Azərbaycan, İran və
Rusiya xarici işlər
nazirləri: Üçtərəfli görüşdə səmərəli
müzakirələr aparıldı
Aprelin 7-də üçtərəfli
görüş başa
çatdıqdan sonra
Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
deyib ki, bu formatda keçirilən
görüşlər ölkələrimiz
arasında daha sıx əməkdaşlıq
üçün yeni imkanlar açır. O, görüşdə
“Şimal-Cənub” layihəsinin
inkişafı məsələsinin
müzakirə edildiyini
söyləyib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyinin
qeyd olunduğunu diqqətə çatdırıb.
Aprelin 20-də İran
və Azərbaycan tərəfləri arasında
görüşün keçiriləcəyini
bildirən nazir deyib: “Bu görüşdə
8 kilometrlik Astara-Astara
dəmir yolu körpüsünün tikintisi
ilə bağlı məsələlər müzakirə
ediləcək. Planlaşdırırıq ki, bu işlər
ilin sonuna qədər başa çatacaq. Müzakirə olunacaq digər məsələ Rəşt-Astara
dəmir yolu xəttinin tikintisi olacaq. Rusiya da bu layihədə maraqlıdır”.
Qeyd edilib ki, görüşdə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı bir sıra mühüm məsələlərə də
toxunulub. Həmçinin terrorizm, narkotik
qaçaqmalçılığı kimi hallarla mübarizə
üçün müvafiq
qurumların üçtərəfli
əsasda əlaqələrinin,
mədəniyyət, turizm,
sosial sahələrdə
əməkdaşlığın gücləndirilməsinin vacibliyi
vurğulanıb. Bundan başqa,
gömrük və Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər ətrafında
da məsləhətləşmələr
aparılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif görüşün səmərəli
keçdiyini qeyd edib. O deyib: “Görüşdə
əməkdaşlıq üzrə
sahələri müəyyən
etdik. İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi
ilə bağlı layihə gündəlikdə
olan ən əsas məsələdir.
Paralel olaraq, biz terrorizmlə, ekstremizmlə mübarizə
ilə bağlı məsələlərlə əlaqədar
da əlaqəli işləyəcəyik. Eləcə də
mədəniyyət, turizm
kimi sahələrdə
də əməkdaşlığımızı
genişləndirməliyik. Biz inanırıq ki, bu cür
üçtərəfli formatda
əməkdaşlıq Azərbaycan,
Rusiya və İran xalqlarının maraqlarına xidmət edəcək. Bu, bütövlükdə regionun
maraqlarına uyğundur,
bölgədə sülhün,
təhlükəsizliyin təmin
olunması üçün
vacibdir.
Görüşün kifayət qədər faydalı olduğunu söyləyən Rusiyanın
xarici işlər naziri Sergey Lavrov bildirib ki, uzunmüddətli
səmərəli əməkdaşlıq
üçün bir sıra istiqamətlər müəyyən olundu. İqtisadiyyat, energetika, nəqliyyat, siyasi və təhlükəsizlik sahələrində
əməkdaşlıq kimi
məsələlər müzakirə
edildi. Nazir deyib: “Beynəlxalq terrorizm, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla
mübarizə aparmaq bizim ortaq məqsədimizdir.
Düşünürəm ki, bütün
bu sahələrdə
işin üçtərəfli
formatda qurulması daha böyük üstünlüklər verəcək.
Biz, həmçinin əməkdaşlığımızın maliyyə tərəfini də müzakirə etdik. Qərara aldıq ki,
“Şimal-Cənub” layihəsi
ilə bağlı müvafiq qurumlarımız
fəaliyyətə başlamalıdır.
Nəqliyyat nazirliklərimiz bu
layihənin texniki və maliyyə məsələlərini müzakirə
edəcəklər”. Rusiyalı nazir
qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli
formatda müxtəlif
sahələrdə mövcud
olan əlaqələrin
üçtərəfli formatda
genişləndirilməsi xalqlarımızın
maraqlarına tam uyğundur.
Son günlər Ermənistan-Azərbaycan
qoşunlarının təmas
xəttində yaranmış
vəziyyətə toxunan
Sergey Lavrov deyib ki, cəbhədə qarşılıqlı etimadın
təmin edilməsi çox vacibdir. Ancaq bu,
o demək deyil ki, biz münaqişənin
siyasi həlli yollarını axtarmamalıyıq.
Rusiya əlindən gələni
edəcək ki, məsələ ilə bağlı son illər apardığı işi davam etdirsin.
AZƏRTAC
Azərbaycan.- 2016.- 8 aprel.- S.3