Ermənistanın
işğalçı olduğu etiraf edilir
Ermənilərin
aprelin 2-dən başlayaraq cəbhə xəttində həyata
keçirdikləri təxribatların qarşısını
qətiyyətlə alan Azərbaycan
Silahlı Qüvvələrinin bölmələri qısa
müddət ərzində düşmənə
sarsıdıcı zərbə vurublar. Düşmənin
cəbhə xəttində illərdən bəri möhkəmləndirdiyi
ön xətt ordumuz tərəfindən yarılıb. İşğal altında olan bir neçə
yaşayış məntəqəsi və strateji əhəmiyyətli
yüksəkliklər ələ keçirilib.
Ermənistan tərəfinin təxribatı nəticəsində
cəbhə xəttində baş verənlər beynəlxalq
təşkilatların, siyasətçilərin və xarici
KİV-nin də diqqətindədir. Artıq beynəlxalq
ictimaiyyət də Ermənistanın Azərbaycan
torpaqlarını işğal etdiyini başa düşür,
xarici media Azərbaycan ərazilərinin işğalına
dair reallıqları əks etdirən xəbərlər
yayır. Siyasətçilərin bəyanatlarında
birmənalı şəkildə vurğulanır ki, beynəlxalq
təşkilatların işğal altında olan ərazilərdən
qeyd-şərtsiz çıxmaq barədə qətnamələrinə
baxmayaraq, Ermənistan hələ də Dağlıq
Qarabağı və ətraf yeddi rayonu tərk etmir.
İƏT
Gənclər Forumu: “Forum Azərbaycan Prezidentinin mövqeyini
tam dəstəkləyir”
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Ermənistan silahlı qüvvələrinin təxribatları
ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun (İƏT GF) idarə heyətinin
növbədənkənar iclası keçirilib. İclasda
İƏT-yə üzv ölkə olan Azərbaycanda baş
verən hadisələr müzakirə olunub və idarə heyətinin
bəyanatı qəbul edilib. Bəyanatda deyilir:
“İƏT GF aprelin 2-3-də Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsində Ermənistan
silahlı birləşmələrinin Azərbaycana
qarşı təxribat xarakterli təcavüzkar hərəkətlərini,
Azərbaycanın yaşayış məntəqələrini
və hərbi mövqelərini atəşə
tutmasını şiddətlə qınayır, bunu regionda
sülhün pozulması və gərginliyin artmasına
yönəlmiş akt kimi qiymətləndirir.
Eyni zamanda, Azərbaycan Respublikasının öz ərazilərinin
və əhalisinin təhlükəsizliyini qorumağa yönəlmiş
cavab aksiyaları təqdirəlayiq qiymətləndirilib. Forum əvvəllər erməni
qüvvələri tərəfindən işğal edilmiş
və Azərbaycan mövqelərinə qarşı plasdarm
kimi istifadə olunan strateji məntəqələrin azad edilməsi
istiqamətindəki addımları alqışlayır, Azərbaycan
Respublikası Prezidentinin ölkənin ərazi
bütövlüyünün qorunması istiqamətində
göstərdiyi fəaliyyət və mövqeyini tam dəstəkləyir,
işğal olunmuş ərazilərini azad etmək uğrunda
atacağı addımları Azərbaycan Respublikasının
təbii haqqı hesab edir.
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ münaqişəsini
sülh yolu ilə həll etməyə tərəfdar
olduğu barədə dəfələrlə bəyan etdiyi
mövqeyini nəzərə alaraq, beynəlxalq təşkilatları
bu mövqeyi dəstəkləməyə, əvvəllər
qəbul olunmuş beynəlxalq qətnamələrin yerinə
yetirilməsi və Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş ərazilərdən
çıxarılmasına nail olmağa, prosesi uzadaraq hərbi
müstəviyə keçirməyə can atan Ermənistana təzyiqləri
artırmağa çağırır.
İƏT Gənclər Forumu bu günlərdə Azərbaycan
Respublikası ilə həmrəylik nümayiş etdirərək
ona dəstək verən Pakistan, Türkiyə və
İƏT-yə üzv olan digər ölkələrə də
mövqelərinə görə təşəkkür edir”.
