Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci
rübünün yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
- İlk növbədə, xahiş edirəm ki, Ermənistanın
silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına
şəhid olmuş Azərbaycan hərbçilərinin əziz
xatirəsini bir daha sükutla yad edək.
Allah
şəhidlərimizə rəhmət eləsin! Əyləşin. Allah onların
yaxınlarına səbir, yaralı hərbçilərimizə
şəfa versin.
Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan
Azərbaycana qarşı növbəti silahlı təxribat
törətmişdir. Təxribatın qarşısı
alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi
mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan
işğalçı siyasətini davam etdirir, sülh istəmir
və çalışır ki, danışıqlar prosesi
pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas
var, ilk növbədə, danışıqların 20 ildən
çox müddət ərzində aparılması onu
göstərir ki, Ermənistan, sadəcə olaraq,
danışıqları sonsuz proses kimi görmək istəyir.
Digər tərəfdən,
danışıqlarda müəyyən irəliləyiş
olan zaman Ermənistan müxtəlif yollarla
danışıqları pozmağa cəhd göstərir.
Son tarixin nümunələri bunu göstərir.
2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü
ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin
görüşü keçirilmişdir. Hər
iki tərəf görüşü müsbət qiymətləndirmişdir.
Görüşdən sonra biz
danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik.
Ancaq o danışıqlardan iki həftə
keçməmiş Ermənistan işğal edilmiş
torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı
hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata
bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan
silahlı qüvvələri bizim mövqelərimizə hərbi
helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini
vurmuşdur. Bu da Ermənistana bir bəhanə
kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə
günahlandırsın. Ondan sonra, demək
olar ki, bir ildən çox müddət ərzində
danışıqlar, ümumiyyətlə,
aparılmırdı. Minsk qrupunun xahişi
ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan
prezidentləri görüşdülər, amma o
görüşün heç bir nəticəsi
olmamışdır. Vasitəçilər
çalışırlar ki, məsələ öz həllini
tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş
Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər,
bəyanatlar verirlər. O cümlədən status-kvo
haqqında çox dəyərli bəyanatlar verilir ki,
status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.
Bilirəm
ki, həmsədr dövlətlər bu il
danışıqların davam etdirilməsi istiqamətində
yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən
Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən
Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə
müzakirə edilmişdir. Qeyd etmişlər
ki, onlar Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyirlər.
Bütün həmsədr ölkələr -
ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə
yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin.
Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın
bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan
öz torpaqlarını müdafiə edir, bizim başqa
dövlətin torpağında gözümüz yoxdur, öz
torpağımızı da heç kimə verəsi deyilik.
Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan
torpağında ikinci erməni dövləti yaradılsın.
Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq
ictimaiyyət bu məsələ ilə bağlı
narahatlığını ifadə etdi. Həmsədr
ölkələrin rəhbərliyi sülh
danışıqlarına sadiqlik göstərilməsi, məsələnin
sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər
və biz də bunu istəyirik. Biz məsələnin
sülh yolu ilə, siyasi yollarla öz həllini
tapmasını istədiyimizi dəfələrlə bəyan
etmişik. İstəyimiz odur ki, məsələ
həllini tapsın.
Bu gün də biz bəyan edirik ki, danışıqlar
prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin
həllinə gətirib çıxaracaq. Məsələnin
həlli çox sadədir - erməni silahlı birləşmələri
işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan
vətəndaşları öz doğma torpaqlarına
qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik
yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını
təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır və Helsinki
Yekun Aktında məhz bu ifadələr öz əksini
tapır. Bütün münaqişələr
ölkələrin ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm
siyasi, həm iqtisadi və bütün başqa sahələrdə
gücləndikcə, əlbəttə ki, bu münaqişənin
həlli daha da yaxın olacaqdır. Biz
inkişaf dinamikamızı daha da sürətləndirməliyik
və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir.
Son illər ərzində iqtisadi və siyasi sahələrdə
əldə edilən uğurlar onu göstərir ki, biz
düzgün yoldayıq. Hər zaman
olduğu kimi, birinci rübdə də bizim çox fəal
xarici siyasətimiz olmuşdur. Ancaq hesab
edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik.
Mən birinci rübdə bir çox xarici səfərlərdə
olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə.
Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik
Konfransında, Londonda Suriyaya dəstək konfransında
iştirak etmişəm. Birləşmiş
Ərəb Əmirliklərinə, İran İslam
Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş
Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası
özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və
çoxşaxəli xarici siyasət aparır, bizim
dostlarımızın sayı artır. Hətta bir-biri
ilə o qədər də yaxın münasibətlərdə
olmayan ölkələrlə Azərbaycan çox səmərəli,
qarşılıqlı hörmət və maraqlar üzərində
iş qurubdur.
Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən
olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş
kimi tanınır və bölgədə sabitləşdirici
rol oynayır. Onu da qeyd etməliyəm ki,
birinci rübdə Azərbaycana 10 xarici dövlət və
hökumət başçısı səfər etmişdir.
Onların arasında rəsmi səfərlər
olubdur və IV Qlobal Bakı Forumunda iştirak etmək
üçün dövlət və hökumət
başçıları gəlmişlər.
Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici
siyasətimizi göstərir. Bu siyasət davam
etdiriləcək. Bir daha qeyd etmək istəyirəm
ki, dünya birliyi Azərbaycana böyük hörmətlə
və rəğbətlə yanaşır. Təsadüfi
deyil ki, bir neçə il bundan əvvəl
biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün təsadüfi
deyildi və bu gün də əldə edilən uğurlar
bunu bir daha göstərir.
Bununla bərabər, yeni regional əməkdaşlıq
formatı yaranır, formalaşır. Azərbaycan-İran-Rusiya
regional formatı, xarici işlər nazirləri
görüşmüşlər. Ondan
bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə
xarici işlər nazirləri görüşmüşlər.
Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə
formatı var. Yəni, bütün bu üçtərəfli
təşəbbüslər regionda təhlükəsizliyin təmin
edilməsi və əməkdaşlığın dərinləşməsi
üçün çox vacibdir. Gördüyünüz
kimi, Azərbaycan hər bir formatda iştirak edir.
Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə
aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm
ki, 2016-cı il dərin iqtisadi islahatlar ili
olacaqdır. İlin əvvəlindən biz bu
istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış
və qəbul edilmişdir. Biznes
mühitinin yaxşılaşdırılması, ixrac
potensialımızın artırılması, xarici sərmayənin
Azərbaycana cəlb edilməsi, yerli istehsalın
artırılması - bütün bu istiqamətlər üzrə
çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək
istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə
tədbirlər görüləcək.
Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru
aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq
ən mütərəqqi prinsiplər əsasında
inkişaf etməlidir. İlk növbədə, idarəetmə
mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq
tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və
artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə
aşağı düşüb və hələ də
çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox
ciddi təsir göstərir. Ancaq hesab edirəm
ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən
uğurla çıxa biləcəyik.
Birinci rübün iqtisadi göstəriciləri o qədər
də müsbət deyil. Ümumi daxili məhsul aşağı
düşübdür. Bu da təbiidir.
Biz bunu gözləyirdik. Ancaq hesab edirəm
ki, il ərzində ümumi daxili məhsul
artmalıdır. Hər halda, biz buna
çalışırıq və
çalışacağıq. Bunu deməyə əsas
verən odur ki, ilin birinci rübündə Azərbaycanda
qeyri-neft sənayesi beş faizdən
çox artmışdır. Bu, onu göstərir
ki, ümumi daxili məhsulun azalması, ilk növbədə,
neftin qiymətinin aşağı düşməsi və
ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz
azalıbdır. Dövlət tərəfindən
yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə
alırıq.
Ancaq
qeyri-neft sənayesinin beş faizdən
çox artması, əlbəttə, həm göstəricidir,
həm də yaxşı ümidlər verir ki, Azərbaycanda
qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək.
Qeyri-neft sektoru bu gün Azərbaycan
iqtisadiyyatının əsas hissəsini təşkil edir.
Biz buna nail olmuşuq və gələcəkdə,
əlbəttə, çalışmalıyıq ki, qeyri-neft
sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə
malik olsun.
Birinci
rübdə 37 min yeni iş yeri yaradılmışdır.
Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri
bağlanmışdır. Biz burada da müsbət
balans görürük. Onu da qeyd etməliyəm ki, yeni
iş yerlərinin yaradılması daha çox dövlət
sektorunda baş verib. Bu da mənim göstərişimlə
öz həllini tapan məsələdir. Çünki
tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara
düşüb. Belə olan halda, işsizlik səviyyəsini
aşağı səviyyədə saxlamaq üçün mən
qərar qəbul etdim ki, dövlət şirkətləri,
dövlət qurumları yeni iş yerlərini
açsınlar. İctimai işlər açılır və
birinci rüb ərzində bu qədər iş yerlərinin
açılması, əlbəttə ki, insanların sosial
müdafiəsinə hesablanıb.
Sosial siyasət həmişə prioritet olmuşdur və
olacaq. Birinci rübdə atılan addımlar bir daha onu
göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşının
maraqları bizim üçün hər şeydən
üstündür. Bütün iqtisadi
islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi
güdür ki, insanlar daha da yaxşı yaşasınlar.
İndi dünyada böhran yaşanır. İqtisadi və
maliyyə böhranı hələ ki, başa
çatmayıb. Azərbaycan dünya
iqtisadiyyatının bir parçasıdır, ancaq bu
böhrandan ən az itkilərlə
çıxan ölkələrdən biridir. Bir misal da gətirə
bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə
baxmayaraq, bu il Azərbaycanda maaşlar və
pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən
biridir. Adətən, hətta neft və qazla zəngin
olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər,
ya maaşların verilməsində problemlər
yaşanır. Ancaq biz dünyada hökm
sürən bu böhrana baxmayaraq, maaşları və
pensiyaları artırmışıq. Digər
sosialyönümlü addımlar atılır, o cümlədən
yeni təşəbbüslər, iş yerlərinin
yaradılmasının yeni formaları artıq işə
düşür. Əminəm ki, Azərbaycanda
işsizliyin səviyyəsi həmişə olduğu kimi,
çox aşağı səviyyədə olacaqdır.
