Cənnətməkan Lənkəran

 

Lənkəran həmişə Azərbaycanın ən fəal bölgələrindən olmuşdur. Lənkəranlılar bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini vermişlər. Xüsusilə müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində lənkəranlıların çox böyük rolu olmuşdur. Bölgənin inkişafı bu gün göz qabağındadır və bu da müstəqilliyimizə əsl töhfədir.

İlham ƏLİYEV

 

Qədim tarixə qısa nəzər

 

Vətənimizin dilbər guşəsi, cənnətməkan parçasıdır Lənkəran. Qədim tarixi vardır onun. Aparılmış arxeoloji qazıntılar burada hələ Tunc dövründə, yəni eramızdan əvvəl II-III minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, qərblə şərqi birləşdirən əsas karvan yolunun üstündə və Xəzər dənizi sahilində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.

Hələ 1409-cu ildə ərəb dilində yazılmış “Fərruxnameyi-cəmali”nin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünaninin ləqəblərində Lənkəran sözünə təsadüf olunur. XV əsrdən əvvəl də bu yer adı mövcud olmuş, Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bugünkü Lənkəran adının ilkin formaları hesab edilir. Lənkəranın ən parlaq tarixi onun ərəb istilaçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədardır. Lənkəran ərazisindəki Bəzz qalası Babək hərəkatının bu yerlərdə də geniş vüsət almasını göstərir. Sonralar Lənkəran Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin məlumatına görə, XV əsrin 60-cı illərində Lənkəran əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin tərkibinə daxil idi. XVI əsrin əvvəllərində Lənkəran Səfəvi dövlətinin ərazilərindən biri idi və lənkəranlı feodallar Şah İsmayılı həmişə müdafiə edirdilər. XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən Lənkəran da Rusiya işğalına məruz qalır. 1726-cı ildə rus çarı müdafiə məqsədilə burada hərbi istehkam tikdirir. Lakin ruslar Lənkəranda çox qala bilmirlər. Rəşt müqaviləsinə görə, Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçir. 1747-ci il mayın 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başlayır. Onlardan biri də Lənkəran xanlığı idi.

 

“Xan Lənkəran”

 

Hazırda Lənkəranın bir çox yerlərində yanaşı yazılan bu iki sözə tez-tez rast gəlmək mümkündür. “Xanlığın ərazisi, demək olar ki, Azərbaycanın cənub-şərq hissəsini əhatə edirdi. Cəmaləddin xan (qarayanız olduğu üçün ona Qara xan da deyiblər) Seyid Abbas xan öldükdən sonra İran təhlükəsindən qorunmaq məqsədilə 1747-ci ildə paytaxtı Astaradan Lənkərana köçürür. Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkarlar və ustalar gətizdirir. O, şəhərin qala divarlarını, Xan sarayını, məscid, hamam, bazar, karvansaray inşa etdirir. Bu dövrdə şəhərdə 2 bazar var idi - yuxarı və aşağı bazar. Tikililər arasında memarlıq və gözəllik baxımından Xan sarayı diqqəti daha çox çəkirmiş. Qara xanın xarici siyasət sahəsində Rusiyaya göstərdiyi meyil İran hakimlərinin xoşuna gəlmir. 1768-ci ildə Hidayət xan 12 minlik qoşunla Qara xanın üstünə hücum çəkir. Şindan qalasına çəkilən Qara xan qardaşı Kərbəlayi Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın yanına göndərir. Beləliklə, 1785-ci ildə Lənkəran xanlığı qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatılır. Qara xanın ölümündən (1786-cı il) sonra hakimiyyətə oğlu Mir Mustafa xan gəlir. 1789-cu ildə Fətəli xan vəfat edir və bundan sonra Lənkəran xanı müstəqil siyasət yetirməyə başlayır. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qaçar İranda öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücum edir. O, bütün Azərbaycan xanlıqlarını özünə tabe etdirmək istəyirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd edir. Yaranmış vəziyyətdən istifadə edən Rusiya Qafqazda, xüsusilə Azərbaycanda öz mövqelərini gücləndirməyə çalışır. Mir Mustafa xan Rusiyaya meyil göstərən Azərbaycan xanlarına məktub yazaraq İrana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirir. Buna baxmayaraq, Qacar öz qoşunlarını 1795-ci ildə həm İrəvan, həm də Lənkəran istiqamətində Azərbaycana yeridir. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutur. İran qoşunları getdikdən sonra Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərir. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Lənkəran xanlığının Rusiyanın himayəsinə qəbul edilməsini xahiş edən Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim edir. Bu, Xəzər dənizində üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. Elə bu zaman Yekaterinanın vəfatı ilə əlaqədar hakimiyyətə gələn

