Vətən sənə oğul dedi
Aşağı Qaramanlı kəndi heç vaxt belə izdiham görməmişdi. Neftçala rayonunun mərkəzindən,
qəsəbə və
kəndlərdən buraya
ardı-arası kəsilmədən
insanlar axışırdı.
Neftçala camaatı buraya Qarabağın Tərtər
rayonundakı cəbhə
xəttində mənfur
düşmənin növbəti
təxribatının qarşısının
alınmasında şəhid
olmuş Elimdar Səfərovu son mənzilə
yola salmağa gəlmişdi. Cənazənin gəlməsini gözləyən
insanlar dəstə-dəstə
dayanaraq cəbhə bölgəsində baş
verən hadisələrdən,
ordumuzun qazandığı
uğurlardan qürurla
söhbət açırdılar.
Hər kəsin üzündə-gözündə
əsgərlərimizin şəhid
olması kədəri
ilə bərabər,
cəbhədə ordumuzun
qazandığı uğurlarla
bağlı qürur və iftixar hissi də duyulurdu.
Kimsə
ucadan deyirdi:
- Nə qədər dözmək, səbir etmək olar? Bu mənfur ermənilər
onun-bunun qoltuğuna sığınıb əməllərindən
çəkinmir, torpaqları
boşaltmaq istəmirlər.
Sağ olsun Prezident, sağ olsun hərbi nazir. Mühüm əhəmiyyətli yerləri tutmuşuq.
Həmin
yüksəkliklərdən ermənilərin lazımi
mövqelərini darmadağın
etmək artıq mümkündür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti Neftçala
Rayon Şöbəsinin rəisi
polkovnik-leytenant Turan Əliyev cənazəni gətirən hərbçilərin
Aşağı Qaramanlı
kənd ərazisinə
yaxınlaşdığı barədə rayon rəhbərliyinə
məlumat verir. Bir azdan
hərbi hissəyə
məxsus olan “UAZ” markalı tibb xidməti maşını
şəhidin böyüyüb
boya-başa çatdığı
evin həyətinə
daxil olur. Əsgərlər Azərbaycan Bayrağına
bükülmüş tabutu
evin həyətindəki
kürsünün üzərinə
qoyurlar. Anası, yaxınları
şəhidlə vidalaşırlar.
Sonra tabut insan selinin müşayiəti
ilə kənd qəbiristanlığına aparılır. Əllərində
üçrəngli bayrağımızı
başları üstünə
qaldırıb dalğalandıran
gənclər yol boyu böyük coşqu
ilə təkrar-təkrar:
“Vətən
bölünməz! Şəhidlər ölməz!” “Vətən! Vətən şüarımız! Şəhidlər iftixarımız!” kimi şüarlar səsləndirirlər.
Bunları görüb duyduqca
hər kəsin qəlbinə bir hiss hakim kəsilir və düşünürsən: “Var
olsun, yaşasın bu xalq, bu
millət! Çətin anda, dar məqamda bir olmağı, anamıza ana olan Vətənimizi
qorumağı bacarır.”
İnsan izdihamının müşayiəti ilə cənazə çiyinlərdə qəbiristanlığa çatdırılır. Buradakı ərazinin müəyyən hissəsində Qarabağ uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərimiz üçün xüsusi yer ayrılmışdır. Quran oxunub, cənazə namazı qılınır. Sonra şəhid torpağa tapşırılır. Əsgərlər yaylım atəşi ilə həlak olan şəhidin ruhunu yad edirlər.
Şəhidin babası Qaraxan Qarayevə başsağlığı verib səbir dilədik. Qaraxan kişi:
- Vətən, torpaq öz oğulları ilə sayılıb-seçilir. Yaxşı, igid övladları olan torpaq heç zaman düşmənə baş əyməz. Elimdar cəsur uşaq idi. Mübariz İbrahimovun ardıcılı olmağa can atırdı. Deyirdi, mən də onun kimi Vətən uğrunda canımdan keçməyə hazıram. Belə də oldu. Ailədə 6 uşaq olublar. Dörd qiz, iki oğlan. Ataları 2010-cu ildə vəfat edib. Uşaqlar hamısı ağıllı, zəhmətkeşdirlər. Qızlar köçüb, ailəlidirlər. Elə deyirdik ki, gəl səni evləndirək. Deyirdi, tələsməyin, özüm sizə deyəcəm.
Qardaşı Elizbar Səfərov:
- Elimdar məndən kiçik idi. 1992-ci ildə anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra əsgərliyə getdi. Boyca hündür, yaraşıqlı idi, idmanı çox sevirdi. Əsgərliyə gedəndən bir müddət sonra onu kursa yolladılar. 6 ay oxuyub gizir oldu və beləliklə də həyatını birdəfəlik hərbiyə bağlamağı qərara aldı. Təsəllini onda tapıram ki, qardaşım Vətən, torpaq uğrunda şəhid olub.
Lazım gələrsə günü bu gün mən də döyüşməyə hazıram.
Hamımızın təsəllisi budur. Şəhidlər ölmürlər, onların qanı da yerdə qalmır. Vətənimizin bütöv, işğaldakı torpaqlarımızın azad olacağı gün uzaqda deyil.
Seyran CAVADOV
Azərbaycan.- 2016.- 8 aprel.- S.5.