Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət
istiqamətləri
2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahənin inkişafını təmin edir;
2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.0.4. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş və fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların inşasını təşkil edir;
2.0.5. investisiyaların təşviqi və cəlb edilməsi ilə tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli binaların, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşasını təşkil edir;
2.0.6. şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini, habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə təmin edir;
2.0.7. tikinti obyektlərinin və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllinin səviyyəsinin yüksəldilməsini təmin edir;
2.0.8. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan torpaqlarda tikinti obyektlərinin tikintisinə və istismarına icazələr verir;
2.0.9. tabeliyində olan hüquqi şəxsin sifarişi əsasında və mənzilləri güzəştli qaydada vətəndaşlara satılmaq üçün inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsini təşkil edir;
2.0.10. vahid informasiya sistemi yaradır və onun fəaliyyətini
təmin edir.
3. Agentliyin vəzifələri
3.0.
Agentlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı
vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən
irəli gələn vəzifələri həyata
keçirir;
3.0.2. dövlət proqramlarının və
inkişaf konsepsiyalarının həyata keçirilməsini
təmin edir;
3.0.3. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata keçirilməsini
təmin edir;
3.0.4. qanunvericiliklə müəyyən edilmiş
qaydada müvafiq sahədə dövlət nəzarətini həyata
keçirir;
3.0.5. tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş torpaq sahələrinin əhatə etdiyi ərazilərin
(ərazi hissələrinin) müfəssəl
planlarının sifarişçisi qismində
çıxış edir, onların hazırlanması və təsdiq
olunması barədə qərar qəbul edir və bu
planların həyata keçirilməsinin monitorinqini
aparır;
3.0.6.
tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş və fəaliyyəti nəticəsində əldə
etdiyi əmlakı səmərəli idarə etməklə, vətəndaşların
yaşayış sahələrinə olan ehtiyacının
güzəştli qaydada ödənilməsini və mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün müasir memarlıq üslubunda, ekoloji və
enerji səmərəliliyi tələblərinə cavab verən
çoxmənzilli binaların inşası və həmin
binaların tikinti işlərinin maliyyələşdirilməsi
məqsədi ilə tədbirlər görür;
3. 0.7. milli və tarixi irsin, memarlıq abidələrinin,
təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin
saxlanılması, mühafizəsi və zənginləşdirilməsi
məqsədi ilə aidiyyəti dövlət orqanları və
özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər
görür;
3.0.8. aidiyyəti dövlət orqanları və yerli
özünüidarəetmə orqanları ilə birlikdə
şəhər və rayonlarda aparılan abadlıq işlərində,
yeni inşa olunan obyektlərdə estetik gözəlliyi,
müasirliyi, milli memarlıq üslubunu təmin edir;
3.0.9. investisiyaları təşviq və cəlb etməklə,
tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş torpaq sahələrində çoxmənzilli
binaların, habelə yaşayış zonalarında,
ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan
digər tikinti obyektlərinin inşası üçün tədbirlər
görür;
3.0.10. mənzilləri güzəştli qaydada
satılması nəzərdə tutulan çoxmənzilli
binaların tikintisinin maliyyələşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Prezidentinə əsaslandırılmış
təkliflər təqdim edir;
3.0.11. tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş torpaq sahələrində inşa ediləcək
tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya
təminatı sisteminin və xətlərinin çəkilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə müraciət edir;
3.0.12.
tabeliyində olan hüquqi şəxs tərəfindən onun
sərəncamına verilmiş torpaq sahələrinin
investisiya müsabiqələri vasitəsilə həmin torpaq
sahəsində müvafiq tikinti layihəsi əsasında
tikinti obyektinin inşasını öhdəsinə
götürmüş investorun ümumi birgə və ya
paylı mülkiyyətinə keçməsini, yaxud bununla əlaqədar
onun xeyrinə yüklü edilməsini nəzərdə tutan
digər əqdlərin həmin hüquqi şəxsin Nizamnaməsində
nəzərdə tutulan məqsədlərə
uyğunluğunu müəyyən edir və uyğun olduqda, həmin
əqdlərin bağlanmasına razılıq verir;
3.0.13.
