İsmayıl Alper Coşqun: Azərbaycan-Türkiyə
münasibətlərinin
inkişafı üçün
çox güclü siyasi iradə və sağlam zəmin var
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən məsələlər müzakirə olundu. Mətbuata bəyanatda da bildirildi ki, qarşıya çox böyük hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün iki qardaş ölkə arasındakı əməkdaşlıqda hansı yeniliklər gözlənilir?
- Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları Türkiyə ilə Azərbaycan arasındakı işbirliyinin çox mühüm təşkilati əsasına çevrilib. Bu dəfə Şuranın dördüncü iclası keçirildi. İclaslar çərçivəsində həm prezidentlərin təkbətək görüşləri, həm də müxtəlif məsələlərlə əlaqədar nazirlərin ikitərəfli görüşləri olur. Bir il boyu ölkələrimizə ediləcək qarşılıqlı səfərlərdə müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılır. Sonra prezidentlərin rəhbərliyi ilə, belə demək mümkündürsə, ortaq Nazirlər Kabineti iclası keçirilir. İclasda prezidentlər keçirdikləri görüşlərdə müzakirə olunan məsələlər, gələcək fəaliyyətin əsas istiqamətləri barədə məlumat verir, hökumət üzvlərinə təlimatlandırırlar. Nazirlər isə keçirdikləri görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verirlər. Beləliklə, həm əvvəlki illərdə qəbul olunan qərarlar və görülən işlər dəyərləndirilir, həm də gələcək fəaliyyətlə bağlı müzakirələr aparılır. Bu, ikitərəfli əlaqələrimiz baxımından çox güclü baza təşkil edir. Eyni zamanda, əlaqələrimizin bütün istiqamətlərinin nəzərdən keçirilməsinə şərait yaradır.
Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əməkdaşlıq, hesab edirəm ki, artıq çox yüksək səviyyəyə çatıb. Aramızdakı siyasi əlaqələr lazım olan səviyyədədir. Məncə, ortaq tariximizin, qardaşlığımızın daimi olması üçün hər cür fədakarlıq göstərən insanların, yeni baxış ortaya qoyan şəxsiyyətlərin, o cümlədən ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hazırda bu missiyanı davam etdirən dövlət başçıları Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyələri əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşımıza olduqca mühüm vəzifələr qoyur. Bu baxımdan münasibətlərimizin inkişafı üçün çox güclü siyasi iradə və sağlam zəmin var. Bu, çox sevindirici amildir.
Bölgədə, bütün dünyada problemlərin, münaqişələrin olduğu bir şəraitdə Türkiyədə və Azərbaycanda möhkəm sabitlik hökm sürür, ölkələrimizdə iqtisadiyyatın inkişafı, əhalinin firavanlığı istiqamətində mühüm işlər görülür. Burada ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri əməkdaşlıqdan təkcə bizim ölkələrimiz deyil, bu bölgə, eləcə də daha geniş coğrafiya faydalanacaq.Qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Bu baxımdan TANAP layihəsini xüsusilə qeyd etmək istəyirəm. Bu, Türkiyə və Azərbaycan üçün vacib layihədir. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti “Şahdəniz” yatağında bp-dən sonra ikinci ən böyük sərmayəçidir. Bu, bizim həmin layihəyə verdiyimiz əhəmiyyətin, Azərbaycan ilə hər sahədə olduğu kimi, enerji sahəsində də ortaq taleyimizin parlaq göstəricisidir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında da dövlət başçıları və əlaqədar nazirlər TANAP layihəsi ilə bağlı işlərin nəzərdə tutulduğundan da sürətlə görüldüyünü vurğulayaraq, sonrakı mərhələlərdə həyata keçiriləcək məsələlərlə bağlı müzakirələr apardılar.
Bakı-Tbilisi-Qars çox böyük bir layihədir.
Belə böyük layihənin
reallaşdırılmasında müxtəlif texniki səbəblərdən
gecikmələrin olması normaldır. Bunu deyə bilərəm
ki, dəmir yolunun Türkiyə hissəsində işlərin
90 faizi artıq yekunlaşmaq üzrədir. Gürcüstan ərazisinə
keçən tuneldə işlərin yaxın günlərdə
tamamlanması nəzərdə tutulur. Ümid edirik ki, 2015-ci
ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
reallığa çevriləcək. Bir zamanlar
Bakı-Tbilisi-Ceyhan da əlçatmaz bir xəyal idi. Əgər ümummilli lider
Heydər Əliyev və Türkiyənin o vaxtkı dövlət
rəhbərləri güclü iradə ortaya qoymasaydılar
“Əsrin müqaviləsi” reallaşa bilməzdi. Bakı-Tbilisi-Qars layihəsi də eyni şəkildə
həyata keçirilir.