Bəyanatda o da qeyd edilib ki, bu yaxınlarda işinə
başlayacaq İslam Əməkdaşlıq Təşkilatı
Sammiti çərçivəsindəki tədbirlərdə
də bu məsələ müzakirəyə
çıxarılacaq. İƏT-yə üzv digər ölkələrin
nümayəndələri tərəfindən də
müvafiq mövqe nümayiş etdirilməsi istiqamətində
addımlar atacaq.
TDƏŞ:
“Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir”
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (TDƏŞ) Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində baş verən gərginliklə
bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur
ki, təcavüzkar Ermənistanın açdığı atəşlər
nəticəsində Azərbaycanda dinc insanlar arasında itkilər
var, o cümlədən mülki əhalinin əmlakına
ciddi ziyan dəyir. Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistan
tərəfi atəşkəs rejiminə əməl etməyə
və münaqişənin sülh yolu ilə həllinə
çağırılır. Azərbaycan tərəfinin
birtərəfli qaydada atəşkəs elan etməsinin məmnunluqla
qarşılandığı bildirilən bəyanatda Ermənistanın
da atəşkəsə əməl etməsinin zəruriliyi
vurğulanır.
BMT Təhlükəsizlik
Şurasının, ATƏT-in, Avropa Şurasının, Avropa
Şurası Parlament Assambleyasının Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsinə dair çağırışlarına əsaslanan
TDƏŞ Ermənistan hərbi qüvvələrinin
işğal olunmuş Azərbaycan torpaqlarını tərk
etməsinin vacibliyini vurğulayır.
Bundestaqın
deputatı Aksel FİŞER: “Ermənistan hərbi qüvvələri
Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmalıdır”
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
yaranmış gərginliklə əlaqədar
açıqlama verən Almaniya Bundestaqının
deputatlarından biri Xristian Demokrat İttifaqının
üzvü Aksel Fişerdir. Cəbhə xəttində
gərginliyin artmasından narahat olduğunu bildirən
A.Fişer qeyd edib ki, Avropa Şurasının üzvləri
arasında hərbi münaqişənin aparılması təşkilat
daxilində təməl prinsip olan qarşılıqlı əməkdaşlıq
ruhuna ziddir. Mövcud münaqişələr
sülh yolu ilə həll edilməlidir. Buna
görə də hərbi qarşıdurmalar dərhal
dayandırılmalı və atəşkəs
razılaşmasına hörmətlə
yanaşılmalıdır. Ən əsası,
Bundestaqın üzvü qeyd edib ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əsasən,
Ermənistanın hərbi qüvvələri Azərbaycanın
işğal olunmuş ərazilərindən
çıxarılmalıdır.
Britaniya
Parlamentinin deputatı Lord David EVANS: “Beynəlxalq qurumların
qərarlarına əməl olunmalıdır”
“Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə
həllində fəal olmalıdır”. Bunu Britaniya
Parlamentinin deputatı Lord David Evans bildirib. O, Ermənistanın
Azərbaycanın torpaqlarının qeyri-qanuni
işğalı ilə bağlı təmas xəttində
baş vermiş son hadisələrin günahsız
qurbanlarına rəhmət, yaxınlarına
başsağlığı diləyib və münaqişənin
danışıqlar yolu ilə həllinin mümkün
olmadığı təqdirdə, Azərbaycanın əməliyyat
tədbirlərinin başadüşülən olduğunu diqqətə
çatdırıb. ATƏT-in Minsk qrupunun himayədarlığı
ilə Azərbaycanın hər zaman münaqişənin
sülh yolu ilə həllində maraqlı olduğunu qeyd edən
deputat onu da bildirib ki, Minsk qrupu həmsədrlərinin sülhə
nail ola bilməmələrinə təəssüflənir.
O, açıqlamasında Azərbaycan dövlətinin beynəlxalq
qurumların çağırışlarını nəzərə
alaraq, cavab tədbirlərini birtərəfli qaydada
dayandırmaq qərarını alqışlayıb və diqqətə
çatdırıb ki, münaqişənin daha da genişlənməsinin
və itkilərin qarşısını almaq
üçün məsələ BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə və digər
beynəlxalq qurumların qərarlarına əməl olunaraq həll
edilməlidir.
