AZƏRBAYCANDA CAMIŞÇILIQ:

 mövcud vəziyyət, problemlər və vəzifələr

 

Avropa ölkələrində “qara mirvari” adlandırılan camışların sayı respublikada ildən-ilə azalır, bu sahədə təxirəsalınmaz tədbirlər görülməlidir

 

Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Vaxtilə Kür qıraqları, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni idi. Digər heyvan növləri ilə müqayisədə camışlar ən az əhliləşdirilmişdir. Camışçılıq xalqımızın ərzaq məhsulları ilə təmin olunmasında həmişə mühüm rol oynamışdır. Nadir və qeyri-adi sayılan bu heyvanlar yemə az tələbkardır, hətta keyfiyyətsiz yemləri də yeyirlər. “Camışa qamış ver, ət və süd al” kəlamı əbəs yerə deyilməmişdir. Qaba yemləri yaxşı həzm edir, mədə-bağırsaqda sellüloza yaxşı parçalanır. Qaba yemləri çox yedikləri üçün mədə-bağırsaqları iri və inkişaflı olur. Qüvvəli yemlərin çatışmadığı vaxtlarda da qaba yemlərin hesabına məhsulvermə potensialını itirmirlər. Buna görə də Azərbaycan xalqı, xüsusilə kəndlilər camışın qədrini bilmiş, qoruyub saxlamış, nəsildən-nəslə verərək inkişaf etdirmişlər.

Camışlar qara rəngdə olduqları üçün günəş şüaları onlara ciddi təsir göstərir, bədənini çox qızdırır. Bu heyvanlar isti günlərdə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevirlər. Suda olduqda camışın ancaq başı kənarda qalır, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır. İqlimi quru və isti yerlərdə camışlar gündə bir neçə dəfə, xüsusən sağımdan qabaq çimizdirildikdə dincəlirlər. Camışların dərisi günəşdən gələn radioaktiv şüaları udur və özü bu şüalardan xəstələnmir. Rənglərinə və buynuzlarına görə camışlar birtipli heyvan kimi görünür. Çamışların bir rəngdə olduğu, onlarda cütləşmənin mövsümi xarakter daşıdığı da qeyd olunmalıdır.

Çox nadir hallarda rəngli camışlar doğulur. Belə heyvanlara “albinos” camışlar deyilir. Bu cür camışlar ancaq gecə görürlər. Albinos camışlar çox yaşamır və nəsil vermirlər.

Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda az miqdarda camış vardır. Buna baxmayaraq, sovet dövründə camışların hamısını müstəqil cins kimi qəbul edərək, bu heyvanları “Qafqaz camış cinsi” adlandırmışlar. Camışların çox hissəsinin respublikamızda olduğunu nəzərə alaraq Azərbaycan alimləri ədaləti bərpa etmiş, Cənubi Qafqazda olan bütün camışları “Azərbaycan camış cinsi” adlandırmışlar.

XVIII-XIX əsrlərdə Azərbaycanda camışdan sağmal heyvan kimi istifadə edilir və yerli qaramala nisbətən daha çox sayda bəslənilirdi.

Alimlər və mütəxəssislər indiki mərhələdə camışçılığı başlıca olaraq ət istehsalı üçün inkişaf etdirməyi məqsədəuyğun hesab edirlər. Camışların bordaqda kökəldilməsinə üstünlük verilməlidir. Erkək camışlara gündə 8-10 kq yüksək keyfiyyətli quru yonca otu və 3 kq arpa yarması verməklə 800-900 qram çəki artımı almaq mümkündür.

Balaq ətinin kiloqramının 8 manata satılması bir daha onu göstərir ki, camış ətinə tələbat gündən-günə çoxalır. Bu tələbatı daha dolğun ödəmək üçün camışların kökəldilməsi ilə məşğul olan ixtisaslaşdırılmış fermer təsərrüfatlarının yaradılması artıq zərurətə çevrilmişdir. Camışlardan əlavə ət məhsulları da alınır. Orta köklükdə olan camışlarda diri çəkinin 0,5 faizini dil, 0,86 faizini piylə birlikdə böyrək, 0,25 faizini beyin, 4,34 faizini içalat, 1,12 faizini baş əti, 5,2 faizini işgənbə və torcuq təşkil edir.

Təzə camış südü çox ləziz olur. Camışlar inəklərə nisbətən az süd verirlər. Gündə sağmal camışlardan 3-4 kq süd sağılır. Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından dadlı şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətli hesab olunur. Camış qatığının və ayranının yayda profilaktik əhəmiyyəti vardır. Hindistanda olanlar, yəqin ki, “koa” deyilən xüsusi qatı süddən dadmışlar. Dövlət səviyyəsində ən yüksək ali qonaqların süfrəsinə koa qoyulur. Bu içkinin dadı onu içənlərin damağından getmir.