tabeliyində olan hüquqi şəxs tərəfindən onun
sərəncamında olan, habelə fəaliyyəti nəticəsində
əldə etdiyi daşınar əmlak, eləcə də
bina və qurğulardan ibarət daşınmaz əmlak üzərində
sərəncam verilməsi barədə əqdlərin həmin
hüquqi şəxsin Nizamnaməsində nəzərdə
tutulan məqsədlərə uyğunluğunu müəyyən
edir və uyğun olduqda, həmin əqdlərin
bağlanmasına razılıq verir;
3.0.14. tabeliyində olan hüquqi şəxsin sərəncamında
olan torpaqlarda inşa edilən tikinti obyektlərinin tikintisinə
və istismarına icazələr verir;
3.0.15. tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş torpaq sahələrində aparılmış
mühəndis-axtarış işlərinin nəticələrinə
dair aidiyyəti dövlət orqanlarında aktual məlumat
olmadığı hallarda həmin işlərin yerinə
yetirilməsini təşkil edir;
3.0.16. tabeliyində olan hüquqi şəxsin sərəncamında
olan torpaqlara aid müfəssəl plan olmadığı və
ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi
və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti layihələrinin onların həyata
keçiriləcəkləri ərazinin
planlaşdırılması sənədlərinə (baş
planlara və (və ya) ümumi planlara), habelə müfəssəl
planın hazırlanması zamanı nəzərə
alınan tələblərə uyğunluğunu müəyyən
edir, şəhərsalma əsaslandırılmasını təsdiq
edir;
3.0.17. tabeliyində olan hüquqi şəxsə onun
sərəncamına verilmiş torpaq sahələrində
tikinti işlərinin aparılması məqsədi ilə
seçilmiş podratçılarla podrat müqaviləsi
bağlamağa razılıq verir;
3.0.18. malların (işlərin və xidmətlərin)
satın alınması zamanı “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə riayət olunmasını təmin
edir;
3.0.19. mənzilləri güzəştli qaydada vətəndaşlara
satılması üçün tabeliyində olan hüquqi
şəxsin sifarişi əsasında inşa edilmiş
çoxmənzilli binaların Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinə
uyğun olaraq idarə edilməsi üçün tədbirlər
görür;
3.0.20. vətəndaşların yaşayış sahələrinə
ehtiyacının ödənilməsi və mənzil-məişət
şəraitinin yaxşılaşdırılması üzrə
təkliflər verir;
3.0.21. tabeliyində olan hüquqi şəxsin sərəncamına
verilmiş torpaq sahələrini əhatə edən ərazidə
abadlaşdırma barədə qərarı təsdiq edir;
3.0.22. məskunlaşmış ərazilərin
mövcud təbii və geoloji şəraitinin yararlı
olması nəzərə alınmaqla, onların inkişaf
istiqamətlərinin və memarlıq-planlaşdırma
strukturlarının müəyyən olunmasında iştirak
edir;
3.0.23. müvafiq sahədə qanunvericiliyin tələblərinə
uyğun standart, norma və qaydaların
hazırlanmasını təmin edir;
3.0.24. müvafiq sahədə layihələrin xərclər
smetaları üçün normativ bazanın
yaradılmasında iştirak edir;
3.0.25. müvafiq qaydada dövlət büdcəsində
bu məqsədlər üçün nəzərdə tutulmuş
vəsaitlər çərçivəsində
yaşayış məntəqələrinin müfəssəl
planlaşdırma, layihə və elmi tədqiqat işlərini
yerinə yetirir, müvafiq sahə üzrə məqsədli və
elmi-texniki proqramların hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
3.0.26. məskunlaşma ərazilərinin və sistemlərinin
təhlükəli təbii proseslərdən və hadisələrdən
mühafizəsi üçün aidiyyəti dövlət
orqanları ilə birlikdə tədbirlərin
hazırlanmasında iştirak edir;
3.0.27. tikilməkdə və istismarda olan bina və
qurğularda qəza vəziyyəti yarandığı hallarda
aidiyyəti dövlət orqanları ilə birlikdə onun səbəblərinin
araşdırılması və bərpa işləri
üçün tədbirlərin hazırlanmasında
iştirak edir;
3.0.28. əhalinin müvafiq sahədə
hüquqlarının həyata keçirilməsini təmin
edir və onların pozulmasının qarşısını
alır;
3.0.29. şəhərsalma sahəsində
infrastrukturun yaradılmasında və inkişafında
iştirak edir;
3.0.30. yerli icra hakimiyyəti və özünüidarəetmə
orqanları ilə birlikdə şəhərlərin və
digər yaşayış məskənlərinin kompleks
inkişafı məqsədi ilə onların mühəndis təminatı,
nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və
şəbəkələrin) yaradılmasında iştirak
edir;
3.0.31. müvafiq sahənin inkişafını kompleks
təhlil edir və onun davamlı inkişafını təmin
etmək üçün təkliflər hazırlayır;
3.0.32.
