Ölkəmizin dinamik inkişafı mədəniyyət

və turizm sahələrində də əksini tapır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti 2014-cü il ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Cənab Prezidentin müəyyən etdiyi dövlət siyasətinin layiqincə icrası məqsədilə ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də mühüm tədbirlər həyata keçirilmiş, milli mədəniyyətin, incəsənətin, ölkəmizin turizm potensialının dünyada tanıdılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Dövlət başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrasına uyğun mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafı və bu sahələrdə zəruri islahatların həyata keçirilməsi məqsədilə bir sıra proqram sənədlər - “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2014-2018)”, “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025)”, “2020-ci ilədək Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”, “Kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” layihələri hazırlanmış, razılaşdırılmaq üçün müvafiq qurumlara göndərilmişdir.

2014-cü il zəngin mədəni irsimizin dünyada təbliği istiqamətində müxtəlif tədbirlər, əlamətdar nailiyyətlərlə yadda qalmışdır. Azərbaycan xalqının qədim tarixinin və mədəni irsinin daş yaddaşı olan Qobustan abidələrinin təbliği məqsədilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə sentyabr ayında Parisdə - UNESCO-nun mənzil-qərargahında Qobustan həftəsi keçirilmişdir. Tədbir çərçivəsində Qobustan qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərgi və “Qobustan kölgələri” baleti nümayiş etdirilmişdir.

Ötən ilin mühüm hadisələrindən biri də 24-28 noyabr tarixində Parisdə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi olmuşdur.

Bu gün Azərbaycanda keçirilən beynəlxalq musiqi, incəsənət festivalları dünyada geniş əks-səda doğurmaqdadır. Hər il olduğu kimi, ötən ildə də mədəniyyətimizin təbliğinə xidmət edən möhtəşəm tədbirlərin, genişmiqyaslı layihələrin yüksək səviyyədə hazırlanmasında və həyata keçirilməsində Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri olmuşdur. Fondun keçirdiyi tədbirlər bizim işimizin təkmilləşərək daha səmərəli qurulmasına təkan verir. Bu tədbirlər ölkəmizin ümumi mədəniyyət mənzərəsinin ən önəmli hissəsidir. Bu mənada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 19-28 sentyabr tarixində Paris şəhərində keçirilən “Azərbaycan şəhərciyi” ilin yaddaqalan hadisələrindən idi. Bu tədbirlərdə “Bakı-2015” I Avropa Oyunlarının təqdimatı ilə yanaşı, Azərbaycan incəsənəti də yüksək səviyyədə nümayiş etdirilmiş, musiqi və rəqs kollektivlərinin, solistlərin iştirakı ilə rəngarəng konsert proqramları keçirilmişdir.

Bu təqdimatlar sürətlə inkişaf edən ölkəmizin böyük beynəlxalq əhəmiyyətli tədbirləri necə yüksək səviyyədə həyata keçirmək qüdrətinə malik olduğunu bir daha sübut edir. Avropa Oyunlarına hazırlıq işlərini də diqqət mərkəzində saxlayır, bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Beynəlxalq kitab və turizm sərgilərində, musiqi, teatr, kino festivallarında “Bakı-2015” Avropa Oyunlarının geniş təbliği və təşviqinə xüsusi önəm verilir.

Dövlət başçısının mədəniyyət və turizm sahəsində güclü mütəxəssis bazasının və kadr potensialının formalaşmasına göstərdiyi böyük diqqət və qayğı baxımından ötən il xüsusilə yaddaqalan olmuşdur. Cənab Prezidentin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası və 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlayacaq Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.

