“Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısı”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 5
Bakı şəhəri, 12 yanvar 2015-ci il
“Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Müfəssəl planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısı” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2015.-
29 yanvar.- S.2.
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar
tarixli 5
nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Müfəssəl
planların
hazırlanması, razılaşdırılması
və təsdiq olunması qaydaları, habelə həmin
planların razılaşdırıldığı
orqanların
SİYAHISI
1. Ümumi müddəalar
1.1.
Müfəssəl planların
hazırlanması, razılaşdırılması və
təsdiq olunması qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısı (bundan sonra-Qaydalar) “Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə
hazırlanmışdır və yaşayış məntəqələrinin
(şəhərlərin, qəsəbələrin və kəndlərin)
ərazilərinin və ya onların ərazi hissələrinin,
o cümlədən yaşayış məntəqələrinin
hüdudlarından kənarda yerləşən ərazilərinin
(yaşayış məntəqələrinin perspektiv
inkişafı üçün nəzərdə tutulan)
müfəssəl planlarının hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydalarını, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısını müəyyən
edir.
1.2. Bu Qaydaların tələbləri
şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul
olan bütün subyektlər üçün mütləqdir.
1.3.
Müfəssəl plan yaşayış məntəqəsinin
qüvvədə olan Baş planı əsasında
hazırlanır. Baş plan olmadığı
halda və ya Baş planın hesabat müddəti bitdikdə,
kəndlərin, qəsəbələrin və perspektivdə
hesabi əhalisi 50 minədək olan şəhərlərin
bütün ərazisi üçün müfəssəl
planın hazırlanmasına yol verilir.
1.4.
Müfəssəl plan planlaşdırılan struktur elementlərinin
yerləş-dirilməsini, onların inkişaf parametrlərini
müəyyən edən ərazi
planlaş-dırılması sənədidir.
1.5. Müfəssəl plan yerli icra
hakimiyyəti orqanları və bələdiyyələrin
sifarişi ilə hazırlanır. Ərazi
üçün yalnız bir müfəssəl plan
olmalıdır.
1.6. Müfəssəl
plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq
servitutlarının tətbiq edilməsi barədə qərarların
qəbul edilməsi üçün əsasdır.
1.7.
Müfəssəl plan sifarişçi və xüsusi
razılığı (lisenziya) olan layihəçi
arasında bağlanılmış müqavilə əsasında
hazırlanır. Müfəssəl planın sərhədləri
müqavilənin ayrılmaz hissəsi olan layihə
tapşırığı ilə müəyyən edilir.
Layihə tapşırığına olan tələblər bu Qaydalara
Əlavə 1-də, layihə
tapşırığının tövsiyə edilən
forması isə Əlavə 2-də verilmişdir.
1.8. Müfəssəl
planın layihəçisi müqavilə şərtlərinə
riayət edilməsinə, layihə həllərinin keyfiyyətinə,
əsaslandırılmasına və
razılaşdırılmasına, həmçinin Azərbaycan
Respublikasının ərazisində qüvvədə olan
normativ hüquqi aktların tələblərinə riayət
edilməsinə görə cavabdehdir. Layihəçi
ayrı-ayrı bölmələrin (iş növlərinin)
icra edilməsinə digər şəxsləri
(subpodratçıları) cəlb edə bilər.
2. Əsas
anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.1.1. layihə tapşırığı - layihələndirmənin
əsasını, mərhələlərini, göstəricilərini,
işlənilməsi müddətini, ilkin məlumatların əldə
edilməsinə olan tələbləri, layihənin tərkibini
müəyyənləşdirən sifarişçi və
layihəçi arasında
razılaşdırılmış sənəddir;
2.1.2. ərazinin abadlaşdırılması - ərazinin
yaxşılaşdırılması və ya onun sonradan
tikilib abadlaşdırılmaya hazırlanması
üçün layihə və tikinti tədbirləri
(mövcud tikililərin sökülməsi, şaquli
planlaşdırma, yol-küçə şəbəkəsinin
salınması, mühəndis-kommunikasiya xətlərinin və
qurğularının tikintisi, ərazilərin
yaşıllaşdırılması);
2.1.3. topoqrafik əsas - topoqrafik xəritələr və
(və ya) aerokosmik zondla tədqiqetmənin, yaxud
torpaq-informasiya sistemlərinin şəhərsalma layihələndirilməsi
məqsədləri üçün hazırlanmış məkan
məlumatları.
