Azərbaycanlı deputat Avropa Şurasının rəhbərliyini törətdiyi

 saxtakarlıq və özbaşınalıqlara görə rəsmən üzr istəməyə vadar etdi

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş vermiş bu hadisə demokratiya məktəbi adlanan təşkilatda da necə antidemokratik oyunların baş verdiyinə əyani sübutdur.Yanvarın 27-də günün ikinci yarısında 4 istiqamətdə müzakirələr aparılmalı idi. Günün birinci yarısında başlamış və yekunlaşdırılması nəzərdə tutulanUkrayna qaçqınları və məcburi köçkünlərinin humanitar vəziyyəti” adlı məruzə, “Avropa İttifaqı və Avropa Şurası ilə anlaşma memorandumunun tətbiqi” və “Monteneqronun Avropa Şurası qarşısında öhdəlik və vəzifələri” adlı hesabatlar, son olaraq isə artıq Parlament Assambleyasında ənənəvi şəkil almış “Sərbəst müzakirələr” keçirilməli idi. Bu müzakirə forması da son illərdə ona görə tətbiq edilir ki, deputatlar öz seçimləri üzrə sessiyanın gündəliyində olmayan, amma xüsusi aktuallıq kəsb edən problemlərdən söz aça bilsinlər.

 

Axşam saat dördün yarısından səkkizə qədər, dörd saat yarım ərzində bu qədər məsələni müzakirə etmək çətin idi və çıxışa yazılanların sayı da çox olduğundan hər natiqə 3 dəqiqə ayrılırdı. Sərbəst müzakirələr xeyli gec, saat 19.09-da başladı və 39 nəfərin qeydiyyata düşdüyü bu müzakirələrdə hamının vaxt darlığı üzündən söz ala bilməyəcəyi bəlli idi. Bu arada Assambleya üzvlərinin diqqətini Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bir neçə dəfə rəyasət heyətinə qalxaraq AŞPA sədri Ann Brasörbaş katib Voysex Savitski ilə nə barədəsə kəskin danışması cəlb etdi. Az sonra məlum oldu ki, söhbət Avropa Şurası rəhbərliyinin törətdiyi ciddi bir saxtakarlıqdan, rəsmi sənədlərin qanunun ziddinə olaraq məqsədli şəkildə dəyişdirilməsindən gedir. Əvvəlcə onlar bunu etiraf etməyərək hər şeyin AŞPA Nizamnaməsi ilə düzgün olduğunu izah etməyə çalışsalar da, deputat Rafael Hüseynov elə həmin Nizamnamə əsasında onların doğru danışmadıqlarını, qəsdən həqiqətləri təhrif etdiklərini sübut etdi.

 

Ertəsi gün aparılan araşdırmalar saxtakarlıq və özbaşınalıq faktlarının danılmaz olduğunu göstərdi. Avropa Şurası rəhbərliyi Rafael Hüseynova rəsmi məktub yazaraq səhv baş verdiyini, buna görə də üzr istədiyini ifadə etsə də, azərbaycanlı deputat üzrləri qəbul edərək guya səhv baş verməsi haqda iddiaları rədd etdi, bütün bunların təsadüfi texniki yanlışlıq deyil, düşünülmüş bir təxribat olduğunu bildirdi.

 