Fransa
Senatının üzvü Jan-Mari BOKEL: “Ermənistan
qoşunlarını işğal etdiyi bütün Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarmalıdır”
Ermənistanın Azərbaycana qarşı təcavüzünü
pisləyənlərdən biri Fransa Senatının
üzvü Jan-Mari Bokeldir. O, bununla bağlı bəyanatında
çoxlu insan itkisinə, eləcə də bir neçə
dinc azərbaycanlının ölümü ilə nəticələnən
Ermənistanın Azərbaycana qarşı təcavüzünü
qəti şəkildə pisləyib.
Fransalı senator Minsk qrupu həmsədrlərinin
münaqişədə diqqətsizliyinə və yalnız
faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz
status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini
də bildirib.
Qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini icra etməli və
qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla
işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal
və qeyd-şərtsiz çıxarmalıdır.
Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini
birtərəfli qaydada dayandırmaq qərarını
alqışlayır və Ermənistanı da belə qərar
qəbul etməyə çağırıb.
Bosniya və
Herseqovinanın sabiq baş naziri Zlatko LAQUMCİYA: “Azərbaycanın
ərazi bütövlüyünə müdaxilə mənfi nəticələrə
səbəb ola bilər”
“Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinə, həmçinin
sülhə müdaxilə regionda sülh və sabitlik
üçün mənfi nəticələrə səbəb
ola bilər”. Bunu Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla
bağlı Bosniya və Herseqovinanın sabiq baş naziri
Zlatko Laqumciya bildirib. Onun
açıqlamasında hər bir ölkədə olduğu
kimi, Azərbaycanda da sülhün və ərazi
bütövlüyünün qorunmasında, sabitliyin
saxlanmasında maraqlı olan hər kəs üçün
xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Braziliyalı
deputat Rodriqo MAYA: “Azərbaycanın haqlı mövqeyinə
tam həmrəyliyimizi ifadə edirik”
Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq
qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio-de-Janeyro Şəhər
Şurasının xarici əlaqələr
komissiyasının sədri Sezar Maya Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində düşmən
tərəfindən atəşkəsin pozulması ilə əlaqədar
birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Təmas
xəttində Ermənistan hərbi qüvvələri tərəfindən
Azərbaycana qarşı törədilmiş son təxribatları
qınayırıq. Biz hamımız bilirik ki,
Azərbaycan erməni təcavüzünün
qurbanıdır. İyirmi ildən
çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi
Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan
artıq azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilib. Təəssüflər
olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilən və həmin
dövrdə Braziliyanın Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi
4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyət
öz səylərini səfərbər edərək Ermənistana
bu qətnamələri icra etməsi üçün təzyiq
göstərməlidir. Baş verənlərlə
əlaqədar olaraq Azərbaycanın haqlı mövqeyinə
tam həmrəyliyimizi ifadə edirik”.
Ukraynanın
“Versii.com. Fabrika analitiki” portalı: “Vurulacaq zərbələr
daha ağır və sarsıdıcı olacaq”
Ukraynanın
“Versii.com. Fabrika analitiki” portalında
“Dağlıq Qarabağda döyüşlər: onlarca hərbçi
həlak olub” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, aprelin 2-nə keçən gecə
və gün ərzində Azərbaycanın bütün cəbhə
boyu mövqeləri və yaşayış məntəqələri
intensiv atəşə məruz qalıb və bunun nəticəsində
mülki əhali arasında həlak olanlar və yaralılar
var. Buna görə Azərbaycan Silahlı Qüvvələri
təxribatın qarşısını almaq və mülki əhalinin
təhlükəsizliyini təmin etmək məqsədilə
Ağdərə-Tərtər-Ağdam-Xocavənd-Füzuli
istiqamətlərində cavab tədbirləri barədə qərar
qəbul edib.
Yazıda vurğulanır ki, bir neçə istiqamətdə
qısa və sürətli əks-hücumun gedişində
Ermənistan silahlı birləşmələrinin uzun illər
boyu mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilən
birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyət
daşıyan bir neçə yüksəklik və
yaşayış məntəqəsi düşməndən
tam azad edilib.
