Nərgiz PAŞAYEVA: Artıq 31 ildir universitetdə işləyirəm

və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam

 

Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.

Fəxri professor diplomunu MDU-nun rektoru, akademik Viktor Sadovniçi Nərgiz Paşayevaya təqdim edərək deyib: “Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası öz yığıncağında qərara alıb: Bakı şəhərində Lomonosov adına MDU-nun filialının yaradılmasına və inkişafına, Moskva Universiteti ilə səmərəli əməkdaşlığa böyük töhfəsinə görə Nərgiz Arif qızı Paşayevaya Moskva Dövlət Universitetinin fəxri professoru adı verilsin. Bu ad onu qanun-qayda ilə müəyyən edilmiş hüquqlar, ehtiramimtiyazlarla təmin edəcək”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva yüksək ada görə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz kəşməkəşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.

Professor Nərgiz Paşayeva deyib: Moskva Universitetinin kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikliyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edir. Çünki universitetlər əbədidir, qalanvarsa, tarixin böyükkiçik epizodlarıdır”.

Nərgiz Paşayeva MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva Universitetini təbrik edib.

Rektor Nərgiz Paşayeva AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu, əsasdır. Mənə elə gəlir ki, Moskva Universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir”.

Təntənəli tədbirdə Rusiya Prezidenti Vladimir Putinin yubiley münasibətilə universitetə təbrik məktubu oxunub, qonaqlara universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim edilib, elmi nailiyyətlərə görə LomonosovŞuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomları ilə təltiflər olub.

Nərgiz Paşayeva ilə bərabər, almaniyalı alim, Frayberq Dağ-Mədən Akademiyasının Texniki Universitetinin rektoru Bernd MeyerMDU-nun fəxri professoru adına layiq görülüb. İndi onların adları müxtəlif vaxtlarda bu fəxri titula layiq görülmüş başqa alimlərin və tanınmış ictimai xadimlərin adları ilə bir sırada dayanır.

Qeyd edək ki, Moskva Dövlət Universitetinin fəxri professoru adına vaxtilə fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov, riyaziyyatçı, dinamik sistemlər və diferensial tənliklər nəzəriyyəsi, diferensial geometriyatopologiya üzrə mütəxəssis, akademik Dmitri Anosov, Dnestryanı Dövlət Universitetinin fəxri prezidenti, fizik Stepan Beril, AFR-in Axen Texniki Universitetinin professoru Tomas Qris, Hindistanın mərhum baş naziri İndira Qandi, çex mənşəli ABŞ psixoloqu və psixiatrı, transfərdi psixologiyanın banilərindən və şüurun dəyişkən hallarının öyrənilməsinin pionerlərindən biri Stanislav Qrof, Belarus Dövlət Universitetinin rektoru Leonid Dyatçenko, qlyasiologiya, geologiya, geofizika, ekologiya sahələri üzrə mütəxəssis Mixail Zalixanov, riyaziyyatçı alim Leonid Kantoroviç, Skopyedə (Makedoniya) Müqəddəs KirillMefodi adına Universitetin professoru Maksim Karanfilovski, Delft Texniki Universitetinin professoru, bioloq Solomon Kroonenberq, ilk qadın kosmonavt, texniki elmlər namizədi Valentina Tereşkova, görkəmli yazıçı Çingiz Aytmatov, amerikalı alim-bioloq, Nobel mükafatı laureatı Uoston Jeyms, britaniyalı fizikradiobioloq, Nobel mükafatı laureatı Rotblant Josef layiq görülüblər.

Moskva Dövlət Universiteti 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçi çalışır. MDU-nun Rusiyadaxarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyətinin vasitəsilə biliklərə yiyələnir.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 28 yanvar.- S.6.