Müəllimlərə qayğı daimidir
Xalqımızın və müstəqil dövlətimizin tarixində silinməz izləri qalan və uzaqgörən siyasəti ölkəmizi bu gün də inkişaf etdirən ümummilli lider Heydər Əliyev demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Müəllimin çox məsuliyyətli, eyni zamanda şərəfli olan əməyi dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir, onların fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər həyata keçirilir. Əlbəttə, bütün bunlar, yəni son illər təhsil işçilərinə, əvəzsiz peşə sahibi kimi tanınan müəllimlərə dövlət qayğısının artırılması təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin bariz nümunəsidir. Son illərin inkişaf göstəricilərinə nəzər salsaq görərik ki, yeni məktəblər tikilir, onlar müasir avadanlıqlarla təmin olunur, təhsilin keyfiyyəti yüksəlir, müəllimlərin sosial-məişət problemlərinin həlli istiqamətində müəyyən dövlət tədbirləri həyata keçirilir.
Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu məsələ əsas hədəflər sırasındadır. Həmin istiqamətdə isə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən səriştə və nəticə əsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılmasının nəzərdə tutulmasıdır. 2014-cü ilin yay aylarından keçirilməsinə start verilmiş müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi bu sahədə atılan ilk addım kimi dəyərləndirilir. Müəllimlərin əməkhaqqının artırılması ilə Azərbaycan hökuməti bir daha beynəlxalq aləmə iqtisadiyyatının nə qədər möhkəm əsaslar üzərində qurulduğunu, onun neftdən asılı olmadığını nümayiş etdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamı bu mənada cəmiyyətdə çox böyük rezonans doğurdu.
Açığı, bu qərar təkcə müəllimlik peşəsi ilə vətəninə xidmət göstərən, yeni nəslin elmli, bilikli, bir sözlə, hərtərəfli yetişdirilməsinə xidmət göstərən müəllimlərlə yanaşı, onların ailələrini də sevindirdi. Adı çəkilən sərəncam dövlətimizin daim müəllimlərin qayğısına qalmaq inamını daha da gücləndirdi. Bu sərəncam müəllim əməyinə göstərilən böyük diqqətin daha bir təzahürüdür. Əlbəttə, onu da unuda bilmərik ki, dövlət başçısının imzaladığı bu sənəd eyni zamanda insanların rifahının daha da yaxşılaşdırılması, onların sosial-məişət qayğılarının azalmasına xidmət edir.
Təhsil naziri Mikayıl Cabbarovun təbirincə demiş olsaq, təhsildə əsas meyar müəllimlə bağlı olmalıdır. Aydındır ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə, təcrübəli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil: “Təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşması əsasən müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsil alanların nailiyyətlərinə əlavə töhfələr verir”.
Yeri gəlmişkən, təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və onların hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Təbii ki, təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar və hərtərəfli biliklərə malik insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.
Müəllimlərin peşəkar inkişafına xidmət edən tədbirlər genişmiqyaslı xarakter daşıyır və eyni zamanda, müəllim hazırlığı sahəsini də əhatə edir. Müəllimlərin hazırlığı ilə bağlı dəyişikliklər nəticəsində kolleclərdə kadr hazırlığı planı köklü şəkildə azaldılıb, bu sahədə əsas üstünlük bir neçə ixtisaslaşmış ali məktəblərə verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir.
Onu da qeyd edim ki, respublikamızda təhsilin inkişafı müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə yetirəcəyimizdən daha çox asılıdır. Özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan təhsili daha da inkişaf edəcək, dünya təhsil sistemində o öz layiqli yerini tutacaq. Buna əminlik yaradan amillər yetərincədir ki, onlardan biri də müəllim peşəsinə ölkədə dövlət tərəfindən layiqincə qiymət verilməsidir.
Dövlətimizin əsas strateji sahələrindən olan təhsilə və bu sahədə çalışan müəllimlərin əməyinə göstərdiyi böyük diqqətə görə Prezident İlham Əliyevə dərin ehtiramla minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, bu dəyərin müqabilində etimadı doğruldaraq cəmiyyətimiz üçün layiqli - hərtərəfli, intellektual dünyagörüşlü yeni nəslin yetişdirilməsi naminə var qüvvə və bacarığımızı əsirgəməyəcək, bu müqəddəs amal uğrunda çalışacağıq.
Sara XANLAROVA,
Bakı şəhəri,
132-134 nömrəli Təhsil Kompleksinin direktoru,
respublikanın əməkdar müəllimi
Azərbaycan.-2015.- 31 yanvar.- S.6.