Beləliklə, ciddi dərin iqtisadi islahatlar
aparılır və bu islahatlar dərinləşməlidir. Çox
güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar
həyata keçirilərkən insanlar bundan əziyyət
çəkməsinlər. İnsanların
rifah halının yaxşılaşdırılması istiqamətində
əlavə addımlar atılacaqdır.
Bu il regional inkişaf istiqamətində də
çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin
icrası üçün təqribən 2 milyard manata qədər
vəsait lazım olacaqdır. Onun bir hissəsi
dövlətin güzəştli kreditləri, bir hissəsi isə
sahibkarların hesabına təmin edilməlidir. Hər halda, biz qarşıya bu hədəfi
qoymuşuq. Çalışmalıyıq
ki, bu hədəfə çata bilək. Beləliklə,
ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq
investisiyalar özlüyündə daha da böyük
canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib
çıxaracaq və yeni ixrac məhsullarımız da
olacaqdır.
Biz birinci rübdə digər sahələrdə də
çox fəal işləmişik. Nəqliyyat sektorunda.
Qeyd etdiyim kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin
yaradılması üçün çox fəal işləmişik.
Bu dəhlizin yaradılması üçün
Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı
əsas şərtdir. Bildiyiniz kimi, həm İran
Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə
bu məsələlər mənim tərəfimdən
qaldırılmışdır, müzakirə edilmişdir və
deyə bilərəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat
dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik,
həm turizm baxımından bizə çox lazımdır. Beləliklə, biz digər böyük ölkələr
üçün öz tranzit imkanlarımızı təqdim
edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi
bundan çox böyük iqtisadi mənfəət
götürəcək. Çünki bu, nəinki
üç ölkə arasında olan və ola
biləcək ticarəti sürətləndirəcək, eyni
zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz
vasitəsilə birləşəcəklər və bizim ərazimizdən
keçən yüklərin həcmi böyük dərəcədə
artacaq.
Əlbəttə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin
yaradılması üçün bütün işlər
görülür. Biz burada da yenə də üçtərəfli,
amma digər formatda işləyirik - Azərbaycan-Gürcüstan-Türkiyə
formatında. Mənim keçən ilin sonunda
Gürcüstana, bu il Türkiyəyə səfərlərim
bu dəhlizin yaradılması üçün çox
faydalı olmuşdur. Baxın, Azərbaycan yenə
də iki dəhlizin ortasındadır. Əgər
bizim qonşu ölkələrlə çox müsbət
dostluq, tərəfdaşlıq əsasında qurulmuş
münasibətlərimiz olmasaydı, bu layihələrin
heç biri reallaşmazdı. Mən həmişə
demişəm ki, qonşularla münasibətlərimiz bizim
üçün çox önəmlidir. Bizim
Ermənistandan başqa heç bir qonşu ölkə ilə
problemimiz yoxdur. Əksinə, bizim
qonşularla əlaqələrimiz gündən-günə
artır, güclənir və bu, həm təhlükəsizlik,
həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq
üçün əsas şərtdir. Bir
daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə
oynadığı rol yüksək qiymətləndirilir və
artıq gözəl nəticələr var.
Bununla bərabər, bizim bütün ölkələrlə,
beynəlxalq qurumlarla əlaqələrimiz inkişaf edir. Bilirsiniz ki,
birinci rübdə Avropa Komissiyasının yüksək vəzifəli
şəxsləri, iki vitse-prezident Azərbaycana gəlmişlər.
Burada həm energetika, həm siyasi, iqtisadi və
digər təhlükəsizlik məsələləri
müzakirə edilmişdir. Keçən il
Avropa Komissiyasının prezidenti Azərbaycana səfər
etmişdir. Biz indi yeni əməkdaşlıq
formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi
Sammitində iştirakım özlüyündə bir göstəricidir.
Orada 50-dən çox ölkə iştirak
edirdi, o cümlədən Azərbaycan. Nəzərə
alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda
atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi
hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər
tədbirə dəvət edilməsi ABŞ hökuməti,
Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür
və bizim bu bölgədə oynadığımız rolu əks
etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan
nüvə materiallarının qanunsuz trafikinin
qarşısının alınması məsələlərində
çox etibarlı tərəfdaşdır.
Səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi
ilə çox yaxşı, səmərəli və səmimi
söhbətlərim, danışıqlarım olmuşdur. Bu
danışıqlar bir daha onu göstərir ki, bizim
aramızdakı əlaqələr hər iki tərəf
üçün çox önəmlidir. Biz
bir çox sahələrdə birgə işləyirik və
bu əlaqələr hər iki tərəf üçün
yeni imkanlar açır. Burada həm siyasi
əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq,
təhlükəsizlik məsələləri və ticarət,
iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir.
O ki
qaldı enerji siyasətimizə, birinci rübdə Bakıda “Cənub
qaz dəhlizi”nin ikinci Məşvərət
Şurası keçirilmişdir. Artıq ikinci
dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə
mümkün olmuşdur. Biz iki il
bundan əvvəl təşəbbüs göstərmişdik
ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi
xarakter daşıyır. İkinci Məşvərət
Şurasının toplantısı çox böyük
uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul
edilmişdir. Qəbul edilmiş Bəyannamədə
Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd
olunmuşdur. “Cənub qaz dəhlizi”nin
icrası cədvəl üzrə gedir, lazımi investisiyalar
qoyulur. Burada ölkələr və şirkətlər
arasındakı əlaqələndirmə yüksək səviyyədədir.