Prezident İlham Əliyevin mədəniyyət sahəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına yüksək qayğısının daha bir təzahürü “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” fərmanıdır. Bu fərman və sərəncamlar respublikanın mədəniyyət ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

Ötən il ölkəmizin musiqi mənzərəsi də rəngarəng tədbirlərlə yadda qalmışdır. Azərbaycan son dövrlər beynəlxalq əhəmiyyətli festivallara uğurla ev sahibliyi etməklə yenə musiqi dünyasının diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Mstislav Rostropoviç adına beynəlxalq musiqi festivalları, Beynəlxalq Muğam Festivalı və digər musiqi tədbirləri ölkəmizin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Bakıda keçirilən ənənəvi beynəlxalq musiqi festivallarından biri də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil olunan Bakı Beynəlxalq Caz Festivalıdır.

Musiqimizin dünya miqyasında, möhtəşəm salonlarda səslənməsi qürur duyulacaq faktlardandır. Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilmiş və şəhər ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Bu təntənənin nəticəsi olaraq San Dieqo merinin imzaladığı bəyannaməyə görə 2014-cü ilin 11 oktyabr tarixi şəhərdə “Yeddi gözəl” günü” elan edilmişdir.

Azərbaycanın musiqi həyatında önəmli hadisələrdən biri də ötən il oktyabrın 23-də görkəmli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Moskvada - Rusiya Akademik Böyük Teatrında yeni quruluşda premyerası olmuşdur.

İl ərzində sənətçilərimizin beynəlxalq festivallarda iştirakı, qastrol səfərləri və solo konsertləri də musiqimizin yüksək səviyyədə təbliğinə töhfələr vermişdir. Paris şəhərinin 1-ci rayonu meriyasının təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mədəni Müxtəliflik Festivalında ölkəmizi əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi altında “Cəngi” etno-caz qrupu təmsil etmişdir. Eyni zamanda, xalq artisti, professor Yalçın Adıgözəlovun, ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan əməkdar artist, pianoçu, bəstəkar Emil Əfrasiyabın, əməkdar artist, caz ifaçısı İsfar Sarabskinin, “Natiq” ritm qrupunun və muğam ifaçılarımızın onlarla konserti xarici səfərlərdə əldə edilən uğurlar sırasındadır.

Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin dəstəyi ilə Yunanıstanın paytaxtı Afinada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və incəsənət ustalarının iştirakı ilə konsert proqramı yüksək səviyyədə təşkil edilmişdir. Moskva şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaşadığı binaya xatirə lövhəsinin vurulması, İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçirilmiş 20-ci “Womex” dünya musiqisi sərgisində ölkəmizin təmsil olunması da musiqi sənətimizin dünyada təbliği baxımından əhəmiyyətli hadisələrdir.

Ötən il Azərbaycan Bəstəkarlar İttifaqının 80 yaşı tamam oldu. Bu münasibətlə noyabrın 1-dən 5-dək paytaxtımızın konsert salonlarında və teatr səhnələrində musiqi tədbirləri təşkil edilmişdir. Görkəmli bəstəkar və musiqişünasların, xanəndələrin il ərzində keçirilən yubiley tədbirləri də musiqi ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Xalq artisti, professor Süleyman Ələsgərovun, tanınmış dirijor və bəstəkar, xalq artisti Tofiq Əhmədovun 90, bəstəkar, professor Sevda İbrahimovanın 75 illiyinə həsr olunmuş yubiley gecələri və digər bu qəbildən olan tədbirlər sənətə və sənətkara dövlət tərəfindən verilən qiymətin bariz nümunəsidir.

