Lisenziyalar və icazələr
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə
uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin
(maliyyə bazarları sahəsində istisna olmaqla) həyata
keçirilməsi ilə bağlı lisenziya və icazə
sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati
əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. ərizəçi - lisenziyanın və icazənin
alınması üçün lisenziya və icazə verən
orqana ərizə ilə müraciət edən, təşkilati
hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs,
xarici hüquqi şəxsin filialı, nümayəndəliyi
və fərdi sahibkar;
1.0.2. lisenziya verən orqan - lisenziya vermək səlahiyyətinə
malik olan müvafiq icra hakimiyyəti orqanı;
1.0.3. icazə verən orqan - icazə vermək səlahiyyətinə
malik olan inzibati orqan;
1.0.4. lisenziyanın (icazənin) sahibi - lisenziyaya (icazəyə)
malik olan, təşkilati hüquqi formasından asılı
olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin
filialı, nümayəndəliyi və fərdi sahibkar;
1.0.5.
lisenziya və icazə sistemi - lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin siyahısının
müəyyən edilməsi, lisenziyanın (icazənin), onun
dublikatının və əlavəsinin verilməsi,
lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpa edilməsi və ləğvi,
şərtlərinə riayət olunmasına nəzarətlə
bağlı prosedurların məcmusu;
1.0.6. lisenziya şərtləri - lisenziyanın
alınması üçün ərizəçinin və
lisenziyada göstərilən fəaliyyəti həyata
keçirərkən lisenziya sahibinin yerinə yetirilməli
olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən
edilən tələblər;
1.0.7. icazə şərtləri - icazənin
alınması üçün ərizəçinin və
icazədə göstərilən hərəkəti həyata
keçirərkən icazə sahibinin yerinə yetirilməli
olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən
edilən tələblər;
1.0.8. lisenziya - müvafiq sahibkarlıq fəaliyyəti
növünün həyata keçirilməsi
üçün ərizəçiyə lisenziya verən
orqan tərəfindən verilən rəsmi sənəd;
1.0.9. ümumi lisenziya - lisenziya tələb olunan fəaliyyət
növünü onun bütün alt növlərinin hər
biri üçün ayrılıqda xüsusi lisenziya almadan həyata
keçirmək hüququ verən lisenziya;
1.0.10. xüsusi lisenziya - lisenziya tələb olunan fəaliyyət
növünün bir və ya bir neçə alt
növünü həyata keçirmək hüququ verən
lisenziya;
1.0.11. icazə - müvafiq sahibkarlıq fəaliyyəti
növünün həyata keçirilməsi və ya
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı müəyyən hərəkətlərin (bundan
sonra - hərəkət) yerinə yetirilməsi
üçün icazə verən orqan tərəfindən
verilən rəsmi sənəd (icazə, razılıq,
sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi
ilə bağlanılan müqavilə və ərizəçiyə
münasibətdə edilən hər hansı digər hərəkət;
1.0.12. səlahiyyətli orqan - lisenziya (icazə) verilməsi
sahəsində dövlət siyasətini və metodiki rəhbərliyi
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.13. “bir pəncərə” prinsipi - lisenziyanın və
icazənin verilməsi ilə bağlı bu qanunun 13-cü
maddəsində nəzərdə tutulan sadələşdirilmiş
inzibati icraat.
Maddə 2. Lisenziyalar və icazələr haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1.
Lisenziyalar və icazələr haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu
qanundan, “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının Qanunundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə bu qanundan fərqli qaydalar müəyyən
edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq
olunur.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu
qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan
Respublikasında sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı lisenziya tələb
olunan fəaliyyət növlərinin və icazələrin
müəyyən edilməsinin meyarlarını, onların
siyahısını, lisenziya və icazə sisteminin dövlət
tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin),
onun dublikatının və əlavəsinin verilməsi,
lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpa edilməsi və ləğvi
qaydalarını, lisenziya və icazə verən orqanların,
onların vəzifəli şəxslərinin və lisenziya
(icazə) sahiblərinin məsuliyyətini tənzimləyir.