I Pavel rus qoşunlarını geri çağırır. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxulur. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə, Lənkəran xanlığı Rusiyanın ali himayəsinə qəbul edilir. İran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərir. Əhali Lənkəranı tərk edib yenidən Sarı adasına köçür. Bu, Rusiyanı narahat etməyə bilməzdi. 1812-ci il dekabrın 31-dən 1813-cü il yanvarın 1-nə keçən gecə rus qoşunları Lənkərana daxil olur. 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlanır. Bununla Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyulur. Azərbaycanın cənub hissəsi İrana, şimal hissəsi isə Rusiyaya birləşdirilir. 1814-cü ildə general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən dünyasını dəyişir. Yerinə oğlu Mir Həsən xan keçir. O isə 1826-cı ildə vəfat edir. Bununla da Lənkəran xanlığının fəaliyyəti sona yetir.

 

Çar Rusiyasının əsarəti altında

 

XIX əsrin başlanğıcında Lənkəran şəhəri 3 hissədən ibarət olub və şəhərin mərkəzi qala divarlarına söykənibmiş. Rusiya işğalından sonra qaladakı bir sıra binalar əsgərlər üçün kazarmalara çevrilib. Bu zaman şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi olub. Küçələr neft çıraqları ilə işıqlandırılıb. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz olunub. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilib. Bu dövrdə əhalinin sayı da artıb. 1897-ci ilin məlumatına görə, əhalinin sayı 8 min 733 nəfər olub. Əhalinin tərkibində ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də var imiş. 1828-ci ildə hərbi qarnizon rəisi başda olmaqla 2 zabit və çar hökumətinin rəğbətini qazanmış 2 yerli bəydən təşkil olunmuş komendant üsuli-idarəsi yaradılır. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı, 1859-cu ildən isə Bakı quberniyasına daxil edilir. İndiki Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi qəzanın tərkibində olur. XX əsrin əvvəllərində Lənkəran Şəhər Duması yaradılır. Bu dövrdə şəhərdə sənətkarlıq inkişaf edir, balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri almağa başlayır. 1918-1919-cu illər arasında Lənkəranda iki dəfə hakimiyyət dəyişsə də, sonradan süquta uğrayırlar. Daşnak S.Şaumyanın tapşırığına əsasən, Xəzər dənizi vasitəsilə Lənkərana gələn bolşeviklər burada qırğınlar törədirlər. Bunlar Lənkəran əhalisinin xarakterini, mübarizliyini, başqasının boyunduruğuna boyun qoymadığını, Azərbaycanın tərkibində azad, müstəqil yaşamaq istəyini əks etdirən tarixi faktlardır. 1920-ci il may ayının 3-də Lənkəranda sovet hakimiyyəti qurulur. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar Lənkəran qəzası isə 1929-cu ildə ləğv edilir.

