“Şahdağ” qış-yay turizm kompleksində
“Park Chalet” oteli istifadəyə
verilib
Azərbaycan Prezidenti İlham
Əliyevin Qusar rayonuna səfəri
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar
rayonunda “Şahdağ” qış-yay turizm kompleksində
olublar.
Dövlətimizin başçısı və
xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin
kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin
açılışlarında iştirak ediblər.
“Şahdağ” qış-yay turizm kompleksi
dünyadakı bu tipli komplekslərdən nadirliyi və
universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən
32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində
yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə
2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın
aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında
Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
O vaxtdan görülən işlər nəticəsində
“Şahdağ” qış-yay turizm kompleksinə çəkilən
avtomobil yolu genişləndirilib, körpülər tikilib,
torpaq sürüşmələrinin qarşısının
alınması üçün mühafizə tədbirləri
həyata keçirilib. Dəniz səviyyəsindən
1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin
ərazisi 2058 hektardır.
Azərbaycanda və ümumiyyətlə, dünyada ən
mükəmməl layihələrdən olan “Şahdağ”
qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən
bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət
göstərmək iqtidarındadır. Bu layihənin
reallaşdırılması Azərbaycanda dağ-xizək və
digər qış idman növlərinin inkişafı
üçün hərtərəfli imkanlar açır.
Azərbaycanda sürətlə inkişaf edən
turizm sektoruna böyük töhfə olan “Şahdağ”
qış-yay turizm kompleksində inşa edilən otellər
bu istirahət məkanına marağı daha da
artırır. Qonaqların istirahətinin
yüksək səviyyədə təmin olunduğu bu otellərdə
yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün
ölkəmizdə turizm sektorunun inkişafına xüsusi
fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi
altında bütün ölkə üzrə turizm
marşrutlarının müəyyənləşdirilməsi
və bununla bağlı bölgələrdə
genişmiqyaslı tədbirlərin həyata keçirilməsi
diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə
beşulduzlu otellərin açılması ilə
dünyanın ən məşhur otel brendləri Azərbaycana
gəlib. Paytaxt Bakı ilə
yanaşı, regionlarda da müasir turizm və istirahət
obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə
verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən
diqqətin nümunəsinə çevrilib. Bu çərçivədə “Şahdağ” qış-yay
turizm kompleksində inşa edilən otellərdə təqdim
edilən yüksək şərait Azərbaycanda mehmanxana
biznesinin inkişafını bir daha təsdiqləyir və
qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə
artdığını göstərir.
“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda
ilk dağ-xizək kurortudur. Kompleksin inşası
bir neçə mərhələdə aparılır.
Bu möhtəşəm obyektin inşasını daim diqqət
mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə
əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və
otelin açılışında iştirak edib. Layihənin həyata keçirilməsi Mədəniyyət
və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində
olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti
həyata keçirir.
Prezident İlham Əliyev otelin rəmzi
açılışını bildirən lenti kəsdi.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə
yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli
dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı
var.
“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas
bildirdi ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin
ikinci otelidir.
İlk otel olan “Pik Palace Şahdağ”ın
açılışı 2013-cü ilin dekabrında Prezident
İlham Əliyev tərəfindən həyata keçirilib.
“Park Chalet” otelinin dizaynı ənənəvi Avropa
üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin
üslubunu da özündə əks etdirir. “Park Chalet”
oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və
müstəqil lüks otel və kurortların cəmləşdiyi
“Autograph Collection”un rəsmi üzvüdür.
“Park Chalet”in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq
standartlara cavab verməsi, yerləşdiyi ərazi,
orijinallığı və digər spesifik xüsusiyyətləri
ilə seçilən otellərdir.
Dövlətimizin
başçısı və xanımı otelin nömrələrində
yaradılan şəraitlə tanış
oldular.
Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan
olan nömrələr ən müasir tələblər səviyyəsindədir
və yüksək dizaynı ilə seçilir. Bütün
bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da
müasir turizm və istirahət obyektlərinin, mehmanxana
komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda
bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir.
Bu çərçivədə “Park Chalet”
otelində yaradılan gözəl şərait Azərbaycanda
mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda
bu sahənin xüsusi çəkisinin getdikcə
artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar şəbəkəsi də
fəaliyyət göstərir. Restoranlarda
turistlərə Azərbaycan və dünya mətbəxinin
nümunələri təqdim olunacaq. Oteldəki
restoranlar, barlar və istirahət guşələri
dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət
yaradır. Bu oteldə qonaqlara təqdim
olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir.
Burada quraşdırılan müxtəlif
trenajorlar, müasir idman avadanlığı və hovuzlar
qonaqların istirahət imkanlarını daha da artırır.