Qaramaldan fərqli olaraq, camış südünün tərkibində yağ faizi çox yüksək olur. Orta hesabla camış südünün yağlılığı 8,16, çox vaxt 6-12 faiz arasında olur. Camış südündə yağ faizi sağım dövrünün 3-cü ayından başlayaraq çox qalxır. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6, inək südünününki isə 3,2 faiz qəbul edilmişdir. Çox nadir hallarda olsa da, bəzi təsərrüfatlarda südündə yağ faizi daha çox olan camışlara təsadüf olunur. Keçən əsrin 60-cı illərində Şəki rayonundakı “Daşüz” camışçılıq təsərrüfatında “Bülbül” ləqəbli camışın südündə yağlılıq səviyyəsi 14 faiz idi. Bu camış barədə camışçılıqla məşğul olan ölkələrə geniş məlumat göndərilmişdi. İnək südünün 22-24 kiloqramından 1 kq yağ alındığı halda, bu qədər yağ 11-12 kq camış südündən əmələ gəlir. Camışlar 300 günlük sağım dövründə yemləmə və saxlama şəraitindən asılı olaraq 700-1500 kq və daha çox süd verirlər ki, bu da inək südü hesabı ilə 1500-3000 kiloqrama bərabərdir. Damazlıq işlərinin indiki yeni dövründə Azərbaycan camışlarının 2000-3000 kq süd verməyə qabil olduqları müəyyən edilmişdir. İnək südünə çevirdikdə, bu, 4000-6000 kq süd deməkdir. Beləliklə, camışları az südlü hesab etmək olmaz. Təcrübələr göstərir ki, camışlar istədikləri qədər su içdikdə süd məhsulunu ilk gündən 8-10 faiz artırırlar.

Camış südündən keyfiyyətli pendir istehsal olunur. Bu zaman camış südündə yağın miqdarı çox olduğuna görə pendir emalında əvvəlcə südün üzü alınaraq, az yağlı (3 faizli) normal hala gətirilir. Beləliklə, camış südünün eyni vahidindən həm yağ, həm də normal yağlılığı olan pendir hazırlanır ki, bu da son dərəcə mənfəətlidir.

Camışlarda südün tərkibini inəklərinki ilə müqayisə etdikdə kobalt, mis, dəmir və s. mikroelementlərin 2-3 dəfə artıq olduğu müəyyən edilmişdir. Camış südü kalsium oksid və fosforlu anhidrid ilə zəngindir. 1 litr camış südündə 12-18 mq C vitamini vardır. Camışlarda südün kaloriliyi yüksəkdir. Bu, südün tərkibindəki yağın keyfiyyətindən asılıdır. Camış südündə yağın kaloriliyi 672-yə bərabərdir.

Azərbaycanda camış südündən və qatığından yağ istehsal olunur. Yerli üsul ilə nehrə çalxalamaqla hər 100 kq camış südündən orta hesabla 20,2 kq, inək südündən isə 15,3 kq şor alınır. Bu, camış və inək südünün tərkibində olan quru maddənin miqdarı ilə əlaqədardır.

Misir Ərəb Respublikasında olarkən camışçılıqla ətraflı maraqlandıq. Burada ana camışların diri çəkisi 600-700 kiloqramdan artıq olur. Misirdə camış südündən “qi” deyilən yağ hazırlanır. İsti iqlim şəraitində bu yağ istifadə üçün uzun müddət saxlana bilər, inək südündən hazırlanmış qiyə nisbətən o, baha qiymətə satılır, dadı və qidalılığına görə də yüksəkdir.

Duzlanmış adi inək südündən alınmış yağı soyuducuda 3-4 gün saxlamaq mümkün olduğu halda, camış yağını 20 gün saxlamaq mümkündür. Duzlandıqda isə camış yağını 5 dərəcə istilik şəraitində 2 ay saxlamaq təhlükəsiz hesab olunur. Azərbaycan alimləri camış südündən holland pendiri almaq üçün texnologiya işləyib hazırlamışlar.

İtaliyada və Siciliyada camış südündən çox məşhur masarella pendiri hazırlanır. Bu növ pendirin 1 kiloqramı İtaliyada baha satılır.

Cənubi Azərbaycandan gəlmiş iş adamı Paolo Pərviz Sabirabad rayonunun Qalağayın kəndində ixtisaslaşmış nümunəvi iri camışçılıq təsərrüfatı yaratmışdır. Burada 300 başdan çox camış saxlanılır. Bu təsərrüfatın yaradılmasında Kənd Təsərrüfatı Nazirliyi fəal iştirak etmişdir. Tövlələrdə rekonstruksiya işləri aparılmış, bir çox ağır işlər mexanikləşdirilmişdir. Respublikanın 12 rayonunun ailə-kəndli və ev təsərrüfatlarından camışlar satın alınıb buraya gətirilmiş, yaxşı yem bazası yaradılmışdır. Heyvanlar süni yolla mayalandırılır.

Bakı şəhərinin Dərnəgül qəsəbəsində İtaliyanın “Ital formac” şirkətinin köməyi ilə masarella pendiri istehsal edən zavod işə salınmışdır. İlk zamanlar burada gündə 1500 kq camış südü emal olunub pendir istehsal edilirdi. Respublikaya gələn qonaqlarda xüsusilə Azərbaycanda İtaliya texnologiyasından istifadə edilməklə masarella pendirinin istehsal olunması yüksək təəssürat və böyük maraq yaradırdı.

Emalçılar dəfələrlə müraciət edərək, masarella pendirinin hazırlanması texnologiyası barədə məlumat verilməsini xahiş edirlər. Bunu nəzərə alaraq pendirin hazırlanması texnologiyası barədə qısa məlumat verməyi lazım bildik.