Bu layihə Azərbaycan və Türkiyə arasında
yeni əməkdaşlıq imkanları yaradacaq. Odur ki, iclasda
və görüşlərdə Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin istifadəyə verilməsi ilə nəqliyyat,
ticarət sahəsində Azərbaycanın, Türkiyənin,
Gürcüstanın, ümumilikdə regionun və digər
coğrafiyaların faydalanmaq imkanları müzakirə olundu.
Ümumiyyətlə, qarşıdakı dövrlərdə
enerji ilə yanaşı, nəqliyyat sahəsində də Azərbaycan
və Türkiyə başda olmaqla, digər dövlətləri
də əhatə edən əhəmiyyətli işlər
görüləcək.
Əlbəttə, görüşlərdə dünyada
baş verən prosesləri, xüsusilə də bizi ən
çox narahat edən məsələləri, əsasən də
Dağlıq Qarabağ münaqişəsini müzakirə
edirik. Dağlıq Qarabağ problemi bu iclasda da müzakirə
olundu. Biz status-kvonun qəbuledilməzliyi, işğala dərhal
son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh
yolu ilə həlli istiqamətində Azərbaycanın
mövqeyini tamamilə dəstəkləyirik.
İclasda, həmçinin Türkiyəyə və Azərbaycana,
türklərin ortaq tarixinə ləkə atılmasına, eləcə
də belə cəhdlərə qarşı birgə
mübarizə tədbirləri də müzakirə olundu. Azərbaycan və
Türkiyə, eyni zamanda, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasında, eləcə də
türk dünyasını bir araya gətirən qurumlarda
çox fəal ölkələrdir. Ortaq
mədəniyyətimizin qorunması, tanıdılması və
inkişafı istiqamətində birlikdə görə biləcəyimiz
işlər ətrafında fikir mübadiləsi
aparıldı.
Bilirsiniz
ki, bu il Türkiyə “G-20”yə ev sahibliyi
edəcək. Bu, Türkiyəyə digər bir
ölkəni həmin tədbirə qonaq kimi dəvət etmək
hüququ verir. Türkiyə də bu məsələdəki
yeganə haqqını Azərbaycan üçün istifadə
etdi. Bu da təbiidir. Məmnunluqla
qeyd etmək istəyirəm ki, bu məsələ ilə
bağlı Türkiyədə çox da geniş müzakirələr
aparılmadı. Bu, bütün dövlət
qurumlarının dəstəyi, eləcə də siyasi iradə
nəticəsində Türkiyə üçün
rahatlıqla qəbul olunan bir qərar oldu. Çünki Azərbaycan və Türkiyə
qardaş ölkələrdir. Biz Azərbaycanı
daim hər yerdə yanımızda görmək istəyirik.
Bu, bizim qardaşlıq borcumuzdur. Biz, eyni zamanda, bugünkü Azərbaycandan güc
alırıq. Azərbaycanın bizim
yanımızda olması bizə yalnız qürur vermir, eyni
zamanda, Türkiyənin gücünə güc qatır.
Beləliklə də, “G-20”yə sədrliyimiz
dövründə Azərbaycan ilə birlikdə dünya məsələlərinə
fayda verməyə çalışacağıq.
2014-cü
il əməkdaşlıq baxımından
çox zəngin olub. Səfir olaraq bundan
qürur duyuram. 2015-ci il daha zəngin
il olacaq. Belə də olmalıdır. Bu, məni çox məmnun edir. İki ölkənin
prezidentləri, hökumət nümayəndələri,
dövlət təmsilçiləri bir-biri ilə çox
yaxın əməkdaşlıq ruhunda, Azərbaycan və Türkiyə,
xalqlarımız, bölgə üçün iş görmək
düşüncəsi ilə fəaliyyət göstərirlər.
Bu, çox mühüm məsələdir.
