Qubadlının tarixini yaşadan məkan

 

1993-cü il avqustun 30-u Qubadlının tarixinə qara hərflərlə yazılıb. Həmin günü xatırlamaq belə kədərlidir. Yurd yerlərini məcburi tərk edən insanların müsibətlərini, iztirablarını görmək çətindir. Çünki o gün 30 mindən çox Qubadlı əhalisi el-obasından didərgin düşüb. 22 ildir ki, qubadlılılar doğma yurdun həsrəti ilə yaşayır geri dönəcəkləri günü gözləməkdən, rayonun yeraltı, yerüstü sərvətləri isə erməni işğalçıları tərəfindən talan edilməkdədir.

Qədim Azərbaycanın yaşayış məskənlərindən olan Qubadlının tarixi məcburi köçkünlük şəraitində belə öyrənilir, araşdırılır.

Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il may ayının 6-da  fəaliyyətə başlayıb.

Rayonun ictimaiyyəti, idarə müəssisələrin işçiləri, məktəblilər muzeyə gəlir eksponatlarla yaxından tanış olur, lazımi anlarda öz köməkliklərini göstərirdilər. Nəticədə muzeyin fondu daha da zəngiləşdirildi. Burada müxtəlif mövzularda kütləvi tədbirlər keçirilirdi.

Köçkünlük həyatının ilk illərində Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi Sumqayıt şəhərindəki 28 May Mədəniyyət Sarayında yerləşirdi. Sahəsi 20 kvadratmetrlik bir otaqda darısqallıq üzündən eksponatlar üst-üstə yığılmışdı.

- Çətinlik həddən artıq çox idi, - muzeyin direktoru Vaqif  Babayev bildirir:

- Bu o zamanlar idi ki, camaatımız  yağışdan, qardan qorunmaq üçün yer axtarırdı. Biz Qubadlıdan  çıxanda eksponatların bəzilərini təşkilat rəhbərlərinə özləri ilə aparmağı tapşırmışdıq.  Qarışıq zamanda hərə bir tərəfdəydi. Eksponatları bir yerə toplamaq, onu qorumaq üçün isə zaman lazım idi.

1993-1996-cı illər ərzində muzey əməkdaşları siyahı əsasında rayonun təşkilatlarında, şəxsi adamlarda olan eksponatları toplayırlar. Rayon icra hakimiyyəti aparatı muzeydə qeydiyyatı olan  bütün eksponatların geri qaytarılmasına yaxından kömək etdi. V.Babayev söhbətinə davam edir:

- 28 May Mədəniyyət Sarayında bizə verilən otaqda yaşı yüz illərlə ölçülən eksponatları topladıqdan sonra  vaxtaşırı Qubadlının Sumqayıtdakı məktəbləri ilə əlaqələr yaratdıq. İllər keçdikcə gənclərimizin  Qubadlı  haqqında məlumatlandırılması üçün xüsusi proqram da hazırladıq. Onu da deyim ki, 1998-ci ildən başlayaraq hər tədris ili başlayanda kiçik otaqda da olsa, məktəblilərin ekskursiyalarını təşkil etdik. İşğaldan sonra muzeyin fonduna 600-dən çox eksponat toplaya bildik”.

Nəhayət, muzey əməkdaşları 2013-cü ilin avqustunda tikintisi yenicə  başa çatan Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında onlar üçün ayrılan yerə köçürlər. Hazırda işıqlı, geniş otaqlarda yerləşən muzey normal şəkildə fəaliyyət göstərir. Burada 700-dən artıq eksponat toplanıb, rayonun işğal altında olan 93 kəndi barədə geniş məlumat yığılıb. Muzeyin girəcəyində respublikamızın dövlət atributları yerləşdirilib. Böyük zalda müxtəlif guşələr var. “Heydər Əliyev Azərbaycanguşəsində ulu öndərin həyat fəaliyyətini əks etdirən fotoşəkillər diqqəti cəlb edir. Ümummilli liderin Qubadlı rayonunun sakinləri ilə görüşlərindən xatirə şəkilləri muzeyin bəzəyidir desək, səhv etmərik.  Burada həmçinin Qubadlı şəhidləri, rayonun ictimai həyatında mühüm rol oynamış insanlar barədə məlumat var.

Eksponatlar içərisində mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkids.) ziyarətçilərin daha çox marağına səbəb olur. Muzeydə həmçinin əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları numayiş etdirilir. Burada milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanılır.

Muzeyə gələnlər Qubadlının tarixi ilə yaxından tanış olur, işğal altında olan rayonun kəndləri, relyefi, təbii sərvətləri, mədəniyyət ocaqları haqqında məlumat alırlar. Ətraf şəhər və rayonların nümayəndələri də vaxtaşırı muzeydə olurlar. V.Babayev bildirdi ki, yaxın bir neçə ay ərzində Qubadlı və  Sumqayıtla yanaşı, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının mədəniyyət işçiləri də buranı ziyarət ediblər.

Onu da öyrəndik ki, yeni binaya köçəndən sonra isə Sumqayıtdakı Qubadlı məktəblərinin şagirdləri tarix  dərslərini çox vaxt bu muzeydə keçirlər.

Bu gün Qubadlı işğal altındadır. Unutmayaq ki, ötənlərin yadigarı olan hər nə varsa qorunmalıdır. Çünki tariximizi, mədəniyyətimizi, mənəviyyatımızı yaşadan dünənimizdir, sabahımıza açılan yolun bu günüdür. Oradan başlayan keçmiş olduğu kimi qorunmalı və  gələcək nəsillərə ötürülməlidir. Qorunan ənənələr isə sabah üçün olduqca gərəkdir!

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 31 yanvar.- S.7.