ABŞ Prezident İlham
Əliyevin siyasətini tam dəstəklədiyini
rəsmən bəyan etdi
Ağ ev rəsmi
Bakı ilə səmərəli və uzunmüddətli əməkdaşlığın
daha da inkişaf
etdirilməsində maraqlıdır
Co BAYDEN: “Prezident İlham Əliyev
ilə görüşlərə böyük
əhəmiyyət veririk və bu görüşlərin Azərbaycan ilə
ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə,
əlaqələrin yeni səviyyəyə
qaldırılmasına xidmət etdiyini bilirik”
Prezident İlham Əliyevin elə ilk gündən böyük uğurla başlayan ABŞ səfərinin sonrakı məqamları da sözün əsl mənasında Azərbaycanın xarici siyasətinin mühüm nailiyyətlərinin sübutuna çevrildi. Ölkə rəhbərimizin fasiləsiz olaraq davam edən görüşlər, qəbullar qrafiki nə qədər sıx və gərgin olsa da, tərəf müqabillərin tək ABŞ-da deyil, ümumiyyətlə dünya miqyasında böyük nüfuz və söz sahibi olmaları bu görüşlərin əlahiddəliyini bir daha təsdiqlədi.
Ən diqqətçəkən amil odur ki, görüş barədə təklif və təşəbbüslər məhz dünyanın bu tanınmış siyasətçilərinin, rəsmilərinin, transmilli korporasiya rəhbərlərinin özlərindən gəlmişdi. Yəni Azərbaycanın qlobal iqtisadi-siyasi proseslərdə dinamik artan fəallığı, eləcə də Prezident İlham Əliyevin artıq dünya miqyaslı nüfuz aktorlarından birinə çevrilməsi ölkəmizi və Liderimizi ABŞ isteblişmentində böyük maraq obyektinə çevirib. Həqiqətən də onlara təəccüblü gəlir: dünya xəritəsində az qala nöqtə boyda görünən bir ölkənin milli maraqlarla bağlı məsələlərdə fövqəldövlətlərin hər birinə dirəniş göstərməsi, onun Liderinin isə məlum və qeyri-məlum təsirlərə, təhdidlərə qorxmadan sinə gərməsi siyasi təkəbbürdür, yoxsa artıq dövlətlərin mütləq əksəriyyətinin imtina etdiyi müstəqil siyasi fəaliyyətin son nümunələrindəndir?
Əslində, bu sual ritorik səciyyə daşıyır və onun cavabı Azərbaycanı çoxistiqamətli planlarının hədəfi seçən dövlətlərə də, onların təmsilçilərinə də tam məlumdur. Respublikamız və onun rəhbəri “müstəqil siyasət yürüdürük” deyərək özünə qapanmayıb, təcrid vəziyyətinə düşməyib, əksinə, bütün qapılarını dünya ölkələrinin üzünə açıb, onları daha səmərəli əməkdaşlığa çağırıb. Bununla kifayətlənməyərək, qitələri birləşdirən enerji və logistik layihələrin təşəbbüskarı kimi effektiv “tərəfdaş ölkələr komandası” formalaşdırıb. Bu komandaya qoşulan, yaxud regiondakı proseslərə təsir gücünü itirməmək üçün qoşulmağa məcbur olan dövlətlər, hətta fövqəldövlətlər anlayıblar ki, Azərbaycanın və onun rəhbərinin yalnız bir istəyi var: bu ölkənin maraqlarına, vətəndaşlarının siyasi iradəsinə, müstəqilliyinin dönməzliyinə hörmət edin, ondan “kiçik qardaşlıq” gözləməyin, əksinə, onunla əməkdaşlıqdan bəhrələnin!
Prezident İlham Əliyev illərdir bütün dünyaya açıq mesajla bildirir ki, onun liderliyindəki Azərbaycan toqquşan maraqların cəbhə xətti, yaxud fövqəldövlətlərin forpostu və rəqabət platsdarmı deyil. Mənfəətli tərəfdaşlığın, sağlam iqtisadi-ticari əməkdaşlığın, qlobal təhlükəsizliyə töhfə verəcək geosiyasi münasibətlərin hökm sürdüyü məkandır!
Azərbaycan Prezidenti ABŞ səfəri müddətində görüşdüyü və hələ görüşəcəyi şəxslərin qarşısına məhz bu qətiyyət və mövqe ilə çıxdı!
Səfərin ikinci günü də olduqca məhsuldar və əhəmiyyətli idi. Əslində, səfəri Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan daha çox Azərbaycan Prezidentinin ABŞ-a işgüzar, hətta rəsmi səfəri kimi xarakterizə etmək daha düzgün olardı. Çünki dünyanın artıq rəqibsiz qalan bu fövqəldövlətinin “rəhbər üçlüyü” (prezident, vitse-prezident və dövlət katibi) ilə baş tutan görüşlər, aparılan müzakirələr strateji yönümdə Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu tam aydınlığı ilə isbat etdi.
