Elm fədailəri sevir
Xaricdə taninan alimlərimiz
Hər bir insanın arxada qoyduğu həyat və əməl tarixçəsini ömrün yollarına salınan mənəvi izlərdə görmək və oxumaq mümkündür. Tarix boyu hər yerdə və hər zaman alimlərin, elm adamlarının şəxsiyyəti, intellekti, istedadı, həyata baxışı, münasibəti, yaradıcılıq xarakterləri, prinsipləri, elmə gətirdiyi töhfələr müzakirə edilir. Əsl alim ucada dayanır və bütün həqiqətlərə ayıq və oyaq münasibət ifadə edə bilir. Axtarış vüsəti, ideyalar yarışı, düşüncə və fikir cəsarəti, sərbəst polemik meydan onlar üçün ən yaxşı təminata çevrilir.
Elm fədailəri sevir. Bu sahə ilə o insanlar sona qədər məşğul ola bilirlər ki, qarşılarına çıxan hər cür çətinliklərə sinə gərməyi bacarırlar. Alimin hər axtarışı yuxusuz gecələr, narahat gündüzlər, hər tapıntısı alın təri, gərgin zəhmət deməkdir. Kim ki elmi ideyalar sahəsində başqalarını qabaqlamır, o, hər sahədə geridə qalmaq riskini yaşayır. Ona görə də yaradıcı insanlar həyatda yalnız irəliyə doğru addımlayır, yaxşı izlər qoymaq niyyətində olurlar. Mənəvi saflığı, nəcib davranışı, yüksək mədəniyyəti, ləyaqəti, ədalət hissi ilə hamının hörmət və ehtiramını qazanırlar. Məhz Şahnaz Nadir qızı Şahbazova belə seçilmiş alimlərdəndir: işıqlı, təmiz, aydın!
O, Azərbaycan
Texniki Universitetinin professorudur. Bakı Dövlət
Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə
başa vurub. Həmin dövrlərdən
də ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi
ilə məşğul olmağa, öz şəxsi ekspert
sistemini yaratmağa başlayıb. 1995-ci
ildə namizədlik, daha sonra doktorluq dissertasiyasını
müdafiə edib. Əmək fəaliyyəti
və elmi işləri ilk vaxtlardan indiyədək Azərbaycan
Texniki Universiteti ilə bağlı olub.
Az
müddətdə azərbaycanlı alimin uğurları xarici
ölkələrdə də diqqəti cəlb edib. Belə ki, Şahnaz Şahbazova çox keçmədən
Hindistanın Yeni Dehli şəhərində “Proqram təminatı”
kursu qrantını qazanaraq həmin ölkəyə dəvət
olunub. 1999-cu ildə isə Almaniyanın
Zigen Universitetindən təklif alıb. Burada
o, DAAD fondunun təqaüdünə layiq görülüb.
Sonrakı illərin hər birində də Şahnaz
xanım müxtəlif qrantlar, diplomlar və mükafatlarla təltif
olunub. Bunlar təkcə alimin özünə deyil, vətəni
Azərbaycana gətirdiyi uğurlar, nailiyyətlərdir.
Bu, həm də ölkəmizin alimlərinin xaricdə
tanınması, üstəlik, əldə olunan yeniliklərin
ölkənin ali təhsil müəssisələrində
tədrisi, tətbiqi deməkdir.
2002-ci ildən Şahnaz xanım elmi fəaliyyətinin
yeni bir mərhələsinə qədəm qoyur. Belə ki, həmin il o, Azərbaycan Respublikası Lütfi Zadə
adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi
üzvü - akademiki seçilir.
Bu gün alimin elmi fəaliyyəti ABŞ-ın
Kaliforniya ştatının Berkli Universiteti ilə sıx
bağlıdır. 2007-ci ildə Amerika Birləşmiş
Ştatlarının Fullbright proqramını qazanması, bu
universitetdə Lütfi Zadənin rəhbərliyi ilə
apardığı elmi-tədqiqat işləri oradakı fəaliyyətinin
uğurlu nəticələrinin təsdiqidir.
Professor Şahnaz Şahbazova 10 ildən çoxdur qeyri-səlis
məntiqi nəzəriyyənin banisi Lütfi Zadə ilə
çalışır. O, hər il məşhur alimin elmi
irsinə həsr edilmiş Ümumdünya konfransının
baş katibi kimi çıxış edir. Başqa sözlə,
alim bu gün Lütfi Zadənin irsini yaxından öyrənən,
araşdıran və həmin irs
haqqında əsərlər nəşr etdirən müəlliflərdən
biridir. Təsadüfi deyil ki, 2014-cü ildə Şahnaz
Şahbazova Lütfi Zadə adına Elmlər
Akademiyasının vitse-prezidenti seçilib.