Əlaqələrimizin yüksək səviyyəyə
çatdığını söyləyərkən bunu nəzərdə
tuturdum.
Dövlət nümayəndələrinin üzərinə
xüsusilə böyük məsuliyyət düşür. Xalqlarımızdan
gələn birlikdə hərəkət etmək iradəsi,
qardaşlıq hissi ən yüksək səviyyədə
siyasi iradə ilə möhkəmləndirilib, qarşıya dəqiq
hədəflər qoyulub. O hədəflərə
doğru Azərbaycan ilə birlikdə irəliləyəcəyik.
- Azərbaycan
və Türkiyə arasında hərbi sahədə də
yüksək səviyyəli əməkdaşlıq
mövcuddur. Prezident İlham Əliyevin
Türkiyəyə səfəri çərçivəsində
bu məsələ ətrafında da müzakirələr
aparıldı. Bu sahədə əməkdaşlığın
daha da gücləndirilməsi üçün hansı
addımların atılması nəzərdə tutulur?
-
Müdafiə sahəsində imkanlarımızı
artırmağa ehtiyac var. Buna bir ölkənin təhlükəsizliyini
qorumaq iqtidarına malik olması nöqteyi-nəzərindən
baxmaq lazımdır. Türkiyə yerləşdiyi
bölgənin qeyri-sabit olması səbəbindən bu sahədə
çox mühüm təcrübə qazanıb.
Azərbaycan ərazisinin 20 faizi işğal
altındadır. Buna görə də hərbi
gücünü, müdafiə qabiliyyətini, manevr
imkanlarını artırmaq Azərbaycanın haqlı hədəfidir.
Azərbaycanda bu istiqamətdə çox önəmli
işlər görülür. Türkiyə
hər sahədə olduğu kimi, müdafiə sahəsində
də hər zaman Azərbaycan ilə sıx əməkdaşlıq
edib. Azərbaycanın müəyyən
etdiyi hədəflərə Türkiyə olaraq töhfə
verməyə hazır olduğumuzu daim söyləmişik və
bunun üçün çalışmışıq.
Bu iş hazırda da davam etməkdədir.
Türkiyədə müdafiə sənayesi çox
sürətlə inkişaf edir. Müdafiə sənayesinin
və iqtisadiyyatın inkişafı bir-biri ilə
bağlı, bir-birindən asılı prosesdir. Qarşıda öz tanklarımızı,
döyüş təyyarələrimizi istehsal etmək hədəfləri
dayanırdı. Artıq öz helikopterlərimizi
istehsal edirik.
Azərbaycan ilə Türkiyədə toplanan bu
ehtiyatlardan, ortaq istehsaldan necə istifadə edə bilərik? Azərbaycan Silahlı
Qüvvələrinin ehtiyaclarını ödəmək,
Türkiyənin bu baxımdan verə biləcəyi, eləcə
də Türkiyənin Azərbaycandan yararlanmaq imkanları, -
burada böyük işlər görülür, müdafiə
sənayesi inkişaf edir, Azərbaycan bu baxımdan xeyli
işlər görür, - qısası, biz Azərbaycan ilə
bu sahələrdə birgə iş görmək üzərində
çalışırıq. Prezidentlərin mətbuata
bəyanatlarında da toxunulan önəmli məsələlərdən
biri də bu oldu. Təchizat, müdafiə
sənayesi ilə yanaşı, şəxsi heyətin təhsili
sahəsində, əməkdaşlıq, ortaq təlimlər
istiqamətində də fəaliyyətimizi davam etdiririk.
Bilirsiniz ki, 2014-cü ildə Türkiyənin
“F-16” təyyarələri Azərbaycana gəldi və burada
birgə təlimlər keçirildi. Bu təlimlərin
keçirilməsi davam etdiriləcək. Bu, həm şəxsi
heyətin bir-birini tanıması, həm Silahlı Qüvvələrimizin
birlikdə hərəkət etmək bacarığının
inkişaf etdirilməsi, həm də Azərbaycanın
qarşıya məqsəd qoyduğu NATO standartlarına
çatmasına Türkiyənin töhfə verməsi
baxımından çox faydalıdır. Bütün
bunlar Azərbaycanın və Türkiyənin müdafiə
qabiliyyətini, manevr imkanlarını artıran və beləliklə,
bölgədə sabitliyə töhfə verən məsələlərdir.