3. Müfəssəl
planın tərkibi və məzmunu
3.1. Müfəssəl
planda aşağıdakılar nəzərdə tutulur:
3.1.1. tikinti məqsədləri üçün ərazidən
istifadənin növü və miqyası;
3.1.2. tikinti qaydası (üsulu), üzərində
tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri,
eləcə də tikinti obyektlərinin yeri;
3.1.3. tikinti aparılan torpaq sahələri üçün
həcm, en və uzunluq baxımından minimal
ölçülər, yerin təkindən və torpaqdan qənaətlə
və səmərəli rəftar olunması ilə əlaqədar
yaşayış məqsədləri ilə istifadə edilməsi
nəzərdə tutulan ərazilər üçün
maksimal ölçülər;
3.1.4. torpaq sahələrindən
istifadə ilə bağlı zəruri digər obyektlər
üçün ərazilər (asudə vaxt və istirahət
üçün ərazilər), eləcə də dayanacaq
yerləri və qarajlar üçün ərazilər;
3.1.5. ictimai
ehtiyaclar, eləcə də idman və oyun qurğuları
üçün ərazilər;
3.1.6. yaşayış
binalarında mənzillərin yol verilən maksimal sayı;
3.1.7. şəhərsalma
məqsədləri üçün xüsusi şərtlərlə
istifadə olunan ərazilər;
3.1.8. tikinti aparılmayacaq ərazilər
və onlardan istifadə;
3.1.9. hərəkət
üçün ərazilər, o cümlədən
piyadaların və velosipedlərin hərəkəti, maşınların
saxlanılması üçün ərazilər, müəyyən
ərazilərin hərəkət üçün nəzərdə
tutulmuş ərazilərə birləşdirilməsi
üçün ərazilər və bu kimi xüsusi təyinatlı
ərazilər;
3.1.10. təchizat
(təminat) məqsədlərinə xidmət edən obyekt və
müəssisələr üçün ərazilər;
3.1.11. mühəndis-kommunikasiya təminatı
sisteminin və xətlərinin
çəkilməsi, habelə tullantılar və
anbarlar üçün ərazilər;
3.1.12. parklar və
başqa yaşıllıq əraziləri, qısamüddətli
istirahət məqsədi ilə çadır qurmaq
üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar;
3.1.13. su əraziləri,
eləcə də su təsərrüfatı, daşqından
qorunmaq üçün qurğuların yerləşdirilməsi
və suyun axınını tənzimləmək
üçün ərazilər (əgər bu məsələlər
digər qanunvericilik aktları ilə həll
olunmamışdırsa);
3.1.14. mühəndis
hazırlığının, o cümlədən relyefin layihə
təşkilinin aparılmalı olduğu ərazilər
(doldurulmalı, qazılmalı olan ərazilər) və ya
daş, torpaq, yaxud digər qazıntıların
çıxarılması üçün ərazilər;
3.1.15. heyvandarlıqla
bağlı obyektlərin tikintisi (tövlələr, heyvan sərgilərinin
keçirilməsi üçün qurğular və s.), habelə
otlaqlar və örüşlər üçün ərazilər;
3.1.16. təbii
mühitin və landşaftın qorunması və
inkişafı məqsədi ilə tədbirlər (əgər
bu məsələlər digər qanunvericilik aktları ilə
həll olunmamışdırsa), eləcə də bu tədbirlərin
görülməsi üçün ərazilər;
3.1.17. piyada və
ya nəqliyyat vasitəsilə hərəkət
üçün ictimaiyyətin və ya maraqlı şəxslər
dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması
üçün yüklənməli olan ərazilər;
3.1.18. ətraf
mühitin zərərli təsirlərdən mühafizəsi
məqsədi ilə havanı çirkləndirən müəyyən
materiallardan istifadənin qadağan edildiyi və yaxud məhdudlaşdırıldığı
ərazilər, təmizlənməli və
abadlaşdırılmalı ərazilər;
3.1.19. “Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən
mühafizəsi məqsədi ilə müvafiq tədbirlərin
görülməsi üçün ərazilər, eləcə
də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin
qarşısını almaq üçün tikinti və digər
texniki xarakterli tədbirlər;
3.1.20. kənd və ya meşə təsərrüfatı
məqsədləri üçün nəzərdə
tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin
hissələri üçün ağacların, kolların və
digər bitkilərin əkilməsi, eləcə də
onların və su hövzələrinin qorunub
saxlanılması üçün dayaqlar.
3.2.
Müfəssəl planda aşağıdakılar xüsusi
qeyd olunmalıdır:
3.2.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin
və ya təbiət hadisələrinə qarşı
xüsusi təhlükəsizlik tədbirlərinin
görülməsi üçün zəruri olan ərazilər;
3.2.2. mədən sənayesi
altında olan və ya mineralların emalı üçün
nəzərdə tutulmuş ərazilər;
3.2.3. ətraf
mühit üçün təhlükə yaradan materiallarla
yüklənmiş ərazilər.
3.2.4.
Müfəssəl plan onun tətbiq olunduğu ərazinin sərhədlərini
müəyyən edir.
3.2.5.
