Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanı
italiyalı oxucular tərəfindən
maraqla qarşılanıb
Azərbaycanın
İtaliyadakı səfirliyinin, Leusso Humanitar
Araşdırmalar Assosiasiyasının (LHAA), “İl Nodo di
Qordio” beyin mərkəzinin və “Sandro Teti Editore” nəşriyyat
evinin birgə təşkilatçılığı ilə
Romada tanınmış yazıçı Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanının növbəti
təqdimatı olub.
İtaliyanın
RAİ radio verilişlərinin direktor müavini Sercio
Valzanianın moderatorluğu ilə keçirilmiş tədbirdə
bu ölkənin elm və işgüzar dairələrinin
nümayəndələri, araşdırma
institutlarının aparıcı tədqiqatçıları
və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları
iştirak ediblər.
Tədbir
iştirakçılarına əsər haqqında məlumat
verən LHAA-nın rəhbəri Benedetto Koççia
bildirib ki, belə bir nəşrin İtaliyada işıq
üzü görməsi ilə yerli oxucularda Azərbaycanın
timsalında qədim Şərq mədəniyyətinə və
ədəbiyyatına böyük maraq yaranacaq.
Azərbaycanın
İtaliyadakı səfirliyinin əməkdaşı Samir
Allahverdiyev ölkəmizin əlverişli coğrafi mövqeyi
və müstəqilliyinin bərpasından sonra sürətli
inkişafından danışıb. Azərbaycanın
İtaliya ilə əlaqələrə xüsusi önəm
verdiyini qeyd edən diplomat bu münasibətlərin dərin
tarixi kökləri olduğunu vurğulayıb.
Daha
sonra Azərbaycanda mövcud olan yüksək tolerantlıq
mühitindən bəhs edən S.Allahverdiyev ölkəmizdə
hər zaman bütün millətlərin, dinlərin nümayəndələrinə
bərabər hüquqların verildiyini, onların sülh və
dostluq şəraitində yaşadıqlarını bildirib.
Diqqətə çatdırıb ki, “Yarımçıq əlyazma”
vasitəsilə italiyalı oxuculara ölkəmizin qədim
tarixi ilə bağlı maraqlı məqamları
çatdırmaq mümkün olacaq.
“İl
Nodo di Qordio” beyin mərkəzinin tədqiqatçısı,
professor Ermanno Vizintayner qeyd edib ki, sivilizasiyanın ən qədim
mərkəzlərindən biri hesab olunan Azərbaycan zəngin
tarixə və mədəni irsə malikdir. Azərbaycan
xalqının dünya elminə bəxş etdiyi töhfələrdən
danışan Ermanno Vizintayner “Kitabi-Dədə Qorqud” kimi
möhtəşəm sənət abidəsi haqqında
düşüncələrini bölüşüb. Diqqətə
çatdırıb ki, Kamal Abdullanın müəllifi
olduğu “Yarımçıq əlyazma” əsərinin
İtaliyada çox böyük maraqla
qarşılanmasının əsas səbəblərindən
biri Azərbaycan və İtaliya xalqlarının qədim
dövrlərdə yaşamış qəhrəmanları,
mifik obrazları arasında oxşarlıqların
olmasıdır.
Kitabın
“Ön söz”ünün müəllifi, məşhur
yazıçı və tarixçi, Florensiya Universitetinin
professoru Franko Kardini bildirib ki, müəllif qədim dövrdə
cərəyan edən hadisələri ustalıqla təsvir edərək
oxucularda romanın məhz həmin dövrdə
yazıldığı təəssüratı yaradır.
F.Kardini əsərin mövzusundan, yazıçının
romanın əsas qəhrəmanları olan tarixi şəxsiyyətlərə
və hadisələrə yanaşma tərzindən
danışıb.
“Sandro
Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti tədbir
iştirakçılarına Kamal Abdullanın
yaradıcılığı, əsərləri,
multikulturalizmin inkişafına töhfələri barədə
məlumat verib. S.Tetti diqqətə çatdırıb ki, bu əsər
italiyalı oxucularda Azərbaycan xalqının qədim və
zəngin tarixi ilə bağlı dolğun fikir
formalaşdıracaq.
Sonda
əsərin ədəbi-bədii keyfiyyətləri ilə
bağlı müzakirələr aparılıb.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi
müxbiri
Roma
Azərbaycan.-2015.- 28 yanvar.- S.6.