nasos stansiyasının
və suvarma kanalının tikintisi işləri davam
etdirilmişdir.
İstismar
tədbirləri və əsaslı təmir işləri
üçün ayrılmış vəsait hesabına su
anbarlarında, hidroqovşaqlarda, 67 kilometr suvarma və
kollektor-drenaj şəbəkəsində, 90 hidrotexniki
qurğuda, 71 nasos stansiyasında, 91 subartezian quyusunda və bir
sıra digər obyektlərdə əsaslı təmir, bərpa
və yenidənqurma işləri
görülmüşdür. Kür, Araz və
onlara qovuşan çaylarda 91 kilometr məsafədə sahilbərkitmə
və torpaq mühafizə bəndlərində möhkəmləndirmə
işləri görülmüşdür.
Möhtərəm
cənab Prezident!
Bildiyiniz
kimi, 2014-cü ildə havaların kəskin isti və quraq
keçməsi səbəbindən respublikanın
çaylarında sululuq çoxillik normalardan xeyli az olmuş, bir sıra dağ
çaylarının suyu tamamilə qurumuşdur. Mingəçevir,
Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su
anbarlarında toplanılmış su həcmləri də
normadan az olmuşdur. Lakin ölkəmizin
su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə
malik olan Taxtakörpü su anbarının istifadəyə
verilməsi nəticəsində yay mövsümündə
Samur sərhəd çayında su ehtiyatlarının kəskin
azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı,
Sumqayıt şəhərlərinin və Abşeron
yarımadasının əhalisinin, sənayesinin və kənd
təsərrüfatının su təminatını ödəmək
üçün əlavə olaraq 260 milyon kubmetrə
yaxın su verilməsi mümkün olmuşdur.
Görülmüş təxirəsalınmaz tədbirlər
nəticəsində suvarılan torpaq sahələri əsasən
suvarma suyu ilə təmin edilmiş, respublika üzrə
bütün kənd təsərrüfatı bitkiləri 1361
min hektar sahədə orta hesabla 3,2 dəfə
suvarılmışdır.
Cənab
Prezident, Sizin 2015-ci il 12 yanvar tarixli Sərəncamınızla
2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı
ili” elan edilməsi bizim məsuliyyətimizi xeyli
artırır. Bu məqsədlə 2015-ci ildə
də konkret tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Sizin Sərəncamınızla
Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması” layihəsinə ayrılmış vəsait
hesabına Xızı rayonunda ümumilikdə 7100 hektar (5415
hektar yeni suvarılan), Siyəzən rayonunda isə 4670 hektar
(3963 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər
başa çatdırılacaqdır. Bu da yeni
istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd
təsərrüfatı müəssisələrinin
yaradılmasına imkan verəcəkdir. Şabran
rayonunda isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə
sənədləri başa çatdırılaraq bu işlərə
başlanılacaqdır. 20 min hektara yaxın əkin sahələrinin
su təminatının yaxşılaşdırılması
üçün ümumi sututumu 20 milyon kubmetr olan
Tovuzçay su anbarının, Şəmkirçay su
anbarı zonasında isə əkin sahələrini suvarma suyu
ilə təmin edəcək magistral kanalların tikinti işləri
başa çatdırılaraq istifadəyə veriləcəkdir.
Sizin Sərəncamınızla ehtiyat fondundan ayrılan
vəsait hesabına 34 şəhər və rayonun 241
yaşayış məntəqəsinin əkin sahələrinin
suvarılması, habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi məqsədilə 300 subartezian quyusu
qazılacaqdır.
Dünya Bankının krediti ilə respublikanın 8
rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən
qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və
drenaj şəbəkələrinin təmir-bərpası və
tikintisi işləri davam etdiriləcəkdir.
Cari ildə kənd təsərrüfatı əkinlərinin
tələbata uyğun olaraq suvarma suyu ilə təmin edilməsi,
torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması, mövcud sistemin modernləşdirilməsi,
normal istismarının təmin edilməsi və su
ehtiyatlarından səmərəli istifadə edilməsi
istiqamətində işlər də davam etdiriləcəkdir.