- Cənab
səfir, rəsmi Ankara dəfələrlə bəyan edib ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
tapmayanadək Türkiyə-Ermənistan sərhədi
açılmayacaq. Ancaq buna baxmayaraq bu məsələ
vaxtaşırı gündəmə gətirilir. Sizcə bu, nədən qaynaqlanır?
- Azərbaycanın bu məsələyə
həssas yanaşması təbiidir. Amma rahatlıqla deyə
bilərəm ki, Türkiyədə heç bir yerdə - nə
dövlətdə, nə vətəndaşlarımız
arasında qəsdən Azərbaycanın maraqlarına
uyğun olmayan, Azərbaycanı üzən bir plan həyata keçirilə bilməz.
Azərbaycan və Türkiyə
arasındakı əlaqələr daha da gücləndikcə,
təsir mexanizmləri daha da artdıqca, bizim aramıza nifaq
toxumu səpmək istəyənlərin sayı
çoxalır. Qardaş ölkələrimiz
arasındakı bu gözəl münasibətlərə xələl gətirmək
istəyənlər çoxalır. Ona görə
də çox güclü, önəmli və strateji əhəmiyyət
daşıyan əlaqələrimizi birlikdə
qorumalıyıq.
Türkiyə Respublikası Ermənistan ilə sərhədləri
öz iradəsi ilə bağlayıb. Bizim məqsədimiz bölgədə
sülhün və təhlükəsizliyin əldə
olunmasıdır. Bu isə ancaq Azərbaycana
qarşı həyata keçirilən təcavüzün,
işğalın başa çatmasından sonra mümkün
olacaq. Türkiyə dəfələrlə
qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə
həllinin tərəfdarıdır. Azərbaycanı
narahat edəcək hər hansı bir addım
atılmasından isə söhbət gedə bilməz. Biz hər zaman bu mövzunu ətraflı şəkildə
müzakirə edirik, nələr etmək mümkündürsə,
onlara da birlikdə baxırıq. Ümid
edirəm ki, bu regionda haqq-ədalət qələbə
çalar və işğal sona çatar.
Azərbaycan və Türkiyə regionun parlaq gələcəyi naminə
böyük işlər görməyi planlaşdırır. Özlərinə yaxınlaşan hər ölkə
ilə də bunu paylaşmağa hazırdırlar.
- Azərbaycan
və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatında
bildirildi ki, 24 aprel - Çanaqqala döyüşünün
100-cü ildönümü təntənəli şəkildə
qeyd olunacaq. Ermənilər isə həmin tarixdə qondarma
“erməni soyqırımı”nın 100
illiyini qeyd etməyə hazırlaşırlar. Azərbaycan
və Türkiyə icmalarının qondarma erməni
iddialarına qarşı mübarizə istiqamətində
birgə fəaliyyətini yetərli hesab edirsinizmi?
-
Çanaqqala döyüşü Birinci Dünya müharibəsinin
ən önəmli mərhələlərindən biri idi. Hər
il bu döyüş Türkiyədə təntənəli
şəkildə qeyd edilir. O vaxt azərbaycanlı
qardaşlarımızın da gəlib şəhid
olduqları döyüş bu gün bizləri birləşdirən
tarixi hadisədir.
Çanaqqala döyüşünün 100-cü
ildönümü ilə əlaqədar Sülh Zirvəsi
keçirmək, buradan dünyaya bir sülh mesajı vermək
istəyirik. İşğalların baş verdiyi və
böyük silahlı münaqişələrin
yaşandığı bir vəziyyətdə bu mesajın
verilməsi çox önəmlidir. Hər
zaman Türkiyənin yanında olan Azərbaycan da təbii
olaraq bu toplantıya dəvət olundu.
Həmçinin,
bu il ermənilər özlərinin
iddiaları ilə bağlı qondarma “erməni
soyqırımı”nın 100 illiyini qeyd etməyə
hazırlaşırlar. Onlardan fərqli olaraq biz
bu məsələni emosionallıqdan uzaq, ədalətli,
akademik bir məntiq və obyektivlik əsasında
araşdırmağa hər zaman hazırıq. Biz bunu ermənilərdən fərqli olaraq daha rahat
edə bilirik. Çünki bu məsələdəki
tariximizə inanırıq.