 

Zülmətdən işığa doğru

 

İnsanlar nəsil-nəsil doğulur, yaşayır, köç edir bu dünyadan. Hər yeni nəsil də çalışır ki, özündən sonra nəsə qoyub getsin. Onlar keçmişdən miras qalanları təkmilləşdirməyə, inkişaf etdirməyə, daha yaxşı yaşamağa can atırlar. Bu mənada yeni ictimai-iqtisadi formasiya, quruluş olan sosializm dövrü də cəmiyyətin inkişafında yeni bir mərhələ oldu. SSRİ-də Kommunist Partiyasının rəhbərliyi altında polad nizam-intizam bərqərar edildi. Kollektivləşmə, sənayeləşmə, elektrikləşmə kimi nəhəng proqramlar həyata keçirildi. 1937-ci ildən başlayan repressiya dövründə on minlərlə sayseçmə, istedadlı adamlarımız güdaza getsə də, həyat davam etdi.

1941-ci il iyun ayının 22-də faşist Almaniyasının SSRİ-yə hücumu başlanılan işləri ləngidir. Bütün qüvvələr müharibəyə yönəldilir. Lənkəranlılar bu müharibədə yaxından iştirak edirlər, nə qədər igid döyüşlərdə qurban gedir. Qazanılan böyük qələbədə lənkəranlıların da rolu danılmazdır. Yüzlərlə lənkəranlı əsgər cəbhədə göstərdiyi rəşadətə görə Sovet İttifaqının orden və medalları ilə təltif olunur. Tankçılar polkunun komandiri, general-mayor Həzi Aslanov gərgin döyüşlərdə göstərdiyi igidliklərə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Müharibədən sonrakı quruculuq illərində zərbəçi əmək hərəkatı geniş yayılır. Təkcə kənd təsərrüfatında, sənayedə deyil, mədəniyyət, ədəbiyyat, incəsənət sahələrində də uğurlar əldə edilir. Lakin bu inkişaf tempi Azərbaycanda o zaman SSRİ-nin digər respublikalarındakından xeyli aşağı idi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Məşhur avqust plenumu respublikamızın həyatında dönüş nöqtəsi oldu. Mərkəzi Komitənin birinci katibi respublikadakı vəziyyəti ətraflı təhlil edərək qarşıda duran mühüm vəzifələrlə əlaqədar strategiya və taktikanı bəyan etdi. Respublikada ciddi nizam-intizam yaradıldı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirildi. Bütün bunlar Lənkəran camaatının da ürəyincə idi. Yaranan sağlam mühit adamlarda yüksək əhval-ruhiyyə, əmək coşqunluğu yaratdı. Hər kəs daha yaxşı çalışaraq inkişafa, respublikada gedən proseslərdə yaxından iştirak etməyə can atırdı. Çəkilən zəhmət isə heç vaxt hədər getmir, itmir. Ay aydan, il ildən uğurlu gəldi. Azərbaycan 15 il dalbadal Keçici Qırmızı Bayraq aldı. Yüzlərlə əmək qabaqcılı SSRİ-nin orden və medalları, fəxri mükafatları, Sosialist Əməyi Qəhrəmanının qızıl ulduz döş nişanı ilə təltif olundu. Həmin insanlar arasında xalqımızın mənəvi dünyasının nümayəndələri - şairlər, yazıçılar, rəssamlar, müğənnilər də var idi. Həmişə olduğu kimi, Lənkəran da o zaman respublikada gedən yüksəlişin, coşqunun ön sırasında idi.

 

Cənub mirvarisi

 

Ulu Tanrı Lənkərandan heç nəyini əsirgəməyib. Qərbdən meşə örtüklü şiş dağlar, şimali-şərqdən bol nemətli Xəzər dənizi onun hüsnünə xüsusi gözəllik verir. Dünyanın müxtəlif ölkələrindən quşlar qışlamaq üçün onun ərazisindəki Qızılağac qoruğuna gəlirlər. Planetimizin nadir ağac növlərindən olan dəmirağac, palıd, nil, vələs, Lənkəran akasiyası və digər yüzlərcə yaşıl sərvət buradakı Hirkan qoruğunda özünə sığınacaq tapmışdır. Çayları, buz bulaqları, şəlalələri vardır bu torpağın. Ətirli çay, limon, naringi, portağal Lənkəranın “vizit kartı”dır desək, yanılmarıq. Bütün bunlarla yanaşı, təbiətin şah əsəri insan sayılır. İnsan olmasaydı, bütün gözəlliklər qiymətsiz, urvatsız olardı. Bu qədim diyarın bəxti bu baxımdan da gətirib. Lənkəranda mənşə etibrilə mərd, əməksevər, qədirbilən, qonaqpərvər insanlar yaşayırlar.