Azərbaycan teatrlarının inkişafı ilbəil genişlənən beynəlxalq təcrübə mübadiləsində də özünü göstərir və müsbət nəticələr verir. Teatrların yeni tamaşaları, qastrol səfərləri, sözsüz ki, qaynar teatr həyatına rəng qatır. Bu sahənin inkişafı istiqamətində mühüm bir addım olan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının uğurla həyata keçirilməsi zəngin ənənələrə malik səhnə sənətimizin yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Bu gün Azərbaycan teatrının sorağı dünyanın müxtəlif səhnələrindən gəlir, ölkəmiz bu sahədə diqqətəlayiq beynəlxalq təşəbbüslərin müəllifi, mötəbər tədbirlərin ev sahibidir. Son iki ildə teatrlarımız dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil etmiş, xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlmiş, 30-dək tanınmış əcnəbi rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı ölkə teatrlarında tamaşalar hazırlamışlar. Dövlət proqramına əsasən 2014-cü ilin sentyabr ayında respublikada fəaliyyət göstərən 12 dövlət və 2 xarici ölkə teatrının iştirakı ilə Şəkidə I Beynəlxalq Teatr Festivalı təşkil edilmişdir.

Teatr sənətinin prioritet məsələlərinin müzakirəsi, təcrübə mübadiləsi, Azərbaycan teatrının dünya teatr aləminə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyan Bakı Beynəlxalq Teatr Konfransı 2014-cü ilin 5-6 noyabr tarixində üçüncü dəfə gerçəkləşmişdir. “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş budəfəki konfransda 40-dan çox ölkədən (ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Niderland, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Ukrayna, Polşa, Türkiyə, Litva, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail və s.) 150-dək tanınmış teatr mütəxəssisi, beynəlxalq teatr tənqidçiləri, rejissor, teatr rəssamları, xoreoqraf və dramaturqlar iştirak etmişlər.

Kino sənətinin inkişaf etdirilməsi mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Son illər ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamlar bu sahənin inkişafına münbit şərait yaradıb. 2014-cü il də Azərbaycan kinosu üçün uğurlu olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Qisas almadan ölmə”, “Axırıncı dayanacaq”, “Axınla aşağı”, “Nabat” bədii filmləri kinosevərlərin ixtiyarına verilib. Kinostudiyada həmçinin bir neçə qısametrajlı bədii film, “Motivlər” gənclər kinoalmanaxına daxil olan üç ekran əsəri istehsal olunub. Bundan əlavə, “Salnamə”, “Yaddaş”, “Azanfilm” və “Debüt” studiyalarında tarixi hadisələrə, görkəmli şəxsiyyətlərə həsr olunmuş sənədli və qısametrajlı ekran əsərləri çəkilib, cizgi filmləri istifadəyə verilib.

Ötən il Bakıda keçirilən II Beynəlxalq Turizm Filmləri Festivalı mədəni həyatda əlamətdar hadisəyə çevrildi. Festivala 55 ölkədən 405 film təqdim olunmuşdu. Kino sahəsində daha bir layihə - II Bakı Beynəlxalq İdman Filmləri Festivalı isə 33 ölkədən 115 ekran əsərini bir araya gətirdi.

Yeni ekranlaşdırılan bədii və sənədli filmlərimiz ilboyu xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda təmsil olunmuşdur. May ayında 67-ci Kann kinofestivalında ölkəmizin pavilyonu təşkil edilmiş və kino tariximizdə ilk dəfə “Azərbaycanfilm”in və “Buta Films” şirkətinin istehsalı olan “Sonuncu” bədii filmi festivalın əsas müsabiqə proqramlarından olan “Qısa metr” proqramında nümayiş etdirilmişdir. Bundan əlavə, “Nabat”, “Axınla aşağı” və s. ekran əsərləri il ərzində Karlovı Varı, Çikaqo, London, İzmir - ümumilikdə 30-dan çox beynəlxalq festivalda uğurla iştirak etmişdir. Bütün bunlar Azərbaycanda kino sahəsinin inkişafının yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Son illər respublikamızda kitab nəşri, kitabxana işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra uğurlar əldə edilib. Azərbaycan Prezidentinin sərəncamları ilə hər il görkəmli mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir. 2014-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130, Əli bəy Hüseynzadənin 150, İlyas Əfəndiyevin 100, Abbasqulu ağa Bakıxanov və Mirzə Şəfi Vazehin 220, Qılman İlkinin 100, Hüseyn Arifin 90, Rəfiq Zəka Xəndanın 75, Nəbi Xəzrinin 90 illiyi ilə bağlı yubiley tədbirləri keçirilmişdir. Eyni zamanda xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illiyi UNESCO-da (Paris) və TÜRKSOY-da (Ankara) qeyd olunmuş, Ankarada Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə, TÜRKSOY-un iştirakı ilə İstanbul Universitetində Əli bəy Hüseynzadənin 150 illiyinə, Frankfurt beynəlxalq kitab sərgisi çərçivəsində Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş tədbirlər təşkil edilmişdir.