O da qeyd
edilir ki, Talış kəndi ətrafında Goranboy rayonuna və
Naftalan şəhərinə təhlükə yarada biləcək
yüksəkliklər, habelə Seysulan məntəqəsi
düşməndən tam təmizlənib. Strateji
əhəmiyyətli Horadiz şəhərini düşmən
təhlükəsindən müdafiə etmək məqsədilə
Füzuli rayonu istiqamətində yerləşən və
geniş ərazini nəzarətdə saxlamağa imkan verən
Lələtəpə adlı yüksəklik Azərbaycan
bölmələrinin nəzarəti altına keçib.
Hazırda həmin yüksəkliklərdə və
yeni müdafiə xətti boyunca müvafiq möhkəmləndirmə
tədbirləri görülür, yeni səngərlər
qazılır, mövqelərdə bərkitmə işləri
aparılır.
Məqalədə
daha sonra deyilir: “Müdafiə Nazirliyi bildirir ki, atəşkəs
rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən
pozulması təkrarən baş verərsə, düşmənə
vurulacaq zərbələr daha ağır və
sarsıdıcı olacaq”.
İspaniyanın
“Europapress.es” portalı: “Azərbaycan sülh tərəfdarıdır”
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
son günlər yaranmış gərginlik barədə məlumatlar
İspaniyanın bir sıra aparıcı mətbu
orqanları, xəbər agentlikləri və portallarında da
yayılıb.
Bu ölkənin EFE informasiya agentliyində
yayılan xəbərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında
məlumat verilir, Dağlıq Qarabağın Azərbaycan ərazisi
olduğu göstərilir.
“Europapress.es” portalında yayılan məlumatda isə Azərbaycanın
birtərəfli şəkildə atəşi dayandırmaq
haqqında qərar verdiyi oxucuların diqqətinə
çatdırılır. Bildirilir ki, Azərbaycan
beynəlxalq təşkilatların
çağırışlarını nəzərə
alaraq, sülh tərəfdarı olduğunu bir daha göstərərək
hərbi əməliyyatları birtərəfli şəkildə
dayandırır və əldə olunmuş mövqelərdə
möhkəmləndirmə tədbirləri həyata
keçirir.
Macarıstanın
“Alfahir” nəşri: “Beynəlxalq hüquqa əsasən
Dağlıq Qarabağ Azərbaycan ərazisidir”
Macarıstanın “Alfahir” nəşrində də Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərgin vəziyyət haqqında material dərc olunub. Məqalədə qeyd olunur ki, türkdilli hun mənşəli azərbaycanlılar tarixi torpaqlarına sədaqətləri ilə fəxr edir, adı türk dilində olan Qarabağ bölgəsi də bu ərazilərdən biridir. Xatırladılır ki, Ermənistanın təcavüzü nəticəsində təxminən bir milyon nəfər Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün vəziyyətinə düşüb. “Alfahir” nəşri sonuncuları “daxili köçkünlər” adlandırır, bununla da Qarabağın Azərbaycan ərazisi olmasına işarə edir. Məqalədə deyilir: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.
Məqalə müəllifi Azərbaycan hərbçilərinin yüksək döyüş ruhundan və Milli Qəhrəman Mübariz İbrahimovdan da bəhs edib. Milli Qəhrəmanın fotosunu da dərc edən “Alfahir”də qeyd olunur ki, Azərbaycanda onun adı əbədiləşdirilib.
İsveç mətbuatı: “Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir”
Ermənistanın ölkəmizə qarşı keçirdiyi təxribat nəticəsində təmas xəttində başlayan toqquşmalar haqqında məlumatlar İsveç mətbuatında da yer alıb. Bu ölkənin ən nüfuzlu gündəlik qəzetlərindən olan “Svenska Dagbladet”, “Aftonbladet” kimi nəşrlərin səhifələrində verilən xəbərlərdə bildirilir ki, keçən günlər ərzində Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda - Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib. Bu hadisə uzun çəkən münaqişə tarixində ən böyük toqquşmadır və insan itkiləri olub.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2016.- 8 aprel.- S6.