3.2. Bu
qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən,
təşkilati hüquqi formasından asılı olmayaraq,
bütün hüquqi şəxslərə, xarici hüquqi
şəxslərin filial və nümayəndəliklərinə
və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən
orqanlara şamil olunur.
3.3. Bu
qanunun tələblərinə əməl olunmaqla, Azərbaycan
Respublikasının xüsusi qanunları ilə
lisenziyaların (icazələrin) verilməsinə dair
xüsusi qaydalar və bu qanunda nəzərdə tutulmuş
müddəaları tamamlayan müddəalar müəyyən
oluna bilər.
3.4. Maliyyə
bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, “Banklar
haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar
haqqında” və “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilir.
Maddə 4. Lisenziya tələb olunan fəaliyyət növlərinin
və icazələrin müəyyən edilməsi
4.1. Lisenziya
tələb olunan fəaliyyət növləri və icazələr
(maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız
bu qanunla müəyyən edildikdən sonra müvafiq sahəni
tənzimləyən Azərbaycan Respublikasının digər
qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət
növlərini və icazələri müəyyən edən
bu qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan
Respublikasının digər qanunlarından başqa hər
hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin, həmçinin
müvafiq sahəni tənzimləyən Azərbaycan
Respublikasının qanunlarından başqa hər hansı digər
hüquqi aktda lisenziyaların və icazələrin
alınmasından azadolma hallarının müəyyən
olunmasına yol verilmir.
4.2.
Lisenziya tələb olunan fəaliyyət növləri və
icazələr aşağıdakı meyarlardan biri nəzərə
alınmaqla müəyyən edilir:
4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə
təsir edir;
4.2.2. fəaliyyət növü məhdud təbii
ehtiyatlardan istifadəni nəzərdə tutur;
4.2.3. fəaliyyət növü ətraf mühitin
ekoloji vəziyyətinə mənfi təsir göstərə
bilər;
4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda
şəxslərin həyatı, sağlamlığı və
əmlakı üçün təhlükə doğurur.
4.3.
Lisenziya tələb olunan fəaliyyət növləri və
icazələrin siyahısı bu qanunun 1, 2 və 3 nömrəli
əlavələrində müəyyən edilir. Bu qanunun 1
nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində
göstərilən fəaliyyət növləri üzrə
lisenziyalaşdırılan iş və xidmətlərin
siyahısını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
4.4. Bu
qanunun 1, 2 və 3 nömrəli əlavələrində, 1
nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində
göstərilən fəaliyyət növləri üzrə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi lisenziyalaşdırılan iş və xidmətlərin
siyahısında hər hansı bir yeni lisenziya tələb
olunan fəaliyyət (iş və xidmət) növünün
və ya icazənin əlavə edilməsi barədə təkliflə
yanaşı, həmin sahə üzrə bir lisenziya tələb
olunan fəaliyyət (iş və xidmət) növünün
və ya icazənin çıxarılması barədə təklif
də verilməlidir.
Maddə 5. Lisenziyanın və icazənin qüvvəsi
5.1. Azərbaycan Respublikasında verilmiş lisenziya və
icazə onun bütün ərazisində qüvvədədir.
5.2. Azərbaycan
Respublikasında verilmiş lisenziyaların (icazələrin)
Azərbaycan Respublikasının ərazisindən kənarda
tanınması, habelə xarici ölkələrdə
verilmiş lisenziyaların (icazələrin) Azərbaycan
Respublikasında tanınması məsələləri Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi siyahıda nəzərdə tutulmuş beynəlxalq təşkilatların
və beynəlxalq səviyyədə tanınmış təşkilatların
verdiyi icazələr Azərbaycan Respublikasında müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
tanınır.
5.3. Naxçıvan Muxtar Respublikasının lisenziya və
icazə verən orqanları tərəfindən verilən
lisenziya (icazə) yalnız Naxçıvan Muxtar Respublikasının
ərazisində qüvvədədir. Naxçıvan Muxtar
Respublikasının icra hakimiyyəti orqanları tərəfindən
lisenziya verilən fəaliyyət növlərinin
siyahısını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
5.4.
