Gənclər siyasətində yeni mərhələ
Azərbaycanın davamlı xarakter alan dinamik inkişafı, yüksəlişi, beynəlxalq tədbirlər məkanına çevrilməsi, əzəmətli və möhtəşəm layihələrə imza atması ölkəmizi dünyaya daha yeni və sivil formada təqdim etməyə imkan yaradır. Bütün bu nailiyyətlər hazırkı qloballaşma və informasiya cəmiyyəti mərhələsində Azərbaycanda həyata keçirilən inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrin sürətlə reallaşdığını, məqsədlərin həyata vəsiqə qazandığını sübut edir.
Təbii ki, hazırkı dinamik inkişaf dövründə cəmiyyətin maraqlarının təmin edilməsi, yeni çağırışlara adekvat və çevik münasibətin ortaya qoyulması üçün qarşıya qoyulan vəzifələr də ölkənin milli maraqlarına uyğun olaraq keyfiyyətcə dəyişir, yeni məzmun alır. Bu, dövlətin gənclər siyasətində də özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında bu barədə deyilir: “Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır”.
Gənclərin cəmiyyət həyatının hər bir sferasında iştirakının təmin olunması, özlərini təsdiq etməyə imkanların yaradılması, milli ruhda formalaşmaları yeni nəslin sağlam inkişafının mühüm şərtləridir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb. Gənclərlə bağlı işlərin aparılması Prezident İlham Əliyevin daim diqqətində olub və ötən 11 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Qloballaşan dünyanın və ölkəmizin hazırkı yüksəlişinin çağırışlarına uyğun olaraq gənclərin də potensialından düzgün istifadə olunması, onların inkişaf proseslərinə cəlb edilməsi üçün müxtəlif proqramlar həyata keçirilib. Gənclərin təhsili, idarəetmədə irəli çəkilməsi, xaricdə Azərbaycanı təmsil etmələri, istedadların üzə çıxarılması kimi məsələlər diqqət mərkəzində olub. Bütün bu hədəflərin dəf olunması, ayıq, yetkin, yüksək təfəkkürlü və intellektli, milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından xəbər verir.
Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada göstərilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub: “Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır”.
Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir: “Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır” - deyə Strategiyada göstərilir.
Strategiyada Azərbaycan gəncliyinin
çağırış və hədəfləri ümumbəşəri
və daxili olmaqla iki qrupa bölünür.
Ümumbəşəri çağırış və hədəflər
qloballaşma ilə əlaqədardır.
Bu, gənclərin
ümumbəşəri dəyərlərə yiyələnməsini,
informasiya cəmiyyətində yaşamaq bacarıqlarının
artırılmasını, müxtəlif ölkələrin
gəncləri ilə dostluq və əməkdaşlıq
münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər
hərəkatında iştirakını nəzərdə
tutur. Daxili
çağırışlar isə fərdi və ictimai əmin-amanlığı təmin etmək
məqsədi ilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin
potensialını gücləndirmək, cavabdehliyini
yüksəltmək üçün səmərəli
istifadə olunmasını nəzərdə tutur.
Azərbaycanın müharibə vəziyyətində
olması və ərazisinin 20 faizinin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər
arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi
hazırlığın müasir tələblərə
uyğun təşkilini, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində daha
təsirli tədbirlərin görülməsini zəruri edir.
Strategiyanın
məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə
Azərbaycan gəncliyinin potensialını müasir
dövrün tələblərinə uyğun inkişaf etdirmək,
həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri
naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq
mövqeyi formalaşdırmaqdır. Bunun
üçün çoxşaxəli tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Bunların icrası kimi
2025-ci ilin sonuna qədər
gənclər arasında təhsil səviyyəsinin və
peşə təhsili alanların sayının artması, gənc
məzunların ixtisaslarına uyğun
işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi,
gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının
öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclərin
işçi qüvvəsi
çatışmayan regionlara getməsini
stimullaşdırmaq məqsədi ilə zəruri məişət
və məşğulluq infrastrukturunun
yaradılması məsələləri durur.
Əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc
kadr potensialının
formalaşdırılması, gənclərin və gənc
ailələrin mənzil şəraitinin
yaxşılaşdırılması mexanizmlərinin
davamlı olaraq təkmilləşdirilməsi, gənclərin ibtidai hərbi
hazırlığının səviyyəsinin
artırılması, bu prosesə hərbi
mütəxəssislərin cəlb edilməsi, gənclərin
innovativ ideyalarının və
yaradıcı təşəbbüslərinin
reallaşdırılması, onların praktikada
tətbiqi üçün zəmin
yaradılması, elm və texnika sahəsində
çalışan gənclərin sayının
çoxalması, xarici dövlətlərdə
onların yaradıcılığının layiqincə təqdim
və təbliğ edilməsi, gənclərin beynəlxalq əlaqələrinin,
habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri
ilə əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlərə
nail olunması gözlənilir.
Yeni Strategiya növbəti 10 ildə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir. Bütün bunların yerinə yetirilməsi isə indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsini və davamlı inkişafı təmin edəcək. Bu mənada “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Azərbaycanda dövlət gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.
R.CƏFƏRLİ,
Azərbaycan.-2015.- 29 yanvar.- S.3.