Demişdi ki... gələcək
O gecəni narahat keçirən Havva ana həmişəkindən tez oyanmışdı. Başını qatmaq üçün toyuq-cücəyə dən səpməsi, həyətdə səliqə-sahman yaratmaq üçün təmizlik işləri ilə baş qatması da, narahatlığını səngitmirdi. Kənddə gəlin olan qızı Fatimə ilə danışanda da qızı: “Nəyin dərdin çəkirsən ay ana, narahatlığın qardaşımdan idi, onunla da iki gün əvvəl telefonla danışmışıq. Şükür Allaha lap yaxşıdır. Xidmətinin də 1 ili tamam olub. Sağlıq olsun, altı aydan sonra gələcək” - dedi.
- Allah ağzından eşitsin,
ay bala - desə də, özünə yer tapa bilmirdi.
Qulağı səsdə idi.
Demə,
ana qəlbinə nəsə dammışdı.
Beynindən keçirdiyi isə
yalnız “Allah xeyrə
calasın” kəlamı
idi.
Həmin gün günorta saatlarında Zaqatala rayonunun Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Əli Mahmudovun da qəlbindən qara qanlar axırdı. Təxminən
bir il
əvvəl hərbi xidmətə getməsi ilə bağlı çağırış vərəqəsi
təqdim etdiyi Rəvan Nurayevdən xəbər var idi. Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri
iriçaplı silahlardan
istifadə etməklə
atəşkəsi pozarkən
Milli Ordumuzun əks-hücumu zamanı
19 yaşlı gənc
qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə
yüksəlmişdi. Ananın gözünün ağı-qarası
olan yeganə oğlunun ölüm xəbərini ona çatdırmaq heç də asan deyildi.
Əli Mahmudov Havva Nəbiyevanın kürəkəni
Qəhrəmanı yanına
çağıraraq onu
hadisə barədə
xəbərdar edib tapşırdı ki, anaya oğlunun yaralanması haqqında məlumat versin. Xəbəri alan
ananın həyəcanı
daha da artdı.
Bir neçə saatdan sonra həyətdə
qurulmağa başlayan
mərasim çadırını
görəndə Havva
ananın ümidlə,
arzuyla, xoş duyğularla qanadlanan dünyası yerlə yeksan oldu...
Rəvan Nurayev 1997-ci ilin mart ayının 13-də Zaqatala
rayonunun ən böyük kəndlərindən
olan Muxaxda dünyaya göz açmışdı. Burada həmişə
vətəninin, dövlətinin,
xalqının qədrini
bilən insanlar yaşayırlar. Onlardan biri
şəhid Rəvan idi. Anası Havvaya, bacısı Fatiməyə həmişə
qürur yaşadan Rəvan.
Rəvan axırıncı dəfə
martın 30-da anası
ilə telefonla əlaqə saxlayıb hər şeyin qaydasında olduğunu bildirib. Həmin vaxt o, 9 gün
idi ki, xidmət
etdiyi Tərtərin
“N” saylı hərbi hissədən Mingəçevirə
kursa getmişdi.
İki gün sonra yenidən xidmət etdiyi hissəyə qayıdan çavuş Rəvan Nurayev aprelin 2-si qanlı döyüşdə yağı
gülləsinə tuş
gəlib.
İsmayıl kişinin 71 yaşında
dünyaya gətirdiyi
Rəvan iki yaşından ata məhəbbətindən məhrum
olmuşdu. “Pis
günün ömrü
az olar” deyən anası Havva xanım heç nəyə baxmadan iki övladının
üstünə qanad
gərərək bəzən
çətinliklərlə qarşılaşsa da, onları böyüdüb
ərsəyə çatdırıb.
Qızı Fatiməni el adəti
üzrə gəlin köçürüb. Rəvan
isə orta məktəbi bitirdikdən
sonra 2015-ci il
aprel ayının 8-də
hərbi xidmətə
çağırılıb.
Biz də yolumuzu
bu kənddən salıb şəhidin yas mərasimində iştirak edib doğmalarına, yaxınlarına
başsağlığı verdik. Təbiətin oyanışı, çölün, düzün
gül-çiçəyə bürünməsi insana xoş gəlsə də, daxildə bir üzüntü hiss olunurdu.
Hələ kəndin mərkəzi hissəsinə çatarkən
qürurverici bir mənzərə ilə, üçrəngli bayrağımızı
dalğalandıran gənclərlə
rastlaşdıq. Onlardan biri Ehtiram Əhmədov
söhbət əsnasında
dedi: “Mən cəbhə bölgəsindən
çox uzaqda, bu kənddə yaşayıram. Lakin Qarabağı azad
görmək hamımızın
arzusudur. Çünki bu Vətənin nemətlərindən bəhrələndiyimiz
kimi, onun problemlərinin həllində
də birlik nümayiş etdirməliyik.