Məsələnin təfərrüatı ilə bağlı deputat Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Avropa Şurası Parlament Assambleyasının sessiyalarında müzakirə olunan məsələlərlə bağlı danışmaq üçün mütləq sessiyadan öncə Katibliyə müraciət etmək lazımdır. Adətən sessiyaya 20-25 gün qalmış gündəlik bəlli olur və AŞPA Katibliyində həmişə çıxışçıların sıralanması ilə bağlı manipulyasiyalar edildiyini nəzərə alaraq biz də çıxışçılar siyahısına ən ilk yazılanlardan oluruq ki, bəhanələri kəsilsin. Dəfələrlə bunun şahidi olmuşuq ki, lap tez müraciət etməyimizə baxmayaraq, bizi çıxışçılar siyahısında axıra salıblar ki, vaxt çatmadığı üçün danışa bilməyək. Yaxud sıralanmada həmişə elə ardıcıllıq formalaşdırırlar ki, bizdən əvvəl də, sonra da bir neçə erməni deputat danışır. Bizdən əvvəl danışana cavab vermək olur, bizdən sonra çıxış edənsə istədiyi böhtanı yağdırır və cavabsız qalır. Belə hallarbuna bənzər qanun pozuntuları, özbaşınalıqlar həmişə olubbiz də belə hallara qarşı etirazımızı bildirmişik. Lakin Azərbaycana xüsusi mənfi münasibəti və ədalətsiz yanaşmaları ilə fərqlənən hazırkı sədr Ann Brasörün rəhbərliyi vaxtında bu hallar artıq dözülməz həddə çatıb. Hələ Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupuna başçılıq etdiyi zamanlarda Ann Brasör Azərbaycan əleyhinə mütəmadi qərəzli məsələləri ortaya atması ilə seçilirdi. Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Ann Brasör partiya qrupunun növbəti iclaslarından birinin lap əvvəlində məsələ qaldırdı ki, guya Azərbaycanda insan haqları pozulur, ona görə də müzakirə aparaq, qərar qəbul edək və Assambleya rəhbərliyinə müraciət hazırlayaq ki, həmin beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün çağırış etsin. Mən dərhal söz aldım, bu əsassız iddianı rədd etdim. Bildirdim ki, əvvələn, bir mədəniyyət tədbirini siyasiləşdirmək doğru deyil. Digər tərəfdən, həmin müsabiqə Azərbaycanda ona görə keçirilir ki, bu ölkənin təmsilçisi ötən müsabiqədə qalib olub. Bu, qəbul olunmuş şərtdir. Üçüncüsü də əgər Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirsinizsə, əksinə o halda da belə bir böyük beynəlxalq tədbirin Bakıda keçirilməsi məqsədəuyğundur. Qoy insanlar gəlib əsl həqiqətləri gözləri ilə görsünlər. Bilsinlər ki, siz haqlısınız, yoxsa Azərbaycan. O vaxt Böyük Britaniyalı deputat Maykl Hənkok da mənim ardımca eyni məzmunda Ann Brasörə qarşı sərt çıxış etdi və təşəbbüskar xanımın qərəzli təklifi gündəliyə salınmadı. Yaxud ən əyani misallardan biri. Azərbaycan Prezidenti İlham Əliyev ötən il AŞPA-da çıxış edib suallara cavab verməli idi. Ali qonağı Assambleyaya təqdim edərkən Ann Brasör belə təqdimata xas olmayan bir tərzdə subyektiv tənqidi mülahizələrlə sözə başladı. Azərbaycan Prezidenti nitqinə başlayarkən isə heç bir əsas olmadan, bütün etikdiplomatik etiketi pozaraq 2 dəfə onun sözünü kəsdi. Öz aləmində bəlkə də düşünürdü ki, belə süni yaradılan emosional gərginlik Azərbaycan Prezidentinə təsir edər. Eyni zamanda, bu qəbahətli hərəkətlər zalda əyləşən qərəzli, təhrikçi sualları artıq irəlicədən hazır olan özükimilərə Ann Brasörün mesajı idi. Yəni, siz də belə rəftar edin. Ancaq onlar qarşılarında hansı qüdrətin, hansı böyük bir şəxsiyyətin dayandığını unudurdular. Prezident İlham Əliyev təmkinini zərrə qədər pozmadan başda Ann Brasör olmaqla bütün onabənzərlərin layiqli cavabını verdi, hamısını susduraraq yerində oturtdu.

 

Bu, bizim tanıdığımız Ann Brasördür.

 

