Azərbaycan
Prezidentinin yanında Təhlükəsizlik
Şurasının iclası
Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan
Respublikası Prezidentinin yanında Təhlükəsizlik
Şurasının iclası keçirilib.
Dövlətimizin başçısı iclasda
çıxış edib.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
-Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Xahiş edirəm ki, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.
X X X
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
X X X
Prezident İlham ƏLİYEV: Allah rəhmət eləsin. Allah onların qohumlarına, yaxınlarına səbir versin. Yaralananlara Allahdan şəfa diləyirəm.
Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin.
Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.
Yəni, bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.
Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.
Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.
Xatırlayırsınız, 2014-cü ildə Fransa Prezidenti cənab Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmişdi. Görüş çox konstruktiv şəraitdə keçmişdi və görüşün nəticəsi ümidlər verirdi. Orada biz, eyni zamanda, təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi haqqında danışırdıq. Ancaq o görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Bunun nə mənası var idi? Xüsusilə Parisdə keçirilmiş uğurlu sayılan görüşdən sonra.
Bir neçə gün Azərbaycan Ordusu
özünü çox təmkinlə aparırdı. Mən
də göstəriş vermişdim ki, biz təxribatlara
uymayaq. Ancaq ondan sonra düşmən daha da
azğınlaşmışdır, bizim mövqelərimizə
hücum çəkmişdir, hərbi helikopterləri işə
salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana
lazım idi. Onların təxribatı idi.
Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi
pozur. Azərbaycan burada özünü
aqressiv aparır və sair.
Bugünkü təxribat da, bax, bu mənbədən gələn
təxribatdır. Yenə də bizim mövqelərimizə
hücum çəkirlər. Bizim əsgərlərimiz,
zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan
Ordusu onların başını əzir və indi dünyaya
hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi
pozur. Biz atəşkəsi
pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli
cavab vermişik. Nə qədər ki, Ermənistan
bu təxribatçı əməllərdən əl çəkməyəcək,
Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq.
Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz
qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik
edən ölkələrin dövlət
başçılarının çoxsaylı bəyanatları
Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir.
Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa
dövlətlərinin başçıları dəfələrlə
bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir
və məsələ tezliklə öz həllini
tapmalıdır.
Status-kvonun dəyişdirilməsi o deməkdir ki,
işğalçılar işğal edilmiş torpaqlardan
çıxmalıdır. Ermənistan rəhbərliyi
bunu istəmir. Əsas məsələ
bundan ibarətdir. Onlar istəyirlər ki,
bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər
ki, danışıqlar bundan sonra da iyirmi il
davam etsin. Onlar özlərini
danışıqlar masası arxasında qeyri-səmimi
aparırlar. Bu yaxınlarda Rusiya Prezidenti və
Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə
birlikdə müəyyən təkliflər irəli
sürmüşlər. Biz bunu
alqışlayırıq. Həm
görüş əsnasında və rəsmi bəyanatlarda
Azərbaycanın ərazi bütövlüyü ilə
bağlı öz fikirlərini bildirmişlər.
Azərbaycanın ərazi bütövlüyünə
böyük dəstək göstərilmişdir. Görüşlər
onu göstərir ki, Amerika tərəfi münaqişənin
tezliklə həll olunması üçün çox
maraqlıdır. Bilirəm ki, Ermənistan
rəhbərinə də müəyyən siqnallar, mesajlar
verilmişdir. Yəni, son vaxtlar həmsədrlər,
onların dövlətlərinin başçıları
çalışırlar ki, məsələ həll olunsun.
Nüvə Sammiti hələ başa
çatmamış Ermənistan bu çirkin təxribatı
törədir, sülh prosesinə çox böyük zərbə
vurur. Bundan istifadə etməyə
çalışır ki, Azərbaycanı
günahlandırsın.
Onların sərəncamında olan satqın kütləvi
informasiya vasitələri, satqın siyasətçilər,
korrupsiyaya uğramış politoloqlar, şərhçilər
indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham
etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına
nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat
gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif
edilmiş məlumatlar verilir.
Ermənistan ordusu bu gün çox böyük zərbə
almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir
ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi
çaşdırsınlar, itkiləri gizlətsinlər.
Eşitdiyimə görə, Ermənistan rəhbəri
ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat
ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar
sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər.
Bu gün Ermənistan tərəfi bütün
imkanlardan - diaspor təşkilatlarından, müxtəlif
ölkələrdə onların agentlərindən,
korrupsiyaya uğramış siyasətçilərdən istifadə
edir ki, bütün günahı Azərbaycanın boynuna
qoysun.
