Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında

 əməkdaşlıq məsələləri müzakirə edilib

 

Amerika Birləşmiş Ştatlarında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 29-da BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq məsələləri, xüsusilə qarşıdan gələn 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə edilib. Ali nümayəndə Azərbaycanı sevdiyini, Prezident İlham Əliyevin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəm və dəstəyin onda dərin təəssürat yaratdığını qeyd edib.

Nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” və Foruma Alyansın və şəxsən ali nümayəndənin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir əvvəlki iki forumda olduğu kimi, cari ilin may ayında keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığında bütün tərəfdaş beynəlxalq qurumların, eləcə də Alyansın xüsusi rolunu yüksək qiymətləndirdiklərini söyləyib.

Görüşdə vurğulanıb ki, növbəti Forum hazırda dünyada artan ekstremizm və anlaşılmazlıqların aradan qaldırılması üçün ideya və təşəbbüslərin platforması kimi ciddi funksiyanı yerinə yetirməli və bu istiqamətdə bütün tərəfdaşlar birgə işləməlidir.

Ali nümayəndə 3-cü Dünya Forumunda iştirak edəcəyini və ölkə rəhbərliyi ilə görüşmək arzusunda olduğunu diqqətə çatdırıb.

Sonda nazir Azərbaycan mədəniyyətinin bir nümunəsi kimi Nasser Abdüləziz Al-Nassirə xalça hədiyyə edib.

 

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

Azərbaycan.-2015.- 31 yanvar.- S.4.