Əminəm ki, bu strateji layihə vaxtında
icra ediləcək.
Birinci rübdə IV Qlobal Bakı Forumu
keçirilmişdir. forumda 50-dən çox ölkənin
təmsilçisi, fəaliyyətdə olan və
keçmiş dövlət, hökumət
başçıları iştirak etmişlər. Bu forum
artıq dünyanın aparıcı beynəlxalq forumları
arasında yer alan gözəl bir
müzakirə meydançasıdır. Bu
forumların Bakıda keçirilməsi, əlbəttə ki,
bizim önəmimizi daha da artırır. Bu
ayın sonunda isə Bakıda Sivilizasiyalar Alyansının VII
Qlobal Forumu keçiriləcəkdir. Hesab
edirəm ki, bu da Azərbaycanda multikulturalizm,
sivilizasiyalararası dialoqun aparılmasında əldə
edilmiş uğurların nəticəsidir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan
edilmişdir. Bu sahədə əldə
olunmuş uğurlar dünya birliyi tərəfindən
yüksək qiymətləndirilir.
Birinci rübdə, əlbəttə ki, digər önəmli
hadisələr baş vermişdir. İndi onların
hamısı haqqında danışmağa, sadəcə
olaraq, vaxt yoxdur. Bir sözlə, baxmayaraq
ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı davam
edir, gəlirlərimiz azalıbdır, ancaq çox operativ
addımlar, dərin iqtisadi islahatlar və
düşünülmüş müdrik xarici siyasət nəticəsində
biz bütün riskləri minimum səviyyəyə endirdik.
Mən ümid edirəm ki, müsbət dinamika
2016-cı ildə davam edəcək. İkinci
rübdə iqtisadiyyat daha da sürətlə inkişaf edəcək
və biz ilin əvvəlində qarşımıza
qoyduğumuz bütün məsələləri həll edəcəyik.
* * *
Sonra
energetika naziri Natiq ƏLİYEV ilin birinci rübündə
ölkənin energetika sektorunda görülən işlərlə
bağlı dövlət başçısına məlumat verdi. Qeyd etdi ki, regionun və
Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilən Azərbaycanın enerji siyasəti
2016-cı ilin birinci rübündə də mühüm
nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli
bir sıra məqamlarla yadda qalıb. Nazir bildirdi ki, Xəzər
regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına
birləşdirməklə, bütün regionun enerji xəritəsini
dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində,
Avropa regionunun enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolunu daha da artıracaq “Cənub
qaz dəhlizi” layihəsinin icrası istiqamətində
görülmüş işlər, bu baxımdan, xüsusilə
müstəsna əhəmiyyət kəsb edir. 2016-cı ilin
ilk rübündə bu layihə üzrə həyata
keçirilən ən mühüm tədbirlərdən
birinin fevralın 29-da Bakıda “Cənub qaz dəhlizi” Məşvərət
Şurasının ikinci iclasının keçirilməsi
olduğunu söyləyən Natiq Əliyev dedi:
- İlk
növbədə, onu qeyd edim ki, məhz Sizin təşəbbüsünüzlə
yaradılmış Məşvərət Şurası
çərçivəsində keçirilən bu cür
iclaslar layihənin həm siyasi müzakirəsi, həm də
tranzit ölkələrdə onun reallaşdırılması
zamanı yaranan problemlərin nəzərdən keçirilməsi
və müvafiq həll yollarının birgə
axtarılması baxımından mühüm əhəmiyyət
daşıyır. Dünyanın aparıcı dövlətlərinin
və beynəlxalq maliyyə qurumlarının nümayəndə
heyətlərinin Məşvərət Şurasının
ikinci iclasında ən yüksək səviyyədə
iştirakı bir tərəfdən “Cənub qaz dəhlizi”nin qlobal əhəmiyyətinin və ona olan
beynəlxalq marağın, digər tərəfdən isə
Sizin layihəyə bu qədər böyük maraq və dəstək
cəlb etmiş məqsədyönlü xarici enerji siyasətinizin
təzahürü idi.
Məşvərət Şurasının iclasında
Sizin tərəfinizdən şura üzvlərinə layihənin
icrası ilə bağlı verilən tövsiyələr,
tapşırıqlar və göstərişlər
iştirakçı ölkələrin öhdəliklərinin
yerinə yetirilməsi, gələcək istiqamətlərin və
hədəflərin birgə maliyyələşdirilməsi
üçün son dərəcə səmərəli bir
platforma oldu.
İclasda Avropa Komissiyasının vitse-prezidentləri Federika
Moqerini və Maroş Şevçoviç, ABŞ Dövlət
Departamentinin beynəlxalq enerji məsələləri üzrə
xüsusi nümayəndəsi və əlaqələndiricisi
Amos Hokstayn kimi yüksək səlahiyyətli təmsilçilərin
iştirakı “Cənub qaz dəhlizi” layihəsinin beynəlxalq
və transmilli məzmunundan xəbər verməklə
yanaşı, Azərbaycanla əlaqələrə də
böyük diqqət kimi qiymətləndirilib.