Üzlü camış südü 40 dərəcəyədək qızdırılır, sonra hər 100 litrə lazımi qədər tünd qursaq mayası ilə qarışdırılmış 1-2 litr miqdarında turş zərdab əlavə edilir ki, süd 30 dəqiqədə laxtalansın. Bundan sonra laxtalanmış pendir kütləsi lira deyilən alətlə xırdalanır. Pendir kütləsi qabın dibinə çökdükdən 15 dəqiqə sonra zərdabı süzüb kütləsini qarışdıra-qarışdıra bir neçə litr 40 dərəcə istilikdə köhnəlmiş zərdab əlavə edilir və yayda 3-4 saat, qışda isə 5-8 saat saxlanıb fermentləşməyə qoyulur. Bir müddətdən sonra suya salınmış pendir parçasını əl ilə dartdıqda uzanırsa, fermentləşməni bitmiş hesab etmək olar. Bundan sonra pendir kütləsi 4-6 santimetrlik xırda parçalara bölünür və soyuq su altında başı yumru ağacla qarışdırılır ki, xəmirə bənzər yapışqanlı kütlə alınsın. Bundan sonra həmin xəmirdən əl ilə yumruq boyda pendirlər düzəldib, dərhal duzlu suya salınır. Pendir duzlu suda 1-2 gün qaldıqdan sonra yeyilməyə hazır hesab olunur. Masarella pendiri yumru, nazik və parlaq pərdəli, çox lətif və dadlı olur. Hər 100 litr süddən 20 kq pendir alınır.

Camış südündən kazein də almaq mümkündür. Kazein çıxarı inək südünə nisbətən 20 faiz artıq olur. Azərbaycanda kazeinin günəş altında qurudulması olduqca səmərəlidir. Günəş şüaları onun rəngini ağardır.

Əgər camış südündə yağın miqdarını artırmaq istəyiriksə, camışlar balaqsız sağılmalıdır. Lakin Azərbaycanda balaqları bir qayda olaraq camışları əmizdirməklə sağırlar. Şəki rayonundakı “Daşüz” camışçılıq müəssisəsində balaqsız sağılmağın və balağı anadan ayrı, yəni vedrədə süd içirməklə bəsləməyin mümkün olduğu müəyyən edilmişdir. Bəzən balaqsız sağılmağa yol verməyən camışları birinci gün balasını iyləməyə və yalamağa buraxır, sonralar isə yalnız sağım vaxtı balasını qarşısında bağlamaqla, əmizdirmədən heyvanı sağırlar. Camışlar bu qaydaya öyrəşir və südlərini tamam verirlər. Bir neçə gündən sonra balağı anasının yanında bağlamağa ehtiyac qalmır. Hələ 1971-ci ildə “Daşüz” camışçılıq müəssisəsində camışlar maşınla sağılırdı. Bu təsərrüfat öz nailiyyətlərinə görə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını almışdı. Bu müəssisənin sağıcısı, o vaxtlar Azərbaycan SSR Ali Sovetinin deputatı olan Zümrüd Namazova camışların maşınla sağılması üzrə keçirilən ümumittifaq yarışının qalibi olmuşdu. Bu fədakar qız o vaxtlar hər camışdan 1647 kq süd sağaraq respublikada birinci yerə çıxmışdı.

Kobud görünsələr də, çox həssas heyvan olan camışlar bəzən südünü “gizlədir”. Xüsusilə sağıcılara öyrəşmiş camışlar onlar dəyişərkən südünü saxlayır və onları sağmaq çətinləşir.

Camışların orta sağım dövrü, inəklərdən fərqli olaraq, 8,8 ay çəkir. Lakin mart-aprel aylarında doğan camışlarda sağım dövrü 10 ay davam edir. Camışlar arasında elələri olur ki, bir doğumda 2 ilə kimi sağılır. 8-9 yaşdan sonra qocalma ilə əlaqədar süd məhsuldarlığı azalır.

İnəklərdən fərqli olaraq, camışlar 24-36 aylıqda cütləşməyə buraxılır və 36-48 aylıqda doğurlar. İnəklər isə 14-18 aylıqda diri çəkiləri 300 kiloqrama çatdırıldıqdan sonra cütləşdirilir və 23-27 aylıqda doğurlar. Camışları təsərrüfatda 20-21 yaşınadək saxlamaq mümkündür.

Camış kəlləri törədici buğalara nisbətən az toxum verirlər - 3,2 kub sm. Boğazlıq dövrü inəklərdə 9 ay, camışlarda 10 ay çəkir. İldə bir bala almaq üçün camışlar 2 ay müddətində mayalandırılmalıdır.

Camışların səmərəli yemləndirilməsi ilk növbədə onların zülala və fosfora olan ehtiyacının təmin edilməsinə əsasən müəyyənləşdirilir. Camışlar zülal maddəsini inəklərə nisbətən yaxşı istifadə edirlər. Orta hesabla 7,5 faiz yağı, 4,05 faiz zülalı və 5 faiz süd şəkəri (laktozası) olan südün hər kiloqramına orta hesabla 0,67 kq yem vahidi nəzərdə tutulur. İnəklərdə bu göstərici 0,5 kq yem vahididir. Südün hər kiloqramı üçün yağlılığından asılı olaraq 3-4 q fosfor və 4 q kalsium nəzərdə tutulmalıdır. Lakin inək südünün hər kiloqramı üçün adətən 3,2 q fosfor və 4 q kalsium verilir.