Müfəssəl plana izahat əlavə edilməlidir. İzahatda müfəssəl planın məqsədləri
və mühüm təsirləri təsvir olunmalıdır.
3.2.6. Müfəssəl
plan aşağıdakı hallarda hazırlanır və ya dəyişdirilir:
3.2.6.1. ümumi və baş planlara uyğun olaraq yaşayış
evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya
obyektlərinin və ümumi istifadədə olan obyektlərin,
sənaye, anbar, kommersiya və ticarət obyektlərinin,
mühəndis-kommunikasiya şəbəkələrinin və
digər obyektlərin tikintisi məqsədi ilə ərazilər
nəzərdə tutulduqda;
3.2.6.2. yeni tikinti
üçün, yaxud kənd və ya meşə təsərrüfatı
ilə bağlı olmayan digər fəaliyyət növlərinin
inkişafı üçün torpaq sahələri
formalaşdırıldıqda;
3.2.6.3. tikinti və digər fəaliyyət növlərinin
inkişafı məqsədi ilə torpaqdan istifadənin əsas
təyinatı dəyişdirildikdə;
3.2.6.4. ərazidən istifadə növü,
binaların yol verilən hündürlük həddi, ərazinin
tikinti və tikinti sıxlığı əmsalları ilə
bağlı tələblərdən hər hansı biri dəyişdikdə;
3.2.6.5. sənaye
zonaları üçün ərazilər formalaşdırıldıqda;
3.2.6.6. ümumi və baş planlarda mühəndis-kommunikasiya
təminatı qurğularının tikintisi nəzərdə
tutulmadıqda.
3.2.7.
Qüvvədəolma müddəti müəyyən edilməyən
müfəssəl planlar müddətsiz istifadə olunur.
3.3 . Müfəssəl
plan qrafiki materiallardan və izahat yazısından ibarətdir.
3.3.1.
Qrafiki materiallara aşağıdakılar daxildir:
3.3.1.1. yaşayış məntəqəsinin
planında layihələndirilən ərazinin mövqe
planı;
3.3.1.2. ərazinin müasir istifadəsi planı
(istinad planı);
3.3.1.3.
tikinti-planlaşdırma eskizi ilə birlikdə
qırmızı xətlərin planı;
3.3.1.4. müfəssəl plan (əsas cizgi);
3.3.1.5. qırmızı xətlərin bölgü
planı;
3.3.1.6. küçələrin en kəsikləri
(mövcud və layihələndirilən);
3.3.1.7. nəqliyyat və sosial xidmət obyektlərinin
yerləşdirilməsi sxemi;
3.3.1.8. magistral mühəndis şəbəkələri
və qurğularının yerləşdirilməsi sxemi;
3.3.1.9. ərazinin mühəndis
hazırlığı sxemi (ərazinin relyefinin təşkili
ilə birlikdə);
3.3.1.10. ərazinin planlaşdırılma məhdudiyyətləri
sxemində göstərilən məlumatlar (müfəssəl
plan yaşayış məntəqəsinin bütün ərazisi
üçün işləndiyi halda):
3.3.1.10.1.
faydalı qazıntıların yerləşdiyi
ərazilərin sərhədləri;
3.3.1.10.2.
təbii şəraitinə görə tikinti
üçün müxtəlif dərəcədə əlverişsiz
olan torpaqlar;
3.3.1.10.3.
sənaye müəssisələrinin
və digər obyektlərin sanitar mühafizə zonaları;
3.3.1.10.4.
hava limanına yaxın ərazilərdə
tikintinin aparılması üçün məhdudiyyətli
zonalar;
3.3.1.10.5.
kurortların su mənbələrinin, su
anbarlarının, su kəmərlərinin, yüksəkgərginlikli
elektrik ötürücüsü xətlərinin mühafizə
zonaları;
3.3.1.10.6.
daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizə zonaları.
3.3.2.
