İsmayıllıda “Ənənəvi islam dəyərləri və
müasirlik”
mövzusunda regional konfrans keçirilir
Yanvarın
29-da İsmayıllı şəhərindəki Heydər
Əliyev Mərkəzində “Ənənəvi islam dəyərləri
və müasirlik” mövzusunda ikigünlük regional konfrans
işə başlayıb.
AzərTAc
xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
keçirilən konfransda Qəbələ,
İsmayıllı, Şamaxı, Ağsu və
Göyçay rayonlarından olan dini icmaların rəhbərləri,
din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılan abidəsini ziyarət edərək, önünə
gül-çiçək qoyub, əziz xatirəsini ehtiramla
anıblar.
Tədbiri
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov konfransın əhəmiyyətini
qeyd edərək bu gün islam dəyərlərinin öyrənilməsinin
və düzgün təbliğ olunmasının, bu sahədə
maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin
zəruriliyi, habelə dini icmaların cəmiyyətdə
radikalizm meyllərinin qarşısının alınması və
sosial məsələlərin həlli prosesinə cəlb
edilmələri barədə ətraflı danışıb.
Natiq rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin
nəticələrindən söhbət açıb.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı konfransda çıxış edərək
Azərbaycanda ümumbəşəri dəyərlərə
malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə
yeri, dövlət-din münasibətləri barədə ətraflı
danışıb. Geosiyasi maraqların getdikcə şiddətlənərək
təhlükəli həddə çatdığını,
belə bir şəraitdə dünyada radikalizm meyllərinin
güclənməsinin dəhşətli nəticələrə
səbəb olduğunu diqqətə çatdıran natiq bu
gün bəzi müsəlman ölkələrində baş
verən silahlı toqquşmaların məhz bu maraqdan irəli
gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda da
radikalizm meyllərinin güclənməsində maraqlı
olan, ölkəmizin uğurlarını gözü
götürməyən xarici qüvvələr vardır.
Mübariz
Qurbanlı dövlət-din münasibətlərindən ətraflı
danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə
qayıdışı sürətlənib. Bu istiqamətdə
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği istiqamətində həyata
keçirdiyi tədbirlərdən danışan komitə sədri
bu sahədə qazanılan uğurları diqqətə
çatdırıb.
Azərbaycanlıların
etiqad etdiyi islam dininin ənənəvi dəyərlərinin
təbliğinin prioritet məsələ olduğunu
vurğulayan M.Qurbanlı bu sahədə maarifləndirmə
işinə daha diqqətlə yanaşılmanın vacibliyini
bildirib. Qeyd edib ki, gəncləri radikalizm meyllərindən
çəkindirməkdə, bu sahədə onları yad təsirlərdən
qorumaqda hər kəsin, xüsusilə din xadimlərinin üzərinə
daha məsuliyyətli vəzifələr düşür.
Unutmaq olmaz ki, əsrlərin süzgəcindən keçərək
müasir dövrümüzədək gəlib çıxan
milli-mənəvi, dini adət-ənənələrimizi
yaşatmalı, onu insanlara düzgün şəkildə
çatdırmalıyıq.
Konfransda
Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun
Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin
İsmayıllı rayonu üzrə səlahiyyətli
nümayəndəsi Şahzadə Bilalov
çıxış edərək müzakirə olunan
mövzunun əhəmiyyətini vurğulayıblar.
Yanvarın
30-da konfrans öz işini plenar iclaslarda davam etdirəcək.
Azərbaycan.-2015.- 30 yanvar.- S.7.