Professor Ş.Şahbazova qazandığı nailiyyətlərlə
arxayınlaşmayan alimdir. Məşğul
olduğu elm sahəsini daha dərindən öyrəndikcə
adı-sanı, hörməti də artır. Azərbaycan Respublikasının Prezidenti Yanında
Elmin İnkişafı Fondunun, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin İKT-nin inkişafına yönəldilmiş
əhəmiyyətli layihələrinin dəstəklənməsi
məqsədi ilə keçirilən müsabiqənin qalibi
olması da alim yorulmazlığının, zəhmətkeşliyinin
bəhrəsidir. Bütün bunlar professor
Ş.Şahbazovaya Azərbaycanı Amerikada, Almaniyada,
Türkiyədə, Hindistanda, Macarıstanda, Texasda, Kanadada
layiqincə təmsil etməyə imkan verib. O, 2012-ci ildə
NAFİPS (Şimali Amerika Fuzzy İnformasiya Prosesləri Cəmiyyəti)
Konfranslar Şurasına direktor təyin edilib.
Tanınmış alim bu illərdə elmi məqalələrini,
monoqrafiyalarını kitab şəklində də nəşr
etdirib. Soft
Computing üzrə I Ümumdünya konfransı ilə
bağlı “Soft Computing: Yaradıcı nəzəriyyələrin
vəziyyəti və yeni əlavələr” (Soft Computing:
State of the Art Theory and Novel Applications) adlı birinci kitabda ali elmi məclisə dəvət olunan alimlərin
plenar məruzələri və onların seçilən əhəmiyyətli
məqalələrinin genişləndirilmiş
versiyalarının məcmuəsi dərc olunub. Kitabın
müəllifləri ABŞ-ın Nyu York ştatının
İONA kollecinin direktoru, professor Ronald R.Yager, professor Əli
Abbasov, Kanadanın Edmonton Universitetinin professoru Marek Z.Reformat və
Lütfi Zadə adına Beynəlxalq Elmlər
Akademiyasının vitse-prezidenti Şahnaz Şahbazovadır. Kitab Springer-Verlag Berlin Heidelberg nəşriyyatında
2013-cü ildə nəşr edilib.
“Soft
Computing üzrə yeni istiqamətlər və son nəticələr”
(Recent Development and New Directions in Soft Computing) adlı ikinci
kitab Soft Computing üzrə keçirilən II
Ümumdünya konfransına həsr edilib. Bu nəşr
Springer Beynəlxalq İsveçrə nəşriyyatında
2014-cü ildə buraxılıb.
Kitablarda
intellektual və multiagent sistemlər, informasiyanın emalı
və axtarışı, verilənlərin intellektual tədqiqatı,
verilənlərin əldə edilməsi, maşınla təlim,
internet semantik web, sosial şəbəkə və
etibarlılıq, multimedia, idarəetmə və robot
texnikası, təsvirlərin emalı, maliyyə, sənaye
mühəndisliyi, elektron ticarət, təhlükəsizlik əlavələri
və alətləri üzrə seçilmiş məqalələr
yer alıb. Hər iki kitabda dərc olunmuş məqalələr
Soft Computing sahəsində yeni işləmələr, əlavələr
və nəticələr olmaqla bu istiqamətdə
çalışan alimlər, mütəxəssislər,
yaradıcı insanlar, aspirantlar və elmə yenicə qədəm
qoyan gənc alimlər üçün çox dəyərli
bir vasitədir.
Dünya
şöhrətli alim, böyük şəxsiyyət,
adı ilə hər bir azərbaycanlının fəxr edə
biləcəyi həmvətənimiz, professor
Lütfi Zadə Şahnaz xanım haqqında yazır: “Mənim
doktor Şahnaz Şahbazova ilə tanışlığım
15 il bundan öncəki zamana təsadüf edir. Mənim
onunla əlaqələrim peşəkar səviyyədədir.
Dr. Şahnaz Şahbazova UC-Berkli, Azərbaycan
Texniki Universiteti və Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi arasında olan ümumi proqramın
yaradılmasında böyük rol oynayıb. Dr. Şahbazova bacarıqlı tədqiqatçı
və istedadlı araşdırıcıdır. Mən əminəm ki, o, Azərbaycana
döndüyündə, gələcəkdə də həm
tədrisdə, həm də tədqiqatda çox güclü
və aktiv olacaq və elmin, texnologiyanın inkişafına
gözəl töhfələr verəcək. Dr. Şahnaz Şahbazovanın Berklidə olan müddətdə
və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz
işi, ədalətli proqram rəhbəri olmağına məmnunam.