İzahat yazısında layihələndirilən ərazinin
xarakteristikası, təhlili, qiymətləndirilməsi, ərazinin
istifadə edilməsi üzrə əsaslandırma və layihə
həlləri, onun mühəndis və nəqliyyat təminatı,
texniki - iqtisadi göstəriciləri, ətraf mühitin
mühafizəsi və fövqəladə halların
qarşısının alınması üzrə tədbirlər
olmalıdır:
3.3.2.1. layihələndirilən ərazinin
xarakteristikasında aşağıdakılar əks
olunmalıdır:
3.3.2.1.1. ərazinin iqlim
və mühəndis-geoloji şəraiti barədə məlumat;
3.3.2.1.2. ərazinin müasir istifadəsi (mövcud vəziyyəti)
barədə məlumat;
3.3.2.1.3. ərazidəki bina və qurğuların
texniki vəziyyətinin qiymətləndirilməsi;
3.3.2.1.4. ərazinin
sanitar vəziyyəti barədə məlumat;
3.3.2.2. layihə təkliflərinin əsaslandırılması
aşağıdakıları əks etdirməlidir:
3.3.2.2.1. əhalinin
perspektiv sayının göstəriciləri;
3.3.2.2.2. tikinti növlərinə və onun
sıxlığına görə mənzil fondu üzrə təkliflər
və hesabatlar;
3.3.2.2.3. sosial, mühəndis və nəqliyyat
infrastrukturları obyektlərinin yerləşdirilməsi və
tutumu üzrə təkliflər və hesabatlar;
3.3.2.2.4. istirahət və idman (turizm) obyektlərinin
yerləşdirilməsi üzrə
təkliflər;
3.3.2.2.5. ərazi
zonaları üzrə layihələndirilən ərazinin
balansı;
3.3.2.3. ərazi
üzrə layihələndirmə işlərinə
aşağıdakılar daxildir:
3.3.2.3.1. ərazinin struktur-planlaşdırma elementlərinə
bölünməsi, onların yerləşdirilməsi,
ölçüləri və konfiqurasiyası;
3.3.2.3.2. tikintinin
növləri;
3.3.2.3.3. şəhərsalma
kompozisiyasının prinsip və üsulları;
3.3.2.4. ərazinin
abadlaşdırılması ilə bağlı layihə
işlərində aşağıdakı təkliflər və
hesabatlar əks olunmalıdır:
3.3.2.4.1. yol-küçə şəbəkəsinin
inkişafı;
3.3.2.4.
2. nəqliyyat
hərəkətinin təşkili;
3.3.2.4.3. avtomobil nəqliyyatının saxlama sahələrinin
(dayanacaq və avtomobil saxlamaq
üçün yerlər) yerləşməsi
və parametrləri;
3.3.2.4.4. yaşıllaşdırma növləri nəzərə
alınmaqla, landşaft-rekreasiya ərazilər sisteminin
yaradılması;
3.3.2.4.
5. ərazilərin
mühəndis hazırlığı;
3.3.2.4.6. su təchizatı və kanalizasiya, istilik,
elektrik, qaz təchizatı sistemləri, telefon, televiziya, radio xətləri;
3.3.2.4.7. ərazinin sanitar təmizlənməsi;
3.3.2.5. layihənin əsas texniki-iqtisadi göstəricilərində
(TİG) bu Qaydalara Əlavə 5-ə uyğun olaraq qəbul
edilmiş layihə işlərini səciyyələndirən
kəmiyyət parametrləri əks olunmalıdır. TİG -
layihələndirmə ilinin yanvarın 1-dək
aşağıdakı mərhələlər üzrə:
layihələndirmə ilindən başlayaraq layihənin
reallaşdırılmasının birinci mərhələsinin
sonunadək, birinci mərhələnin sonundan başlayaraq qəbul
edilmiş hesabat dövrünün sonunadək (və ya artan
yekun üzrə) göstərilməlidir;
3.3.2.6. ətraf
mühitin mühafizəsi ilə bağlı tədbirlərdə ətraf
mühitin mövcud və proqnozlaşdırılan vəziyyətinin
xüsusiyyətləri və həmçinin onun
optimallaşdırılmasına yönəldilmiş kompleks
şəhərsalma tədbirləri əks olunmalıdır və
burada aşağıdakılar göstərilməlidir:
3.3.2.6.1. ərazinin landşaft-iqlim xüsusiyyətlərinin
təsviri (relyef, bitki örtüyü, mikroiqlim və s.) ;
3.3.2.6.2. ətraf
mühitin mövcud vəziyyətinin xarakteristikası;
3.3.2.6.3. ətraf
mühitin əlverişsiz texnogen təsir mənbələrindən
(stasionar, səyyar) mühafizəsinə yönəldilmiş
şəhərsalma tədbirləri.
3.4. Müfəssəl planın təsdiq
edilməli hissəsinə daxildir:
3.4.1. müfəssəl plan (əsas cizgi);
3.4.2. qırmızı
xətlərin bölgü planı;
3.4.3. küçələrin en kəsikləri.
3.5.
Müfəssəl planın layihə
tapşırığında nəzərdə tutulduğu
halda, ərazinin tikinti-planlaşdırılmasının
maketi və ya 3D formatında vizual görünüşü
hazırlanmalıdır.
3.6. Ərazisində
tarixi - mədəni dəyərlər yerləşən
yaşayış məntəqələri üçün
müfəssəl planın tərkibində “Tarixi-memarlıq
istinad planı” cizgisi hazırlanmalıdır.
