Azərbaycan ilə BMT arasında əməkdaşlığın

 perspektivləri müzakirə olunub

 

ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb və Prezident İlham Əliyevin salamlarını ona çatdırıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Pan Gi Muna Azərbaycanın qlobal sülhdialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu bu il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb.

Baş katib Pan Gi Mun Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.

 

Azərbaycan.-2015.- 28 yanvar.- S.5.