Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə
bölgə vətəndaşlarını qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 7-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerində həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki, Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədi ilə bütün lazımi işlər görülür.
Daha sonra nazirliyin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub.
Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi dəstəyindən yararlanacaqlar.
Regionda intellektual biznesin
inkişafına təkan vermək məqsədilə
yaradılan mərkəz gənclərin innovativ
ideyalarının kommersiyalaşdırılması, gənclərdə
innovativ sahibkarlıq
bacarıqlarının formalaşması, yeni-yeni
biznes ideyalarının ortaya
çıxmasına şərait yaradacaqdır.
Azərbaycan.- 2016.- 8 aprel.- S.4.