3.7. Layihələndirilən
ərazinin mövqe planı 1:5 000 və ya 1:10 000 miqyasında
Baş plan materiallarının əsasında yerinə yetirmək
tövsiyə edilir. Planda aşağıdakılar əks
olunmalıdır:
3.7.1. müfəssəl
planın sərhədləri;
3.7.2. ərazi zonalarının şərti işarələri;
3.7.3. xarici nəqliyyat magistrallarının istiqamətlərinin
coğrafi adları.
3.8.
“İstinad planı” cizgisi 1:1000 və ya 1:2000 miqyasında
aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:
3.8.1. binaların mərtəbəliliyinə,
maddi daşınmaz tarixi dəyərlərinə və digər
parametrlərə nisbətdə xarakteristikaları göstərilməklə mövcud tikililəri;
3.8.2. layihələndirməyə başlama tarixinə
olan ərazi zonalarının sərhədləri;
3.8.3. layihələndirmə və tikinti
üçün ayrılmış torpaq sahələrinin sərhədləri;
3.8.4. mövcud
mühəndis şəbəkə və qurğuları;
3.8.5. mövcud
planlaşdırma məhdudiyyətləri.
3.8.6.“İstinad planı” cizgisində mövcud sənaye
müəssisələrinin, sosial infrastruktur və ictimai
obyektlərinin şərhi
verilir.
3.9. “Tarixi-memarlıq
istinad planı” cizgisi 1:1 000 və ya 1:2000 miqyasında
aşağıdakılar əks olunmaqla yerinə yetirilir:
3.9.1. daşınmaz
tarix və mədəniyyət abidələrinin dövlət
siyahısına daxil edilmiş ərazisi, bina və
qurğuları, həmçinin daşınmaz tarix və mədəniyyət
abidələri statusu almağa təklif olunan obyektlər;
3.9.2. daşınmaz
tarix və mədəniyyət abidələrinin mühafizə
zonaları.
3.10.
“Müfəssəl plan” cizgisi 1:1000 və ya 1:2000 miqyasında
aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:
3.10.1. qırmızı
xətlər;
3.10.2. bütün növ saxlanılan tikililər
(istinad fondu) və təbii landşaft saxlanılan sahələr;
3.10.3. inşa edilən, yenidən qurulan, təmir və
bərpa olunan binaların struktur-plan elementləri və şəhərsalma
kompleksləri;
3.10.4. layihənin reallaşdırılmasının
ilk növbəsi və hesabat mərhələsi müəyyən edilməklə,
planlaşdırılan ərazi zonalarının sərhədləri;
3.10.5. torpaq sahələrinin
istifadəsi və şəhərsalma tənzimlənməsinin
tikinti və digər xətləri.
3.11. “Qırmızı
xətlərin bölgü planı” cizgisində mövcud
qırmızı xətlər, mövcud qırmızı xətlərə,
istinad binalarına, koordinat toruna (əyrilərin bucaq və
radiusları) bağlanılmaqla dəyişmiş (təyin
olunmuş) qırmızı xətlər olmalıdır.
3.12.
“Küçələrin en kəsikləri” cizgisi onların
elementlərinin ölçülərini və yeraltı
kommunikasiyaların yerləşdirilməsini göstərməklə 1:200 miqyasında yerinə
yetirilməlidir.
3.13. “Nəqliyyat
və sosial xidmət obyektlərinin yerləşdirilməsi
sxemi” 1:1000 və ya 1:2000 miqyasında
aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:
3.13.1. küçələrin
təsnifatı;
3.13.2. ictimai nəqliyyatın
hərəkət xətləri;
3.13.3. piyada və
velosiped yollarının əsas istiqamətləri;
3.13.4. layihələndirilən
nəqliyyat qurğuları;
3.13.5. layihənin hesabi ehtiyacı göstərilməklə,
avtomobil dayanacaqlarının və qarajların yerləşdirilməsi,
sosial xidmət obyektləri.
3.14. Mühəndis
şəbəkələri və qurğuları sxemlərində
1:1000 və ya 1:2000 miqyasında şəbəkə və
qurğuların yerləşdirilməsi yerləri göstərilməklə,
ərazinin mühəndis təminatının kompleks texniki həlləri
göstərilməlidir. Mühəndis şəbəkələrinin
növləri üzrə sxemlərin ayrıca cizgidə tərtib
edilməsinə yol verilir.
3.15.
1:1000 və ya 1:2000 miqyasında icra edilmiş ərazinin
mühəndis hazırlıq sxemində
aşağıdakılar üzrə məlumat
olmalıdır:
3.15.1. ərazinin
mühəndis hazırlığı aparılmalı sahələrinin
sərhədləri;
3.15.2.
yol-küçə şəbəkəsinin şaquli
planlaşdırılması (mövcud və layihə
hündürlük səviyyələri);
3.15.3. küçə
oxları üzrə mailliklərin istiqamətləri və
ölçüləri;
3.15.4. səth sularının kənarlaşdırılması
(yağış kanalizasiyası) və drenaj sistemi, ərazinin
təhlükəli mühəndis-geoloji proseslərdən
mühəndis mühafizəsi sistemi üzrə texniki həllər.
