Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın adından şəhidlərin ruhuna
ehsan verilib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşdü.
Şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verən, yaralılara şəfa diləyən Mehriban ƏLİYEVA dedi:
-Hörmətli xanımlar, əziz analar, əziz bacılar cəbhə xəttində vətən uğrunda həlak olmuş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xahiş edirəm həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mehriban Əliyeva dedi: Analara, valideynlərə, qohumlara Allah səbir versin. Yaralanmış, xəsarət almış
əsgərlərimizə Allah şəfa versin. Bu gün bizim
qəhrəman döyüşçülərimiz
Vətən qarşısında
müqəddəs borclarını
şərəflə yerinə
yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu,
eyni zamanda, kədər hissi yaşayır.
Əziz analar, mən bir ana kimi
sizin qarşınızda
baş əyirəm. Siz elə
övladlar böyütmüsünüz
ki, bu gün
bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir
ana istəməz ki, müharibə olsun, övladlarımız
gənc yaşında
dünyalarını dəyişsin.
Azərbaycan dövləti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini
göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik
ki, insanlarımız öz doğma yurdlarına qayıtsın.
Biz işğalçı deyilik. Biz işğalçı
ilə mübarizə
aparan millətik.
Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz
yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan
azad etmək istəyirik. Bu həqiqəti bütün
dünya bilir və artıq qəbul etməlidir.
Ədalətsiz, işğalçı siyasətin qarşısını
almaq üçün
bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan
xalqı üçün
hər bir əsgərimiz dəyərlidir
və əzizdir.
Dünyanın ən böyük
sərvəti olan ömrünü Vətən
naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində
qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir.
Əziz analar, sizin qəlbinizdə
yaşayan ağrı
və kədər əminəm ki, hər bir Azərbaycan
qadınının ürəyində
yaşayır. Bir daha çox sağ olun.
Çox sağ
olun ki, belə övladlar böyütmüsünüz. Çox
sağ olun
ki, ömrünüzün
ən ağır anlarını belə ləyaqətlə qəbul
edirsiniz. Mən əminəm ki,
ədalət bərpa
olunacaq. Azərbaycan torpaqları
işğaldan azad ediləcək, Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunacaq.
Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz
öz doğma torpaqlarına qayıdacaqlar.
Bunun üçün biz güclü
və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan
da birgə şərəflə çıxacağıq.
Allah hər zaman Azərbaycanı qorusun!
X X X
Sonra müqəddəs
Qurani Kərimdən ayələr oxundu. Qoşunların təmas xəttində ermənilərin təxribatının
qarşısını alarkən
qəhrəmanlıqla şəhid
olan hərbçilərin
ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından
ehsan verildi.
Birinci xanım Mehriban Əliyeva son günlərdə
Vətən torpaqlarının
azadlığı uğrunda
şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına
başsağlığı verdi, yaralıların
tezliklə sağalmasını
arzuladı. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini
söyləsələr də,
şəhidlərimizin hər
bir vətəndaş
üçün müqəddəs
olan Vətən uğrunda öz canlarından keçdiklərini
dedilər. Qeyd etdilər
ki, Azərbaycan Silahlı Qüvvələrinin
erməni işğalçılarına
verdiyi tutarlı cavabdan qürurlanırlar.
Onlar bildirdilər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə
qarşı apardıqları
əməliyyatlarda qazanılan
zəfərin sevincini
yaşadıb. Şəhid olan
və yaralanan hərbçilərin ailə
üzvləri Azərbaycan
Ordusundan yeni qələbə xəbərləri
eşitmək arzusunda
olduqlarını dedilər.
Azərbaycanın tezliklə işğal
altındakı torpaqlarının
geri qaytarılacağına
əminliklərini ifadə
etdilər. Göstərilən diqqət və dəstəyə görə
Azərbaycan dövlətinə
və xalqına minnətdarlıqlarını bildirən
şəhid və yaralı hərbçilərimizin
ailə üzvləri
qüdrətli ordumuzun
düşmənlərimizə vurduğu sarsıdıcı
zərbələrdən qürur
hissi keçirdiklərini
bildirdilər.
X X X
AZƏRTAC-ın müxbiri
mərasimdə şəhidlərin
anaları və yaxınlarından müsahibələr
alıb.