Keçən əsrin 70-ci illərindəki inkişaf, tərəqqi buradakı bütün sahələri öz müsbət təsiri altına aldı. İnsanların gün-güzəranı, yaşayış tərzi xeyli yaxşılaşdı, nəzərəçarpan quruculuq işləri görüldü. Moskvanı və Rusiyanın digər şəhərlərini bostan-tərəvəz məhsulları ilə təmin etdiyinə görə Lənkərana “ümumittifaq bostanı” adı verdilər. Ümummilli lider Heydər Əliyev tez-tez buraya səfər edər, əmək adamları və ziyalılarla görüşüb söhbət aparar, qayğılarını, problemlərini öyrənər, göstərişlərini verərdi. Ulu öndərin hər gəlişindən sonra cənub şəhəri daha da abadlaşar, gözəlləşərdi. Hakimiyyətinin ikinci dövründə - 1993-2003-cü illər arasında da Lənkəran həmişə ulu öndərin diqqət mərkəzində oldu. Bu diqqət və qayğının nəticəsində lənkəranlı gənc kadrlar məsul vəzifələrə irəli çəkilirdi.

Lənkəranlılar əziz tutduqları insanları necə qarşılayıb, necə yola salmağı yaxşı bacarırlar. Mətbəxləri də zəngindir. Bunları nəzərə alaraq Mərkəzi Komitə o zamanlar respublikamıza gələn ən hörmətli, nüfuzlu qonaqları Lənkərana göndərərdi. Onların arasında görkəmli şairlər, yazıçılar, kosmonavtlar, xarici ölkələrin prezidentləri də olardı. Tarix Diyarşünaslıq muzeyində saxlanılan Lənkəranın “Şöhrət kitabı”nda həmin qonaqların bu torpaq haqqında yazdığı xatirələr və xoş sözlər adamda qürur hissi doğurur. Rus xalqının böyük şairi N.Tixonov kitaba yazdığı qeydində Lənkəranı “Cənub mirvarisi” adlandırmışdır. Bu yüksəlişin təntənəsi incəsənət adamlarını yeni-yeni əsərlər yazmağa ruhlandırırdı. Lənkəran haqqında neçə-neçə şeirlər yazılıb, mahnılar bəstələnib, rəsm əsərləri yaranıb o illərdə. Onlar bu gün də öz dəyərini saxlamaqdadır.

 

Yaxın keçmişi xatırlayarkən

 

Ötən əsrin 90-cı illəri Lənkəran üçün də ağrılı-acılı keçmişdir. M.Qorbaçov dünyanın supergücə malik olan dövlətini - SSRİ-ni dağıtmaq üçün öz çirkin siyasətini mərhələ-mərhələ həyata keçirirdi. Rusiyanın, eləcə də müttəfiq respublikaların ərazilərində faciəli hadisələr baş verirdi. Heydər Əliyev məqsədli şəkildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP Siyasi Bürosu üzvlüyündən kənarlaşdırıldıqdan sonra ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar. Respublikanın ovaxtkı rəhbərləri yaranmış məsələyə ciddi münasibət göstərmək əvəzinə, vəzifələrindən qorxub susdular. Bu isə xalqın nifrət və qəzəbinə səbəb oldu. Respublikanın daxilində gərginlik artdı, qarşıdurma pik nöqtəyə çatdı. 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra yaranmış xaos, hərc-mərclik, özbaşınalıq nəticəsində illər boyu böyük zəhmətlə yaradılmış təsərrüfatlar və müəssisələr dağıdıldı. Meydana atılan bəzi ünsürlər gənc ölkəni məhv olmaq təhlükəsi qarşısında qoydular. Azərbaycanın hər yerində, o cümlədən Lənkəranda çörək qıtlığı yarandı. Separatçı qüvvələr öz çirkin niyyətlərinə çatmaq üçün hər cür vasitələrə əl atırdılar. Lakin əhali ayağa qalxaraq onların layiqli cavabını verdi.