Bizim heç bir günahımız yoxdur. Biz sadəcə
olaraq bu təxribata cavab vermişik. Düz
də etmişik. Bizə qarşı yenə
təxribat törədilərsə onlar yenə də öz cəzalarını
alacaqlar. Bu, bir. İkincisi,
biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik.
Biz öz torpağımızda vuruşuruq.
Əgər erməni əsgəri ölmək
istəmirsə, Azərbaycan torpağından rədd olsun.
Mən bunu dəfələrlə demişəm,
bir daha demək istəyirəm.
Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə məhəl
qoymur, digər təşkilatların qərar və qətnamələrini
saymır. İşğal edilmiş
torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi
vəhşi kimi dağıdıb. ATƏT-in
faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda
iki dəfə olmuşdur. Onların məlumatları
bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi
abidələrimiz, binalarımız, muzeylərimiz
dağıdılıb. Bütün qiymətli
əşyalar talan edilib. Bu, misli
görünməmiş vəhşilikdir. Bu
gün İrəvanda ən yüksək kabinetlərdə
oturan cəlladlar vəhşicəsinə Xocalı
soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!
Biz səbir, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki,
biz 20 ildən artıqdır atəşkəs rejimində
yaşayırıq. Yenə də
çalışırıq ki, məsələ sülh yolu
ilə öz həllini tapsın. Mən
bunu dəfələrlə bəyan etmişəm, bu gün də
deyirəm ki, biz məsələni sülh yolu ilə həll
etmək istəyirik. Biz müharibə istəmirik.
Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar.
Biz istəmirik ki, anaların göz
yaşları tökülsün. Azərbaycan,
Ermənistan analarının göz yaşları
tökülməsin. Ancaq biz öz
haqqımızı tələb edirik.
Bir daha demək istəyirəm ki, biz məsələni
sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll
etmək istəyirik. Biz bundan sonra da sonu bəlli
olmayan prosesdə sadəcə olaraq görüntü naminə
iştirak etmək fikrində deyilik. Bunu
vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi
də bilir. Ona görə də məsələnin
sülh yolu ilə həlli üçün Ermənistan
işğal edilmiş torpaqlardan çıxmalıdır.
Bunun başqa yolu yoxdur. Əgər
Ermənistan rəhbərliyi öz xalqının gələcəyini
düşünürsə, bu addımı atmalıdır.
Ermənistanda hökm sürən kriminal
diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə
çatıbdır. İqtisadiyyat
dağılıb, bütün azadlıqlar tapdalanır,
diktatura hökm sürür. Kriminal rejim
ilk növbədə erməni xalqının qənimidir.
Ona görə onların gələcəyi
yalnız qonşu ölkələrlə normal münasibətlərdən
keçir. Ancaq hansı normal münasibətlərdən
söhbət gedə bilər ki, XXI əsrdə qonşu
ölkənin torpaqlarının 20 faizini işğal edəsən,
soyqırımı törədəsən, sonra isə
soyqırımına məruz qalan xalqı
günahlandırasan ki, atəşkəsi pozur.
Mən bir daha demək istəyirəm ki, Azərbaycanın
prinsipial mövqeyi var. Bizim ərazi
bütövlüyümüz danışıqlar mövzusu
deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu
münaqişə ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bunun başqa
yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda
yaşayan erməni əhalisinə, onlar gələcəkdə
Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat
yaşaya bilərlər. Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr
üçün nümunədir, multikulturalizm məkanıdır,
tolerantlıq diyarıdır.
Bütün münaqişələr öz həllini bir
prinsip əsasında tapmalıdır. Xalqların öz
müqəddəratını təyinetmə prinsipi ölkələrin
ərazi bütövlüyünü pozmamalıdır və
Helsinki Yekun Aktı məhz bunu diktə edir. Ona görə bir daha demək istəyirəm ki, biz
münaqişənin həlli ilə bağlı öz
prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik,
bundan sonra da çalışacağıq ki, bu münaqişə
sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha
da artıracağıq. Ona görə
artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları
cavabsız qalmasın. Hesab edirəm ki, bu
gün – aprelin 2-si onlar üçün yaxşı dərs
olacaqdır.
X X X
Sonra müdafiə naziri Zakir Həsənov məruzə
etdi.