Camışların jımıx və çiyid qabığı ilə ardıcıl və birtərəfli yemləndirilməsi yolverilməzdir. Jımıxın tərkibində qossipol zəhəri olduğuna görə camışlara gündə 3,5 kiloqramdan artıq verdikdə heyvanlarda zəhərlənmə bas verir. Odur ki, jımıxın yaşıl yem, silos və qaba yemlə birlikdə verilməsi zəhərlənmənin qarşısını alır.

Camışlardan ən ucuz nəqliyyat vasitəsi və iş heyvanı kimi bütün dövrlərdə kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunur. Böyük Vətən müharibəsindən sonra kənd təsərrüfatı maşınları çatışmadığına görə ictimai təsərrüfatlarda camış kəlləri vasitəsilə xırmanlarda taxıl döyülür, yer şumlanırdı. Hazırda Cəlilabad və digər rayonlarda camış kəllərinə qoşulmuş kultivator vasitəsilə kartof sahələrində cərgə araları becərilir, arabalarda ot və digər yüklər daşınır.

Camış dərisindən keyfiyyətli gön hazırlanır. Camış dərisi inək dərisinə nisbətən qalın olur. Dəri yaxşı aşılandıqdan sonra ondan möhkəm ayaqqabı və digər dəri məmulatları hazırlanır.

Böyük Vətən müharibəsi illərində və ondan sonrakı dövrlərdə kasıb kəndli ailələrində ayaqqabı almaq mümkün olmayanda camış gönləri insanları ayaqyalın gəzməkdən xilas edirdi. Xüsusilə kəndlilərin və məktəblilərin camış gönündən möhkəm və keyfiyyətli “şatrı” çarıq geyindiklərini yaxşı xatırlayıram. Bu cür çarıqlar o vaxtlar hamıya qismət olmurdu.

Camışlar vərəm xəstəliyinə qarşı dözümlü olur və bu xəstəliyə, demək olar ki, tutulmurlar. Bruselyoz xəstəliyini asanlıqla keçirir və bala atmırlar.

Xüsusilə İtaliyada, Yunanıstanda və digər Avropa ölkələrində camışları “qara mirvari” adlandırırlar. Artıq 15 ildən çoxdur ki, Avropa ölkələri camış axtarışına başlamışlar. Hazırda İtaliyada 60 min başdan çox, Bolqarıstanda 40 min baş camış vardır. Hər iki ölkədə camışçılar cəmiyyətləri fəaliyyət göstərir.

Maldarlığın yüksək səviyyədə inkişaf etdiyi ABŞ-da və İsraildə etiraf edirlər ki, xəstəliklərə dözümlü olduqlarına, saxlanma və yemləmə şəraitinə az tələbkar olduqlarına görə heyvandarlığın gələcək inkişafı camışçılıqdan asılı olacaqdır.

Camışçılıq məsələlərindən ona görə ətraflı söhbət açdıq ki, bu heyvanların faydalı olması barədə sahibkarlarda inam yaradılmasına nail ola bilək.

Belə yüksək keyfiyyətlərinə və üstünlüklərinə baxmayaraq, respublikada 1968-ci ilə nisbətən heç bir əsaslı səbəb olmadan camışçılıq ildən-ilə geri gedir, camışların baş sayı azalır. Belə vəziyyət ciddi narahatlıq yaradır. Bunu aşağıdakı cədvəldən də görmək olar:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəldən göründüyü kimi, respublikada 1968-ci ilə nisbətən 2014-cü ildə camışların sayı 169,1 min baş azalmışdır. Ən iri camışçılıq rayonlarında camışların baş sayının azalması davam edir. 2005-ci ildə Yevlax rayonunda 28037 baş, 2000-ci ildə Goranboy rayonunda 3487 baş, Şəmkir rayonunda 2860 baş, Kürdəmir rayonunda 14370 baş, 2005-ci ildə Ağcabədi rayonunda 13166 baş, Bərdə rayonunda 16196 baş, Ağsu rayonunda 10015 baş, Beyləqan rayonunda 5109 baş camış olduğu halda, bunlara müvafiq olaraq, 2013-cü ildə həmin rayonlarda 24259 baş, 1312 baş, 1177 baş, 11338 baş, 10038 baş, 11354 baş, 8009 baş, 2601 baş camış var.

Camışların baş sayı 2000-ci ilə nisbətən Xaçmaz, Qəbələ, Qax, Zaqatala, Biləsuvar, İsmayıllı rayonlarında 2, Şamaxı və Quba rayonlarında isə 3 dəfə azalmışdır.

Bir sıra rayonlarda icra orqanları tərəfindən heyvandarlıqda camışçılığın rolu düzgün qiymətləndirildiyinə və bu sahəyə diqqət artırıldığına görə camışların baş sayı ildən-ilə artır. Ağdaş rayonunun təsərrüfatlarında 2005-ci ildə mövcud olan 23575 baş camış artıb çoxalaraq 27466 başa çatmışdır. Bu dövrdə camışların sayı Ucar rayonunda 5666 baş, Sabirabad rayonunda isə 3477 baş artmışdır.