Lisenziyanın (icazənin) sahibi lisenziyadan (icazədən) yalnız
özü istifadə edə bilər və onu başqa şəxsə
verə bilməz. Lisenziyanın (icazənin)
qüvvəsi lisenziya (icazə) sahibinin təsisçi
(iştirakçı) olduğu hüquqi şəxslərə,
habelə lisenziyanın (icazənin) sahibi ilə birgə fəaliyyət,
o cümlədən onunla əməkdaşlıq barədə
müqavilə əsasında fəaliyyət göstərən
başqa şəxslərə şamil edilmir.
Maddə 6. Lisenziya və icazə verən orqanlar və onların səlahiyyətləri
6.1.
Lisenziya və icazə verən orqanlar Azərbaycan
Respublikasının qanunları ilə və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
6.2. Naxçıvan Muxtar Respublikasının ərazisində
lisenziya və icazə verən orqanlar Naxçıvan Muxtar
Respublikasının qanunları ilə və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
6.3.
Lisenziya və icazə verən orqan:
6.3.1. lisenziyanı və icazəni, onun
dublikatını və əlavəsini verir, lisenziyanı və
icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa
və ləğv edir;
6.3.2. verdiyi lisenziyalarla və icazələrlə
bağlı bu qanunun 8.1-ci maddəsində göstərilən
məlumatları əks etdirən reyestri aparır və
onları yeniləndiyi gün reyestrdə qeydə alır;
6.3.3. verdiyi, dayandırdığı, bərpa və
ya ləğv etdiyi lisenziyalarla və icazələrlə
(yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi siyahıda nəzərdə tutulmuş icazələrlə)
bağlı bu qanunun 8.1-ci maddəsində göstərilən
məlumatları reyestrdə qeydə aldığı tarixdən
3 iş günü müddətində müvafiq icra hakimiyyəti
orqanına göndərir;
6.3.4. bu qanunun 1 nömrəli əlavəsində nəzərdə
tutulmuş fəaliyyət növləri üzrə lisenziya
verən orqan verdiyi, dayandırdığı, bərpa və
ya ləğv etdiyi lisenziyalar barədə məlumatı
reyestrdə qeydə alındığı tarixdən 3 iş
günü müddətində lisenziya verilmiş fəaliyyət
növü üzrə müvafiq nəzarət orqanına
göndərir;
6.3.5. bu qanunun 8.1-ci maddəsində göstərilən
məlumatları lisenziyaların və icazələrin vahid
reyestrinə daxil edilməsi üçün səlahiyyətli
orqana təqdim edir;
6.3.6. ərizəçi tərəfindən
lisenziyanın (icazənin) alınması üçün təqdim
olunmuş sənədlərin “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunan
müddətlərdə saxlanılmasını təmin edir;
6.3.7. lisenziya (icazə) şərtlərinə riayət
olunmasına nəzarəti həyata keçirir (bu qanunun 1
nömrəli əlavəsində nəzərdə
tutulmuş fəaliyyət növlərinə verilmiş
lisenziyalar üzrə lisenziya verən orqan istisna olmaqla).
6.4.
Lisenziyanın və icazənin alınması
üçün təqdim olunan sənədlərin
formasının müəyyən edilməsinə dair qanunla nəzərdə
tutulan hallar istisna olmaqla, lisenziya və icazə verən orqan tərəfindən
lisenziya və icazə sisteminin tənzimlənməsi ilə
bağlı hüquqi aktların qəbul edilməsinə yol
verilmir.
Maddə 7. Səlahiyyətli orqanın funksiyaları
7.0.
Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə əlaqədar
səlahiyyətli orqan:
7.0.1. lisenziya və icazə sahəsində dövlət
siyasətinin işlənib hazırlanmasında iştirak edir
və həmin siyasətin həyata keçirilməsini təmin
edir;
7.0.2. lisenziyalar və icazələr haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi ilə
bağlı təkliflər verir və hüquqi aktların
layihələrini hazırlayır;
7.0.3. lisenziya və icazə verən orqanlar, habelə
digər dövlət orqanları və təsərrüfat
subyektləri tərəfindən lisenziyalar və icazələr
haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət
olunmasına nəzarət edir, habelə lisenziyaların və
icazələrin tətbiqinə dair izahatlar verir;
7.0.4. lisenziya və icazə verən orqanlara bu sahədə
metodiki rəhbərliyi və onların informasiya təminatını
həyata keçirir;
7.0.5. ölkədə verilmiş lisenziyaların və
icazələrin vahid reyestrini aparır;
7.0.6. bu qanunun 9.2-ci maddəsində nəzərdə
tutulmuş əsasnaməyə uyğun olaraq, “Lisenziyalar və
icazələr” portalının fəaliyyətinin təmin
edilməsində və idarə olunmasında iştirak edir;
7.0.7. bu qanunun 16.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada tənzimləyici təsirin təhlilində
iştirak edir;
7.0.8. müvafiq icra hakimiyyəti orqanının təsdiq
etdiyi formada lisenziya blanklarının və əlavələrinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada hazırlanmasına sifariş verir, onların
bölgüsünü həyata keçirir, blanklardan istifadənin
uçotunu və hesabatını aparır.
Maddə 8. Lisenziyaların və icazələrin vahid reyestri
8.1. Səlahiyyətli
orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə
bağlı aşağıdakı məlumatları
özündə ehtiva edən vahid reyestr aparır:
8.1.1. lisenziya və icazə verən orqanın
adı və ünvanı;
8.1.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar
(hüquqi şəxsin, xarici hüquqi şəxsin
filialının, nümayəndəliyinin adı və
hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı,
atasının adı, fərdi identifikasiya nömrəsi və
fəaliyyət ünvanı);
8.1.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi;
8.1.4. lisenziyanın (icazənin) verildiyi tarix və
qeydiyyat nömrəsi (icazə sənəd formasında
verildikdə);
8.1.5. əgər varsa, icazənin müddəti
(başlama və başa çatma tarixləri göstərilməklə);
8.1.6. lisenziyada göstərilmiş fəaliyyət
növü və icazədə göstərilmiş hərəkət;
8.1.7. lisenziyanın və icazənin əlavəsinin
verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və
icazənin əlavəsi verildikdə);
8.1.8. yenidən rəsmiləşdirilmiş
lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat
nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);
8.1.9. lisenziyanın və icazənin
dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi
(dublikat verildikdə);
8.1.10. lisenziyanın və icazənin
dayandırılması və bərpa edilməsi haqqında
inzibati aktın tarixi və nömrəsi
(dayandırılmanın və bərpanın əsasları
göstərilməklə);
8.1.11. lisenziyanın və icazənin ləğvi
haqqında inzibati aktın tarixi və nömrəsi (ləğv
etmənin əsası göstərilməklə), məhkəmə
qərarının tarixi və onu qəbul edən məhkəmənin
adı.
8.2.
Lisenziyaların və icazələrin vahid reyestri elektron
formada aparılır.
8.3. Bu
qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə
yeni məlumatlar daxil edildikdə və ya reyestrdəki məlumatlar
dəyişdikdə, onlar lisenziya və icazə verən orqan
tərəfindən lisenziyaların və icazələrin
vahid reyestrinə daxil edilmək üçün hər
ayın 10-dək elektron qaydada səlahiyyətli orqana təqdim
olunur.
8.4.
Lisenziyaların və icazələrin vahid reyestrinin
aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. “Lisenziyalar və icazələr” portalı
9.1.
“Lisenziyalar və icazələr” portalında:
9.1.1. lisenziyanın və icazənin, onun
dublikatının və əlavəsinin verilməsinin,
lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin,
dayandırılmasının, bərpasının və ya ləğvinin
elektron qaydada həyata keçirilməsi təmin edilir;
9.1.2. bu qanunun 12.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar yerləşdirilir və həmin məlumatlarda
dəyişikliklər baş verdikcə, onlar yenilənir;
9.1.3. lisenziya və icazə verən orqanların
hazırladığı sahibkarlıq sahəsinə aid
hüquqi aktların layihələri açıq müzakirə
üçün yerləşdirilir;
9.1.4. bu qanunun 8-ci maddəsinə uyğun olaraq,
lisenziyaların və icazələrin vahid reyestri yerləşdirilir.