Hazırkı sessiyanın ilk günündə mədəniyyət, elm, təhsil və media komitəsinin yeni sədri seçilməli idi. Ən real namizəd mən idim və əslində digər iddiaçı da yox idi. Qəbul olunmuş qaydalara görə bu komitə üçün sədrin namizədliyi Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupundan təqdim edilməli idi. Mən 15 ildir ki, həm o qrupun, həm də mədəniyyət, elm, təhsil və media komitəsinin üzvüyəm. Bu stajda orada ikinci şəxs yoxdur. Arxada qalan illər ərzində mədəniyyət, elm, təhsil, jurnalistika mövzularında, ümumavropa əhəmiyyətli problemlərlə bağlı 6 məruzə, 40-a yaxın qətnamə hazırlamışam, növbəti “Etiqad azadlığı və dini təcrübələr” adlı çox vacib məruzəmi də bitirməkdəyəm. Həmin komitədə bu qədər fəaliyyəti olan ikinci şəxs yoxdur. Amma tələm-tələsik iki namizəd də ortaya çıxardılar və zəif, heç bir fəaliyyəti olmayan deputatın namizədliyini irəli sürdülər. Bu, Ann Brasörün birbaşa diktəsi idi. Yəni, kim olur olsun, azərbaycanlı olmasın. Müəyyən dairələrdə bunu etiraf da edib. Niyə? Çünki komitə sədri avtomatik olaraq BüroDaimi Komitə üzvünə çevrilir. Deməli, Assambleyanın ən yuxarı qatında sözümüzü demək, haqqımızı müdafiə etmək imkanı yaranacaq. Təbii ki, bu, Ann Brasörü təmin edə bilməz. Ann Brasörün Büroda ölkəmizin haqqını müdafiə edən azərbaycanlı bir yana qalsın, digər ölkələrdən olan deputatlara münasibəti də yaxşı deyil. Büronu onun dediyini deyənlərin tam çoxluq təşkil etdiyi quruma döndərmək niyyətləri aşkar sezilir. Beləliklə, Büroya düşməyimizə imkan vermədi, Azərbaycana daha bir pisliyini etdi. Əlbəttə, Ann Brasör bunların mənə aidiyyəti yoxdur söyləyə də bilər. Di gəl, biz o qədər də sadəlövh deyilik ki, belə qəlp sözlərə inanaq. İstənilən seçkidən tutmuş çıxışçıların siyahısına nəzarətədək hər şey bu dırnaqarası demokratın birbaşa nəzarətindədir.

 

Yanvarın 27-də “Sərbəst müzakirələr”lə bağlı çıxışların çap olunmuş siyahısı saat 17-də hazır idi və nəşr olunmuşdu. Mən həmin siyahıda 18-ci idim. Gözəyarı hesablamaya görə mənə söz çatırdı. Hətta məndən sonra 2-3 nəfərə də çıxış etmək imkanı verilə bilərdi. Katiblikdən mətbəə üsulu ilə rəsmən çap olunmuş həmin siyahıdan bir nüsxə götürüb zalda yerimdə əyləşdim. Amma çıxış növbəmə az qalmış masaların üstündə digər bir siyahı gördüm. 17.45-də tələm-tələsik ikinci bir siyahı çap etmişdilər. Bu siyahıda hər şey əvvəlki siyahıda olan kimi idi. Bircə dəyişiklik vardı. Məni 18-ci yerdən götürüb 24-cü yerə atmışdılar. Bu isə o demək idi ki, iclasın vaxtı bitdiyi üçün mənə söz çatmayacaq. Əvəzində isə əvvəl danışmış erməni deputatın ardınca daha ikisi çıxış edəcək. Mən dərhal Rəyasət Heyətinə qalxaraq iclası aparan Ann Brasörə dedim ki, bu, saxtakarlıqdır, əlimdə iki çap olunmuş fərqli siyahı var. Cavab verdi ki, bu ardıcıllıq məsələsinə Katiblik baxır. Bu dəfə AŞPA baş katibi Voysex Savitskiyə müraciət etdim. O da katiblikdən sənədləşmə ofisinin rəhbərini çağırdı. Dedilər: “Hər şey qanunidir, biz Nizamnamə əsasında işləyirik”.

 

Nizamnaməni onlardan pis bilmədiyimi söylədim və kitabı açaraq müvafiq bəndləri nişan verdim, məhz Nizamnaməyə görə çıxışçılar siyahısında əvvəldə olmalı olduğumu anlatdım. Katiblikdə ayrıca bir kitab var ki, orada hər kəsin irəlicədən, sessiya öncəsi müəyyən məruzə ilə bağlı müzakirələrə qatılmaqdan ötrü hansı gün, hətta hansı saat, hansı dəqiqədə müraciət etdiyi əks olunur. O siyahıda bu mövzu üzrə əvvəldən ikinci idim. Katiblikdə həmin sənədin də irəlicədən fotosunu çəkmişdim. Onlara göstərdim ki, ilkin siyahıda mən lap əvvəldəyəm. Həm də sizin saat 17-də tərtib olunmuş siyahıda hər şey elə qaydalara uyğundur. Lakin 17.45-də ikinci qondarma siyahıda bu, saxtalaşdırılıb. Mənim əlimdə çap edilmiş hər iki çıxışçı siyahısının olması onları şoka saldı. Çünki həmin birinci siyahının bütün nüsxələrinin məhv edildiyini düşünürmüşlər. Katiblikdəki ilkin müraciətlər siyahısı öz əllərində idi. Lakin irada da daha nəsə dəyişiklik edə, kimisə daha əvvələ ata bilməzdilər. Çünki əvvəlcədən fotosunu çəkmişdim. Etsəydilər, bu, onları ifşa edən daha bir mühüm dəlilə çevriləcəkdi. Bunu da onlara elan etdim. Saxtakarlığı nə şəkildəsə izah etmək, cavab tapmaq üçün çox çalışdılar və mənə də vəd etdilər ki, mütləq yazılı cavab verərək hər şeyin düzgün olduğunu göstərəcəklər. Mən də bildirdim ki, siz cavabınızı yazmaqda olun, mən də bu saxtakarlığı sübut edən bütün sənədləri və Nizamnamənin mənim dediklərimin haqq olduğunu təsdiqləyən müddəalarını Avropa mətbuatına çıxaracağam.