Bəzi dövlət məmurları camışların baş sayının azalmasını bazar iqtisadiyyatı ilə əlaqələndirməyə çalışır və izah edirlər ki, guya hansı növ heyvanı saxlamaq sahibkarın öz işidir. Bu, səhv düşüncə tərzidir. Özbaşınalıqları, nöqsanların tüğyan etməsini, camışçılığa əlverişli şəraitin yaradılmamasını bazar iqtisadiyyatının ünvanına yazmaq sadəlövhlük olardı.

Bir çox kənd və qəsəbələrdə nəzarətin olmaması ucbatından bələdiyyə orqanları kəndətrafı örüş sahələrini qeyri-qanuni olaraq başqa məqsədlər üçün icarəyə verdiklərindən otlaq sahələri dəfələrlə azalmışdır. Digər heyvanlarla yanaşı, camışların otlaması üçün otlaq sahələrinin çatışmaması, əlbəttə ki, camışların baş sayının azalmasına təsir göstərməyə bilməz.

Camışlar su sevən heyvanlar olduğundan çox yerlərdə bataqlıqlar, gölməçələr qurudulduğundan, camış saxlanan tövlələrin ətrafına su vaxtlı-vaxtında verilmədiyindən bu heyvanların yay aylarında əziyyət çəkmələri kəndliləri çətin vəziyyətdə qoyur.

Yem əkilən sahələr azaldığından yem istehsalı da ildən-ilə azalır. Qış aylarında 15-16 kq çəkisi olan quru yonca otundan ibarət bağlamanın 6 manata satılması istehsal olunan südün maya dəyərini qat-qat artırır. Camışlar inəklərə nisbətən çox yem yeyir və fiziki çəkidə az süd verirlər. Yaşlı camışların ətinin satışı çətinliklərlə üzləşir. 400 kq diri çəkisi olan inəklər 1000 manata satıldığı halda, həmin çəkidə olan camışlar 400-500 manata satılır.

Camışların soyuğa dözümü çox azalmışdır. Təcrübəli camışçılar qış aylarında cavan heyvanların soyuqdan tələf olduqlarını qeyd edirlər. İnəklər 20 dərəcə şaxtaya dözdükləri halda, camışlar 1 dərəcə şaxtada əziyyət çəkirlər. Bu, camış orqanizmində ehtiyat piyin az toplanması ilə əlaqədardır.

Camışlar inəklərə nisbətən tərs heyvanlardır. Onlarla sərt rəftar etmək təhlükəlidir. Keçən əsrin 60-cı illərində Goranboy rayonunun Borsunlu kəndindəki “Oktyabr” kolxozunda respublikada çox məşhur sağıcılardan biri olan Sayat Quliyeva kobud rəftar etdiyinə görə xidmət etdiyi camış tərəfindən ölümcül yaralanmış və sağaltmaq mümkün olmadığına görə vəfat etmişdir.

İri camışçılıq təsərrüfatlarında heyvanlar sağıcılara azı 3-4 il müddətinə təhkim edilməlidir. Camış doğmamışdan əvvəl sağıcı onu özünə öyrəşdirir. Bunun nəticəsində camış sağım vaxtı özünü sakit aparır, südünü saxlamır. Belə heyvanları, xüsusilə camış düyələrini balasız saxlamağa öyrətmək asan olur.

Azərbaycanda camışların baş sayının azalması və tənəzzülə uğraması Avropa ölkələrinin camış axtarışına başladığı bir dövrə təsadüf edir. Camış nadir heyvan növü olduğuna görə onları qoruyub mühafizə etmək, məhsuldarlığını artırmaq məqsədilə Ümumdünya Camışçılıq Federasiyası yaradılmışdır.

Federasiyanın prezidenti, əslən Filippindən olan Libertado Kruz və Federasiya prezidentinin müavini Aleko Alekseyev 2001-ci ilin dekabr ayında Azərbaycana dəvət olunaraq ölkədə camışçılığın problemləri və bu sahənin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparmışlar. Aleko Alekseyevin iştirakı ilə Respublika Camışçılar Cəmiyyəti yaradılmışdır. O, Neftçala rayonunda Dilavər Fərəcovun rəhbərlik etdiyi fermada və “Daşüz” camışçılıq müəssisəsində olaraq, bu təsərrüfatların rəhbərlərinə öz məsləhət və tövsiyələrini vermişdir.

2002-ci ildə respublikada camışların süni mayalandırılmasına başlanılmışdır. Bunun üçün İran İslam Respublikasının Urmiya şəhərindəki Süni Mayalanma Mərkəzindən 750 doza Mazandaran camışlarının toxumu gətirilmişdir. İranın camışçılıq üzrə süni mayalama mütəxəssisləri Zeynalabdin Bidari, Həsən Çıraği və Vahid Şəfipur Azərbaycana dəvət olunmuş və onların rəhbərliyi altında Yevlax rayonunda təşkil olunmuş kursda süni mayalama texniklərinə camışların süni mayalandırılması texnologiyası öyrədilmişdir. İranlı mütəxəssislər eyni zamanda Süni Mayalanma Mərkəzində yüksək məhsuldar “Mürrah” cinsindən olan camış kəllərindən toxum alınması metodu ilə tanış olmuş və bu sahədə olan yeniliklər barədə yerli kadrlara öz tövsiyələrini vermişlər. Camışlar “narahat” heyvan olduqlarına görə onların süni mayalanması çox çətinlik törədir və bu məqsədlə onların buxovlanması (fiksasiyası) ustalıq və gərgin zəhmət tələb edir.