Bu iclasın növbəti dəfə Bakıda
keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan “Cənub
qaz dəhlizi” layihəsinin reallaşdırılmasında həlledici
rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi
iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz
sahibidir. Layihənin reallaşdırılması işinə
lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin
iştirakçı ölkələr tərəfindən bir
daha qəti şəkildə bəyan olunması da ən
mühüm məqamlardan biridir. Sizin
iclasda ifadə etdiyiniz qətiyyətli mövqeyin hamı tərəfindən
yekdilliklə qəbul edilməsi bir daha sübuta yetirdi ki, Azərbaycan
enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən
düzgün formalaşdıraraq həyata keçirməkdədir.
Bu iclasın nəticələri, eyni zamanda, Azərbaycanla
Avropa Komissiyasının “Cənub qaz dəhlizi” layihəsi
üzrə maraqlarının tam üst-üstə
düşdüyünü, layihənin Azərbaycan qədər
Avropa üçün də böyük əhəmiyyət kəsb
etdiyini bir daha göstərdi.
“Cənub
qaz dəhlizi” layihəsinin son icra vəziyyəti ilə əlaqədar
məruzə edərək bildirmək istərdim ki, layihənin
əsas elementlərindən olan “Şahdəniz Mərhələ
2” və “Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi”
üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə
tutulan vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə
üzrə işlər sürətlə davam etdirilir, ölkədəki
bütün tikinti-quraşdırma və istehsalat sahələrində,
o cümlədən Səngəçal Terminalında,
Bakı yaxınlığındakı tikinti sahəsində,
Bakı Dərin Özüllər Zavodunda və boru kəməri
marşrutu boyunca irimiqyaslı tədbirlər həyata
keçirilir, istehsalat sahələrində platformanın
üst modulları və dayaq blokları qurulur. İlkin
qazın əldə olunması üçün nəzərdə
tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.
İlin
birinci rübündə “Cənubi Qafqaz Boru Kəmərinin
(CQBK) Genişləndirilməsi” layihəsi çərçivəsində
işlər də Azərbaycan və Gürcüstan ərazilərində
boru kəmərinin əhatə etdiyi marşrut üzrə
uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca
torpaq sahələrinin əldə olunması 99 faiz başa
çatdırılıb. Gürcüstanda 1-ci
və 2-ci kompressor stansiyasının, habelə təzyiqə
nəzarət və tənzimləmə qurğusunun tikintisi
davam etdirilməkdədir.
Ölkədə
“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru
Kəmərinin Genişləndirilməsi” layihələri
üzrə tikinti işlərinə 15 mindən çox insan
cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan
vətəndaşlarıdır. Ümumilikdə,
Azərbaycan və Gürcüstan ərazisində bu işlərə
22 mindən çox işçi cəlb edilib.
Möhtərəm cənab Prezident. Təməli Sizin və
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə Türkiyənin Qars
vilayətində qoyulan Trans-Anadolu qaz boru kəməri (TANAP)
layihəsi üzrə 2015-ci ilin mart ayından
başlanmış tikinti işləri də fasiləsiz şəkildə
davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində
borular tikinti yerinə çatdırılıb və qaynaq
işləri başlayıb. İndiyədək
TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən
çoxu yekunlaşdırılıb. Hazırda
3 lot halında inşa edilən layihə üzrə tədbirlər
qrafikə uyğun şəkildə tam sürətlə davam
etdirilir.
Məhz
Sizin yüksək iradəniz sayəsində “Trans-Adriatik” (TAP)
layihəsi beynəlxalq aləmin lazımi dəstəyini
qazanıb, layihənin reallaşdırılmasındakı
çətinlikləri aradan qaldıran “Ətraf Mühit və
Sosial Təsirin Qiymətləndirilməsi” kimi mühüm bir
sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri
tərəfindən qəbul olunub. Eyni zamanda,
TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət
edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi
siyahısına daxil edilib.
Martın
sonlarında Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi
Sammitində iştirakınız zamanı keçirdiyiniz
yüksək səviyyəli görüşlərdə də
enerji məsələlərinə, “Cənub qaz dəhlizi”
kimi meqalayihəyə xüsusi diqqət yetirilməsi, bu layihəyə
böyük xarici dəstəyin ifadə olunması və bu
sahədə ölkəmizə güclü dəstək
verilməsində Sizin böyük əməyiniz vardır.
Neftin dünya bazarında qiymətinin kəskin şəkildə
aşağı düşməsinə baxmayaraq, Azərbaycan
qlobal böhranın ən şiddətli xoşagəlməz
dövründə belə mühüm nailiyyətlər
qazanıb.
2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft
hasil edilib. Bu da nəzərdə tutulandan 600 min
ton artıqdır. Hasil olunan neftin 82 faizi
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”
yataqlarının payına düşür. Bu dövrdə
8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və
220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da
müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.