Beynəlxalq kitab sərgilərində nazirliyin iştirakı ilə Azərbaycan kitabı uğurla təmsil olunmuşdur. Minsk, London, Budapeşt, Praqa, Moskva, Frankfurt, İstanbul şəhərlərindəki sərgi-yarmarkalarda nümayiş etdirilən milli nəşr və çap məhsullarımız ziyarətçilərdə böyük maraq doğurmuş, habelə “Bakı- 2015” I Avropa Oyunları ilə bağlı buklet və broşürlər də maraqlananlara paylanmışdır. MDB-nin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsində 2014-cü ildə də Azərbaycan kitabı böyük uğur qazanmış, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız birinci yerə, iki kitabımız ikinci yerə, bir kitabımız isə üçüncü yerə layiq görülmüşdür.

Yaradıcı gənc nəslin dövlət qayğısı ilə əhatə olunması onların fəaliyyətinə böyük stimul verir. Hər il olduğu kimi, 2014-cü ildə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə sərgilər, o cümlədən gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, stimullaşdırılması üçün müsabiqələr, festivallar təşkil edilmişdir. 2 fevral - Gənclər Günü ilə bağlı “Gəncliyin səsi” incəsənət festivalı keçirilmişdir. Bu sahədə yaddaqalan layihələrdən biri də iyul ayında “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile”ın baş sponsorluğu ilə keçirilən Azərbaycan İncəsənət Festivalı olmuşdur. İkinci dəfə gerçəkləşən festival Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə etmiş, bölgələrdə həvəskar rəssamlar üçün ustad dərsləri keçirilmişdir. Xocalı soyqırımına həsr olunmuş “Qarabağın acı tarixi” adlı rəsm sərgisi, “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların IV respublika festivalı çərçivəsində təşkil olunan “Bir ailədə” fotosərgisi, heykəltəraşlıq üzrə “Yaşayan tarix” və s. sərgilər geniş ictimai marağa səbəb olmuşdur.

Ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində, mədəni mübadilənin genişlənməsində incəsənət sərgiləri də böyük əhəmiyyət kəsb edir. Gürcü rəssamlarının “Gürcüstandan sevgi ilə”, Azərbaycanda Türkiyə mədəniyyəti günləri çərçivəsində “Türkiyə rəngləri”, İnquşetiyanın mədəniyyət günləri çərçivəsində “İnquşetiya: tarix və müasirlik” mövzusunda sərgilər, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyasının iştirakı ilə Daşkənddə təşkil olunan “İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə” sərgisi mədəni mübadiləyə bariz nümunədir.

Ölkəmizdə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Respublikanın uşaq musiqi və incəsənət məktəbləri əsasən 5 və 7 illik təhsil sistemi ilə fəaliyyət göstərirlər. Bununla yanaşı, son illər böyüməkdə olan nəslin incəsənət sahəsində yüksək səviyyəli orta təhsilə yiyələnmək tələbatı nəzərə alınaraq böyük pedaqoji iş təcrübəsinə və zəruri maddi-texniki bazaya malik bir neçə uşaq musiqi məktəbi onbirillik təhsil sisteminə keçirilmişdir. Hazırda respublika üzrə 16 musiqi və incəsənət məktəbi (15 məktəb Bakıda, 1 məktəb Mingəçevirdə) 11 illik təhsil sistemi üzrə fəaliyyət göstərir.