Şəhid Ruhin Qəhrəmanovun
bibisi dedi: Allah Prezidentimizə cansağlığı
versin. Soydaşlarımıza, bütün oğullarımıza
şəhidlərimiz kimi
qeyrətli olmağı
arzulayıram ki, hamısı Vətənimiz
uğrunda son damla qanlarına qədər vuruşsunlar. Oğullarımızın hünəri bizi qürurlandırır. Şəhid balalarımız
öz hünərləri
ilə başımızı
uca etdilər. Onlar Azərbaycanımızın adını
bütün dünyada
ucaltdılar. Bütün dünya
bilsin ki, Azərbaycanın belə qəhrəman oğulları
var, Vətənimiz, torpağımız, Prezidentimiz
uğrunda canlarından
keçməyə hazırdırlar.
Şəhid Rasim Məmmədovun
həyat yoldaşı
dedi: Yoldaşım şəhid olub. Fəxr edirəm ki, mənim yoldaşım torpaqlarımızın azadlığı
uğrunda şəhid
olub. Onun iki övladı
var. İstəyirəm onlar
da ataları kimi Vətənini, millətini sevən, onun şərəfli yolunu davam etdirən
övladlar olsunlar.
Biz dövlətimizin qayğısından, Prezidentimizdən,
birinci xanımımızdan
çox razıyıq.
Biz onun qayğısını
həmişə hiss etmişik.
Hərbçilərə və onların
ailə üzvlərinə
göstərdiyi qayğıya
görə çox minnətdaram.
Şəhid kəşfiyyatçı Nicat İsgəndərovun
anası dedi: Övladım Vətən
uğrunda şəhid
olub. O, vətənsevər
övlad idi. Vətəni
sevən igid övladım qəhrəmancasına
həlak olub. Nicat iki il idi ki,
nişanlı idi. Buradan nişanlısına demək
istəyirəm ki, qızım, dözümlü
ol, çünki sənin qəhrəman nişanlın Vətən
uğrunda şəhid
olub. Vətən
sağ olsun! Allah bütün şəhidlərə
rəhmət eləsin.
Hər zaman başım ucadır. Övladımla fəxr edirəm.
Övladımla yanaşı, bütün
şəhidlərlə fəxr
edirəm. Mən şəhid
bacısı kimi qızıma, şəhid
nişanlısı kimi
gəlinimə deyirəm
ki, hər zaman başınızı
dik tutun.
Şəhid Urfan Vəlizadənin həyat yoldaşı dedi: Mən Urfanın adını qürurla daşıyıram. Onun balaları - qızları onun yolunu gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də düşmənlərimizə qalib gəliblər. Urfan həmişə deyirdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Allah bütün şəhidlərə rəhmət eləsin. İndi yoldaşım bizim arxamızda dura bilməsə də, dövlət bizim arxamızda durur. Dövlətimiz övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun dövlətimizin başçısı.
Şəhid Bəkir İsmayılovun həyat yoldaşı dedi: Mənim yoldaşım Mİ-24 helikopterində vurulub. Mən onunla fəxr edirəm. Bütün şəhid analarına isə səbir diləyirəm. Biz fəxr etməliyik ki, belə igid oğullarımız var. Vətənimiz sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz bizə çox gözəl qayğı göstərir. Bütün şəhid valideynlərinə, şəhid ailələrinə qayğısı çox gözəldir. Çox sağ olsun millətimiz, çox sağ olsun Prezidentimiz. Qürur hissi ilə söyləyirik ki, bizim belə bir Prezidentimiz var. Ona qayğısına görə çox minnətdaram.
Təyyarəçi mayor Təbriz
Musazadənin həyat yoldaşı dedi:
Yoldaşım aprelin 2-də gedən
döyüşlərdə şəhid oldu.
Mən onunla fəxr edirəm.
Övladlarım da fəxr edir
ki, onun kimi ataları olub.
Düşməndən qisasımızı alacağıq. Çünki bizim o cür qəhrəman
övladlarımız var. Bizim
qeyrətli Prezidentimiz var.
Vətən sağ olsun!
AZƏRTAC
Azərbaycan.- 2016.- 8 aprel.- S.2.