3.16.
Müfəssəl plan tərtib olunduqda, onun məhdudiyyətlər
sxemində aşağıdakı məlumatlar öz əksini
tapmalıdır:
3.16.1. tullantı mənbələri (istehsalat müəssisələri,
mühəndis-nəqliyyat infrastrukturu obyektləri, kommunal
obyektlər);
3.16.2.
sanitar-mühafizə zonaları;
3.16.3. su mühafizə zonalarının sərhədləri
və su göllərinin sahilyanı zolaqları, suqəbuledicinin
sanitar-mühafizə zonaları, xüsusi mühafizə olunan
təbii ərazilər və s.
3.17.
“Tikinti-planlaşdırma eskizi” yerin relyefi nəzərə
alınmaqla, layihələndirilən ərazinin sərhədlərində
tikilinin memarlıq-planlaşdırma və həcm məkan həllini
aşkar etməlidir. Onun üzərində bütün növ saxlanılan
tikilinin və təbii landşaftın saxlanılan sahələrinin
elementləri və həmçinin layihələndirilən
qırmızı xətləri göstərilməlidir. Ərazinin tikinti-planlaşdırılmasının
maketi və ya 3D formatında vizualizasiyası layihə tapşırığına əsasən
yerinə yetirilir.
3.18. Müfəssəl planın əlavələrinə
aşağıdakılar daxildir:
3.18.1. müfəssəl planın hazırlanması
üçün əsas (yerli icra hakimiyyəti orqanı və ya bələdiyyənin
qərarı);
3.18.2. istifadə edilən topoqrafik əsas, iqlim və
mühəndis-geoloji şərait barədə məlumatlar;
3.18.3. göstərilən ərazi üçün əvvəllər
işlənilib hazırlanmış layihə sənədləri
barədə məlumatlar;
3.18.4. yerli icra hakimiyyəti və aidiyyəti
orqanları tərəfindən müfəssəl planın
razılaşdırılması barədə sənədlər;
3.18.5. müfəssəl
planın ictimai müzakirəsinin protokolu.
4. Ərazinin şəhərsalma
məqsədləri üçün istifadəsinin şərtləri
4.1.
Ərazinin şəhərsalma məqsədləri
üçün istifadəsinin şərtləri tikinti
obyektlərinin ərazilərində memarlıq və şəhərsalma
fəaliyyətinə olan tələbləri müəyyən
edir və onlara riayət edilməsi baxımından müfəssəl
planlaşdırma hüdudlarında bütün layihələndirilən
ərazinin kompleks və sabit inkişafını təmin edir.
4.2. Şəhərsalma
məqsədləri üçün istifadəsinin şərtləri
ərazi zonalarının sərhədlərində yerləşən
bütün sahələrə şamil edilir.
4.3. Layihələndirilən
ərazi landşaftın təşkili və tikintisi ilə
bağlı tələblər, həmçinin ərazi
planlaşdırılması sənədləri ilə sərhədlər,
torpaqdan istifadənin növü və şərtləri,
tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə
bağlı məhdudiyyətlər müəyyən edilməklə ərazi
zonalarına bölünür. Tikinti tənzimlənmə
xətləri sanitar və yanğın əleyhinə qaydalara
riayət edilməsini təmin etməlidir. Tikinti tənzimlənmə xətləri tikilinin
planlaşdırma həllinə uyğun olaraq binaların əsas
fasadlarının yerləşməsini və
konfiqurasiyasını göstərir. Tikinti
tənzimlənmə xətlərinin şərti işarələri
ayrı-ayrı sahələr üçün bu Qaydalara
Əlavə 4-də göstərilir.
4.4. Sahənin
tikinti üçün istifadəsinin intensivlik göstəricilərinə
aşağıdakılar daxildir:
4.4.1. tikinti əmsalı;
4.4.2. tikintinin
sıxlığının əmsalı;
4.4.3. tikilinin
hündürlüyü (mərtəbəliliyi).
4.5. Tikililərin
hündürlüyü və binalar arasındakı məsafələr
yaşayış, ictimai bina və yaşayış ərazilərinin
insolyasiyasının normativ davamlılığını təmin
etməlidir. Tikilinin
hündürlük xətti kompozisiya keyfiyyətlərinin
tənzimlənməsi məqsədi ilə müəyyən
edilir.