İl ərzində paytaxtdakı M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi əsaslı təmir olunaraq yenidən qurulmuş, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir. Həmçinin nazirlik tərəfindən 60-dan çox musiqi aləti alınaraq respublikanın uşaq musiqi və incəsənət məktəblərinə təqdim edilmişdir. Hazırda bir sıra uşaq musiqi və incəsənət məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır, yeni məktəb binalarının inşası davam etdirilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, təhsil müəssisələrinin şagirdləri müxtəlif beynəlxalq müsabiqələrdə uğurlu nəticələr qazanmışlar.

Qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı uğurla başa çatmışdır. 2014-cü ildə Azərbaycanın “Əfsanələr paytaxtı” Qəbələdə, “Folklor paytaxtı” Balakəndə, “Sənətkarlıq paytaxtı” Abşeronda nominasiyaya uyğun olaraq mərasimlər, “dəyirmi masa”lar, konsertlər, festival və sərgilər, ədəbi görüşlər və s. təşkil olunmuşdur. Masallıda gerçəkləşən III Beynəlxalq Folklor Festivalı respublikanın tanınmış folklor kollektivləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Latviya və İrandan qonaqları bir araya gətirmişdir.

Nazirliyin mühüm layihələrindən olan “Azərbaycan - doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı çərçivəsində 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” diski və milli azlıqların bədii kollektivləri barədə kataloq hazırlanmışdır.

Ölkəmizdə aşıq sənətinin təşviqi, təbliği və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Bu sahəyə də Heydər Əliyev Fondu böyük töhfələr verir. Fondun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı ilə noyabr ayında keçirilən II Beynəlxalq Aşıq Festivalı Azərbaycanın və dost ölkələrin ozan-aşıqlarını bir araya gətirmiş, respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.

Hazırda klub müəssisələri sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır. İslahatlar Şəki və Lənkəran şəhər, Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərib. Bu təcrübənin respublikanın digər rayonlarında da tətbiqi planlaşdırılır.

Nazirlik tərəfindən mədəniyyət obyektlərinin tikintisi, təmiri, yenidən qurulması istiqamətində də bir sıra işlər görülmüşdür. Xalq rəssamı Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyinin, Xəzər rayonu Buzovna qəsəbəsində Mədəniyyət evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı keçirilmişdir. Eyni zamanda Oğuz, Qəbələ, Şabran rayonlarında tarixi abidələrin konservasiyası, Bakı şəhəri Şağan qəsəbəsində XIV əsr qala qalıqlarının dağılmasının qarşısının alınması məqsədilə təmir işləri aparılmışdır.

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab Prezidentin də vurğuladığı kimi, qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə tərəqqi etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin olunsun. Hazırda bu sektorun prioritet istiqamətlərindən olan turizm sahəsi də özünün inkişaf dövrünü yaşayır. Ötən il turizm potensialımızın beynəlxalq aləmdə tanıdılması məqsədilə həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçirilmişdir. Nazirliyin dəstəyi və təşkilatçılığı ilə İstanbul, Berlin, Moskva, Kiyev, Dubay, Almatı, Paris, London və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində ölkəmizdə bu sahənin inkişafını əks etdirən müxtəlif dillərdə reklam-çap məhsulları paylanılmışdır. Eyni zamanda “Euronews”, “TV5 Monde”, “Rossiya 2”, “Moya planeta” telekanallarında ölkəmizin turizm imkanlarına dair reklam çarxları nümayiş etdirilmişdir.

Ötən il ərzində beynəlxalq qurumlarla turizm sahəsində əməkdaşlıq məsələləri də diqqətdə saxlanılmış, Azərbaycanın turizm potensialının Rusiya bazarında təbliğ edilməsi məqsədilə nazirliyin bu ölkədə turizm nümayəndəliyi fəaliyyətə başlamışdır. Beynəlxalq turizm əlaqələrimizin inkişaf etdirilməsi və respublikamızın işgüzar turizm məkanı kimi tanıdılması istiqamətində nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti genişlənməkdədir.

