Polisin ictimai nüfuzunu qorumaq vətəndaşlıq borcudur

 

Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edir. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.

İlham ƏLİYEV

 

Kifayət qədər mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan ölkəmizə qarşı yönələn bütün daxilixarici təhdidlərə rəğmən bu gün ardıcıl inkişaf yolunda əzmlə irəliləyir. Bölgəmizin qan çanağına çevrildiyi mövcud dönəmdə respublikada tam ictimai-siyasi sabitlik hökm sürür, dünyanın iqtisadi-maliyyə böhranında çarpışdığı məqamda dövlətimizin iqtisadi gücü, insanların isə sosial rifahı yüksəlir. Dünyadakı proseslərin əsas göstəricisi qlobal miqyasda iqtisadi enmə və siyasi tənəzzül olsa da, Azərbaycanda bunların tam əksi yaşanır.

Şübhəsiz ki, bu uğurların rəhni Heydər Əliyev siyasətinin uğurladüzgün yolla davam etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün dövlətimizin bütün tarix boyu ən möhtəşəm və qüdrətli dövrünə gəlib çatması isə hər bir vətəndaşın qürur mənbəyidir. Nailiyyətlər bütün sahələrdə əldə olunur və dövlət idarəçiliyinin hər bir istiqamətində aparılan məqsədyönlü islahatlar səmərəli nəticələr verməklə yanaşı, Azərbaycanın güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə böyük töhfələr verir.

Bu nailiyyətlər silsiləsində xüsusi yer tutan daxili işlər orqanlarının fəaliyyəti də hər bir insanın gözü önündədir və əslində, bu xidmətin əsas mahiyyəti də məhz bizlərin asayişinin və təhlükəsizliyinin təminatına yönəlib. Politologiyada dövlətlərin təşəkkül tapması tarixindən söhbət açılarkən, polis anlayışından (ya da ki, onun hər dövrə aid xidmət analogiyasından) mütləq istifadə edilir. Dövlət təsisatının cəmiyyətdə müəyyən normaların tətbiqi və onların qorunmasına nəzarət funksiyasına əsaslanan ibtidai insanların uzun əsrlər öncəki təsəvvürünə görə, dövlət elə polis - asayişi qoruyan, təhlükəsizliyi təmin edən insanlar demək idi. O zamandan bəri insanların dövlət haqqında düşüncələri xeyli təkmilləşsə də, polis yenə dövlət quruluşunun əsas atributlarından biri statusundadır.

Azərbaycan polisi müstəqil dövlətimizin cəsurluq, fədakarlıq, mübarizlik rəmzidir. Başqa dövlətçilik atributlarımıza - bayrağımıza, gerbimizə, himnimizə, milli ordumuzas. böyük sevgi, hörmət hissi ilə yanaşdığımız kimi, eyni münasibəti öz geyim formasında ölkəmizin dövlətçilik simvollarını şərəflə daşıyan polislərimizə də göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycandakı ictimai-siyasi sabitlik mühitindən, dünyanın hətta ən inkişaf etmiş ölkələrində yaşayan insanların belə həsəd apara biləcəyi təhlükəsiz həyat tərzindən məmnunluqla istifadə edərkən hərdən bizlərə elə gəlir ki, bu, elə əzəldən belə olub. Xüsusilə 1993-cü ildən sonra dünyaya gəlmiş gəncləri, yeniyetmələri cəmi 21 il əvvəl cəmiyyətimizdə baş verənlərə inandırmaq çox çətindir. Bu, bəlkə həm də ona görə çətindir ki, küçəyə çıxmağın belə təhlükəli olduğu o ağır illərin silahlı qarşıdurmalarını, cəmiyyətin xaotik ovqatını, nizamsızlığı, cinayətkarların, cinayətkarlığın meydan sulamasını artıq özümüzunutmuşuq, artıq az hallarda qorxulu bir röya kimi xatırlayırıq.