5. Müfəssəl
planın tərtib edilməsi,
razılaşdırılması və təsdiq edilməsi qaydaları
5.1. Müfəssəl
planın tərtib edilməsinə aşağıdakı
iş növləri daxildir:
5.1.1. ilkin məlumatların toplanması və təhlili;
5.1.2. ərazinin şəhərsalma qiymətləndirilməsi;
5.1.3. layihə həllərinin (variantların)
hazırlanması;
5.1.4. müfəssəl planın tərtibatı;
5.1.5. müfəssəl planın ilkin layihəsini
ictimaiyyətə tanışlıq üçün təqdim
edilməsi;
5.1.6. müfəssəl
planın razılaşdırılması;
5.1.7. müfəssəl planın yekun layihəsinin
ictimai müzakirəsinin təşkili;
5.1.8. müfəssəl
planın təsdiq edilməsi.
5.2. İlkin məlumatlara
daxildir :
5.2.1. topoqrafik əsas, iqlim və mühəndis-geoloji
axtarışların materialları;
5.2.2. dövlət
torpaq kadastrının məlumatları;
5.2.3. torpaq sahələrinin tikinti üçün
ayrılması barədə məlumatlar;
5.2.4. əhali,
yaşayış fondu, xidmət müəssisələri və
idarələri, idman, sənaye, nəqliyyat və digər
daşınmaz əmlak obyektlərinin sayı barədə məlumatlar;
5.2.5. mövcud küçə şəbəkəsi,
nəqliyyat xidməti, hərəkətin təşkili, şəhər
sərnişin nəqliyyatı xətləri və dayanacaq məntəqələrinin
yerləşdirilməsi barədə məlumatlar;
5.2.6. mövcud yerüstü və yeraltı mühəndis
şəbəkələri və qurğuları barədə
məlumatlar;
5.2.7. ümumi istifadə üçün (park və
bağçalar) mövcud obyektlərin
yaşıllaşdırılması və
abadlaşdırılması barədə məlumatlar;
5.2.8. ətraf mühitin mövcud vəziyyəti barədə
məlumatlar;
5.2.9.
tarixi-mədəni sərvətlərin siyahısı,
onların mühafizəsi zonalarının işlənilib
hazırlanmış və təsdiq edilmiş layihələri;
5.2.10.
Baş planın materialları (mövcud olduğu halda).
5.3.
İlkin məlumatlar layihələndirmənin
başlanması ilinin 1 yanvar tarixinə olan vəziyyətinə
görə layihəçi
tərəfindən sifarişçiyə təqdim edilir.
5.4. Layihələndirmə
üçün rəqəmsal topoqrafik əsasdan istifadə
etmək tövsiyə edilir. Bu zaman məlumatın həcmi, detallaşması və
dəqiqliyi kağız əsasda müfəssəl plan
üçün qəbul edilmiş miqyasda (1:1000 və ya
1:2000) topoqrafik planın xüsusiyyətlərinə uyğun
olmalıdır.
5.5.
Müfəssəl planın qrafiki materiallarının işlənilməsi
sxemi bu Qaydalara Əlavə 3-də, müfəssəl plan
cizgilərində ərazi (torpaq sahələri) sərhədlərinin
şərti qrafiki işarə edilməsi isə bu Qaydalara
Əlavə 4-də göstərilir. Hər bir
cizgi müvafiq qaydada müfəssəl
planlaşdırmanın sərhədləri, qəbul
edilmiş şərti işarələr, küləklərin
istiqaməti, şimal istiqaməti, əsas yazı (ştamp) nəzərə
alınaraq tərtib edilir. Cizgidə ümumi göstəricilərin
qeyd olunmasına yol verilir.
5.6.
İzahat yazısı və “Müfəssəl plan” cizgisini
layihəni hazırlayan təşkilatın rəhbərləri
və müəlliflər imzalayırlar. Digər cizgi və sxemlər layihəni
işləyib hazırlayan təşkilatın daxili sənədləşdirmə
prosedurları ilə müəyyən edilmiş qaydada
imzalanır.
5.7.
İzahat yazısının
titul vərəqində sifarişçi və layihəni
hazırlayan müəssisənin adı, layihənin tam
adı, layihənin buraxılması ili və ayı, izahat yazısında
isə layihə və bölmələr üzrə müəllif
kollektivinin tərkibi və məsul icraçılar, qrafik və
mətn materiallarının siyahısı şəklində
layihənin tərkibi və layihəyə əlavə edilən
sənədlərin siyahısı göstərilməlidir.
5.8. Təqdimat
materialları və həmçinin maqnit
daşıyıcıda layihə sənədləri
sifarişçiyə bir nüsxədə, qrafiki materiallar və
izahat yazısı isə
üç nüsxədə təqdim edilir.
5.9. Müfəssəl
planın hazırlanması və ya dəyişdirilməsi barədə
qərar, planlaşdırmanın məqsədləri və
ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən
qurulması və ya inkişafı ilə əlaqədar
müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən
əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir.
5.10.