Camışların süni mayalanması ağır bir iş olsa da, heyvandarlıqda dövlət siyasətinin tərkib hissəsi kimi bu zəruri iş uğurla həyata keçirilməlidir. Bunun üçün süni mayalama texniklərinin peşəkar olmalarına və ixtisaslarını mükəmməl bilmələrinə nail olmaq lazımdır.

Yerlərdə aparılan araşdırmalardan müəyyən edilmişdir ki, təsərrüfatlarda camış kəlləri çatışmır. Xüsusilə ailə-kəndli və ev təsərrüfatlarında 1-3 baş camış üçün kəl saxlamaq maliyyə cəhətdən sərfəli deyildir. Elə buna görə də kəllərin çatışmaması ucbatından camışlar illərlə qısır qalırlar. Hesablamalar göstərir ki, bir baş kələ 25-30 baş əvəzinə 60-70 baş camış düşür ki, bu da qısırlığı yaradan başlıca səbəblərdən biridir.

Respublikada 121402 baş ana camış və 2,5-3 yaşından böyük camış düyələrini mayalandırmaq üçün 4856 baş əvəzinə 1868 baş kəl vardır. Əslində çatışmayan kəlləri süni mayalama əvəz etməlidir. Ona görə də camışçılıqda süni mayalamanın yaxşılaşdırılması sahəsində çox görülməlidir.

Camış südünün satılması da çox vacib məsələlərdən biridir. Satışda 3,5-3,7 faiz yağlılığında 1 litr inək südü yağlılığı 12 faiz olan 1 litr camış südü ilə bərabər tutulur və hər iki növ süd 1 manata satılır. Əslində yağlılığı 12 faiz olan camış südünün 1 litri 2,5 manata satılmalıdır. Südü və əti ucuz qiymətə satıldığı üçün bir çox təsərrüfatçılar camış saxlamağın sərfəli olmadığını nəzərə alaraq camışçılıqdan əl çəkib təsərrüfatlarını ləğv etmişlər. Süni yaradılmış bu boşluq camışçılığa subsidiya verməklə aradan qaldırıla bilər.

Camış qatığının əvəzsiz ağartı olduğunu yuxarıda qeyd etmişdik. Respublikada belə bir fikir formalaşmağa başlamışdır ki, camış qatığı insanlarda xərçəng xəstəliyinin qarşısını alan yüksək keyfiyyətli qida məhsuludur. Ona görə də Bakı şəhərində camış məhsulları almaq üçün ayrıca ixtisaslaşdırılmış mağazanın yaradılması zərurəti meydana çıxmışdır. Belə ixtisaslaşdırılmış mağazalar Qahirədə, Dehlidə və Sofiya şəhərlərində mövcuddur və bu təcrübədən Bakı şəhərində də istifadə olunmalıdır.

Camışlar inəklərə nisbətən kobud formalı bədən quruluşuna malik heyvanlardır. Möhkəm və müxtəlif xəstəliklərə davamlı olan immunitetli konstitusiya tipi əmələ gəlmişdir. Camış öz konstitusional xüsusiyyətlərinə görə müxtəlif mühit şəraitinə və çətinliklərə tezliklə uyğunlaşan davamlı heyvandır.

Tarixi bir faktı yada salmaq yerinə düşər. Camışların xarici görünüşü, süd məhsuldarlığının inəklərə nisbətən az olması, daha çox qaba yemlər yeməsi, tez-tez çimizdirilməsi Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi S.V.Kozlovun xoşuna gəlmirdi. O, 1973-cü ildə Mərkəzi Komitənin keçirdiyi müşavirələrin birində bu “kobud heyvanın” saxlanmasına lüzum olmadıını bildirmişdi. S.V.Kozlov camışçılığın respublikada ləğv olunmasını təklif edirdi. Yarıtmaz işləyən, heyvandarlıqdan başı çıxmayan bəzi rayon rəhbərləri elə himə bənd imiş kimi camışları ətliyə təhvil verməklə əsrlərin sınağından çıxmış bu dözümlü heyvanların baş sayını azaltmağa başladılar. Əlbəttə, camışçılıq sahəsində böyük zəhmətləri olan alimlərdən A.Ağabəyli və Z.Verdiyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin yanında olub S.V.Kozlovun yanlış fikirdə olduğunu dəlillərlə sübut etdilər və bununla da camışçılıq “repressiya”dan azad olundu. O vaxt kəndlilər tərəfindən S.V.Kozlova “camış cəlladı” adı verilmişdi.