Möhtərəm
cənab Prezident!
Respublika melioratorlarının gördüyü işlərə
həmişə yüksək qiymət vermisiniz. Buna görə bütün
kollektivimiz adından Sizə dərin təşəkkürümüzü
bildirir və əmin edirik ki, kollektivimiz bundan sonra da Sizin bütün
tapşırıqlarınızın yerinə yetirilməsi
üçün var qüvvəsi ilə
çalışacaqdır.
Diqqətinizə
görə çox sağ olun.
X X X
“Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
HÜSEYNOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli konfrans iştirakçıları.
Son illər Azərbaycan iqtisadiyyatının sürətli
inkişafı infrastrukturun digər sahələrində
olduğu kimi, içməli su təchizatı və
kanalizasiya sahəsində də köklü dəyişikliklərə
səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla
həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyası regionların dinamik inkişafını sürətləndirmiş,
bölgələri əhatə edən bütün layihələr
Azərbaycan vətəndaşlarının həyat şəraitinin
yüksəldilməsinə xidmət etmişdir.
2004-2008 və 2009-2013-cü illəri əhatə edən
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə
böyük layihələr həyata keçirilmişdir və
hazırda icra olunan Dövlət Proqramı çərçivəsində
işlər davam etdirilir. Ötən dövrdə dövlət
investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən
cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə
içməli su və kanalizasiya layihələri icra
olunmuş, artıq 12 şəhərdə işlər
yekunlaşmış, digər 28 şəhərdə isə
davam etdirilir.
Görülmüş işlər nəticəsində
bu şəhərlərdə 480 min nəfər içməli
su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə
mərkəzləşdirilmiş qaydada su alanlardır.
Möhtərəm
Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu
öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı
su kəməri Abşeron yarımadası ilə
yanaşı, su çatışmazlığı
müşahidə olunan bəzi regionların problemlərinin həllinə
də imkan vermişdir. Belə ki, bu kəmər
istismara veriləndən sonra Bakı şəhərinin digər
mənbəyi olan Kür sutəmizləyici qurğularında
emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə
yönəldilmişdir. Bundan əvvəlki
proqramın icrası dövründə Şirvan-Muğan qrup
su kəməri tikilmiş və Kür sutəmizləyici
qurğularının potensialından istifadə etməklə
Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri
keyfiyyətli içməli su ilə təmin edilmişdir.
Gələcəkdə bu mənbədən
Salyan və Neftçala şəhərlərinə, həmçinin
121 kəndə də suyun verilməsi nəzərdə
tutulmuşdur.
2014-cü ildə həyata keçirilən ən
böyük layihə Kür sutəmizləyici
qurğularından Sabirabad və Saatlı şəhərlərinə
qədər çəkilən magistral su kəmərinin
tikintisi olmuşdur. Diametri 810 millimetr olan 62 kilometr
uzunluğunda magistral kəmərin inşası 8 aya başa
çatdırılmışdır. Cənab Prezident,
Sizin iştirakınızla ötən ilin dekabr ayında
Sabirabad şəhərinə içməli suyun verilməsi
mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə
də suyun verilməsi təmin edilmişdir. Kəmərlə
ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə
alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin
100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47
min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının
ödənilməsinə imkan verəcəkdir.
Bu il ölkəmizdə keçiriləcək
birinci Avropa Oyunlarının hazırlıq planına uyğun
olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir
şəhərində də su təchizatı və
kanalizasiya sistemlərinin tikintisi ilə bağlı
mühüm işlər görülmüşdür. Bu məqsədlə
Dövlət Proqramı çərçivəsində Mingəçevir
şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr
kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası
tikilmiş, şəhərin əsas küçə və
prospektlərində tikinti işləri qısa müddətdə
yekunlaşmışdır.