Berklidə çalışması gələcəkdə
onun informasiya texnologiyaları və intellektual sistemlər sahəsində
ixtisasını daha da gücləndirəcək.
Lütfi Zadə”.
Şahnaz xanımın “Sosial şəbəkə
modelində qeyri-səlis çoxluqlar əsasında çoxmənbəli
informasiyaların intellektual birləşməsi problemi”
adlı layihəsi də böyük şöhrət
qazanıb. Alimin sahə mütəxəssisləri
üçün çox gərəkli olan bu layihəsi
üzərində bir qədər ətraflı dayanaq. Qeyd edək ki, sosial şəbəkə modellərindən
istifadə müasir texnoloji mühitin bir sıra müxtəlif
istiqamətlərinin mühüm hissəsinə çevrilib.
Onlar insan interaktivliyi, informasiyanın mübadiləsi
və dəyişdirilməsi ilə bağlı məsələlərin
təsvirində vacib vasitələrdəndir. Bu modellərdən istifadə, eləcə də
terrorist və digər cinayət şəbəkələrinin
müəyyənləşdirilməsi və öyrənilməsində
əsas rol oynayır. Təşkilatlar və
fiziki şəxslər bundan əsasən insanlar və
ardıcılları ilə ünsiyyət vasitəsi kimi
istifadə edirlər. Sosial şəbəkə
modelləri yeni istiqamətlərin və işləmələrin
sürətlə aşkar olunmasında çox faydalıdır.
Layihədə sosial şəbəkə modeli əsasında
yaradılan qeyri-səlis çoxluqlar bazasında çoxmənbəli
informasiyaların intellektual birləşməsi modelinin
qurulması planlaşdırılıb. Tədqiqat
işində Soft Computing və qeyri-səlis məntiqdən
istifadə etməklə intellektual sosial şəbəkələrin
modelləşdirilməsinin bir sıra istiqamətlərinin
yerinə yetirilməsi nəzərdə tutulub. Əsas məqsəd sosial şəbəkə
konsepsiyasının təqdimatı üçün qeyri-səlis
çoxluqlardan istifadə etməklə sosial şəbəkə
modeli ilə verilənlər bazalarının texnologiyaları
arasındakı əlaqələrin tədqiq edilərək
işlənilməsidir.
Professordan layihənin məqsədi, qarşıya
qoyduğu məsələlər və onların
aktuallığının nədən ibarət olduğunu
soruşduqda o, tədqiqatlarının Soft Computing və
qeyri-səlis məntiqdən istifadə etməklə
intellektual sosial şəbəkələrin modelləşdirilməsinin
bir sıra istiqamətdə həyata keçirdiyini
vurğulayır. Əsas məqsəd sosial şəbəkə
konsepsiyasının təqdimatı üçün qeyri-səlis
çoxluqlardan istifadə etməkdir. Layihənin elmi
istiqamətində və qarşıya qoyulan problemlərində
taq-buludun modelləşdirilməsinin rolu, Paradiqmdən istifadə,
intellektual sosial şəbəkələrin
texnologiyasının hazırlanması, informasiyanın birləşməsi
problemi, etibarlılıq, motiv və inam ilə bağlı məsələlər,
sözlər ilə hesablanan paradiqm, qeyri-dəqiq mühitdə
konfliktlərin həll olunması, verilənlərin
toplanması proseslərinin tədqiq edilməsi nəzərdə
tutulur.
Şahnaz Şahbazovanın təqdim etdiyi həmin layihədə
sosial şəbəkə modeli əsasında yaradılan
qeyri-səlis çoxluqlar bazasında çoxmənbəli
informasiyaların intellektual modelinin qurulması
planlaşdırılır. Bildirilir ki, layihə üzrə tədqiqatın
nəticələri sosial şəbəkələrdə
sorğuların qaydalarla, xülasə formatında əldə
edilməsində, sosial etiketləmə və qeyri-səlis alt
şəbəkələrdə, söz ilə hesablanan
paradiqm və qranular hesablama texnologiyasına əsaslanan qeyri-səlis
çoxluqlu sistemlərdə, qeyri-dəqiq informasiyanın
birləşməsi haqqında məlumat verən və sosial
şəbəkələrin inkişafı ilə
bağlı sistemlərdə istifadə oluna bilər.
Ş.Şahbazova Azərbaycan, rus, türk, ingilis və
alman dillərini çox gözəl bilir. Tədqiqatlarının
əksəriyyətini rus və ingilis dillərində
aparır. 110 elmi məqalənin, 3
kitabın, 1 monoqrafiyanın, 8 metodiki göstərişin
müəllifidir.