Amma onların hər biri baş vermişdi, onların hər birini yaşamışdıq, əziyyətini hər birimiz çəkmişdik. O dövrdə, ümumən, cəmiyyətdəki sosial-siyasi təlatümlərlə birgə daha bir ziyanlı tendensiya da xeyli dərəcədə aktual idi. Cinayət hallarının artmasına paralel olaraq Daxili İşlər Nazirliyinin rəhbər vəzifələrində kök salmış yararsız ünsürlərin qanunlara hörmətsizliyi, özbaşınalığa, hərc-mərcliyə meyilliliyi səbəbindən insanlar daxili işlər orqanlarına asayiş keşikçisi institutundan daha çox zorakılıq aparatı kimi yanaşırdılar. Digər dövlət təsisatları kimi, daxili işlər orqanlarının da nüfuzunun aşağı düşməsi respublikada cinayətkarlığın getdikcə artan statistikasına öz təsirini göstərirdı.

Bir zamanlar yaşadığımız o acı reallıqların tarixə çevrilməsində, indi yaddaşımızda gerçəklikdən çox yuxu kimi assosiasiya olunmasında öz qətiyyətli siyasəti ilə cəmiyyətimizə qaydalar gətirən, xaosu, nizamsızlığı aradan qaldıran, ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyevə, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hər birimizin şükran borcu var. Eyni zamanda, dövlət rəhbərliyinin bu istiqamətdə irəli sürdüyü vəzifələri illərdir şərəflə yerinə yetirməkdə olan Azərbaycanın hüquq-mühafizə orqanlarına, o cümlədən polisimizə minnətdarıq.

İstənilən sahədə irəli sürülən vəzifələrin layiqincə yerinə yetirilməsi, qarşıya qoyulmuş məqsədlərin əldə olunması bu vəzifələrin həvalə edildiyi şəxslərin məsuliyyətindən, üzərlərinə düşən vəzifəyə, onlara göstərilmiş etimada münasibətlərindən çox asılıdır. 29 aprel 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyində keçirilən xüsusi müşavirə zamanı bu strukturda rəhbər dəyişikliyi apararkən ümummilli lider demişdi: “Ramil Usubova tam inanır, Prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Prezident kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlardır, peşəkar təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunbazlıqdan əl çəkməyə, öz işlərini ancaqancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa çağırıram. Bunların Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm”.

Aradan ötən illər ulu öndərin bu qərarında da əsla yanılmadığını, daxili işlər nazirinin şəxsində ümumən DİN-in şəxsi heyətinə inam və güvəninin özünü doğrultduğunu göstərdi. Bunu 1994-2013-cü illər ərzində Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin statistikası da bir daha təsdiqləyir.

Onlara bir daha nəzər salaq: Azərbaycan bu gün MDB və Avropa məkanında cinayətkarlığa qarşı mübarizədə və kriminogen duruma nəzarət sahəsində ən yaxşı göstəriciyə sahibdir. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 221 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olub. Qeydə alınan hüquqazidd əməllərin 90 faizini məqsədyönlü profilaktik tədbirlər sayəsində, böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Bu illərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 35 mindən artıq odlu silah yığılıb. Və son 20 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı 6,2 dəfə azalıb. Axtarışda olan 84 mindən çox təqsirləndirilən şəxs tutulub, 6 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 1994-cü illə müqayisədə 2013-cü ildə avtonəqliyyat vasitələrinin oğurlanması 7,6, qəsdən adam öldürmələr 2,3, quldurluqsoyğunçuluq halları 2 dəfə azalıb.

Statistik göstəricilərdəki pozitiv məzmun 2014-cü ilin yekunlarında da özünü qoruyur. Ötən il cinayətlərin açılması 80 faizdən artıq olub. Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması 46,5, xüsusilə ağır cinayətin açılması 69,5, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5, narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması 9, narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması 16, insan alverinə qarşı aparılan tədbirlərin nəticələri 21, dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz artıb, ümumiyyətlə bütün sahələr üzrə səmərəli nəticələr əldə olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62 min 863 ədəd artaraq 1 milyon 308 min 540 olsa da, yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il nazirliyə daxil olmuş şikayətlərin sayı 7 faiz azalıb.