Müfəssəl planın hazırlanması və ya dəyişdirilməsi
barədə qərarın elan olunduğu gündən 30
(otuz) gün müddətində ictimaiyyət bu Qaydaların
5.9-cu bəndində nəzərdə tutulmuş məsələlərlə
bağlı etiraz və təkliflərini sifarişçiyə
yazılı şəkildə təqdim edir.
5.11.
Müfəssəl planın ilkin layihə materialları
tanışlıq məqsədi ilə ictimaiyyətə təqdim
edilir. İctimaiyyətin təklifləri nəzərə
alınmaqla hazırlanmış müfəssəl planın
layihə materialları razılaşdırmaq məqsədi ilə
aidiyyəti dövlət orqan və qurumlarına təqdim
edilməlidir. Həmin orqanlar və aidiyyəti
qurumlar müfəssəl planın layihəsinin onlara göndərildiyi
gündən 30 (otuz) gün müddətində həmin sənədlərə
dair yazılı rəy bildirməlidirlər. Bu müddətdə onlar rəy bildirmədikdə,
sifarişçi ərazi planlaşdırılmasının həmin
orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən
çıxış edir.
5.12. Bu
Qaydaların 5.9-cu və 5.11-ci
bəndlərinin tələblərinə müvafiq verilən
təkliflər nəzərə alınmaqla, müfəssəl
planın yekun layihəsi hazırlanır və
sifarişçinin təşkil etdiyi ictimai müzakirəyə
çıxarılır.
5.13. Müfəssəl
planın ictimai müzakirəsi üçün qrafik və mətn
materialları təqdim edilir.
5.14. Müfəssəl plan layihəsi bələdiyyənin
qərarı əsasında hazırlandığı halda,
hazırlandığı gündən 10 (on) gün müddətində
müvafiq bələdiyyəyə, digər hallarda isə Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə təsdiq üçün təqdim
edilməlidir.
5.15.
Müfəssəl plan layihəsi bələdiyyənin qərarı
əsasında hazırlandığı halda, müvafiq qaydada
razılaşdırıldıqdan sonra rəy bildirmək
üçün yerli icra hakimiyyəti orqanlarının
memarlıq bölmələri tərəfindən Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə təqdim edilir.
5.16.
Müfəssəl plan onun təsdiq olunduğu gündən 5
(beş) gün
müddətində
yerli icra hakimiyyəti orqanı və yaxud bələdiyyə
tərəfindən elan olunmalıdır. Müfəssəl
plan elan olunduğu gündən qüvvəyə minir.
6. Müfəssəl planların
razılaşdırıldığı orqanların
siyahısı
6. Müfəssəl
planlar aşağıda qeyd olunan orqanları ilə
razılaşdırıl-malıdır:
6.1. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi;
6.2. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi;
6.3. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
6.4. Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi;
6.5. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
6.6. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi;
6.7. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi;
6.8. “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti;
6.9. “Azərenerji”
Açıq Səhmdar Cəmiyyəti;
6.10.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat
Birliyi;
6.11. Layihə
tapşırığında qeyd olunan orqan və qurumlar.
7. Yekun müddəa
7.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırılmaqla dəyişiklik edilə
bilər.
_______________________
“Müfəssəl planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin
planların
razılaşdırıldığı orqanların
siyahısı”na
Əlavə 1
(məcburi olan)
Layihə tapşırığına dair tələblər
Layihə tapşırığında aşağıdakılar göstərilməlidir:
layihələndirilən obyektin adı və sərhədləri;
müfəssəl planın hazırlanması üçün əsas ;
müfəssəl planın hazırlanması üçün əsas öhdəliklər və tələblər ;
4. ilkin məlumatların alınması, toplanması, kartoqrafik və topoqrafik əsasların istifadə edilməsi qaydası, əsas cizgilərin icra edilməsi həcmi;
layihə qabağı tədqiqatların, mühəndis axtarışlarının və digər işlərin (təbii şərtlərin müəyyən edilməsi, ekoloji, sosial-iqtisadi, demoqrafik situasiyanın, istehsal, sosial, mühəndis-nəqliyyat infrastrukturunun inkişafı, tarixi-mədəni və təbii irsin mühafizəsi və s.) yerinə yetirilməsi zərurəti ;
müfəssəl planın bölmələrinin tərkibi və məzmunu, əsas texniki-iqtisadi göstəricilər ilə bağlı əlavələr, əlavə işlər və layihə materiallarının surətləri barədə göstəricilər;
7. layihəyə baxışı, onun razılaşdırılmasını və ekspertizasını həyata keçirən təşkilatların adı, layihələndirmə prosesində və ya müfəssəl planın ayrı-ayrı mürəkkəb məsələlərinin ilkin razılaşdırılmasının həyata keçirilməsi barədə göstərişlər ;
digər tələb və şərtlər.