Budapeştdə “Qafqazın parlayan ulduzu

 Azərbaycan”  kitabının təqdimatı olub

 

 

Macarıstanın Budapeşt şəhərində “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi, Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfrans keçirilib.

Konfransda “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və macar tarixçisi Borbala Obruzanskinin həmmüəllifləri olduğu “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev tədbirdə çıxış edərək deyib ki, bir neçə il bundan əvvəl Avropada insanlar düşünürdülər ki, savaş, terror ancaq Afrikada və digər yerlərdə ola bilər. Amma indi terror Avropanın mərkəzinə yol açıb. Bütün bunların qarşısının alınması üçün ziyalıların fəaliyyəti vacibdir. Hər bir vətəndaşdan sayıqlıq, zora qarşı mübarizə aparmaq tələb olunur.

Bildirilib ki, bu il Türkiyə Çanaqqala savaşının 100 illiyini qeyd edəcək. Eyni zamanda, qondarma “erməni soyqırımı”nın “ildönümü” də qeyd olunacaq. Məlumdur ki, 1915-ci ildə Türkiyədə soyqırımı olmayıb. Bu kimi əsassız iddialarla mübarizə aparılması üçün diplomatlar, elm adamları ciddi fəaliyyət göstərməlidirlər. Azərbaycanın Macarıstandakı səfirliyinin əsas istiqamətlərindən biribu olub. Səfir bildirib ki, “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabı Azərbaycanın Macarıstanda tanıdılması baxımından önəmli rol oynayacaq.

Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı deyib ki, Azərbaycan son illərdə sürətlə inkişaf edən ölkəyə çevrilib. “Bir neçə dəfə Bakıda olmuşam. Bakı çox gözəl şəhərdir və hər birinizə orada olmağı tövsiyə edirəm”, - deyə səfir əlavə edib.

Macar jurnalist Borbala Obruzanski Azərbaycanın sürətli inkişafından, ölkənin tarixi, mədəniyyəti, mətbəxindən danışıb və kitabı təhlil edib.

Ceyhun Ələkbərov isə çıxışında bildirib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa vurulmuş ən dəhşətli zərbədir. Faciənin dəhşətlərini yaşamış birisi olaraq, o gün haqqında danışmaq və onu göz önünə gətirmək mənim üçün heçasan deyil. Xocalı faciəsi bütövlükdə insanlığa qarşı həyata keçirilmiş soyqırımı aktıdır.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində artıq erməni yalanları ifşa olunmaqdadır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində fəaliyyətlər mühüm nəticələr verməkdədir. Lakin dünyada mövcud olan ikili standartlar səbəbindən Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də lazımi səviyyədə hüquqi qiymət verilməyib.

Diqqətə çatdırılıb ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu Macarıstan-Azərbaycan əlaqələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Həmişə haqqın və ədalətin yanında olan Macarıstan dövlətinin Xocalı soyqırımına hüquqi qiymət verəcəyinə ümid edirik”.

 

Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov isə erməni yalanlarından danışıb, ermənilərin tarixi necə saxtalaşdırması ilə bağlı faktları diqqətə çatdırıb.

 

Tədbirdə macar alimləri də Azərbaycanla bağlı fikirlərini bölüşüblər.

 

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2015.- 30 yanvar.- S.8.