Bunlar çoxumuz üçün bəlkə də adi statistik rəqəmlərdir. Amma bu rəqəmləri təşkil edən hər bir sayın arxasında Azərbaycan polisinin böyük zəhməti, yuxusuz gecələri, cəsurluğu, fədakarlığı, silahlı cinayətkarların üzərinə gedərkən qarşılaşdığı ölüm təhlükələri və əfsuslar olsun ki, bəzi məqamlarda polis əməkdaşlarımızın həlak olması, yaxud ağır yaralanıb sağlamlığını itirməsi faktları dayanır. Ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 100-ə yaxın polis həlak olmuş, 2300-ə yaxın əməkdaş yaralanmışdır.

Azərbaycan polisi ölkəmizin ərazi bütövlüyüsuverenliyi uğrunda gedən döyüşlərdə də ön cəbhədə idi. Bu döyüşlərdə daxili işlər orqanlarının 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər xəsarət almışdı. Göstərdikləri şücaətə və fədakarlığa görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Azərbaycan polisi bu gün də dövlət müstəqilliyinin qorunması, milli maraqlarımıza qarşı yönəlmiş təhlükələrin dəf edilməsi proseslərinin önündədir.

Azərbaycan dövlətinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, demokratik inkişaf istiqamətində qazandığımız mühüm nəticələr məhz cəmiyyətimizdəki ictimai-siyasi sabitliyin meyvələridir. Bu inkişaf, bu yüksəliş xətti, eyni zamanda, illərdir sabitliyin keşiyində dayanmış Azərbaycan polisinin layiqli xidmətindən, peşəkarlığından, fədakarlığından keçir. Ona görə də ölkəmizin inkişafını gözü götürməyənlərin, müstəqilliyimizi sarsıtmağa çalışan qara qüvvələrin Azərbaycanın bu inkişafının, getdikcə möhkəmlənən dövlət müstəqilliyinin əsas sütunlarından biri kimi vaxtaşırı olaraq məhz polisi özlərinə hədəf seçmələri qətiyyən təəccüb doğurmur. Bu kampaniya həmişə aparılıb, son dövrlər isə onun daha da gücləndiyini müşahidə etməkdəyik.

Müstəqil Azərbaycan dövlətinin adı, mahiyyəti, bəd əməlləri hər kəsə bəlli olan “5-ci kolonun hücumlarına məruz qaldığı, bu hücumların illərdən bəridir davam etdiyi hər kəsə məlumdur. Bu qüvvələrin əsas missiyaları müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri statusunda pərdələnib, əslində, xaricdən ayrılmış maliyyə yardımları əvəzində ölkəmizin milli maraqlarına qarşı xəyanətkar fəaliyyətlə məşğul olmaq, uğurlara kölgə salmaqdır. Xarici ölkələrə müəyyən siyasi-iqtisadi maraqlarla müstəqil Azərbaycan dövlətinə təzyiq göstərmək üçün dəstavuzlar vermək cəhdidir.

Bu insanlar xaricdə Azərbaycan dövlətini gözdən salmağa çalışdıqları kimi, daxildə də əsas hədəf olaraq Azərbaycan polisinə qara yaxmağa, cəmiyyətdə daxili işlər orqanlarına qarşı aqressiv ruh formalaşdırmağa can atırlar. Çünki onların müxtəlif dövrlərdə, o cümlədən 1994-cü ildə, 1995-ci ildə, 2003-cü ildə, 2005-ci ildə antiazərbaycançı şəbəkənin dəstəyi ilə milli dövlətçiliyimizə qarşı qəsd cəhdlərinin qarşısı məhz Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən polisin qətiyyətli mövqeyi hesabına alınıb! Azərbaycan polisi onların mənfur niyyətlərinin həyata keçirilməsinə imkan verməyib! Ölkəmizin yenidən xaosa sürüklənməsi cəhdlərini digər müvafiq dövlət qurumları ilə yanaşı, həm də məhz daxili işlər orqanları əngəlləyib.

