Görülən işlərin bəhrəsini
Azərbaycanın
istənilən
bölgəsinin sakini öz
həyatında hiss edir
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş üçüncü dövlət proqramının bir ili artıq arxada qalıb. Bu bir ilin yekunları göstərir ki, 2004-cü ildən - birinci proqram qəbul ediləndən ölkənin bütün şəhər və rayonlarının tarazlı şəkildə inkişafı üçün başlanan işlər uğurla davam etdirilir.
2004-2008-ci, 2009-2013-cü illəri əhatə edən proqramların yerinə yetirildiyi zaman, eləcə də 2014-2018-ci illər üçün nəzərdə tutulan cari proqramın icrasından ötən dövr ərzində ölkəmiz tanınmaz dərəcədə dəyişib. Əlbəttə ki, yalnız yaxşılığa doğru, yalnız müsbət mənada. Bu, həm onun iqtisadi qüdrətinə, həm vətəndaşlarının güzəranına, həm şəhərlərin, rayon mərkəzlərinin, kənd və qəsəbələrin gündən-günə gözəlləşən simasına aiddir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bütün bunlardan ətraflı bəhs edilib. Prezident İlham Əliyev konfransdakı nitqində deyib: “Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər”.
Əlbəttə, bunlar çox təbiidir. Çünki Azərbaycan dövləti hərtərəfli düşünülmüş, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Konfransda 2003-cü ildən bəri infrastruktur layihələrə xüsusi önəm verildiyi bir daha xatırlanıb. Bölgələrin ilk növbədə, elektrik enerjisi ilə, qazla, içməli su ilə təmin olunması, oraya rahat yolların çəkilməsi, meliorasiya imkanlarının genişləndirilməsi hələ o vaxtdan prioritet elan edilmişdir. Nəticə isə budur ki, 11 il ərzində 23 elektrik stansiyası tikilib. Onların ümumi gücü 2400 meqavatdır. Ölkənin ümumi enerji potensialının 6300 meqavat olduğunu qeyd etsək, son illərdə görülmüş işlərin nəhəngliyi daha aydın görünər. Sözügedən yeni elektrik stansiyaları olmasa, bu gün ölkənin üçdəbir hissəsinə işıq çatmazdı. İndi şəhər və rayonlarda elektrik enerjisindən qıtlıq çəkən yoxdur. Əhalinin də, təşkilat və müəssisələrin də işığa olan tələbatı ödənir.
Müəssisə demişkən, son 11 ildə 64 min yeni müəssisə yaradılıb. Onların ahəngdar işləməsi üçün elektrik enerjisi ilə təminat yenə də önəm daşıyır. Belə ki, keçən il 5 elektrik stansiyası istifadəyə verilib. Regionlarda 3 min kilometr elektrik xətləri çəkilib, 614 transformator işə salınıb, 20 yarımstansiya tikilib.
Əhalinin içməli su problemi də daim diqqət mərkəzindədir. Bütün şəhərlərin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə fasiləsiz təminatı qarşıya məqsəd qoyulub. Oğuz-Qəbələ-Bakı su kəməri tikilib. İndi paytaxtın sutka boyu su ilə təminatı 78 faizə çatıb. Halbuki 2004-cü ildə bu rəqəm 29 faiz təşkil edirdi. Həmin vaxt, yəni birinci dövlət proqramı qəbul ediləndə ölkə əhalisinin fasiləsiz su təminatı cəmi 10-15 faiz idi. İndi bu göstərici 60 faizdən çoxdur.
Son bir neçə ildə Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz layihələr - su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, baş Muğan-Mil kollektorunun tikintisi başa çatdırılıb. 2014-2018-ci illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf proqramında ölkənin 3 şəhərində və 50 rayonunda çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb. Keçən ildən başlayaraq bu istiqamətdə artıq bir sıra işlər görülür. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işləri gedir. Respublikanın digər bölgələrində də bu sahədə müvafiq tədbir görülür.
Dövlət su təsərrüfatının inkişafına milyardlarla manat vəsait yönəldir. Üçüncü proqram çərçivəsində də bu işlər davam etdirilir. “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Konfransda deyildiyi kimi: “Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu il üç yüzdən çox artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir”.
Rahat yol olmadan heç bir bölgənin inkişafından söhbət gedə bilməz. Keçən il ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolunun, 30 yeni körpünün və yolötürücülərinin tikilməsi, yaxud təmir edilməsi regionların sosial-iqtisadi inkişafına yönəldilən tədbirlərdəndir. Eləcə də kənd yollarının tikintisi davam etdirilib. Təkcə 2014-cü ildə dövlət başçısının 43 sərəncamına əsasən, bu məqsədlə əlavə vəsaitlər ayrılıb. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb. Son 11 ildə isə ümumilikdə 10 min kilometr yol çəkilib. 340 körpü və tunel tikilib.
İndi kənd evlərinin də çoxunda mavi alov şölələnir. Qaz kəmərləri elə kəndlərə gedib çatıb ki, orada heç sovet dönəmində də qaz olmamışdı. Qazlaşdırma bütün şəhərlərdə 100 faiz səviyyəsindədir. Kəndlərdə aparılan işlər qazlaşdırmanı tam həyata keçirmək məqsədinə yönəldilib. Azərbaycanda qazlaşdırmanı 90-95 faizə çatdırmaq nəzərdə tutulub və buna üçüncü proqramın sonunda - 2018-ci ildə nail olunacaq.
İnfrastruktur layihələrinin uğurlu icrası bölgələrdə həyatın canlanmasına, yeni müəssisələrin yaranmasına, nəticə etibarı ilə əhalinin məşğulluq probleminin həllinə, kənd sakininin kənara çıxmayaraq öz el-obasında bərqərar olmasına, onun dolanışığının yaxşılaşmasına xidmət edir.
Bu cür layihələrin uğurlu icrası bölgələrdə biznes və investisiya mühitinin yaxşılaşdırılmasında, regionların iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır. Beləliklə, regionların inkişaf strategiyasının uğurla həyata keçirilməsi bütövlükdə ölkənin inkişafında dönüş nöqtəsi olmuşdur. Məhz bunun nəticəsində regionların hər birində quruculuq işləri geniş vüsət almışdır. Həyata keçirilməsi ardıcıllıqla davam edən bu proqramların nəticəsindən Azərbaycanın istənilən bölgəsinin hər bir sakini bəhrələnə bilir.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi regionların inkişafına yönəldilmiş üçüncü proqramda nəzərdə tutulan işlərin daha uğurlu icrasına dəstək verəcək. Əminliklə demək olar ki, bu il də bütün bölgələrdə genişmiqyaslı işlər görüləcək, Azərbaycan kəndi daha da inkişaf edəcək.
Flora SADIQLI,
Azərbaycan.-2015.- 29 yanvar.- S.1.