Əmək və əhalinin sosial müdafiəsi naziri

Xırdalan şəhərində vətəndaşları qəbul edib

 

Növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədilə ayrılan ilkin vəsait hesabına bu il ümumilikdə 1031 mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da nazirliyin Abşeron Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edərkən məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, qəbulda Səlim Müslümov bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binasının, eləcə də reabilitasiya əhəmiyyətli bir sıra yeni sosial obyektlərin də istifadəyə veriləcəyini bildirib.

Qəbul zamanı Abşeron, Qubadlı, Xızı rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər əsasən mənzil təminatı, münasib işlə, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı olub.

Nazir Səlim Müslümov tərəfindən bir sıra şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmalarına, peşə reabilitasiyasına cəlb edilmələrinə, eləcə də araşdırılması müəyyən vaxt tələb edən məsələlərin qısa vaxtda araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib. Həmçinin ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret yerləri müəyyən edilib və onların həmin yerlərində işlə təmin olunmalarına köməklik göstəriləcəyi bildirilib.

Müharibə əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunmaq üçün yerli icra hakimiyyətləri tərəfindən növbəyə götürüldüyü diqqətə çatdırılıb, eləcə də buya digər təminat növü ilə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbul zamanı ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı, minik avtomobilləri ilə təmin olunma barədə müraciətlər azlıq təşkil edib.

S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xızı rayonundan və Sumqayıt şəhərindən qəbula yazılmış vətəndaşların, həmçinin Qubadlıdan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdən xüsusi ayrılmış nəqliyyatla Abşeron Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə aparılıb gətirilmələri təmin edilib.

 

Azərbaycan.-2015.- 31 yanvar.- S.2.