* * *
Əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim
MÜSLÜMOV 2016-cı ilin birinci rübündə
görülən işlərlə bağlı məlumat verərək
bildirdi ki, əhalinin, xüsusən də onun aztəminatlı
təbəqəsinin alıcılıq qabiliyyətinin
artırılması, milli valyutanın devalvasiyasının və
qiymət artımının təsirlərinin
azaldılması məqsədi ilə müxtəlif sosial
ödənişlərin, o cümlədən əməkhaqlarının,
pensiyaların, müavinətlərin, təqaüdlərin və
kompensasiyaların artırılması barədə Prezident
İlham Əliyev bu ilin birinci rübündə 25-dən
artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral
ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu
artımlar 3,6 milyon nəfəri və ya
ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi
məqsədilə 2016-cı ilin büdcəsində
müvafiq düzəlişlər edilib və əlavə
maliyyə təminatları nəzərdə tutulub. Bunun
çox riskli, çətin, eyni zamanda,
düşünülmüş ciddi sosial addım və Azərbaycan
Prezidentinin vətəndaşların sosial rifah halının
yaxşılaşdırılmasını hər şeydən
üstün tutduğunun göstəricisi olduğunu
vurğulayan nazir Səlim Müslümov dedi:
- Cari ilin
birinci rübündə, ilkin məlumata görə, nazirlik
yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri
əvvəlki ilin müvafiq dövrünə nisbətən
3,6 milyon manat artaraq 756 milyon manat olub ki, bu da yanvar və fevral
ayları üzrə pensiyaları qrafikdən əvvəl,
mart ayında isə Novruz bayramınadək maliyyələşdirməyə
imkan verib.
Fondun 762
milyon manat həcmində xərclərinin 98,4
faizini pensiya və müavinət xərcləri təşkil
edib. Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz
artırılması nəticəsində fevral-mart
aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının
sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri
indeksinə uyğun artırılıb. Bundan
əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə
maaşlarında baş vermiş artımlarla bağlı hərbi
pensiyalar orta hesabla 23 manat artıb.
Bütün bunların nəticəsində
pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə
nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən
yaşa görə pensiyanın orta aylıq məbləği
210 manat olub.
Nazirliyin
mərkəzləşdirilmiş informasiya sistemində
ünvanlı dövlət sosial yardımı üzrə Vahid
Elektron Müraciət və Təyinat Alt Sistemi qurulub,
ünvanlı sosial yardım üçün istər
kağız üzərində, istərsə də elektron
formada olunan müraciətlərin “bir pəncərə”
prinsipi ilə qəbulu və həmin müraciətlər
üzrə tələb olunan arayış və məlumatların
sistemə müvafiq dövlət qurumlarından elektron formada
ötürülməsi əsasən təmin edilib. Fevralın 15-dən istifadəyə verilmiş sistemə
ötən müddətdə 42500 ərizə-bəyannamə
daxil olunub, sistem onlardan 21500-nə imtina verib, 20960-ı isə
emal mərhələsindədir.
Eyni
zamanda, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi
yaradılıb, əlilliyin qiymətləndirilməsi
üçün vətəndaşlara elektron formada müraciət
etmək imkanı verilib. Bu məqsədlə edilmiş
müraciətlər, keçirilmiş müayinələr, qəbul
olunmuş qərarlar barədə məlumatların elektron
formada real vaxt rejimində sistemə ötürülməsi və
vətəndaşlar tərəfindən eyni rejimdə əldə
edilməsi imkanı yaratmaq məqsədilə müayinə
olunan şəxslərin, işəgötürənlərin
və bu məlumatdan istifadə edən dövlət
orqanlarının “Elektron hökumət” portalı vasitəsilə
sistemə çıxışı təmin edilib. Eləcə də sistem tərəfindən
avtomatlaşdırılmış şəkildə əlillik
müddəti başa çatmamış birinci dərəcə
əlillik müddətsiz müəyyən edilib, ikinci və
üçüncü dərəcə əlilliklərin
müddəti 5 ilə qədər uzadılıb. Nəticədə
hər il təkrar müayinə edilməli
olan 200 minə yaxın vətəndaşın bu prosedurdan
keçməsinə ehtiyac qalmayıb.
İlin
birinci rübü ərzində 112730 ailəyə və ya
onların 492 min üzvünə, yəni ölkə əhalisinin
5,1 faizinə ünvanlı dövlət
sosial yardımı verilib. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə bu
yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb.
Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən
orta aylıq yardım məbləği ötən ilə nisbətən
5,6 faiz artaraq 151 manat olub.
Hesabat dövründə 395 min nəfərə aylıq
və birdəfəlik sosial müavinət, 55 min nəfərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
ödənilib. Ümumilikdə, sosial yardımların və
müavinətlərin, təqaüd və kompensasiyaların
ödənişinə dövlət büdcəsindən
rüb ərzində 84 milyon manat vəsait xərclənib.
Ölkəmizin
ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi zamanı əlil
olmuş şəxslərə və şəhid ailələrinə
son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu
müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət
göstərilib, əlilliyi olan şəxslər 553 ədəd
əlil arabası və 158 ədəd eşitmə aparatı
ilə təmin edilib.
Respublikada fəaliyyət göstərən əlillərin
bərpa mərkəzlərində cari ilin birinci rübündə
1690 əlil bərpa müalicəsi alıb.
Azərbaycan Prezidentinin müvafiq
tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu
artırmaq məqsədilə rüb ərzində dövlət
şirkətləri ilə birgə səmərəli fəaliyyət
həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa
müddətdə məşğulluq orqanlarına 18 minə
yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və
işaxtaran kimi qeydiyyata alınmış şəxslər
göndərişlərlə həmin iş yerlərində
müvafiq işlə təmin olunub. Bundan əlavə,
məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar
üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra
hakimiyyətləri tərəfindən həyata keçirilən
abadlıq və təmir-tikinti işlərinə cəlb
edilib və bu şəxslərlə əmək müqavilələri
bağlanıb. İlin ilk rübündə məşğulluq
orqanlarına müraciət etmiş şəxslərdən
ümumilikdə 33,3 min nəfəri
müvafiq işlə təmin edilib.