Bu cümlələri yazarkən Lənkəranın o günləri göz önündən gəlib keçdi. 1993-cü il avqustun 23-də şəhərin mərkəzi meydanında keçirilən ümumrayon mitinqində separatçı, qaragüruhçu qüvvələr əhalini atəşə tutdular. Milli qərəmanlar - Sultanağa Bayramov, Etibar Əliyev və Paşa Təhməzov həmin hadisə zamanı şəhid oldular. Digər bölgələrin camaatı kimi, lənkəranlılar da yeganə çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görür və bunun üçün haqq səslərini ucaltmaqdan çəkinmirdilər. Ataların belə bir məsəli var: “Haqq incələr, ancaq üzülməz”. Tarix, zaman o illər bütün Azərbaycan xalqı kimi, lənkəranlıları da sınağa çəkdi. Lakin sonda haqq-ədalət zəfər çaldı. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək ölkəni məhv olmaq, dağılmaq təhlükəsindən xilas etdi. Bu, Azərbaycanın ən yeni tarixinin dönüş nöqtəsi oldu. Cəbhədə atəşkəs əldə edildi, polad iradə, uzaqgörən siyasət nəticəsində sabitlik yaradıldı. Dağıdılmış iqtisadiyyatı yenidən qurmaq, ölkəni inkişaf etdirmək üçün “Əsrin müqaviləsi” layihəsi imzalandı, islahatlar həyata keçirildi. Daxili sabitliyi görən şirkətlər Azərbaycana sərmayə yatırmağa başladılar. Beləliklə, 2004-cü ildən start götürən uğurlu inkişaf üçün möhkəm təməl qoyuldu.

 

Yeni yüksəliş illəri

 

2003-cü il oktyabr ayının 15-də İlham Əliyev xalqın əksər çoxluğunun səsini toplayaraq Prezident seçildi. Bu o dövr idi ki, ölkə iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başlayırdı. Neftdən gələn ilk gəlirlər özünü göstərirdi. Yaxın gələcəkdə onun daha da artacağı proqnozlaşdırılırdı. Bunları nəzərə alaraq Prezidentin imzaladığı ilkin mühüm sənədlərdən biri 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı oldu. Bu mühüm siyasi-iqtisadi sənəddə hər bir bölgənin, rayonun hərtərəfli inkişafı, əhalinin sosial problemlərinin həlli öz əksini tapırdı. Qeyd etməliyik ki, həmin illər Lənkəranda vəziyyət ürəkaçan deyildi. Demək olar ki, heç bir müəssisə işləmirdi. Kəndlilər əllərində vəsait olmadığından pay torpaqlarını əkib-becərə bilmirdilər. Çay plantasiyaları, naringi, portağal, feyxoa bağları, tərəvəz sahələri baxımsızlıq üzündən bərbad hala düşmüş, mal-qara üçün otlaq sahəsinə çevrilmişdi. Gün ərzində əhali ən yaxşı halda 3-4 saat elektrik enerjisi alırdı. Özü də aşağı gərginlikdə. Ən acınacaqlısı isə o idi ki, işsizlik baş alıb gedirdi. Ucqar kəndlərin əhalisi olmazın əzab-əziyyət çəkirdi.

