Macarıstanın parlament
partiyası Qarabağın işğaldan
azad olunmasını tələb edib
Macarıstanın qanunverici orqanında təmsil edilmiş ikinci ən böyük fraksiya olan “Daha yaxşı Macarıstan uğrunda” partiyası aprelin 6-da bəyanat yayaraq Qarabağda Azərbaycan Ordusu ilə işğalçı erməni silahlı qüvvələrinin təmas xəttində vəziyyətin kəskinləşməsinə görə narahatlığını bildirib (bax: http://jobbik.com/jobbik_calls_upon_baku_and_yerevan_to_settle_their_conflict_peacefully_in_line_with_international).
Görkəmli partiya xadimi, Macarıstan Parlamentinin xarici siyasət komitəsi sədrinin müavini, AŞ PA üzvü Marton Döndöşi tərəfindən hazırlanmış sənəddə deyilir: “Ermənistan ilə Azərbaycan arasında münaqişə Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsindən sonra başlanıb. Yüz minlərlə azərbaycanlı qaçqın düşərgələrində sığınacaq tapıb”.
Bəyanatda xatırladılır ki, 2011-ci ildə bu partiya Xocalı qırğınının erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi barədə qətnamə qəbul olunması təşəbbüsü ilə çıxış edib.
Sənəddə deyilir: “Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan sülh yaradıla bilməz”.
Pərvanə
QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Azərbaycan.- 2016.- 8 aprel.- S.6.