Fevralın
1-dən işsizlik müavinətinin minimum məbləği
36,4 faiz, bu məqsədə ayrılan
büdcə vəsaitinin məbləği isə 2,4 dəfə
artırılıb. Bu əlavə maliyyə
imkanları işsiz şəxslərin sosial müdafiəsinin
gücləndirilməsinə, eləcə də vətəndaşların
işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.
Əmək münasibətlərinin şəffaflaşdırılmasını
təmin edən və əmək bazarı ilə
bağlı dolğun və obyektiv informasiya bazası
formalaşdıran əmək müqaviləsi bildirişi
üzrə elektron informasiya sistemi əmək münasibətlərinə
birbaşa və operativ nəzarətin həyata keçirilməsinə
imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1
yanvar tarixinə nisbətən muzdla işləyənlərin
sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel
tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək
müqavilələri kağız üzərində
bağlananlar istisna olmaqla) təşkil edib.
Möhtərəm cənab Prezident. Ünvanlı
dövlət sosial yardım proqramı 2006-cı ildən
ölkəmizdə tətbiq olunmağa
başlanılmış passiv sosial müdafiə tədbiridir
və aztəminatlı ailələrin üzvlərinin minimum
maddi tələbatlarının ödənilməsi məqsədi
daşıyır. Mövcud statistika
yardım təyin olunmuş ailələrin 73 faizinin təkrar
müraciət edən ailələr olduğunu göstərir.
Başqa sözlə, bu yardım ailələrin
yoxsulluqdan çıxarılmasını şərtləndirmir.
Fikrimizcə, ailələri yoxsulluqdan çıxarmaq
üçün, ilk növbədə, onların məşğulluq
imkanları araşdırılmalıdır və təhlillər
göstərir ki, sosial yardım alan ailələrin
əksəriyyətinin məşğulluq imkanları
mövcuddur. Belə ki, 2016-cı ilin birinci rübündə
sosial yardım alan ailələrin 70 faizi Bakı şəhərindən
kənarda olmaqla, onların 75 faizinin pay torpağı var və
eləcə də yardım təyin olunmuş ailələrin
üzvlərinin 50 faizindən çoxu yaşı 18-dən
yuxarı olan insanlardır.
Sizin müvafiq tapşırığınıza əsasən,
belə ailələrin aktiv məşğulluq tədbirlərinə
cəlb edilməsi məqsədilə özünüməşğulluq
proqramlarına start verilib. Artıq bu məqsədə
Ehtiyat Fondunuzdan 6 milyon manat vəsait ayırmısınız
və bu vəsait hesabına ölkə üzrə təqribən
1400 ailənin özünüməşğulluq
proqramlarına cəlb olunması təmin ediləcək.
Bununla da biz aztəminatlı ailələr
üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən
dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə
keçid edirik.
Qloballaşan dünyada informasiya və kommunikasiya
texnologiyalarının rolu və onun cəmiyyətin
inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar
iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı, cəmiyyətin
müxtəlif sahələrində, o cümlədən sosial
sahədə də stabilliyin və şəffaflığın
yaranmasına şərait yaradır. Cari ilin birinci
rübündə “Elektron hökumət” portalı vasitəsilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim
etdiyi elektron xidmətlərdən 1 milyon 437 min dəfə
istifadə olunub ki, bu da ölkə üzrə həmin portal
vasitəsilə bütün elektron xidmətlərdən
istifadənin 49,3 faizini təşkil edir.
* * *
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri
Aydın ƏLİYEV çıxış etdi. Komitə sədri
bildirdi ki, son bir ildən artıq müddət ərzində
dünyada baş verən maliyyə-iqtisadi böhran qlobal
iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatına
da öz təsirini göstərib. Mövcud
şəraitdə milli valyutanın devalvasiyası idxal
mallarının qiymətinə müəyyən qədər
öz təsirini göstərib. Lakin
dünyada davam edən arzuolunmaz iqtisadi proseslərə, maliyyə
böhranının dərinləşməsinə baxmayaraq,
Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq
üçün məqsədyönlü tədbirlər və
ardıcıl iqtisadi islahatlar aparılır.
İstehlakçıların tələbatının
idxalı əvəzləyəcək yerli məhsullar
hesabına tam ödənilməsinə və qeyri-neft məhsullarının
ixracının təşviqinin
stimullaşdırılmasına hesablanan və dövlətimizin
başçısı tərəfindən imzalanan müvafiq
sərəncamlarda qeyd olunan tapşırıqların
vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirlərin
görüldüyünü diqqətə çatdıran
komitə sədri Aydın Əliyev dedi:
- Bu
baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda investisiyanın təşviqi sənədini
almış şəxslər və fərdi sahibkarlar tərəfindən
ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və
qurğular əlavə dəyər vergisi və gömrük
rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda
istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi
ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və
mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun
dövlət büdcəsindən əlavə vəsaitin
sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata
keçirilməsi Azərbaycan Respublikasında
sahibkarlığın inkişaf strategiyasının nəinki
ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik
göstəricisidir, hətta bir model olaraq keçid
iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə
çevrilir.
