Azərbaycan-Almaniya münasibətləri

yeni inkişaf mərhələsinə qədəm qoyub

 

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakının Avratlantik məkana inteqrasiyaAvropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixigeosiyasi gerçəkliklərlə şərtlənir. 1991-ci ildə tarixi maneələri dəf edərək bütövləşmiş Almaniya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. İki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Almaniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Rəsmi Berlinin 12 yanvar 1992-ci il tarixli bu qərarı dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Almaniya ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi.

1993-cü ildən etibarən Almaniya-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. 1995-1996-cı illərdə imzalanmış “Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında”, “İnvestisiyaların təşviqi və qorunması haqqında”, “Mədəni əməkdaşlıq haqqında”, “Hava daşımaları haqqında”, “Bakı hava limanı: təcili yardım” layihəsi üzrə növbəti maliyyə əməkdaşlığı barədə”, “Tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında” və digər hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır.

Bu gün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. “Folksvagen”, “Manseman-Demaq”, “Siemens” və “Virtgenkimi nüfuzlu şirkətlər Azərbaycandakı fəaliyyətlərində böyük uğurlar qazanmışlar. Hazırda ölkələrimiz arasında 2,5 milyard avro həcmində ticarət mübadiləsi mövcuddur. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri iştirak etməkdə maraqlıdırlar.

Azərbaycan və Almaniya aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdironun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Almaniya xüsusilə də Azərbaycanın Avropanın siyasiiqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa Birliyi ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Almaniya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri də ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Almaniya üçünvacib önəm daşıyır.

Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində Almaniyanın müstəsna rolunun mövcud münasibətlərdə əsas müzakirə mövzularından biri olması da təsadüfi deyil. Dövlət başçısı cənab İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə respublikamızın nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcəkdir”.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verdi. Rəsmi Berlin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Almaniya Kansleri Angela Merkel birgə mətbuat konfransında bildirib: “Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neftqaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik”.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda iri layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Almaniya əlaqələrinin inkişaf dinamikası onu göstərir ki, yaxın gələcəkdə bu əməkdaşlıq ölkələrimizin maraqlarına uyğun daha da yüksələcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 29 yanvar.- S.3.