Bildirildi ki, aprelin 1-dən 2-nə keçən gecə
erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə
hücuma keçmiş və yaşayış məntəqələrimizi
atəşə tutmuşlar. Bu təxribat xarakterli
hücumların nəticəsində hərbi
qulluqçularımız qəhrəmancasına həlak
olmuşlar. Cavab olaraq Azərbaycan
Silahlı Qüvvələri bütün istiqamətlərdən
əks hücuma keçərək düşmənin
mövqelərinə sarsıdıcı zərbələr
vurmuşlar.
Nazir Zakir
HƏSƏNOV dedi:
-Möhtərəm
Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki,
son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu
yerləşən ərazilərdə, kəndlərdə təxribatları
artırıbdır, əhaliyə qarşı
iriçaplı silahlardan və artilleriya qurğularından
istifadə edir. Son hadisələr göstərir
ki, əhali arasında itkilər çoxalıb. Bu təxribatların qarşısını almaq
üçün əməliyyat şəraitini qiymətləndirərək
qərar qəbul olunmuşdur ki, erməni silahlı qüvvələrinin
atəş nöqtələrinə və artilleriya
qurğularına zərbələr endirilsin və onların hərbi
birləşmələri bizim kəndlərdən daha uzaq yerə
çəkilməyə məcbur edilsin. Bununla
yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı
qüvvələrinin ehtiyatlarının hərəkətini
də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən
gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat
qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər
həyata keçirmişdir. Əməliyyat
şəraitini nəzərə alaraq, Talış və
Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr
aparılan döyüş əməliyyatları ilə ələ
keçirilmişdir. Bu əməliyyatın
əsas məqsədi təxribatların
qarşısının alınması və bizim
yaşayış məntəqələrinə atəş
nöqtələrinin təsirinin azaldılması idi.
Məruzə edirəm ki, əməliyyat vaxtı erməni
silahlı qüvvələri Madagiz, Ağdərə və
digər yaşayış məntəqələrindən
ehtiyatları hərəkətə gətirərək
döyüş bölgəsinə yerləşdirmək məqsədilə
əməliyyat keçirmişlər. Bunun da
qarşısının alınması məqsədilə
Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə
döyüş tədbirləri həyata keçirmiş və
zərbələr endirmişlər. Erməni
silahlı qüvvələri bu zərbələr nəticəsində
həm canlı qüvvə, həm də texnika sarıdan
çox böyük itkilər vermişdir. Məruzə edirəm ki, Silahlı Qüvvələrimiz
əməliyyat şəraitini nəzərə alaraq həmin
istiqamətlərdə və yüksəkliklərdə
öz mövqelərini möhkəmləndirmişdir. Gün ərzində erməni silahlı qüvvələrinin
təxribatlarının qarşısı uğurla
alınmışdır. Erməni
silahlı qüvvələri bu döyüşlərdə
böyük itkilərə məruz qalmışdır. Bizdə olan məlumata görə, 100-ə yaxın
düşmən məhv edilmiş və bir neçə
yüz düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları
sıradan çıxarılmışdır. Əməliyyat şəraitini və erməni
silahlı qüvvələrinin əsas hərbi hissələrinin
Madagiz yaşayış məntəqəsində yerləşməsini
nəzərə alaraq oraya da zərbələr
endirilmişdir. Onu da məruzə edirəm
ki, bir neçə hərbi top hissəsi Madagiz
yaşayış məntəqəsindən bizim mövqelərə,
bir də yaşayış məntəqələrinə
birbaşa zərbələr endirirdilər.
Məruzə edirəm ki, bütün əməliyyat
şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz
tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat
şəraitini tam nəzarət altında saxlayır və
gözlənilən bütün təxribatların
qarşısını almağa hazırdır.
X X X
Prezident
İlham ƏLİYEV: Onu da bildirmək istəyirəm ki, bu
gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,
Türkiyənin Baş naziri Əhməd Davudoğlu mənə
telefonla zəng etmiş, həlak olanlarla bağlı
başsağlığı vermiş, eyni zamanda, öz dəstəyini
ifadə etmişlər. Bununla bərabər,
Belarus Prezidenti Aleksandr Lukaşenko da mənə zəng
etmiş, vəziyyətlə maraqlanmış və öz
narahatlığını ifadə etmişdir.
İndi biz məsələləri daha geniş şəkildə
müzakirə edəcəyik, gələcək
planlarımız haqqında danışacağıq. Bir daha demək
istəyirəm ki, bu gün – aprelin 2-si Azərbaycan Ordusunun
tarixində parlaq qələbə günü kimi
qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin
bütün şəxsi heyətini bu böyük qələbə
münasibətilə təbrik edirəm.
AZƏRTAC
Azərbaycan.- 2016.- 5 aprel.- S. 1, 2.