“Park Chalet” otelində tam təchizatlı fitness
və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz
qonaqlarını gözləyir. Dəbdəbəli
SPA mərkəzində çalışan təcrübəli
terapevtlər müxtəlif aromaterapiya, masajlar və
prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə
təqdim edirlər. 130 nəfərədək
qonağı qəbul etmək iqtidarında olan
çoxfunksiyalı və banket üslubundakı konfrans
zalı Günəş işığı ilə
işıqlanır və möhtəşəm dağ mənzərəsi
ilə əhatə olunub. Konfrans zalı, həmçinin
3 ayrı hissələrə bölünə bilir və bu da
müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata
keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.
Otellə tanışlıqdan sonra Prezident İlham
Əliyev kollektivlə görüşdü.
Kollektivin
üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi
salamlayıram. Bu gözəl otelin
açılışı münasibətilə sizi təbrik
edirəm. Şadam ki, hər il
Şahdağda bir-birindən gözəl yeni otellər
açılır. Bu otel - “Park Chalet” oteli sayca
beşinci oteldir. Burada bütün
lazımi şərait yaradılıb, otel ən yüksək
standartlara cavab verir. Həm xarici
görünüşü, həm daxili tərtibatı,
bütün xidmət sahələri ən yüksək səviyyədədir.
Bu, məni çox sevindirir. Çünki Şahdağ kurort mərkəzi bir
neçə ildir ki, yaradılır. İlk dəfə
altı il bundan əvvəl burada olarkən
Azərbaycanda dağ xizəyi kurortunun yaradılması
haqqında qərar qəbul etdim və 2009-cu ildə təməl
daşı qoyuldu. O zaman bu ərazilər boş idi. Bu gözəl dağlar arasında gözəl turizm
mərkəzi yaradılıbdır. Bu
gün dünya səviyyəli turizm mərkəzidir. Bütün infrastruktur layihələri icra edildi,
yollar, elektrik, qaz, su xətləri çəkildi. İlk növbədə, infrastruktur
yaradılmalı idi. O layihələr icra edilməsə
idi, burada otelin tikintisi mümkün olmazdı.
Ondan sonra birinci otel – “Şahdağ” oteli tikilmişdir. Daha sonra
“Qaya”, “Zirvə”, “Pik Palas” və indi “Park Chalet”. Yəni,
qısa müddətdə, təxminən 3-4 il
ərzində Azərbaycanda dünya səviyyəli beynəlxalq
turizm mərkəzi yaradılıbdır. Hesab
edirəm ki, bu, rekord göstəricidir. Çünki
adətən, belə turizm mərkəzlərinin yaradılması
onilliklər tələb edir. Biz isə bunu 4-5 il ərzində yarada bilmişik. Burada həm dövlət vəsaitindən istifadə
edilmişdir, - çünki bütün infrastruktur layihələri,
elə birinci otel – “Şahdağ” oteli dövlət büdcəsi
hesabına tikilmişdir, - həm də özəl sektor fəaliyyət
göstərir. Belə də
olmalıdır. Azərbaycanda turizm yerlərinin
yaradılması bu istiqamətdə inkişaf edir: dövlət
infrastruktur yaradır, yollar çəkir, bütün
kommunikasiyalar təmin edilir, özəl sektor isə öz
növbəsində, investisiyaları təşkil edir.
Bu zona, ümumiyyətlə, çox böyük
inkişaf dövrünü yaşayır. Bu otellərdə
- Şahdağ kurort mərkəzində işləyənlərin
80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridirlər.
Yadımdadır, təməl daşını qoyanda
demişdim ki, bu mərkəz, eyni zamanda, iş yerlərinin yaradılmasına
xidmət göstərəcək. Çünki turizm sektoru
çoxsaylı iş yerlərinin açılmasına gətirib
çıxarır. Nəzərə alsaq ki, biz
hələ birinci mərhələdəyik, demək olar, bizim
bütün planlarımız otellərin tikintisi ilə
artıq reallaşıb. Ancaq Şahdağ
turizm mərkəzinin əsas fəaliyyət dövrü
bundan sonra başlayacaq. Çünki
hazırda buraya gələn qonaqların əksəriyyəti
Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır ki, belə
gözəl şərait olan yerdə Azərbaycan vətəndaşlarının
indi dincəlmək üçün xaricə getmələrinə
ehtiyac yoxdur. Ancaq ümid edirəm ki, gələcəkdə
xarici qonaqların sayı da çoxalacaq. Beləliklə,
burada – Qusar rayonunda inkişaf daha da sürətlə gedəcək.
Qusar rayonunun inkişafı daim diqqət mərkəzindədir. Həm
abadlıq-quruculuq, infrastruktur işləri
görülmüş, gözəl xəstəxana
tikilmişdir. Məktəblər inşa
olunur, yollar çəkilir. Bu mərkəz
Azərbaycanda ən böyük turizm mərkəzidir və
dövlət xətti ilə turizm infrastrukturuna qoyulan ən
böyük vəsait Qusar rayonuna yatırılıb.
