Azərbaycan ilə Bruklin arasında mədəni

 mübadilə imkanları müzakirə edilib

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Nyu York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.

Erik Adams deyib ki, bir müddət əvvəl onun müraciəti əsasında Nyu Yorkun Bruklin və Bakının Səbail rayonları arasında qardaşlaşma münasibətləri yaradılıb. Bu münasibətlər onları Azərbaycana daha da yaxınlaşdırıb. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək üçün Azərbaycana səfər etdiyini xatırladan E.Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını bildirib. O, Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. E.Adams qeyd edib ki, Azərbaycan ilə Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir.

Nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. O deyib ki, keçən ilin noyabrından başlayaraq “Azərbaycan Hava Yolları” QSC tərəfindən həyata keçirilən Bakı - Nyu York birbaşa uçuşları Bruklinlə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.

Nazir Azərbaycanın turizm potensialından da danışıb və Nyu Yorkda ölkəmizin təbliğ edilməsinin önəmini vurğulayıb. Ə.Qarayev E.Adamsı cari ilin mayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Sonda E.Adamsa Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edilib.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak ediblər. 

Xatırladaq ki, Bruklin və Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol ötən ilin noyabrında imzalanıb.

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri,

 Nyu York

Azərbaycan.-2015.- 30 yanvar.- S.8.