Dövlət proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində sadalanan çatışmazlıqların müəyyən hissəsi aradan qaldırıldı. Yaxınlıqda - Astara rayonu ərazisində tikilən və sayca respublikamızda birinci olan modul tipli elektrik stansiya bölgədə, eləcə də Lənkəranda enerji problemini aradan qaldırdı. Burada inşa edilən digər bir mühüm qurğu - qaz-kompressor stansiyası “mavi yanacaq” təminatını əsaslı şəkildə yaxşılaşdırdı. Həmin illər ölkədə ilk olaraq Müalicə Diaqnostika Mərkəzi və Olimpiya İdman Kompleksi Lənkəranda tikilib istifadəyə verilmişdir. Regionlar sırasında açıq ürək əməliyyatı ilk olaraq bu müalicə ocağında aparılmışdır. Gələcəyimiz olan balacalar üçün tikilən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilən Uşaq Sağlamlıq Mərkəzi, neçə-neçə təhsil, mədəniyyət ocağı o illərdə inşa edilmişdir. Birinci Dövlət proqramı çərçivəsində Lənkəranda ən iri idman qurğularından olan futbol stadionu, Beynəlxalq Hava Limanı, Heydər Əliyev Xatirə parkı, “Palıdlı Sahil” hoteli, “Qafqaz” turizm istirahət mərkəzi, “Nur-süd” MMC və digər sənaye müəssisələri istifadəyə verildi, uzun müddətdən bəri işini dayandıran müəssisələr əsaslı təmir edilərək işə salındı. Qəzalı vəziyyətdə olan binalar, yollar, küçələr, körpülər yenidən quruldu, həlli vacib olan məsələlər həyata keçirildi.

2009-cu ildə Prezident tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət proqramı Lənkəranın tərəqqisində yeni bir mərhələ oldu. Aparılan quruculuq, abadlıq işləri rayonun simasını tanınmaz dərəcədə dəyişdi, daha gözəl və yaraşıqlı etdi. İş adamlarına, sahibkarlara, torpaq mülkiyyətçilərinə verilən kreditlər, subsidiyalar, edilən güzəştlər iqtisadi inkişafa, əhalinin pul gəlirlərinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, yoxsulluğun azalmasına, güzəranın yaxşılaşmasına imkan yaratdı. Əməkhaqlarının, təqaüdlərin, müavinətlərin ilbəil artırılması insanlarda nikbin ovqat yaratdı. Adamlar yeni yaraşıqlı evlər tikdirdilər, minik maşınları aldılar, övladlarını oxutdurdular, oğul evləndirib, qız köçürdülər.

İllər bir-birini əvəz etdikcə uğurların, zəfərlərin sayı da artdı. Lənkəran əvvəlki şöhrətini özünə qaytardı. Cənub Regional Boks Mərkəzi, Çay fabriki, 28 çeşiddə dondurma istehsal edən “Pal Food” MMC, meyvə-tərəvəz məhsulları emal edən “Lənkəran Konserv” ASC və digər müəssisələr ikinci Dövlət Proqramının icrası çərçivəsində tikilib istifadəyə verilmişdir.

Hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət proqramının icrası ilə bağlı rayon ərazisində işlər yeni bir mərhələyə qədəm qoymuşdur. Kənd yollarının abadlaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, su-kanalizasiya sisteminin yeniləşdirilməsi və digər istiqamətlərdə işlər aparılır.

Bütövlükdə götürdükdə son 11 il Lənkəran rayonu üçün inkişaf, tərəqqi dövrü olmuşdur. Nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə artım əldə edilmişdir. Ümumi məhsul 2,7, sənaye məhsulu istehsalı 4,6, pərakəndə ticarət dövriyyəsi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 16,2 faiz artmışdır. Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 540 sahibkara 25 milyon manata yaxın güzəştli kredit verilmiş, torpaq mülkiyyətçilərinə 100 min manata yaxın yardım edilmişdir. Mənzil Fondunun ümumi sahəsi 1,8 dəfə artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 90 mənzildən ibarət 3 yaşayış binası inşa edilmiş, ümumi sahəsi 388,4 min kvadratmetr olan fərdi evlər tikilmişdir. Su, qaz və kanalizasiya sistemi ilə təchiz edilmiş yaşayış sahələri artmışdır. İnternet istifadəçilərinin sayı 7,7, internetə çıxışı olan evlərin sayı 3,7, kompüter istifadəçilərinin sayı 5,6 və mobil telefon abunəçilərinin sayı 14,7 dəfə çoxalmışdır. Göstərilən dövr ərzində 18 min 500-ü daimi olmaqla 31 mindən çox yeri açılmışdır.