Həmin dövrdə polisin fədakar fəaliyyətinə ən düzgün qiyməti isə məhz Prezident İlham Əliyev verib: “Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər. Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır”.

Görünən odur ki, “5-ci kolonun təmsilçiləri daxili işlər orqanlarına qarşı bu gün apardıqları qarayaxma kampaniyaları ilə həm də ötənlərin qisasını almağa çalışırlar. Əfsuslar olsun ki, bu proseslərin birbaşa, məqsədli iştirakçısı olmayan bəzi vətəndaşlarımız da öz macərapərəstlikləri, müəyyən məqamlarda məsuliyyətsiz davranışları ilə “5-ci kolonun dövlətimizə və Azərbaycan polisinə qarşı hücumlarına dəstək vermiş olurlar. Əlində, avtomobilində kamera yolları dolaşıb, polisiifşa” epizodlarının axtarışına çıxmaq, guyaqanuni hüquqlarının müdafiəsi” adı altında polis əməkdaşları ilə “ötkəm” söhbətlərinin görüntülərini fəxrlə internet resurslarında yerləşdirmək xüsusilə harınlamış gənclər arasında pis bir dəbə çevrilib.

Bu macəraçı “qəhrəmanlar” fərqində deyillər ki, onların ədabazlığının zərbəsi cəmiyyətə dəyir. Belə məsuliyyətsiz və səbatsız macəra həvəsləri polisin gözdən salınması müqabilində cinayətkarlığın meydanını genişləndirir. Günlərin birində isə cinayət öz ağır faciələri ilə həmin harınlamışların özlərinin, ailələrinin də qapısını döyür.

Belə düşüncəsiz davranışlarla, təhrif edilmiş videokadrlarla, yaxud hətta təhrif edilməsə belə, polis sıralarındakı çox az sayda təsadüfi şəxslərin qeyri-peşəkar, məsuliyyətsiz davranışlarını əks etdirən fraqmentlərlə ümumən Azərbaycan polisini gözdən salmağa çalışanlar cinayətkarlarla atışmalarda həlak olan, yaralanan polis əməkdaşlarını heç düşünürlərmi?!

Cinayət təhlükəsi ilə üzləşmiş vətəndaşların köməyinə həyəcan siqnalı ilə bir anda yetişən asayiş keşikçilərini yada salırlarmı?!

Anlayırlarmı ki, son illər Bakının əsas probleminə çevrilmiş tıxacların mümkün qədər aradan qaldırılması üçün qışın soyuğunda, yayın istisində, yağışda-qarda saatlarla yollarda növbə çəkən polislər olmasa, bizi gündəlik həyatımızda hansı məşəqqətlər gözləyir?! Avtomobilə səs siqnalı əvəzinə bır sıra heyvanların səslərini qoşmaqla “özünütəsdiqə” çalışan avtoxuliqanlar polisin prinsipiallığından, qətiyyətindən çəkinməsələr, yollarda hansı fəlakətlərlə üzləşə bilərik?!

Unutmayaq ki, birilərinin gözdən salmağa çalışdıqları, vətəndaşlara qarşı sərt addımlar atmaqda ittiham etdikləri Azərbaycan polisi hətta vətəndaşa qarşı sərt davranış zərurəti yarandıqda belə qanunun ona verdiyi imkanların ən azından, minimal həddindən böyük mərhəmət və humanistliklə istifadə edir. Məsələn, “demokratiya söhbətləri”ndə tez-tez misal çəkib nümunə gətirdiyimiz AmerikadaAvropada olduğu kimi, onun dayanma əmrinə məhəl qoymayan sürücünü dərhal atəş açıb qətlə yetirmir! Etirazçılara rezin, yaxud da əsl güllə atmır, güclü su şırnağı yönəltmir! Nümayişçilərin üzərinə at sürmür, maşın yeritmir! Cinayətdə təqsirli bilinən şəxsi saxlayarkən onun ölümünə səbəb olacaq qədər zorakı davranmır!