Agentliyin ehtiyacları üçün işlərin yerinə
yetirilməsi, xidmətlər göstərilməsi, mal və
materialların alınması, həmçinin müvafiq sahədə
dövlət ehtiyaclarının ödənilməsi
üçün layihə və elmi tədqiqat işlərinin
aparılması məqsədi ilə nəzərdə
tutulmuş vəsaitlər çərçivəsində,
qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqələr
keçirir və müqavilələr bağlayır;
3.0.33. müvafiq sahədə layihələndirilmə
prosesində müəssisə və təşkilatlar
arasında baş verən fikir ayrılığını
araşdırır və müvafiq qərar qəbul edir;
3.0.34. qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin
tətbiqini təmin edir və bu məqsədlə müvafiq
sərgi, seminar və konfranslar keçirir;
3.0.35. müvafiq sahədə Agentliyə ayrılan
büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə
vəsaitlərindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin edir;
3.0.36. qanunvericiliyə uyğun olaraq dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri
tədbirlər, habelə fəaliyyət istiqamətlərinə
uyğun təhlükəsizlik tədbirləri görür;
3.0.37.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
tabeliyində olan və sərəncamına torpaq sahələri
verilmiş hüquqi şəxs tərəfindən həmin
torpaq sahəsində fəaliyyəti ilə bağlı məlumatları
əks etdirən hesabatın ictimaiyyətə
açıqlanmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini
təmin edir;
3.0.38. müvafiq sahədə kadr
hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə
təhsili üçün tədbirlər görür;
3.0.39.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görür;
3.0.40.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə
və şikayətlərə baxır və qanunvericiliklə
müəyyən edilmiş qaydada tədbirlər
görür;
3.0.41. Azərbaycan Respublikası Prezidentinin müəyyən
etdiyi digər vəzifələri yerinə yetirir.
4. Agentliyin hüquqları
4.0.
Agentlik öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqları həyata
keçirir:
4.0.1. müvafiq sahəyə aid olan qanunvericilik
aktlarının layihələrini hazırlayır və ya
onların hazırlanmasında iştirak edir;
4.0.2. müvafiq sahə üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış edir;
4.0.3. ümumi və baş planlarda dəyişikliklər
edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə
dair təkliflər verir;
4.0.4. müvafiq sahənin inkişafı ilə
bağlı hazırlanmış normativ hüquqi aktların
layihələrinə rəy verir;
4.0.5. fəaliyyət istiqamətlərinə
uyğun digər rəylər verir, təhlillər və
ümumiləşdirmələr aparır, analitik materiallar
hazırlayır, elmi tədqiqat işləri aparır və
müvafiq təkliflər verir;
4.0.6. şəhərsalma ilə bağlı
qanunvericiliyin pozulması halları aşkar edildikdə tədbirlər
görür;
4.0.7. qanunvericiliklə müəyyən edilmiş
qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
edir, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənir;
4.0.8. müvafiq sahə üzrə dövlət və
yerli özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu verir və onlardan belə məlumatları
(sənədləri) alır;
4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb edir;
4.0.10. müvafiq sahənin elmi-texniki informasiya təminatını
yaxşılaşdırmaq üçün bu məqsədlə
nəzərdə tutulmuş vəsaitlər dairəsində
qanunvericiliklə müəyyən edilmiş qaydada normativ sənədlər
bazası, informasiya şəbəkəsi yaradır, xüsusi
bülletenlər və digər nəşrlər buraxır və
onlardan istifadə edir;
4.0.11. müvafiq sahə üzrə normativ sənədləri
bu məqsəd üçün nəzərdə tutulmuş
vəsaitlər həcmində nəşr etdirir;
4.0.12. müvafiq sahədə norma, qayda və
standartların tətbiqi ilə bağlı öz səlahiyyətləri
daxilində məsləhət və şərhlər verir;
4.0.13. tabeliyində olan qurumların fəaliyyətini
təhlil və müzakirə edir, müvafiq qaydada aidiyyəti
üzrə qərarlar qəbul edir;
4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirir.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1.
