İlham Əliyev: “Azərbaycan böyük hərbi qələbə qazandı”

 

Ali Baş Komandan aprelin 2-nin Azərbaycan Ordusunun tarixində parlaq zəfər günü kimi qalacağını bəyan etdi

 

22 ildir davam edən atəşkəs rejimində üç gün öncə ciddi proseslər yaşandı. Heç şübhəsiz ki, gələcəkdə tarixçilər məlum hadisəni Ermənistanın təcavüzkar savaşına qarşı Azərbaycanın apardığı mübarizənin əsaslı dönüş mərhələsi kimi qiymətləndirəcəklər. Tarixə Azərbaycan Ordusunun bir günlük müharibədə qazandığı parlaq qələbə kimi həkk olunacaq 2 aprel həm də cəbhə xəttində yeni hərbi situasiyanın yaranmasını şərtləndirdi. Artıq savaş meydanında psixoloji üstünlüyün ardınca hərbi yönümdə də mütləq uğur Azərbaycan əsgərindədir. Ən əsası isə aydın oldu ki, müharibənin geniş miqyasda, yəni son həmləyədək aparılacağı təqdirdə nəticəni də məhz Azərbaycan Ordusu diktə edəcəkdir!

Azərbaycan Prezidentinin ABŞ-a səfəri müddətində burada ali rəhbərliklə keçirdiyi səmərəli görüşlərin məntiqi sonluğu ölkəmizin və rəhbərimizin dünyanın ən böyük fövqəldövlətinin birmənalı dəstəyini qazanması, hər sahədə yardım göstəriləcəyi barədə rəsmi sözün verilməsi ilə əlamətdar oldu. Mühüm məqam o idi ki, Azərbaycanın geosiyasi məkanda, - indi yalnız Qafqaz deyil, bütünlüklə Avrasiya bölgəsində, - oynadığı strateji rol, qazandığı nüfuz ev tərəfindən rəsmən elan edildi. Xüsusi vurğulanmalı digər önəmli hadisə isə ABŞ-ın vitse-prezidenti və dövlət katibi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin prioritetliyinin bəyanı oldu. Onlar açıq-aşkar bildirdilər: “Azərbaycanın ərazi bütövlüyünü ABŞ qətiyyətlə dəstəkləyir, bu artıq bizim üçün mühüm əhəmiyyət daşıyır”.

Barak Obamanın adından Co Bayden tərəfindən səslənən bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Azərbaycanın haqlı mövqeyinə böyük dəstək olmaqla yanaşı, perspektivdə ölkəmizə əlavə vasitələrlə də yardım ediləcəyinin müjdəsi idi. Və Azərbaycanın, xalqımızın böyük ruh yüksəkliyi ilə qarşıladığı bu xəbərə qarşı tərəfin - düşmənin münasibəti də əvvəldən məlum idi. Lakin təcavüzkar bu dəfə növbəti qarayaxma kampaniyasına başlamağa lüzum görmədi, savaşı dərhal Qarabağ cəbhəsinə yönəltdi.

Məlum təxribatı Ermənistanın kimlərin tövsiyəsi, hansı havadarlarına arxalanaraq etməsini müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ bunu yaradan səbəbdir - Azərbaycanın müstəqil siyasətinin dünya ölkələrinin mütləq əksəriyyəti tərəfindən qəbul edilməsi, ona hörmətlə yanaşılması və dostların, müttəfiqlərin sayının artırılması. Ermənistanın növbəti avantürasına rəvac verən, onu və arxasındakıları əsəbiləşdirən, özündən çıxardan da məhz budur.

Onlar Azərbaycana dərs verməyə hazırlaşırdılar. Amma unutmuşdular ki, artıq xeyli müddətdir təşəbbüs birmənalı Azərbaycandadır və dərsi də İlham Əliyev keçir!

“Erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Düşmənə sarsıdıcı zərbə vuruldu. Aprelin 2-si onlar üçün yaxşı dərs olacaq” - Ali Baş Komandanın Ermənistana verdiyi növbəti dərsin sevincini, məğrurluğunu Azərbaycan xalqı belə yaşadı!..

Təhlükəsizlik Şurasının elə gecə ikən baş tutan təcili iclasında döyüş meydanında baş verən hadisələrin ilkin nəticələri araşdırıldı, təmas xəttində erməni təxribatının nəinki qarşısının alınması, həm də Ordumuzun əks-hücumla mühüm hərbi üstünlüyə imza atması Azərbaycan Prezidenti tərəfindən parlaq qələbə kimi dəyərləndirildi. Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə - Talış və Seysulan kəndləri, həmçinin Horadiz istiqamətində olan təpələri döyüş əməliyyatları ilə ələ keçiriblər. Əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması olan bu əməliyyat nəticəsində 100-ə yaxın düşmən məhv edilmişbir neçə yüzü yaralanmış, çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır

Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun” - deyən Ali Baş Komandan düşmənin təxribatlarının bundan sonra da cavabsız qalmayacağını, onun daim yerində oturdulacağını bəyan etdi.

Proseslər bir mühüm məqamı da aydınlaşdırdı. Qarabağ cəbhəsində baş verən silahlı qarşıdurma beynəlxalq miqyasda əsasən, obyektiv və ədalətlə işıqlandırıldı. Xüsusən də Avropa və ABŞ KİV-i, siyasi ekspertləri, qurumları öz xəbərlərində, açıqlamalarında, təhlillərində hadisələr barədə dolğun məlumatlar vermiş, Dağlıq Qarabağı erməni təcavüzünə məruz qalan ərazi kimi göstərmişlər.

Bu baxımdan, tam əsasla deyə bilərik ki, Prezident İlham Əliyev son hadisədə hərb cəbhəsi ilə yanaşı, həm də informasiya savaşında da ciddi nailiyyət əldə etdi və ermənilərin, onların havadarlarının təxribatlarını hər iki istiqamətdə puça çıxartdı. Lakin artıq sayları azalsa da, yenə də məkrli kampaniya həyata keçirən KİV-lər var. Ölkə rəhbərimizin təbirincə desək, “ermənilərin sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun”.

Dünyanın ciddi, nüfuzlu, geniş təsir gücü olan KİV-ləri sırasında olmayan bu medianın əsas hədəfi məhz Azərbaycan Prezidentidir! Atılan hər bir gülləyə, məhv edilən hər bir təcavüzkara, dağıdılan hər bir texnikaya, itirdikləri hər bir qarış torpağa görə yalnız və yalnız Prezident İlham Əliyevi ittiham edirlər. Əslində, buittihamla” hər bir azərbaycanlı razılaşır, buna görə Ali Baş Komandanı ilə qürur da duyur!

Bəli, bu gün İlham Əliyev həm də Qarabağ cəbhəsində böyük qələbəyə müəlliflik edən Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazının daşıyıcısıdır!

Bu gün İlham Əliyev səngərdə qəhrəmanlıqla Vətən mücadiləsi verən zabitlərimizin canlı örnəyidir!

Bu gün İlham Əliyev həm də Azərbaycandır, Qarabağdır!..

Bunu düşmən yaxşı bilir, onu da dərk edir ki, son bir əsr ərzində bütün savaşlarda daim qələbə qazansa da, onun burnunu ovan, məğlub edən, geri oturdan məhz İlham Əliyev oldu!..

Müharibə bir gün davam etsə də, Ali Baş Komandanımızın “Hücum!” əmrinə müntəzir olan Azərbaycan Ordusu uzun illərdir tamarzı qaldığımız qələbəni bizə yaşatdı!

Çox şirin dadı varmış qələbənin...

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2016.- 5 aprel.- S. 1.