Milli Məclis Mərkəzi
Seçki Komissiyasının yeni tərkibini təsdiq etdi
Aprelin 15-də Milli Məclisin növbəti plenar
iclası keçirilmişdir. İclasda Mərkəzi
Seçki Komissiyasının tərkibi təsdiq edilib və
Hesablama Palatasının hesabatı dinlənilib, bir neçə
qanuna dəyişiklik edilib.
Parlament öz işinə müzakirələrlə
başlayıb. İlk çıxış edən İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
bildirib ki, Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə aparılan həm daxili, həm də beynəlxalq
siyasət sayəsində bütün dünya dövlətləri
Azərbaycana dəstək olurlar. İslam Əməkdaşlıq
Təşkilatının Sammitində də bir çox
ölkələr Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyiblər:
“Sammitdə Ermənistanın işğalçı dövlət
olmasının vurğulanması, bununla əlaqədar xarici
işlər nazirlərindən ibarət komissiyanın
yaradılması Azərbaycan Prezidentinin apardığı
uğurlu siyasətin nəticəsi, ordumuzun gücünün
nümunəsidir”.
Komitə
sədri onu da qeyd edib ki, son günlər bəzi mətbuat
oqranlarında Azərbaycanın apardığı siyasət və
Milli Məclis haqqında xoşa gəlməyən,
həqiqətə uyğun olmayan yazılar dərc olunur: “Bu,
düşmən dəyirmanına su tökməklə məşğul
olan qüvvələrin əməlləridir. ABŞ
Dövlət Departamenti Azərbaycan haqqında müsbət
sözlər söyləyir. Erməni
lobbisinin təsiri nəticəsində isə müəyyən
qüvvələr qərəzli fikirlər bildirirlər.
Həmin mətbuat orqanları qərəzli
fikirləri başlığa çıxarır. Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri
həmin dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə
xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprel hadisələrində
dövlət-xalq həmrəyliyini göstərib. Milli Məclisin deputatları bu prosesdə aktiv şəkildə
iştirak ediblər. Üzdəniraq
qüvvələr isə bu məsələlərə
kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan
fikirlər səsləndirirlər. Müvafiq
qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar
tədbir görməlidir ki, şər-böhtanla məşğul
olmasınlar”.
Milli Məclisin Sədri Oqtay Əsədov
vurğulayıb ki, ABŞ-ın KİV-də Azərbaycanın
ərazi bütövlüyü, Ermənistanın
işğalçı siyasəti ilə bağlı
yazılar dərc olunub. Ancaq Azərbaycanda qərəzli mətbuat orqanları
bu yazıları işıqlandırmırlar: “Bəzi mətbuat
orqanları Dağlıq Qarabağ haqqında Ermənistanın
yazdığı məlumatları başlığa
çıxarırlar. Dövlətimizin işinə
kölgə salmaq istəyənlər özləri kölgə
altındadır”.
Deputat Zahid Oruc Dağlıq Qarabağ ermənilərinə
çağırış edib. O bildirib ki, onların təhlükəsizliyinin
təminatçısı yalnız Azərbaycan dövləti
ola bilər: “Siz yetər ki, Azərbaycan
Konstitusiyasına riayət edib, burada yaşamağı qəbul
edin, əlinizdəki silahı Serj Sarkisyana çevirin”.
Deputat
Fazil Mustafa da ciddi narazılığını bildirib: “Deyirlər
ki, şəhidlərin dəfnində hər kəs iştirak
etdi, deputatlar yox. Bu, başdan-ayağa
yalandır. Deputat həmkarlarım, mən
şəhidlərin dəfn mərasimlərində iştirak
etdik. Milli Məclisin üzvləri xalqla
birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi
ayırmaq düzgün deyil. Bunu yazan
saytlara, jurnalistlərə də tənqidi
yanaşılmalıdır”.
Milli Məclisin
Sədri Oqtay Əsədov isə qeyd edib ki, Azərbaycan Ermənistanla
müharibə aparmayıb, təxribatlara cavab verib: “Azərbaycan
üç gün Ermənistan tərəfindən törədilən
təxribatlara cavab verib. Müharibə
olsaydı, Azərbaycan hara gedib çıxardı,
yaxşı bilirsiniz. Azərbaycan Ordusu
göstərdi ki, bu məsələni həll etmək
iqtidarındayıq. Bu, Ermənistanı
sülhə məcbur etmək üçün vacib məqamlardan
oldu. Sülh danışıqları gedir,
güman edirəm ki, məsələ öz həllini tapacaq”.
Deputat
Qüdrət Həsənquliyev də mətbuatda şəhidlər
barəsində yayılan yanlış informasiyalara münasibət
bildirib: “Bəzi saytlarda oxuyuram ki, hansısa şəhidlər
gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak
etmirlər. Bu rəzalətdir, bundan
böyük alçaqlıq olmaz”.
Deputat Elmira Axundova deyib ki, Rusiyanın bir sıra
mediası münaqişəyə münasibətdə qərəzli
davranırlar.
Azərbaycan diasporu ehtiyatlı olmalıdır.
Rusiya mediasında bu işlə bağlı
aktiv olmalıdırlar.