Digər bir məqama da toxunmalıyıq. ABŞ-da uşaq və yeniyetmələrin saxlandığı koloniyada bir müddət eksperimentlər aparan psixoloq belə bir qənaətə gəlmişdi ki, erkən yaşlarından uşaqların polisə, asayiş keşikçilərinə barışmaz ruhda böyüməsi, polisin yerinə yetirdiyi ictimai missiyanı düzgün dərk edə bilməməsi cəmiyyətdə cinayətkarlığın artmasının birbaşa səbəbidir. Kommunikasiya imkanlarının genişlənməsi, xüsusilə internetin, sosial şəbəkələrin informasiyanın sürətinə, yayım əhatəsinə təsiri hesabına bir anda ictimailəşən dəhşətli qətllər, insanlar arasında adicə bir sözə görə baş vermiş qan donduran cinayətlər barədə oxuduqca istər-istəməz həmin əcnəbi alimin məlum fikrini yada salmalı olursan. Fikirləşirsən ki, belə durumlarda sadəcə polisi köməyə çağırmaqla, polisdən yardım istəməklə insan faciələrinin qarşısını çox asanlıqla almaq olardı. Necə ki, hər gün onlarla, yüzlərlə belə cinayət faktlarının qarşısı alınır.

Gələcək üçün yetirdiyimiz vətəndaşların tərbiyəsində polisin, hüquq-mühafizə orqanlarının mahiyyəti ilə bağlı yol verilən belə yanlışlıqlar, azyaşlı vətəndaşlarımızın bəzən bu təsisatlara yanlış ruhda tərbiyələnməsi cəmiyyət üçün potensial təhlükə mənbələrinin formalaşdırılması deməkdir. Halbuki biz körpələrimizin timsalında cəmiyyətimizin gələcəyini çətin anda həmişə polisdən kömək istəməyə, pozulmuş hüquqlarının bərpasına hüquq-mühafizə orqanlarının gücü hesabına nail olmağa, hansısa cinayətlərin qarşısının alınmasında, cinayət faktlarının üstünün açılmasında hüquq-mühafizə orqanlarına kömək göstərməyə alışdırmalıyıq. Əlbəttə, demokratik inkişaf prosesləri cəmiyyətin mədəni səviyyəsini yüksəltdikcə bu məsələlərdə də müsbətə doğru böyük dəyişiklik meyilləri müşahidə olunur. Bizim missiyamız isə bu prosesin sürətlənməsinə nail olmaqdır. Müsbət meyillərin inkişafına, nöqsan və çatışmazlıqların aradan qaldırılmasına çalışmaqdır.

Azərbaycan polisi bizim asayişimizin və təhlükəsizliymizin etibarlı keşiyində olduğu kimi, bizlər də, xüsusən media mənsubları daxili işlər orqanlarının nüfuzunun yüksəlməsinə və onlara ictimai etimadın artmasına töhfə verməliyik. Cəmiyyətdə məkrli qüvvələrin məqsədli şəkildə apardıqları qarayaxma kampaniyasını KİV-lərdə tirajlamaq, bunu öz qəzet səhifələrində və internet resurslarında yaymaq, sosial şəbəkələrdə paylaşmaq, əslində, məhz antiazərbaycançı şəbəkənin “dəyirmanına su tökmək”dir.

Unutmayaq, polisə, ümumiyyətlə isə bütün hüquq-mühafizə orqanlarına münasibətimiz həm də dövlətimizin və xalqımızın təhlükəsizliyinə, asayişinə, inkişafına münasibətimizi səciyyələndirir!

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2015.- 30 yanvar.- S.4.