Agentliyin aparatı, onun strukturuna daxil olan qurumlar və
strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi
şəxslər, təşkilatlar və sair), Agentliyin vahid
sistemini təşkil edir. Agentlik öz fəaliyyətini
bilavasitə və həmin qurumlar vasitəsilə həyata
keçirir.
5.2.
Agentliyin strukturu, Agentliyin aparatının və strukturuna daxil
olan qurumların işçilərinin ümumi say həddini
Azərbaycan Respublikasının Prezidenti müəyyən
edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki
digər qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) siyahısını Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3.
Agentliyin fəaliyyətinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən direktor rəhbərlik
edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
5.4. Direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad olunan
iki müavini vardır. Direktor müavinləri onlara direktorun həvalə
etdiyi vəzifələri yerinə yetirirlər və bunun
üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.5.
Direktor:
5.5.1.
Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.5.2. müavinləri arasında vəzifə
bölgüsü aparır, onların, habelə Agentliyin digər
vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat
və digər məsələlər üzrə səlahiyyətlərini
müəyyənləşdirir və qarşılıqlı
fəaliyyətini təmin edir;
5.5.3.
Agentliyin aparatının struktur bölmələrinin,
strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin
təsdiqi barədə, həmçinin bu Əsasnamənin
5.11-ci bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə
aid edilməmiş məsələlər barədə normativ
hüquqi aktları qərarlar formasında qəbul edir;
5.5.4.
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər
qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) nizamnamələrini təsdiq edilmək
üçün müəyyən olunmuş qaydada təqdim
edir;
5.5.5.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu və
işçilərin say həddi daxilində Agentliyin
aparatının, strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki digər qurumların
strukturunu, ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı daxilində onların xərclər
smetasını təsdiq edir;
5.5.6.
Agentliyin aparatının işçilərini, habelə
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil
olmayan tabeliyindəki digər qurumların rəhbərlərini
və onların müavinlərini vəzifəyə təyin
və vəzifədən azad edir;
5.5.7.
Agentliyin aparatının işçiləri, habelə
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil
olmayan tabeliyindəki digər qurumların rəhbərləri
və onların müavinləri barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görür;
5.5.8. əmr və sərəncamlar formasında
qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə
Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların
icrasını təşkil edir, yoxlayır və buna nəzarəti
həyata keçirir;
5.5.9.
Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
5.5.10. Azərbaycan
Respublikasının və xarici ölkələrin dövlət
orqanlarına, idarə, müəssisə və təşkilatlarına,
hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq
təşkilatlara münasibətdə Agentliyi təmsil edir,
danışıqlar aparır, verilmiş səlahiyyətlər
daxilində müvafiq beynəlxalq sənədləri
imzalayır;
5.5.11.
Agentliyə aid edilmiş məsələlər üzrə
müvafiq il üçün dövlət
büdcəsinin və büdcədənkənar fondların
formalaşdırılması ilə bağlı təkliflər
verir;
5.5.12. dövlət büdcəsindən
ayrılmış vəsaitin səmərəli xərclənməsini
təmin edir;
5.5.13.
Agentliyin aparatının işçilərinə, habelə Agentliyin
strukturuna daxil olan qurumların rəhbərlərinə və
onların müavinlərinə ixtisas dərəcələri
verir.
5.6.
Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan
tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi və funksiyaların həyata
keçirilməsi üçün birbaşa məsuliyyət
daşıyırlar.
5.7.
Direktor öz səlahiyyətlərinin bir hissəsinin həyata
keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti
olaraq icrasını müavinlərindən birinə
tapşıra bilər.
5.8.
Agentlikdə direktordan (kollegiyanın sədri), direktorun
müavinlərindən və Agentliyin rəhbər
işçilərindən ibarət kollegiya yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin
mütəxəssislər və alimlər də daxil edilə
bilər.
5.9.
Agentliyin kollegiyası üzvlərinin sayını və tərkibini
Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.10.
Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti
ilə bağlı məsələləri müzakirə edir
və onlar haqqında müvafiq qərarlar qəbul edir.
5.11.
Agentliyin kollegiyası qərar formasında
aşağıdakı normativ hüquqi aktları qəbul
edir:
5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.11.5. direktorun təşəbbüsü ilə Agentliyin kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.11.6. bu Əsasnamənin 5.11.1-5.11.5-ci yarımbəndlərinə uyğun olaraq Agentliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktlar.
5.12. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Agentliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda direktor bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.
5.14. Agentliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.
Azərbaycan.- 2016.- 13 aprel.- S.4.