Bu hiss bizim hamımızın
- bütün muxaxlıların
qanında, canındadır.
Əgər belə olmasaydı,
Qarabağ savaşından
bu günədək
22 şəhidimiz olmazdı.
Son şəhidimiz isə Rəvan qardaşımızdır. Yeri cənnətlik olsun.
Biz fəxr edirik
ki, kəndimizin yetirməsi torpaqlarımızın
bütövlüyü uğrunda
fədakarlıq edərək
şəhid olub.
Onu həmişə yaddaşlarda
yaşadacağıq. Lazım gəlsə, biz də Rəvan kimi Vətən yolunda ölümə getməyə
hazırıq. Ən böyük
arzumuz üçrəngli
bayrağımızı Qarabağımızın
ən uca zirvəsində dalğalandırmaqdır”.
Söhbətə kənd sakini Kamil Məmmədov da qoşuldu: “Rəvan atasız böyüsə də, həmişə qüruru,
vətənpərvərliyi ilə seçilirdi. Onun döyüş bölgəsində
göstərdiyi qəhrəmanlıqdan
hər bir kənd sakini qürur duyur”.
RİH başçısının Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əli Mahmudovla görüşdük. O, bizi Rəvanın təhsil aldığı Muxax kənd 2 saylı tam orta məktəbinə apardı. Məktəbin foyesində Rəvanın stendi yaradılıb. Şəklinin qarşısına tər çiçəklər düzülmüşdü. Məktəbin direktoru Şaiq Qasayev keçmiş şagirdinin fotoalbomunu vərəqləyə-vərəqləyə dedi: “Rəvan məktəbimizin nizam-intizamı ilə seçilən şagirdlərindən olub. Atasını uşaq yaşlarından itirməsi onu erkən yaşlarından zəhmətə bağlayıb. Əsgər gedəndən sonra evlə əlaqə saxlayıb anasına əminliklə deyirdi ki, qayıtdıqdan sonra ona daha yaxşı kömək edəcək. Orduda da özünü yaxşı əsgər kimi göstərib çavuş rütbəsi almışdı”.
İbtidai sinif müəllimi Fatimə Şabanova da keçmiş şagirdi haqqında ağızdolusu danışdı: “Rəvan sakit və ağıllı uşaq idi. Onun haqqında keçmiş zamanda danışmaq mənə çox ağır gəlir. Onun şəhid olması xəbəri hamımızı çox mütəəssir etdi. Bununla belə qürur duyuruq. Çünki əzəli düşmənimizlə döyüşdə qəhrəmanlıq şöstərərək şəhidlik zirvəsinə qovuşub”.
Nurayevlərin həyətində qurulmuş mağarda Müqəddəs Həmzətovla da tanış olduq. O dedi ki, Rəvan oğlu Asimanla bir yerdə Tərtərdə xidmət edib. Rəvan 1 il, Asiman isə 9 ay xidmət etmişdi. Həyəcan siqnalı veriləndə də döyüşə bir yerdə atılıblar. Oğlum deyir ki, ermənilərin atəşkəsi pozmasından sonra əks-hücuma keçərək düşmənin bir postunu alıblar. Rəvan sərrast atəşlə düşmənin atəş nöqtəsini susdurub. Növbəti post uğrunda gedən döyüşdə isə Asiman qolundan güllə yarası alıb. Komandir onu döyüş xəttindən çıxararkən Rəvanın vurularaq yerə yıxıldığını görüb.
Muxax kənd bələdiyyəsinin sədri Akif Abdullayev də deyir ki, Rəvanın şəhid olması xəbəri hər bir kənd sakini kimi, onu da həyəcanlandırıb. Bununla belə onun böyük bir amal - Vətən torpağı uğrunda canını fəda etməsindən təsəlli tapır. Onun oğlu hazırda zabit kimi ön cəbhədə yerləşən hərbi hissələrdən birində xidmət edir. Rəvan isə kiçik övladı ilə bir məktəbdə təhsil alıb. Xidmət etdiyi hərbi hissənin əsgərləri ilə də söhbətimiz oldu.
Şəhidin əmisi oğlu Şəmsəddin Nurayev dedi ki, Rəvanın itkisi ağır olsa da, qəlbimizdə yaşayır və yaşayacaq. O, təkcə 7 min 800 nəfər əhalisi olan Muxaxın deyil, bütün Azərbaycanın övladına çevrildi.
Əli SƏLİMOV,
Azərbaycan.- 2016.- 8 aprel.- S.6.