Ölkəmizə gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi turist axınına müsbət təsir göstərir. Mehmanxanaların yeni sertifikasiya sisteminə keçməsi də bu işdə müəyyən irəliləyişlərə səbəb olacaq. Hazırda ölkəmizdə gəlmə turizmlə məşğul olan 55 turizm şirkəti nazirlik tərəfindən akkreditasiyadan keçirilərək bu sistemə qoşulmuşdur.

Ötən il turizm sektorunun ən yaddaqalan hadisəsi aprel ayında Bakıda keçirilən ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) olmuşdur. Budəfəki sərgiyə 38 ölkədən 351 şirkət və təşkilat qatılmışdı, eyni zamanda sərgi meydançasında Azərbaycanın 22 şəhər və rayonunun stendi yer almışdı. Sərgi günlərində paytaxtımızda BMT-nin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminar da keçirilmişdir.

Turizm və mədəniyyət anlayışının birləşməsi prosesi öz tempini daha da sürətləndirir. “Bələdçilərin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2014-2015-ci illər üçün tədbirlər planı” və “Azərbaycanda 2014-2024-cü illər üçün turizm strategiyası”nın hazırlanması da bu sektorun inkişafına töhfələr verəcəkdir.

2014-cü il ərzində nazirlik tərəfindən 62 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 74 hüquqi və fiziki şəxsə isə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda Azərbaycanda 272 turizm şirkəti, 300-dən çox mehmanxana Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Bundan başqa, “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na əsasən, il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilmiş və beləliklə, dövlət təsnifatından keçən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatmışdır.

Ümumiyyətlə, aparılan təhlillər deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin nail olduğu dinamik inkişaf tempi ölkə həyatının bütün sahələri kimi, mədəniyyət və turizm sahələrini də dolğun əhatə edir. Paytaxtda və bölgələrdə müasir tələblərə cavab verən mədəniyyət ocaqlarının inşası, yenidən qurulması, turizm mərkəzlərinin, brend hotellərin istifadəyə verilməsi bu tərəqqinin bariz göstəriciləridir. Həyata keçirilən tədbirlərin, görülən işlərin nəticələri ölkə əhalisi tərəfindən də rəğbətlə qarşılanır. Yerlərdə əhali ilə mütəmadi olaraq keçirdiyimiz görüşlərdə də bunun bir daha şahidi oluruq. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2014-cü ildə vətəndaşlarla 12 bölgədə görüşlərimiz olmuşdur. Görüşlərdə 400-dək vətəndaşın müraciəti dinlənilmiş, qaldırılan məsələlərin həlli barədə müvafiq tapşırıqlar verilmişdir. Cənab Prezidentin tapşırığı əsasında keçirilən bu görüşlər həmçinin yerlərdə mədəniyyət və turizmin inkişaf etdirilməsi ilə bağlı vətəndaş təşəbbüskarlığının artdığını göstərir.

Ötən il respublikamızın dinamik inkişafı mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərmişdir. 2015-ci il bu baxımdan ölkəmiz üçün xüsusilə əlamətdar olacaq. İyun ayında Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. “Bakı-2015” I Avropa Oyunları ölkəmizin zəngin mədəni irsinin, incəsənətinin, turizm imkanlarının, qonaqpərvərlik ənənələrinin dünyaya təqdim olunması baxımından mühüm fürsət olacaq. Mədəniyyət və Turizm Nazirliyi də bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən işləri layiqincə yerinə yetirəcəkdir. Möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da səylə davam etdirəcəyik.

 

Əbülfəs QARAYEV,

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Azərbaycan.-2015.- 30 yanvar.- S.5.