Bu mərkəzin gözəl gələcəyi var.
Xarici qonaqlar artıq bu yeri tanıyırlar. İnternet saytları da var.
Bu il Azərbaycanda keçiriləcək
Avropa Oyunlarının qonaqları da əminəm ki, gələcəklər.
Baxmayaraq ki, bu, oyunlar yay mövsümündə
olacaq. Ancaq əminəm ki, bu mərkəz
yay mövsümündə də uğurla fəaliyyət göstərəcək.
Hazırda buraya şənbə-bazar günlərində
daha çox qonaq gəlir. Amma vaxt gələcək
ki, bütün həftə boyu onların sayı
çoxalacaq və əminəm, yay mövsümündə də
bu mərkəz kifayət qədər səmərəli
işləyəcək.
Turizm Azərbaycanda inkişaf edir. Bir neçə
turizm mərkəzi yaradılıbdır. Onlardan
biri Şahdağdır. Eyni zamanda, indi
Naftalan turizm mərkəzi fəaliyyət göstərir.
Qalaaltı turizm mərkəzi bu yaxınlarda
açılacaqdır. Cənub bölgəsində
- Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm
imkanları var. Qəbələ turizm mərkəzinə
çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət
göstərir. Qərb bölgəsində
Gəncə və onun ətrafında yerləşən
rayonlar da əlbəttə ki, turizm üçün çox
gözəl yerlərdir. Azərbaycanın
təbiəti elədir ki, hər yerdə gözəl, səfalı
məkanlar, dağlar, meşələr, çaylar
çoxdur. Bu, bizim böyük sərvətimizdir.
Biz bu sərvətdən səmərəli
şəkildə istifadə etməliyik. Belə
gözəl, müasir otellər tikilir və Azərbaycan vətəndaşlarına
xidmət edir.
Əlbəttə, Azərbaycanın ən böyük
turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın
bütün aparıcı otelləri fəaliyyət göstərir.
Qısa müddət ərzində Bakıda
beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki,
bu da rekord göstəricidir, 5-6 il ərzində
bir şəhərdə beşulduzlu altı beynəlxalq otel
inşa olunmuşdur. Bakıya gələn hər
bir qonaq paytaxtımıza aşiq olur. Çünki
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Mən isə istəyirəm ki, Azərbaycanın
bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl
şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan
inkişaf edir. Heç bir böhran bizə
təsir edə bilməz. Biz inamla
inkişaf edirik və regionlarımız da inkişaf edir.
İki gün bundan əvvəl regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
proqramının birinci ilinin yekunlarına həsr olunmuş
konfransda bir daha bütün rəqəmlər səsləndi
və Azərbaycanın regionlarının inkişafı
bundan sonra da uğurla təmin ediləcək.
Çox şadam ki, mənim təşəbbüsüm
qısa müddət ərzində reallaşır. Bu yerlərdə
gözəl otellər, binalar, istirahət zonaları
yaradılıb.
Sizə uğurlar arzulayıram və əminəm ki,
yaxşı işləyəcəksiniz, qonaqlara yaxşı
xidmət göstərəcəksiniz. Sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.
Prezident İlham ƏLİYEV: Əminəm ki, xidmət ən yüksək səviyyədə olacaq. Azərbaycana gələn hər kəs burada təkcə gözəl mehmanxanalar deyil, həm də yüksək xidmət görməlidir.
Otelin əməkdaşı: Ona görə də çalışırıq ki, yerli kadrları cəlb edək.
Prezident İlham ƏLİYEV: Burada işləyənlərin 80 faizi yerli kadrlardır.
Otelin əməkdaşı: Bəli, o uşaqlar hamısı yerlilərdir. Bu gəncləri texnikumdan, kollecdən, haradan imkan var cəlb edirik. Mən Bakıdanam.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Mən o vaxt elə də demişdim. Demişdim ki, burada çoxlu iş yeri yaradılacaq, başqa rayonlardan da buraya işləməyə gələcəklər.
Otelin əməkdaşı:
Gəlirlər, Qubadan da var. Statistika aparılır.
Prezident
İlham ƏLİYEV: Qubadan, Xaçmazdan gəlirlər. Sizə uğurlar arzulayıram, sağ olun.
Otelin əməkdaşları:
Təşəkkür edirik. Çox sağ
olun.
X X X
Onu da deyək ki, kompleksin ərazisində otellərə,
bu otellərin avtomobil dayanacaqlarına, xizək yollarına,
kanatlara və digər yerlərə rahat gedib-gəlmək
üçün yeraltı tunellər də tikilib.
Azərbaycan.-2015.- 30 yanvar.- S.1.