Respublikada camışçılığı inkişaf etdirmək üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sabiq baş direktoru Jak Diuf və bu təşkilatın Mərkəzi Asiya üzrə subregional rəhbəri Mustafa M.Sinaserə dəfələrlə məktubla müraciət olunaraq Azərbaycanda iri camışçılıq müəssisələrinin birində damazlıq işini yenidən qurmaqla nümunəvi pilot təsərrüfatının yaradılması ilə əlaqədar layihənin həyata keçirilməsi barədə təklif verilmişdir. Həm də xahiş olunmuşdur ki, FAO-nun xətti ilə Türkiyənin Camlı bölgəsində camışçılıqda damazlıq işini həyata keçirən İtaliyanın “Konsorsio projekt-buffalo” şirkətinin eksperti, dünyada camışçılıq üzrə ən məşhur alim kimi tanınmış Borgeze Brunonun Azərbaycanda təklif olunan layihəyə rəhbərlik etməsinə lazımi köməklik göstərilsin. Bizim təklifimizə əsasən FAO tərəfindən İtaliyadan Azərbaycana bir neçə dəfə ekspertlər göndərildi. Nazirliyin təklifinə əsasən 10-12 rayonda camışçılığın hazırkı vəziyyəti geniş təhlil olundu. Ən nəhayət, 2013-cü ildə FAO tərəfindən Azərbaycanda iri camışçılıq təsərrüfatlarının birində damazlıq işinin beynəlxalq standartlar səviyyəsində qurulması barədə layihənin həyata keçirilməsinə razılıq verildiyi böyük sevinclə qarşılandı. Lakin söz verilmiş həmin layihə indiyədək işə salınmamışdır.

Xatırlatmaq yerinə düşərdi ki, 1982-ci ildə Azərbaycan hökuməti camışçılıqda damazlıq işinə yeni təkan vermək məqsədilə 5 damazlıq dövlət təsərrüfatının yaradılması barədə qərar qəbul etmişdir: Şəki rayonundakı “Daşüz”, Salyan rayonundakı M.B.Qasımov adına, Dəvəçi (indiki Şabran), Zərdab və Xanlar (indiki Göygöl) damazlıq dövlət camışçılıq təsərrüfatları.

“Azərdamazlıq” Elm-İstehsalat Birliyinin dağıdıcı mövqeyi nəticəsində ən iri damazlıq təsərrüfatlarından olan Salyan rayonundakı M.B.Qasımov adına camışçılıq təsərrüfatı özəlləşdirildi. Zərdab damazlıq dövlət camışçılıq müəssisəsində olan 800 baş camışdan cəmi 70 baş qaldı. Buradakı tövlələr söküldü, daşları və taxtaları satıldı. Dəvəçi camışçılıq təsərrüfatı da bərbad hala düşmüşdür. Direktorlar tez-tez dəyişdirildiyindən bu təsərrüfatların quruca adı qalmışdır.

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun yaxınlığında yerləşən camışçılıq üzrə Göygöl damazlıq dövlət təsərrüfatının bərbad vəziyyətdə olması elmin istehsalatdan uzaq düşməsinin bariz nümunəsidir. Az-çox heyvan Ümumittifaq kənd təsərrüfatı ensiklopediyasına düşən, nəinki SSRİ-də, hətta dünyada çox məşhur olan “Daşüz” camışçılıq təsərrüfatında qalmışdır.

Bu müəssisələrə başqa yerlərdən camış gətirilməməsi nəticəsində heyvanlarda qan təzələmə tədbirlərinin aparılmaması, qohumluqda yetişdirmənin geniş yayılması nəticəsində heyvanlar arasında cırlaşma getmiş, qısırlıq artmış, camışların eksteryer quruluşunda olan nöqsanlar daha da dərinləşmişdir.

Respublikada camışların baş sayının azalmasının qarşısını almaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

- heyvandarlığın müxtəlif sahələrində yaradılmış ictimai birliklərin, o cümlədən Respublika Camışçılar Cəmiyyətinin fəaliyyətlərini yaxşılaşdırmaq üçün əlverişli şəraitin yaradılması imkanlarına baxılması;

- 10 başdan çox camış saxlayan təsərrüfat başçılarının respublika müşavirəsinin keçirilməsi və bu müşavirədə camışçılığın iqtisadi əhəmiyyəti barədə ətraflı dialoqun başlanması;

- mərkəzi icra orqanlarının, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin camışçılıq təsərrüfatlarının başçıları ilə əlaqələri möhkəmləndirmələri, onların ehtiyaclarına və problemlərinə qayğı ilə yanaşmaları üçün birgə fəaliyyətin təmini;

- camışçılıqda damazlıq işini yaxşılaşdırmaq məqsədilə Hindistanın iş təcrübəsindən istifadə edərək “Aqrolizinq” ASC vasitəsilə Bolqarıstandan, Pakistandan, Hindistandan və Misir Ərəb Respublikasından 500 baş yüksək məhsuldar “Mürrah” cinsindən olan camış kəlləri gətirib kənd və qəsəbə bələdiyyələrinə satmalı və mələz heyvanlar almaq üçün bu kəllərlə ailə-kəndli və ev təsərrüfatlarında olan yerli camışların planauyğun şəkildə cütləşdirilməsi zərurətinə baxılmalıdır;

- Respublika Süni Mayalanma Mərkəzində “Mürrah” cinsindən olan camış kəllərindən alınan yüksək keyfiyyətli toxumlarla süni mayalama işi genişləndirilməlidir;