Cənab İlham Əliyev hələ amerikalı həmkarı Barak Obama ilə görüşündən öncə vitse-prezident Co Baydenin timsalında Ağ evin rəsmi dəstəyini, siyasi həmrəyliyini eşitmiş, minnətdarlığını dinləmişdi. Bu baxımdan iki prezidentin nahara təsadüf edən görüşü də protokol xarakterdən daha çox, bir-birinə tam etimad bəsləyən və siyasi fəaliyyətlərinə açıq dəstək bildirən, artıq münasibətlərdə heç bir qaranlıq məqamın qalmamasına əmin olan dövlət başçılarının müzakirəsi mahiyyətində idi.
Barak Obamanın Azərbaycan və onun Lideri barədə fikirləri ictimaiyyətə açıqlanmasa da, onun müavininin və siyasi sözçüsü olan dövlət katibinin bu mövzudakı mülahizələrini elə ABŞ Prezidentinin, rəsmi Vaşinqtonun tam əsasla mövqeyi kimi qəbul edə bilərik.
Mövqe isə ondan ibarət idi ki, vitse-prezident Co Bayden Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini rəsmən bəyan etdi. Qeyd edək ki, bu mövqe görüşdə iştirak edən dövlət katibi Con Kerri tərəfindən öncəki gün də bildirilmişdi. C.Kerrinin ABŞ-ın Prezident İlham Əliyevin fəaliyyətinə birmənalı dəstək, liderlik keyfiyyətinə isə yüksək qiymət verdiyi bəyanatından bir gün sonra bu fövqəldövlətin ikinci siyasi şəxsi də Azərbaycan rəhbərini bütün təşəbbüslərində müdafiə edəcəklərini elan etdi.
Mühüm məqamlardan biri ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyinin, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığının vurğulanması oldu. Təqdirəlayiq hal idi ki, vitse-prezident Co Bayden ABŞ-Azərbaycan tərəfdaşlığını olduqca geniş miqyasda (iqtisadi, siyasi və ticari əməkdaşlıq, enerji layihələri, təhlükəsizlik və sülhyaratma məsələləri, beynəlxalq terrorizmə qarşı mübarizə, bölgədə rifahın, inkişafın bərqərarı və digər istiqamətlər) qəbul edir və onun daha yaxşı perspektivə malik olduğuna əmindir.
İkitərəfli əlaqələrin daha da genişlənməsindən, ölkələrimizin bütün sahələrdə yaxşı əməkdaşlıq qurduqlarından minnətdarlıqla bəhs edən Co Bayden Prezident İlham Əliyevin müəllifi olduğu qlobal təşəbbüsə - “Cənub qaz dəhlizi” layihəsinə xüsusi toxundu. ABŞ-ın Azərbaycanın və onun rəhbərinin “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini, həm də bu sahədə lazımi addımlar atacaqlarını bildirdi. Məlum olduğu kimi, layihənin gerçəkləşməsinə aşkar maddi maneələr yaratmağa cəhd edənlər gizli yönümdə siyasi təzyiqlər də göstərirlər. ABŞ-ın bu sahədə elan etdiyi dəstək isə Azərbaycanın mövqeyini gücləndirir, layihənin reallaşması nəticəsində ölkəmizin qüdrətinin daha da artacağına inamı artırır.
Prezident İlham Əliyev isə Azərbaycanın iqtisadi, siyasi, demokratik mühitinin bəzən ABŞ-da qərəzlə təfsir olunan təqdimatını tam alt-üst edən real faktları, genişmiqyaslı islahatların ilkin nəticələrini vitse-prezidentin diqqətinə çatdırdı. Demokratikləşmə prosesinin gerçək mənzərəsini göstərdi, əsas problemin - Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini xüsusi vurğuladı, siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu söylədi.
Göründüyü kimi, Prezident İlham Əliyevin keçirdiyi görüşlər ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə olmaqla yanaşı, Ağ evin rəsmi mövqeyinin bir daha qətiləşdirilməsinə imkan yaratdı. Artıq sətiraltı yox, tam aydın dəst-xətlə Barak Obama administrasiyası bəyan etdi ki, Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir, onunla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.
Xüsusi vurğulanmalı məqam isə odur ki, ABŞ-ın nəzərində Prezident İlham Əliyev yalnız Azərbaycan və Qafqaz miqyasında ən güclü lider kimi nəzərdən keçirilmir. Müəllifi olduğu qlobal miqyaslı layihələrin uğurla gerçəkləşməsinə və davamlı prinsipial siyasi xəttinə görə indi Azərbaycan Prezidenti dünyanın bu nəhəng fövqəldövlətinin ciddi ehtiyac duyduğu siyasi müttəfiqə, etibarlı iqtisadi tərəfdaşa çevrilib!
Bu isə, şübhəsiz ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycanın mühüm uğurudur! Artıq ABŞ Azərbaycan reallıqlarını özü üçün yenidən kəşf etdi, onu istədiyi kimi yox, məhz olduğu kimi qəbul etməyə razılaşdı...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan 2016.- 2 aprel.-
S.1.