Neftçalada fiziki qüsurlu uşaqların əl işlərinin sərgisi keçirilib

 

Bu günlərdə Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində fiziki cəhətdən qüsurlu uşaqların əl işlərindən ibarət “Barmaqsız rəssamın tələbələrlə fəryadı” adlı xeyriyyə sərgisi keçirilib. “Milli Mədəniyyətin Təbliği” İctimai BirliyiNeftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan sərgidə 20 rəssamın 48 əsəri nümayiş etdirilib.

Sərgini açıq elan edən “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin rəhbəri Jalə Cəfərova Azərbaycanda əlil uşaqlara dövlət səviyyəsində göstərilən yüksək qayğıdan, onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, istedadlarının üzə çıxarılması ilə bağlı reallaşdırılan layihələrdən danışıb. Qeyd olunub ki, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqətin artırılması dövlətin geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir və bu sahədə həyata keçirilən layihələrin nəticəsi olaraq əlil uşaqların həm sosial müdafiəsi və reabilitasiyası, həm də onların cəmiyyətə inteqrasiyası istiqamətində böyük uğurlar əldə olunub.

J.Cəfərova onu da qeyd edib ki, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyi yarandığı gündən mənəvi bərpasına ehtiyacı olan sahələrə nüfuz etməklə yanaşı, istedadlı,  ancaq  fiziki cəhətdən qüsurlu  uşaqlara maddi və mənəvi dəstək olmağı öz fəaliyyətinin prioritet istiqamətlərindən biri elan edib. Daim çalışıb ki, belə insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməsinlər. Sərginin keçirilməsi də məhz bu xoş mərama xidmət edir.

Sərgidə iştirak edən müəlliflərə sertifikatlar təqdim olunub. Rayon ictimaiyyəti bu xeyriyyə sərgisinə böyük maraq göstərib və nümayiş olunan əsərlərin bir qismi vətəndaşlar tərəfindən satın alınıb.

 

 

Azərbaycan.-2015.- 31 yanvar.- S.8.