Şahnaz xanımın elm fədaisi olması bir tərəfdən
onun böyük istedadından, dərin biliyindən irəli gəlirsə,
digər tərəfdən vətənsevərliyindən
qaynaqlanır.
O, bir alim kimi Azərbaycan elminin inkişafı, dünyada
özünə layiqli yer tutması üçün var
qüvvəsi ilə çalışır.
Azərbaycanlı qadının vətənpərvərliyi
bununla bitmir.
Yolu dünyanın harasına düşsə, orada Azərbaycan
həqiqətlərini hamıya çatdırmağa can
atır. Torpaqlarımızın namərd
qonşumuz tərəfindən işğal olunduğunu
dünyaya car çəkir, Qarabağ hadisələrini
olduğu kimi təqdim edir, hər yerdə öz
yurd-yuvasından zorla qovulmuş bir milyondan çox
soydaşımızın dərdini, həyat hekayəsini
bütün reallıqları ilə göstərə bilir.
Şahnaz xanım istər yazılarında, istərsə
də beynəlxalq tədbirlərdəki
çıxışlarında ölkəmizin hərtərəfli
inkişafı barədə məlumat verir, Azərbaycan
xalqının tarixini, mədəniyyətini təbliğ
edir. Xaricdə işgüzar görüşlərdən,
elmi iclas və konfranslardan vaxt tapan kimi tələbələrlə
görüşür, onların qayğıları ilə
maraqlanır. Onlar üçün süfrə
açır, bu görüşlər bayramlara təsadüf
edəndə gəncləri əsl ana sevgisi, nəvazişi ilə
əhatə edir. Azərbaycan mədəniyyətini,
mətbəxini təbliğ edir.
Professor Ş.Şahbazova təkcə alim, pedaqoq deyil, həm
də gözəl anadır. O, hər iki övladına mükəmməl
təhsil verib, onları həyatın ən çətin
sınaqlarına sinə gərə bilən layiqli Azərbaycan
vətəndaşı kimi böyüdüb.
Böyük qızı Çimnaz ixtisasca
hüquqşünas, Səbinə isə kompüter
proqramları üzrə mütəxəssisdir, Lütfi Zadənin
tələbəsidir. Onların hər ikisi vətəndən
uzaqda olsa da, doğulduğu torpağa, böyüyüb
boya-başa çatdığı Azərbaycana bütün qəlbi
və ruhu ilə bağlıdır.
Şahnaz xanım Azərbaycan üçün
yaşayıb yaratmağı özünə və
övladlarına ən ümdə vəzifə hesab edir.
“Hər bir azərbaycanlının fəxri olan Lütfi
Zadədən bu illər ərzində çox şey öyrəndim,
- deyir Şahnaz xanım.
-
Çoxları bilməsə də, şübhə etsələr
belə, 10 illik birgə fəaliyyətimizə əsaslanıb
əminliklə söyləyirəm ki, vətəndən
uzaqda yaşayıb qəlbi vətənlə döyünən
bu insanın vətən sevgisi əsl nümunədir. Lütfi Zadə eləcə də hər bir azərbaycanlını
dəyərləndirməyi, vətən torpağına, elminə
təmənnasız xidmət etməyi, yorulmazlığı,
ömrü elmə fəda etməyi, dünya alimlərinin
diqqətini Azərbaycana yönəltməyi özünə
borc bilir”.
Şahnaz xanım həyatının, elmi və ictimai fəaliyyətinin
çiçəklənən dövrünü
yaşayır.
Ömrünün 60-cı pilləsinə qədəm
qoyduğunu gizlətmir. İndiyədək
qazandığı bilik və təcrübəni Azərbaycan
Texniki Universitetində təhsil alan tələbələri
ilə bölüşür, onların yaxşı mütəxəssis
olması üçün əlindən gələni əsirgəmir.
Aspirantlarına elmin zirvələrini fəth etməkdə
köməkçi olur. Neçə-neçə alimin istedadından,
zəhmətindən güc alan Azərbaycan
elminə öz töhfələrini bəxş etməkdən
yorulmur. Şahnaz xanımın ixtisası
böyük sürətlə inkişaf edən və Azərbaycan
üçün çox gərəkli olan bir sahədir.
Elmin bu çətin yolunda daim irəliyə
doğru uğurla addımlayan professor Ş.Şahbazovaya
ömrünün ən gözəl illərində, şərəfli
həyat yolunda müvəffəqiyyətlər və sevinc
arzulayırıq.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2015.- 31 yanvar.- S.7.