 

İki günlük araşdırmalardan sonra çıxış yollarının olmadığını hiss edərək üzrxahlıq məktubu yazdılar. Bundan əlavə, Katibliyin rəhbərliyi də, AŞPA baş katibi də şəxsən yaxınlaşıb üzr istədilər. Üzrləri qəbul etdim, lakin məktubun məzmununu yox. Çünki məktubda səhv etdikləri, guya diqqətsizlikdən yanlışa yol verdiklərini yazırdılar. Bildirdim ki, əgər saxtalaşdırılmış ikinci siyahıdan əlavə düzgün tərtib edilmiş birinci mətbu siyahı olmasaydı, həqiqətən səhv etdiyinizə inanardım. Burada isə faktlar onu deyir ki, məqsədli şəkildə, Avropanın son dərəcə nüfuzlu bir təşkilatında sənədlərin saxtalaşdırılması baş verib, bu isə artıq cinayət məsuliyyəti müəyyənləşdirir. Baş vermiş bütün hadisələrdə isə mən buyruq yerinə yetirən icraçıları deyil, ədalətsiz yanaşmaları üslubuna çevirmiş Ann Brasörü günahkar sayıram.

Həmin iclas günündə Ann Brasörün ermənipərəst mövqeyini təsdiqləyən və qaydaların kobud şəkildə pozulması nümunəsi hesab edilə bilən daha bir danılmaz fakt. Yanvarın 27-də “Sərbəst müzakirələr”də axırıncılardan biri olaraq Ermənistan nümayəndə heyətinin üzvü Karapetyan çıxış etdi. O, Parisdə “Charlie Hebdo” jurnalının əməkdaşlarına qarşı baş vermiş terrordan, mətbuat azadlığı məsələlərindən danışmağa, Türkiyənin ünvanına təhqirlər yağdırmağa başladı. Qəbul olunmuş qaydalara görə “Sərbəst müzakirələr”də çıxış edən şəxs artıq sessiyanın gündəliyində olan hər hansı bir məsələ barədə danışmağa başlayırsa, onun nitqi yarımçıq kəsilməlidir. Ann Brasör başqalarına münasibətdə bunu dəfələrlə edib. Amma sessiyanın gündəliyində həm Parisdəki terror aktları, həm də Avropada mətbuat azadlığı problemi ilə bağlı 2 məruzə olsa da, Ann Brasör Karapetyanı dayandırmadı.

Belliklə, Avropa Şurası rəhbərliyinin törətdiyi bu saxtakarlıq və özbaşınalıq nümunələri onların özləri tərəfindən də etiraf edilib. Düşünürəm ki, demokratiya məktəbi sayılan, Avropayadünyaya qanunun aliliyini, qanuna sayğını, insan haqlarına hörməti, düzgünlüyü öyrədən bir təşkilatda belə hallar olmamalıdır. Həqiqət, düzlük yalnız riyakarlıq, saxtakarlıq olmayan yerdə mümkündür. Avropa Şurasında yeri gəldi-gəlmədi əleyhimizə tənqid yağdıran bəzi ağzıgöyçəklər bu biabırçı hadisədən dərs almalı, nəticə çıxarmalıdırlar”.

Rafael Hüseynov bildirib ki, AŞPA-nın yaz sessiyasının əvvəlində bu məsələ ilə bağlı Assambleya qarşısında da çıxış edərək həqiqətləri deputatların nəzərinə çatdıracaq.

 

 

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2015.- 1 fevral.- S.3.