Londonda Azərbaycan rəssamlarının
sərgisi açılıb
“Buta”
İncəsənət Mərkəzinin təşkilatçılığı
ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan
incəsənəti festivalı çərçivəsində
məşhur “Louise Blouin Foundation” incəsənət
qalereyasında ölkəmizin müasir incəsənətinin
istedadlı nümayəndələri Aida Mahmudovanın və
Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə
sərgisi açılıb.
Sərginin
açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
iştirak ediblər.
“Buta”
İncəsənət Mərkəzinin baş direktoru Nəsib
Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən
bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti
festivalı çərçivəsində keçiriləcək
növbəti tədbirlər haqqında da məlumat verib.
Sərginin
kuratoru, müasir incəsənət mütəxəssisi,
qalereyaçı Fərəh Piriyeva Aida Mahmudova və Faiq
Əhmədin yaradıcılıqları barədə məlumat
verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin
dünyada böyük maraq doğurduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, hər iki rəssamda incəsənəti
daxildən kəşf etmək əzmi var. Onlarda axtarış
marağı açıq şəkildə özünü
büruzə verir və daha çox öyrənmək
üçün daim səyahətdədirlər.
Sonra
sərgiyə baxış olub.
Fevralın
6-dək davam edəcək sərgidə qədim tarixi kök
ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm
Azərbaycan incəsənəti təqdim olunur. Aida
Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə
çəkilmiş monumental mənzərə əsəri,
Faiq Əhmədin isə ənənəvi Azərbaycan
xalçalarından ilhamlanaraq hazırladığı incəsənət
qurğuları nümayiş etdirilir.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi
müxbiri
London
Azərbaycan.-2015.- 29 yanvar.- S.7.