Əli Həsənov: İsrail
mühüm strateji tərəfdaşdır
Azərbaycan
İsraili mühüm müttəfiq və strateji tərəfdaş
hesab edir. “The Jerusalem Post” qəzetinin məlumatına görə,
bu barədə Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə
olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşündə bildirib.
Prezident
Administrasiyası rəsmisinin sözlərinə görə,
bəzi kənar “təzyiqlərə baxmayaraq” Azərbaycanın
İsraillə münasibətləri inkişaf edəcək.
“Bizim bütün qonşu ölkələrlə
qarşılıqlı maraqlara söykənən münasibətlərimiz
var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə”,
- deyə Əli Həsənov bildirib. Şöbə
müdiri buna misal olaraq Bakının Rusiya və ABŞ ilə
münasibətlərini, həmçinin İran, Türkiyə
və İsraillə tərəfdaşlığını
göstərib.
Əli
Həsənov deyib ki, o, yanvarın əvvəllərində
Prezident İlham Əliyevin Türkiyəyə səfəri
zamanı Prezident Rəcəb Tayyip Ərdoğanla
görüşündə iştirak edib, ancaq bir dəfə
də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə
Azərbaycanın İsraillə sürətlə inkişaf
edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini
tələb etsin.
Qəzet
yazır ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan
alır. Eyni zamanda, ölkənin coğrafi mövqeləri
onun İsrail üçün nə dərəcədə
mühüm olduğunu göstərir.
Şöbə
müdiri deyib ki, İsrailin Azərbaycan üçün əhəmiyyətli
ölkə olmasının səbəblərindən biri də
onun Yaxın Şərqin mühüm dövləti və
regionda qabaqcıl texnologiyalara malik olmasıdır. Bundan əlavə,
İsraillə yaxşı münasibətlər Azərbaycana
Vaşinqtonda da kömək edir. Belə ki, ABŞ
paytaxtında fəaliyyət göstərən yəhudi
qrupları və İsrail liderləri amerikalı həmkarları
ilə Azərbaycana dair çoxlu müzakirələr və
diskussiyalar aparırlar. Həmçinin Azərbaycan və
İsrail etibarlı hərbi tərəfdaşlıq
münasibətlərinə malikdir.
Müəllif
vurğulayır ki, Əli Həsənov İslam Əməkdaşlıq
Təşkilatına üzv olan Azərbaycanın İsraillə
yaxın münasibətlərinin digər müsəlman
dövlətləri üçün də bir model olduğunu
bildirib.
Prezident
Administrasiyasının şöbə müdiri onu da qeyd edib
ki, Azərbaycan-İsrail əməkdaşlığının
bu cür inkişafı azərbaycanlılarla yəhudilər
arasında tarixən mövcud olan güclü münasibətlərdən
irəli gəlir.
Azərbaycanda
yəhudi icmasının 2500 il tarixi olduğunu deyən
Əli Həsənov deyib ki, hazırda ölkəmizdə
doqquz minə qədər yəhudi, İsraildə isə on
minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.
Şöbə
müdiri əlavə edib ki, hansısa məsələlərdə
İsraillə müsəlman ölkələri arasında
anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq
etmək və münasibətlər qurmağın
mümkün variantlarını tapmaq olar.
Azərbaycan.-2015.- 28 yanvar.- S.5.