- camışçılıqda damazlıq işi tətbiq olunmalı, bu heyvanların eksteryerində (xarici görünüşündə) və genotipində olan nöqsanlar aradan qaldırılmalıdır. Camışların bədən quruluşundakı nöqsanlardan geri hissənin şişliyi, qısalığı və sallaqlığı, ayaqların əyrilyi, gövdənin qısalığı, döşün ensizliyi və dayazlığı, süd məhsuldarlığının azlığı, ət liflərinin bərkliyi, camış qatığının inək qatığına nisbətən tez turşuması damazlıq işi vasitəsilə aradan qaldırılmalıdır. Bu yolla bədəndə əzələlərin yeri genişlənər, camışın diri çəkisi, həm də süd məhsuldarlığı arta bilər;

- camışçılıqda yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə Türkiyənin təcrübəsindən istifadə edib 5 başdan 50 başadək ana camış saxlayan ailə-kəndli, ev, fərdi təsərrüfatlara və kənd təsərrüfatı müəssisələrinə hər baş ana camışa görə 80 manat subsidiya verilməsi məsələsinin gündəmə gətirilməsi çox yaxşı olardı. Hər baş ana camışa görə 50 başdan 100 başadək ana camış saxladıqda 40 manat, 100 başdan çox ana camış saxladıqda isə 20 manat subsidiya verilməsi imkanlarına baxılması təklif olunur. Bu tədbirin həyata keçirilməsi camışçılığın inkişafına yeni təkan verər və bu sahənin modernləşdirilməsini sürətləndirərdi.

Vacib bir məsələyə də toxunmaq istəyirik. Məncə, sovet dövründə özünü doğrultmuş, xalq tərəfindən təqdir olunan müsbət təcrübələrdən geniş istifadə olunmalıdır. Bildiyimiz kimi, kənd təsərrüfatı hamını yedizdirdiyindən sovet dövründə kənd təsərrüfatı ümumxalq işi hesab olunurdu. Hamı - şəhərli də, kənd ziyalısı da bu sahəyə kömək edirdi. Digər sahələrin nazirlikləri kənd təsərrüfatına dair məsələlərin həllini süründürməçiliyə salmadan həll edərdilər. O vaxtlar şəhər və rayon partiya komitələri dövlət planlarının yerinə yetirilməsində əsas və başlıca rol oynayırdı.

Bu bir həqiqətdir ki, yerli icra orqanlarının fəal iştirakı və ciddi tələbkarlığı olmadan əkin torpaqlarının tamamilə istifadə olunması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, heyvanların süni mayalandırılması, yem bitkiləri əkinlərinin su ilə təmin olunması, taxıl sahələrinin vaxtında biçilməsi, torpaqların şumlanması və digər aqrotexniki tədbirlərin optimal müddətlərdə həyata keçirilməsi mümkün olmayacaqdır.

Respublikada zootexniklərin ildən-ilə azalması, bir çoxlarının yaşa dolub sıradan çıxması ciddi narahatlıq doğurur. Zootexniklər heyvandarlığın texnoloqlarıdır, yemləmə, cins yaratma, damazlıq işini quranlardır, bir sözlə, heyvandarlığı idarə edənlərdir.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zootexnik fakültəsinin bağlanmasını, 2014-2015-ci dərs ilində zootexnik şöbəsinə tələbə qəbul olunmamasını normal hesab etmək olmaz. Türkmənistanın təcrübəsindən istifadə edib şəhər və rayon icra hakimiyyətlərinin, ya da Kənd Təsərrüfatı Nazirliyinin təqdimatlarına əsasən iri fermer təsərrüfatlarının təqaüdü hesabına ADAU-ya zootexnik, baytar və aqronomiya fakültələrinə gənclərin qəbul edilməsi və kənd üçün mütəxəssislərin hazırlanması həllini gözləyən çox vacib məsələlərdən biridir. Dövlət tərəfindən həmin tələbələrə təqaüd verilməsi məsələsinin də nəzərdən keçirilməsi məqsədəuyğun olardı.

Camışçılıqda ortaya çıxan problemləri həll etmək mümkündür və bu problemlər həll olunmalıdır. Kənd təsərrüfatı naziri Heydər Əsədov təşəbbüskar, başladığı işi axıra çatdıran, innovativ yeniliklərin tətbiq olunmasına çalışan rəhbər işçidir. Bilavasitə onun rəhbərliyi altında nazirlikdə qayda-qanun daha da möhkəmlənmiş, yeni struktur istehsalata yaxınlaşdırılmış və kənd təsərrüfatının müasir səviyyəsinə uyğunlaşdırılmışdır. Sadəcə, nazirliyin müvafiq şöbələri heyvandarlığın, o cümlədən camışçılığın problemləri barədə naziri vaxtı-vaxtında məlumatlandırmalı və mövcud nöqsanların aradan qaldırılmasına dair təkliflər verməli, problemlərin həllinə birgə səylə nail olunmalıdır.

Camışçılıqdan söhbət açarkən ömrünü respublikada camışçılığın inkişafına sərf etmiş dünya şöhrətli alimlərdən Ağaxan Ağabəylini, Zülfüqar Verdiyevi, Cahangir Axundovu, Turan Turabovu, Fikrət Abdinovu və digər tanınmış alimləri yada salır və onların xatirəsini əziz tuturuq.

 

Çingiz FƏRƏCOV,

heyvandarlıq, damazlıq işi və otlaqlar üzrə ekspert,

respublikanın Əməkdar kənd təsərrüfatı işçisi

Azərbaycan.-2015.- 30 yanvar.- S.9-10.