Möhtərəm cənab Prezident. Qeyd olunan prinsiplərə əsaslanaraq
ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının
aparılmasında şəffaflığın tam təmin
olunması, xarici iqtisadi fəaliyyət
iştirakçıları tərəfindən ölkə ərazisinə
idxal olunan malların gömrük rəsmiləşdirilməsinin
asanlaşdırılması, məmur-vətəndaş təmasının
minimuma endirilməsi, bütün bəyannamələrin
gömrük orqanlarında elektron formada qəbulu,
gömrük nəzarətinin səmərəliliyini
artırmaq məqsədi ilə gömrük sistemində
müasir texnologiya və avadanlıqlardan istifadə etməklə,
gömrük işi sahəsində risklərin
avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi,
malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsi üçün “Yaşıl dəhliz” və
beynəlxalq təcrübədə mövcud olan digər
buraxılış sisteminin yaradılması ilə əlaqədar
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamından
irəli gələn tapşırıqların icrasına
başlanılıb.
Sərəncamın
müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 mart tarixli
müvafiq Sərəncamına əsasən, Dövlət
Gömrük Komitəsi tərəfindən baytarlıq,
fitosanitar və sanitariya nəzarətinə aid olan malların,
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə
kodları göstərilməklə vahid siyahısı
işlənərək tərtib edilib, Kənd Təsərrüfatı
və Səhiyyə nazirliklərinə göndərilib. Siyahıların hazırlanmasında sadələşdirilmə
prinsipi nəzərdə tutulub, beynəlxalq təcrübə
nəzərə alınıb.
Qısa
idxal bəyannaməsi və ona əlavə olunmuş
baytarlıq, fitosanitar, gigiyenik və ya digər
sertifikatların və mülki dövriyyəyə verilən
xüsusi icazənin əvvəlcədən yoxlanması və
gömrük ərazisinə buraxılışını tənzimləyən
prosedur qaydaları müəyyən edilir və qaydalara
uyğun olaraq qısa idxal bəyannamələrinin elektron
qaydada təqdim edilməsi ilə əlaqədar “Yaşıl
dəhliz” buraxılış sisteminin tətbiqi həyata
keçiriləcək. Sərəncama əsasən, başqa
ölkələrin gömrük orqanları ilə məlumat
mübadiləsinin həyata keçirilməsi işinin təşkili
məqsədilə bir sıra ölkələrlə
müqavilələr imzalanıb və bu proses davam etdirilir.
Aprel
ayının 4-dən etibarən malların və nəqliyyat
vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim
edilməsinin pilot layihəsinə başlanılıb, may ayının əvvəlində isə
bütün gömrük orqanlarında bəyannamənin
elektron formada qəbuluna keçiləcək.
Eyni zamanda, biznes nümayəndələrinin məlumatlandırılması
məqsədilə görüşlər də keçirilir. Belə ki, 2016-cı il
martın 14-də Amerika Birləşmiş Ştatlarının
Azərbaycanda Ticarət Palatasının, martın 30-da isə
Türk İş Adamları Birliyinin (TUSİAB) nümayəndələri
ilə görüşlər keçirilib, gömrük
qanunvericiliyi, gömrük rəsmiləşdirilməsi,
gömrük bəyannaməsinin tətbiq edilməsi məsələləri
barədə işgüzar müzakirələr
aparılıb.
Sərəncamın
icrası ilə əlaqədar Azərbaycan Prezidentinin 2008-ci
il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamədə dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanının layihəsi hazırlanıb və
razılaşdırılması üçün Daxili
İşlər və Ədliyyə nazirliklərinə,
Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinə
təqdim edilib.
Sərəncama
əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
244.2-ci maddəsinə uyğun olaraq, gömrük borcu üzrə
ödənişlərin həyata keçirilməsi məqsədilə
gömrük sərhəd-buraxılış məntəqələrində
poçt şöbələrinin yaradılması ilə əlaqədar
Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyaları Nazirliyinin nümayəndəsi də daxil
olmaqla işçi qrupu yaradılıb və qısa zamanda
gömrük sərhəd buraxılış məntəqələrində
poçt şöbələrinin fəaliyyəti
üçün əlverişli şərait yaradılacaq.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün ötən illə müqayisədə 20 faiz artımla 1 milyard 810 milyon manat büdcə öhdəliyi nəzərdə tutulub. 2016-cı ilin ilk üç ayı ərzində idxalın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faizə qədər azalmasına baxmayaraq, bu müddət üçün proqnozlaşdırılan 363 milyon 260 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 416 milyon 920 min manat məbləğdə gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Proqnoza 114,77 faiz, yaxud 53 milyon 660 min manat artıqlaması ilə əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 75 milyondan artıq vəsait köçürülüb.
2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla, ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə gömrük qaydaları əleyhinə 2177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2088 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub. Hesabat dövründə beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi də prioritet məsələlərdən biri olub.
* * *
Dövlət başçısı iclasda yekun
nitqi söylədi.
Azərbaycan.- 2016.- 10 aprel.- S.1, 2, 3.