Siyasi qətiyyət, yüksək milli ruh və mübarizə əzmi

 

 

Azərbaycan tarixi torpaqlarını ən qısa zamanda işğaldan azad etmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirdi

 

İşğalçılıq siyasətindən əl çəkməyən təcavüzkar Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq qoşunların təmas xəttində törətdiyi son təxribatlara - dinc əhali üçün real təhlükə yaratmasına adekvat cavab olaraq Azərbaycan Ordusu düşmənə Bişkək protokolunun imzalanmasından sonrakı 22 ildə ən ağır və sarsıdıcı zərbəni vurdu!

Aprelin 2-dən 5-dək davam edən çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin bir sıra mövqelərini ələ keçirən, hərbi obyektlərini darmadağın edən, bəzi yaşayış məntəqələrini işğaldan azad edən müzəffər Silahlı Qüvvələrimizın əzm və rəşadəti uzun illərdir ki, bu anı gözləyən xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hisslərinin alovlanmasına səbəb oldu!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktikistrateji hazırlıq səviyyəsi işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, üç gün ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi.

Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı.

Qoşunların təmas xəttindəki uğurlu əməliyyatlarımız bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Bu günlərdə Ali Baş Komandanımızın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri Ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın dəstəyi ilə qarşılandı.

İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürursevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksək Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadir olduğunu sübuta yetirdi.

Üçüncüsü, 90-cı illərin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Hətta hakimiyyətə opponent olaraq konstruktiv münasibət bəsləməyən bəzi radikal müxalifət partiyaları da aparılan hərbi əməliyyatları dəstəklədilər, hərbi əməliyyatlara açıq dəstək ifadə etdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək - hamının əlinə silah alaraq cəhbəyə yollanmağa hazır olduğunu bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

Dördüncüsü, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulmuş başlıca vəzifə yerinə yetirildi. Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu ərazilərdə, kəndlərdə təxribatları artıraraq əhaliyə qarşı iriçaplı silahlardanartilleriya qurğularından istifadə edirdilər. Əhali arasında itkilərin qarşısının alınması üçün erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilməsi ilkin mərhələ üçün başlıca hədəf idi. Əminliklə demək olar ki, bu məqsədə tam nail olundu.

Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları üç istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirdi, hücumla Talış və Seysulan kəndləri, habelə Horadiz istiqamətində strateji yüksəkliklər açıq döyüş əməliyyatları ilə geri qaytarıldı. Üstəlik, qazandığımız parlaq qələbələr düşmənin zəif ordusunu və ictimaiyyətini psixoloji baxımdan sındırdı, ciddi ruh düşkünlüyünə, bədbinliyə səbəb oldu. Ermənilərin kömək üçün təcili öz havadarlarına müraciət etmələri də bunun əyani göstəricisidir.

Ən nəhayət, 1 günlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illər faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünüsuverenliyini təmin etmək əzmindədir. Ən əsası, Ermənistanın havadarlarının hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan iqtidarı xalqının və qüdrətli Ordusunun köməyi ilə bu addımı atmağa qadirdir!

Təmas xəttində status-kvonun dəyişməsi bölgəni təsir dairəsinə daxil etmək üçün açıq yarışa çıxmış “supergüclər”in Ermənistana təzyiqlərinin artmasına gətirib çıxaracaq. Son günlər müxtəlif ölkələr və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyününsuverenliyinin dəstəklənməsi bunu bir daha sübut edir. Şübhəsiz, münaqişənin təminatlı həlli istənilən halda ABŞ, RusiyaFransaüçlüyünün qarşılıqlı güzəştindən əhəmiyyətli dərəcədə asılıdır. Rusiya son illər müəyyən fəallıq göstərərək belə bir şans əldə etməyə çalışsa da, son nəticədə özünün regiondakı “for-postunun üzərinə çox getmək istəmədi. Lakin son əməliyyatlara Moskvanın nisbətən loyal mövqeyi Ermənistanda da ciddi narahatlıqla qarşılanır və təndiq olunur. Siyasi müşahidəçilər bunu nəzərə alaraq, danışıqların növbəti mərhələsində Rusiyanın ən azı 5 rayonun işğaldan azad edilməsi üçün Ermənistana təsir göstərə biləcəyini bildirirlər.

Şübhəsiz, işğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Son günlər bütün dünya da xalqımızın bu qətiyyətinin əyani şahidi oldu. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkək müqaviləsinin imzalanmasından 22 il ötsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb.

Azərbaycanın son 22 ildə danışıqlar prosesində ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupu həmsədrlərinə yaxşı məlumdur. Aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasiiqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin “ikili oyunları” beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz və “ikili standartyanaşma da kifayət qədər üzdədir. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-nin sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda vəziyyət dəyişmir.

Dünya nizamını müəyyənləşdirən “güclər” işğala göz yummaqda hələ də təcavüzkarı himayə edirlər. Yaranmış vəziyyət “Kim güclüdürçə, o da haqlıdır” kimi vandal prinsipin hələ də aktual olduğunu göstərir. Dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında bununla bağlı demişdir: “Bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır”.

Qarşıdurmada olan bütün dövlətlər bu qaçılmaz reallıqla barışmalı olublar: hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Fəqət, bu yanaşmanın özü də şərtidir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Həmsədrlərin indiyə qədər münaqişə tərəflərinə “Gedin dil tapın, istənilən razılaşmanızı qəbul edəcəyik” təklifi isə Azərbaycanı açıq-aşkar hərbi yola məcbur etməkdir.

Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Uzun illər regiondasiyasi orbitrrolunda çıxış etməyə iddialı bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biridir. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə belə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu güniqtisadisiyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Təəssüf doğuran haldır ki, sözdə münaqişənin tez bir zamanda həllini arzulayan hegemon dövlətlər təcavüzkar Ermənistanı BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr göstərir ki, müasir dünyada ikili standartların nəticəsi olandondurulmuş münaqişələr” həmin aparıcı dövlətlərin öz maraqları üçünböyük təhdidlər doğurur. Eyni zamanda, BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək ilk növbədə beynəlxalq hüquqa qarşı da açıq qəsddir. Lakin son günlər Azərbaycanın qətiyyətli addımları, uğurlu hərbi əməliyyatları ilə ədalətsiz yanaşmaya üstünlük verənləri bərk silkələyib. İndi ATƏT-in Minsk qrupu həmsədrləri anlayırlar ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır.

“Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm” deyən ölkə başçısı cənab İlham Əliyev ilk gündən danışıqlarda Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamışdır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan iqtidarı indiyə qədər olduğu kimi, münaqişənin həllində bundan sonra da prinsipial mövqe tutacaqmilli mənafelərin qorunması üçün ardıcıl diplomatik səylər göstərəcəkdir. Bu səylərin yenə də nəticə verməyəcəyi təqdirdə Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirərək öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır. Şübhəsiz, xalqımız ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin bu istiqamətdə yürütdüyü əzmkar siyasəti birmənalı dəstəkləyir və münaqişənin qısa zamanda Azərbaycanın milli maraqlarına uyğun şəkildə öz həllini tapacağına ürəkdən inanır.

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.- 2016.- 8 aprel.- S.4.