İƏT Pİ-də Müsəlman Qadın Parlamentarilərinin
IV Forumu keçirilib
Bu günlərdə İstanbulda
İslam Əməkdaşlıq
Təşkilatının Parlament
İttifaqı çərçivəsində
Müsəlman Qadın
Parlamentarilərinin IV Forumu
keçirilib. Forumda İƏT Pİ-də təmsil olunan 57 ölkənin əksəriyyətindən
qadın parlamentarilər
iştirak edib. Tədbirdə ölkəmizi Milli
Məclisin deputatı,
İƏT Pİ-də parlament
nümayəndə heyətinin
rəhbəri, AMEA-nın
müxbir üzvü Gövhər Baxşəliyeva
təmsil edib.
Forumda
ilk çıxış edən
İƏT Pİ baş katibi
Mahmud Erol Kılıc
müsəlman aləmində
baş verən proseslər və bu proseslərdə qadınların rolu, qadınların hüquqlarının
qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə
və sair müasir dünya üçün böyük
aktuallıq kəsb edən məsələlərdən
danışıb. Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Gövhər Baxşəliyeva
ölkəmizdə dövlət
səviyyəsində ailə,
qadın və uşaq siyasətindən,
qadın hüquqlarından,
ölkəmizdə qadınların
inkişafı üçün
yaradılmış hərtərəfli
şəraitdən bəhs
edib. Bununla belə, G.Baxşəliyeva
Azərbaycan qadınlarının
böyük bir qisminin iyirmi ildən artıqdır ki, erməni işğalından əziyyət
çəkdiyini, ata-baba
torpaqlarını tərk
etdiyini, qaçqın-köçkün
vəziyyətində yaşadığını,
müharibənin gətirdiyi
bütün fəlakətləri
üzərində yaşadığını
forum iştirakçılarının nəzərinə çatdırıb
və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin bütövlükdə
xalqımıza gətirdiyi
bəlalardan danışıb.
O, bügünəcən BMT-nin məlum 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Azərbaycan
torpaqlarının işğalı
ilə bağlı qərarların icra olunmadığını qeyd
edib. “Ermənistan
sadəcə olaraq danışıqlar prosesində
imitasiya taktikasını
seçmişdir. O sülh
istəmir. İşğal edilmiş torpaqlardan
çıxmaq istəmir.
İşğalçı dövlətə təzyiq göstərilməlidir.
O məcbur edilməlidir
ki, işğala məruz qoyduğu torpaqlardan
çıxsın. Nə üçün
başqa yerlərdə
qəbul edilmiş qətnamələr dərhal
icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, ikili standartlardır.
Artıq
Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu
problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv
mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə
qüvvələr var
ki, bu münaqişənin
həll olunmasında maraqlı deyillər” - deyən G.Baxşəliyeva
vurğulayıb ki, Azərbaycan torpaqlarının
işğal altında
qalması sadəcə
olaraq Ermənistanın
işi deyil. Ermənistan aciz durumda olan
bir ölkədir.
Əlbəttə, əgər onun
böyük havadarları
olmasaydı, Dağlıq
Qarabağ münaqişəsi
çoxdan ədalətli
şəkildə öz
həllini tapardı.
Xarici dəstək olmadan Ermənistan işğal etdiyi əraziləri bir gün də
işğal altında
saxlaya bilməzdi.
Azərbaycanın demokratiyanın inkişafına,
insan haqlarının qorunmasına, ədalətin
bərqərar olmasına
çox böyük və dəyərli töhfələr verməsini
diqqətə çatdıran
G.Baxşəliyeva ölkəmizin
multikulturalizmlə bağlı
təcrübəsindən danışıb. Beynəlxalq
münasibətlərdə ikili standartların mövcudluğunu qeyd edən nümayəndə
heyətinin rəhbəri
bunun heç kimə xeyir gətirmədiyini deyib: “Ölkələrin daxili işlərinə qarışmaq
onlarda sabitliyi pozur, qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların
arxasında dayanan qüvvələrə də
nəticə etibarilə
mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək
olar ki, bir-birinə bağlıdır
və istənilən
yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verir.”
Forumun yekunu olaraq 8 bənddən ibarət qətnamə qəbul edilib. Qətnamədə qadınların
müharibə və qarşıdurmaların faciəvi
nəticələrindən ən çox zərər çəkənlər
olmasını nəzərə
alaraq, lokal və regional xarakterli münaqişə və qarşıdurmaların həllində
qadınların iştirakına
və bacarıqlarından
istifadəyə çağırış
və İslam dünyasının münaqişə
bölgələrində müsəlman
qadınların və
uşaqların himayəsi,
yaşadıqları cəmiyyətlərdə
çəkdikləri əzab-əziyyətləri
yüngülləşdirmək üçün onlara maddi, mənəvi kömək göstərilməsi,
onları qaçqın
düşərgələrində ziyarət etmək barədə məsələlər
maddələrdə yer
alıb.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 28 yanvar.- S.7.