Eyni
zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan
və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici
qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər
başa çatdırılacaqdır. Növbəti
illərdə Yevlax şəhərinin içməli su təminatı
məqsədilə qurğunun ikinci mərhələsinin
tikintisi davam etdiriləcəkdir.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin
tikintisi tam başa çatdırılmış, 4900 mənzildə
smart sayğac quraşdırılmış və şəhər
sakinləri fasiləsiz su ilə təmin olunmuşlar.
Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən
“Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində
24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri
istismara verilmişdir. Layihəyə uyğun olaraq hazırda Gəncə
şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən
təmin olunur. Ötən il şəhərdə 78
kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4
su anbarı tikilmiş, 170 yaşayış binasının
daxili kommunikasiya xətləri və məhəllədaxili
şəbəkələri yenilənmiş, 7000 abonent smart
sayğacla təmin olunmuşdur.
Gəncə şəhərinin digər su mənbəyi
- Qızılqayada drenaj sistemlərinin və magistral xəttin
çəkilişi yekunlaşmış, şəhərə
suyun verilməsinə hazırlıq görülür.
Ötən
il bölgənin suvarma və içməli
suya olan tələbatının ödənilməsində
müstəsna əhəmiyyət daşıyan Şəmkirçay
su anbarının istismara verilməsi nəticəsində Gəncə
şəhəri, Şəmkir və Samux rayonlarının
etibarlı içməli su mənbəyi
yaradılmışdır. Gəncə şəhərini
qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə
magistral kəmərinin inşası artıq yekunlaşmışdır.
Dövlət Proqramına uyğun olaraq sutəmizləyici
qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi
üçün magistral xəttin tikintisi üzrə layihələndirmə
işləri davam etdirilir.
Ötən
il Asiya İnkişaf Bankının krediti
hesabına Beyləqan və Göyçay şəhərlərində
su şəbəkəsinin tikintisi başa
çatdırılmış, Ağdaş şəhərində
isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq
hər üç şəhərin sakinləri yeni mənbələrin
suyundan istifadə edir. Bununla yanaşı,
Göyçay şəhərində kanalizasiya şəbəkəsinin
97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində
isə 70 faizinin tikintisi başa
çatdırılmışdır.
2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu -
İslam İnkişaf Bankı ilə layihənin icrasına
başlanılmışdır. “Azərbaycanın 6 rayonunda milli su təchizatı
və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy
və Astara şəhərlərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulmasına start
verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində
Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin
Ağcabədi və Qobustan şəhərlərində
infrastrukturun yenidən qurulmasına başlanılacaqdır.
Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri
və respublika tabeli şəhərlərdə həyata
keçirilən layihələr çərçivəsində
yeni su mənbələrinin yaradılması, anbarların,
nasos stansiyalarının və paylayıcı şəbəkələrin
tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib
kənarlaşdırılması üçün müasir təmizləyici
qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy,
Göygöl şəhərlərində ekoloji
tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət
daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə
onların layihələndirilməsi və tikintisi davam
etdirilir.
Dövlət
Proqramında içməli sudan əziyyət
çəkən kəndlərdə də layihələrin
icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir
neçə yüz metr məsafədə yerləşən
Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin
içməli su problemi öz həllini tapmışdır.
Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd
rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə,
həmçinin Ağcabədidə Laçın rayonundan
olan məcburi köçkünlərin
yaşadığı ərazilərə su xətləri
çəkilmişdir. Hesabat dövründə Balakən,
Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan,
Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının
kənd və qəsəbələrində də işlər
görülmüş, nəticədə 35 min nəfərin
su təminatı yaxşılaşmışdır.
Dövlət Proqramı çərçivəsində
Şirvan şəhərinin Yeni Yaşayış massivində
49 kilometr su şəbəkəsi yaradılmış,
Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt
çəkilmişdir.
Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.
Möhtərəm cənab Prezident!
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək” fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz daha əzmlə çalışacaqdır.
Diqqətinizə görə təşəkkür
edirəm.
Azərbaycan.-2015.- 28 yanvar.- S.1-3.