Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadi
məsələlər
və maliyyə nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də
İran İslam Respublikasının iqtisadi məsələlər
və maliyyə naziri Əli Tayebnianın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin
başçısı nazir Əli Tayebnianın
başçılıq etdiyi nümayəndə heyətinin
Azərbaycana səfərinin uğurlu və gələcək
əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi
baxımından önəmli olacağına əminliyini ifadə
etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında
iqtisadi sahədə əməkdaşlıq üçün
yaxşı imkanların olduğunu vurğuladı. İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana
səfərini məmnunluqla xatırlayan dövlətimizin
başçısı səfər çərçivəsində
hər iki ölkənin iş adamlarının iştirakı
ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd
etdi və forumda səslənən fikirləri iqtisadi sahədə
əməkdaşlıq üçün mövcud olan
qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirdi.
Nazir
Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən
Ruhaninin salamlarını dövlətimizin
başçısına çatdırdı. O, Azərbaycan və
İran prezidentlərinin səyləri sayəsində ikitərəfli
münasibətlərimizin inkişafının yeni mərhələyə
qədəm qoyduğunu vurğuladı. İranlı nazir azərbaycanlı
həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin
müxtəlif sahələrdə daha da genişləndirilməsi
istiqamətində səylərini əsirgəməyəcəklərini
dedi.
Dövlətimizin
başçısı Prezident Həsən Ruhaninin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İran dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 29 yanvar.- S.1.