Deputatın
fikirlərinə münasibət bildirən Milli Məclisin Sədri
Oqtay Əsədov qeyd edib ki, təkcə diaspor təşkilatları
deyil, Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli
jurnalistlərə də müraciət etmək
lazımdır: “Məlumdur ki, Rusiya mediasının 30 faizi ermənilərin
əllərindədir. Onlar da öz işlərini
görürlər. Kökü azərbaycanlı
olanlara müraciət edilməlidir ki, ürəklərində
Azərbaycanla olsunlar. Təəssüf ki,
azərbaycanlı jurnalistlər azərbaycanlı
olduqlarını göstərməkdən qorxurlar”.
Çıxışlardan sonra gündəlikdəki məsələlər
müzakirə edilib. Əvvəlcə deputatlar “Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişikliklər
edilməsi barədə Konstitusiya Qanununa (İkinci səsvermə)
müsbət münasibət bildiriblər. Sonra Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvlərinin və əvəzedici
üzvlərinin seçilməsi haqqında Milli Məclisin qərarı
təsdiqlənib (qərar qəzetdə dərc olunur).
Iclasda Azərbaycan Respublikası Hesablama
Palatasının hesabatı da dinlənilib. Palatanın sədri
Vüqar Gülməmmədov bildirib ki, 2015-ci il
son illərdə dünya iqtisadiyyatının
rastlaşdığı tərəddüdlü illərdən
biri olmuşdur və müxtəlif ölkələr tərəfindən
ciddi büdcə qənaətlərinin tətbiqi ilə
xarakterizə edilir. Bu faktorlar respublikamızın
qlobal iqtisadiyyata inteqrasiya olunmuş iqtisadi sisteminə də
öz təsirini göstərmiş, lakin ölkə rəhbəri
tərəfindən həyata keçirilən
düşünülmüş islahatlar mənfi təsirlərin
yumşaldılmasına öz töhfəsini vermişdir.
2015-ci ildə
başa çatdırılmış nəzarət tədbirləri
175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti
orqanının və Azərbaycan Respublikasının xarici
ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə
etmişdir.
Hesabat
ilində dövlət büdcəsinin xərcləri ilə
bağlı həyata keçirilmiş nəzarət tədbirləri
ilə 4,2 mlrd. manat məbləğində
vəsait əhatə olunmuşdur. Ümumilikdə, hesabat
ilində dövlət büdcəsinin gəlirləri və xərcləri,
Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki
illərdə aparılmış nəzarət tədbirlərinin
nəticələri nəzərə alınmaqla 10286,7 min
manat və 60,2 min avro məbləğində vəsait
müvafiq qaydada bərpa edilmişdir.
İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Ziyad Səmədzadə, deputatlardan Qənirə Paşayeva,
Əli Məsimli, Əflatun Amaşov, Vahid Əhmədov, Tahir
Kərimli bildiriblər ki, palatanın hesabatı ildən-ilə
daha da təkmilləşir. Geniş və əhatəli
hesabatda nöqsanlar da öz əksini tapıb. Çıxışlardan sonra deputatlar hesabata
müsbət rəy bildiriblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş
Ərəb Əmirlikləri Hökuməti arasında dəniz
nəqliyyatı üzrə institusional əməkdaşlığa
dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi
də təsdiqlənib. Həmçinin “Sosial sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsi də səsə
qoyularaq qəbul edilib.
“Əhalinin sağlamlığının qorunması
haqqında” Qanunda dəyişikliklər edilməsi barədə
qanun layihəsi haqqında məlumat verən parlamentin Səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun
28-ci maddəsinə təklif edilən dəyişiklik Mülki
Prosessual Məcəlləyə uyğun olaraq vətəndaşın
razılığı tələb olunmadan ona tibbi yardım
göstərilməsi məsələsini tənzimləyəcək. Belə ki, cinayət və
ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş
şəxs əgər öz davranış və hərəkətləri
ilə yaxın qohumlarına dəfələrlə maddi və
mənəvi zərər yetiribsə, uşaqların tərbiyəsinə
mənfi təsir göstəribsə, ətrafındakıların
hüquqlarını pozubsa, o halda narkomanlığa
düçar olmuş həmin şəxsin könüllü
müalicədən imtina etməsinə baxmayaraq, uyğun
psixiatriya stasionarına qeyri-könüllü yerləşdiriləcək.
Dəyişiklik səsə qoyularaq qəbul
edilib.
“Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında da məlumat
verən Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov qeyd edib ki, dəyişiklik Cinayət-Prosessual Məcəlləsindəki
dəyişikliyə uyğunlaşdırılması məqsədini
daşıyır. Qanunun 29.3-cü maddəsinə görə,
psixi pozuntusu ilə əlaqədar barəsində tibbi
xarakterli məcburi tədbirlər görülmüş şəxs
psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin
tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi
haqqında məhkəmənin qərarı əsasında
çıxarılır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə olunan növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi oldu. Məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi təklif olunurdu. Bu maddədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslərin yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Qısa müzakirədən sonra qanun layihəsi qəbul edildi.
Milli Məclisin iclasında son olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edildi. Məsələ ilə bağlı komitə sədri Əli Hüseynli məlumat verdi. Xatırladaq ki, 2015-ci il oktyabrın 20-də Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib. Həmin dəyişikliklə Məcəlləyə “Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” adlı yeni 40-2-ci fəsil əlavə edilib. Bununla əlaqədar olaraq qanun layihəsinə əsasən, Məcəllənin 306.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Rəşad
CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.-
16 aprel.- S. 2.