Rayonda son 11 ildə 10 min 660 şagirdlik 35 məktəb tikilmişdir. Həmin məktəblərdən 9-u Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunmuşdur. Bundan əlavə, 5 min 286 şagirdlik 5 məktəb binası əsaslı təmir edilmişdir. Hazırda Darquba kəndində 180 şagirdlik yeni məktəb binası tikilir. Bununla yanaşı, rayonda tarixi keçmişi özündə yaşadan Dairəvi qala, Mir Əhməd xanın sarayı və digər abidələr əsaslı şəkildə yenidən qurulmuşdur.

Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev parkı əhalinin, xüsusilə gənclərin ən çox xoşladığı məkandır. Yenidən qurulmuş Heydər Əliyev Mərkəzi, habelə Gənclər Mərkəzi burada yerləşir. Park ilin bütün fəsillərində gül-çiçəkdən, yaşıllıqdan “don geyinir”. Rayon gəncləri, habelə Lənkəran şəhərindəki ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr asudə vaxtlarını burada keçirməyə üstünlük verirlər.

Lənkəranın son 11 ildə qazandığı uğurlar ümummilli lider Heydər Əliyevin ideyalarını ardıcıllıqla həyata keçirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bu müddət ərzində Prezident 9 dəfə Lənkərana səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 6 sərəncam imzalamışdır. Dövlət başçısı tikilib istifadəyə verilən obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Göründüyü kimi, cənub şəhəri inkişaf edərək cənnətməkan bir diyara çevrilir. O, yenə də hər gün qonaq-qaralı, çal-çağırlıdır. Rayon Ağsaqqallar Şurasının sədri Sərhəd Məmmədov bu yüksəlişin təntənəsini görən on minlərdən biri kimi öz ürək sözlərini belə ifadə edir: “Ömrümün ixtiyar yaşını yaşayıram. Uzun illər məsul vəzifələrdə işləmişəm. Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi olmuşam. Lənkəran sovetlər birliyi zamanında respublikamızın ən abad, səfalı, eyni zamanda qabaqcıl rayonlarından biri idi. Ulu öndər hakimiyyətinin hər iki dövründə Lənkərana xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamıza gələn elə qonaq yox idi ki, Lənkəranda olmasın. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. “Cənub mirvarisi” kimi şöhrət tapan Lənkəran indi daha sürətlə inkişaf edir. Aparılan quruculuq işləri onun hüsnünə sığal çəkir. Elə buna görə də Lənkəran gündən-günə gözəlləşir, daha abadlaşır. Parklar, xiyabanlar salınır, küçələr asfaltlanır, yeni-yeni çoxmərtəbəli yaşayış, ictimai binalar ucaldılır, müasir evlər, məktəblər, uşaq bağçaları, səhiyyə, mədəniyyət ocaqları, turizm obyektləri tikilir. İri müəssisələr, yeni idman qurğuları, müasir hava limanı və onlarca digər sosialyönümlü obyektlər bugünkü Lənkəranın reallıqlarıdır. Bütün bunlar biz lənkəranlıların sabaha inamını daha da artırır. Əminik ki, inkişafımız dönməz, gələcəyimiz indikindən də firavan olacaq”.

El ağsaqqalının bu sözləri cənnətməkan diyarın hər bir sakininin fikridir, ürəyindən gələn ifadədir. Bu onu göstərir ki, öz yurdlarını, doğulub boya-başa çatdıqları torpağı sevən lənkəranlılar qarşıdakı illərdə də çox uğurlu, sevincli qələbələrə imza atacaqlar.

 

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 29 yanvar.- S.5.