Dünyada ortaq tariximizi təhrif etməyə
yönlənmiş fəaliyyətlərə qarşı Azərbaycan və Türkiyə
birlikdə mübarizə aparmaqda qərarlıdır. Bu istiqamətdə fəaliyyəti gücləndirmək
niyyətindəyik. İndiyədək bu məsələ
üzərində o qədər də işləməmişik.
Çünki iddia sahibi deyilik. Amma o da bir həqiqətdir ki, beynəlxalq sistemdə
belə yanlış məlumatlandırmalar təsiredici olub.
Ona görə də həqiqətin deyilməsi
lazımdır. Bu məqsədlə də
biz arxivlərimizi dünyaya açdıq. Azərbaycan bu məsələdə Türkiyənin
ən önəmli tərəfdaşıdır. Ümid edirəm, gələcək illərdə bu
haqda dünyaya doğru məlumatların
çatdırılması istiqamətində önəmli nəticələr
əldə olunacaq.
- Cənab səfir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri çəkilib, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatmaq üzrədir. Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsinin reallaşdırılmasına başlanılıb. Bu qlobal layihələrin əməkdaşlığımızın perspektivlərinə təsirini necə dəyərləndirərdiniz?
- Bəli, təbii ki, Türkiyənin Bakı–Tbilisi–Ceyhan və Bakı-Tbilisi- Ərzurum layihələrində çox uğurlu təcrübəsi var. Bu, bir tərəfdən Azərbaycanın sahib olduğu enerji qaynaqlarının dünya bazarına çıxmasına imkan yaradıb, digər tərəfdən isə istehlakçı olan Türkiyə üçün də çox önəmli olub. Eyni zamanda, tranzit ölkə olaraq Türkiyəyə müəyyən strateji önəm qazandırıb. Beləliklə, bizim regional çərçivədə təşəbbüskarı olduğumuz bu layihələrlə böyük miqyasda nəticələr əldə edilib. TANAP həqiqətən çox böyük layihədir və biz təbii ki, indi bu layihəni həyata keçirməyə çalışırıq. “Şahdəniz” layihəsi buradakı yataqların inkişaf etdirilməsini nəzərdə tutur. Söhbət 20-25 milyard dollar həcmində investisiyalardan gedir. Daha sonra boru kəmərlərinin genişləndirilməsi, Türkiyəyə çatdırılması, Türkiyə üzərindən TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ancaq bilirsiniz ki, iş bununla da qurtarmır. Yəni bu boru kəmərlərinin potensialı daha iri həcmləri də həyata keçirməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, bu kəmər gələcəkdə İranın, Şimali İraqın və Xəzərdəki digər qaz ehtiyatlarının da dünyaya çatdırılmasına hesablanan strateji bir layihədir. Biz bu layihəyə olan inamımızı atdığımız addımlarla - həm “Şahdəniz”dəki, həm də TANAP-dakı hissəmizi artırmaqla ortaya qoyduq. Azərbaycan və Türkiyənin liderliyində əminliklə deyə bilərik ki, layihə uğurla həyata keçiriləcək. İşlər plana uyğun davam etdirilir. Boru kəmərinin tikilmə vaxtı nəzərdə tutulan vaxtda, hətta bir az da əvvəl tamamlanacaq. Bakı-Tbilisi-Ceyhan XX əsrin layihəsi idisə, TANAP da bu əsrin layihəsidir.
Bakı-Tbilisı-Qars dəmir yolu xəttinə gəldikdə isə deyə bilərəm ki, layihə tamamlanandan sonra Azərbaycan sadəcə bir enerji mənbəyi olmaqdan əlavə, tranzit ölkə statusu da qazanacaq. Coğrafi baxımdan nəqliyyatda, ticarətdə, enerjidə, insan və malların tranzitində mühüm rol oynayan ölkə olacaq.
Azərbaycan iqtisadiyyatındakı çoxşaxəli inkişafın da ölkəyə parlaq bir gələcək vəd etdiyinə inanıram. Azərbaycan bir yandan iqtisadiyyatını, bir yandan da insan qaynaqlarını inkişaf etdirir.
Düşünürəm
ki, regionumuz çox fərqli nöqtələrə gələcək
və biz bunu həyəcanla gözləyirik.
Əsəd Məmmədov
AzərTAc-ın
müxbiri
Azərbaycan.-2015.- 31 yanvar.- S.5.