9.2.
“Lisenziyalar və icazələr” portalının fəaliyyətinin
təmin edilməsi və idarə olunması məsələləri,
həmçinin portal vasitəsilə lisenziya və icazələrin
verilməsi üçün sənəd qəbulunun,
lisenziyanın və icazələrin verilməsinin xüsusiyyətləri
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə
müəyyən edilir.
2-ci fəsil
LİSENZİYA
VƏ İCAZƏ SİSTEMİNİN DÖVLƏT
TƏNZİMLƏNMƏSİNİN PRİNSİPLƏRİ
Maddə 10. Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin
prinsipləri
10.1.
Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin
prinsipləri aşağıdakılardır:
10.1.1. lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin müəyyən edilməsinin
qanuniliyi, qərəzsizliyi və aşkarlığı;
10.1.2. lisenziya tələb olunan fəaliyyət
növlərinə və icazələrə, lisenziyanın və
icazənin şərtlərinə və verilməsi
prosedurlarına dair məlumatların
açıqlığı;
10.1.3. lisenziyanın və icazənin “bir pəncərə”
prinsipi əsasında verilməsi;
10.1.4. lisenziyanın və icazənin verilməsinə,
yenidən rəsmiləşdirilməsinə,
dayandırılmasına, bərpasına və ya ləğvinə
susmaqla razılıq;
10.1.5. lisenziya və icazə tətbiq edilərkən,
sahibkarların, cəmiyyətin və dövlətin
maraqlarının mütənasibliyi;
10.1.6. lisenziya və icazə verilməsinin tətbiqi
sahəsində tənzimləyici təsirin təhlili;
10.1.7. bu qanunun 21-ci maddəsinə uyğun olaraq,
lisenziyanın və icazənin verilməsi ilə bağlı
ərizəçidən yalnız qanunla müəyyən
edilmiş hallarda dövlət rüsumunun və ödənişin
alınması;
10.1.8. qanunvericiliyin pozulmasına və bu pozuntular nəticəsində
sahibkara dəyən zərərə görə lisenziya və
icazə verən orqanın və onun vəzifəli şəxslərinin
məsuliyyəti;
10.1.9.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun II və III fəsillərində nəzərdə
tutulmuş prinsiplər.
10.2.
Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə
bağlı hər hansı hüquqi aktın aydın olmayan və
ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə
şərh edilir.
Maddə 11. Lisenziya tələb olunan fəaliyyət növlərinin
və icazələrin müəyyən edilməsinin
aşkarlığı
11.1.
Lisenziya və icazə verən orqanlar sahibkarlıq sahəsi,
o cümlədən lisenziya və icazə sisteminin tənzimlənməsi
ilə bağlı hüquqi aktların layihələrini
hazırlayarkən “İctimai iştirakçılıq
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, ictimai iştirakçılığı təmin edirlər.
11.2.
Lisenziya və icazə verən orqanlar sahibkarlıq sahəsinə
aid hazırladıqları hüquqi aktların layihələrini,
o cümlədən “Lisenziyalar və icazələr”
portalında yerləşdirmək üçün səlahiyyətli
orqana elektron qaydada təqdim edirlər.
11.3. Səlahiyyətli
orqan lisenziya və icazə verən orqanların sahibkarlıq
sahəsinə aid hazırladığı hüquqi
aktların layihələrinin “Lisenziyalar və icazələr”
portalında yerləşdirilməsini və həmin layihələrin
mətninin portalda azı 1 ay müddətində
saxlanılmasını təmin edir. Layihənin
müəyyən müddət ərzində
hazırlanması tapşırıldıqda, layihənin mətni
tapşırığa uyğun müddətdə portalda
saxlanılır.
11.4.
Sahibkarlıq sahəsinə aid hüquqi aktının layihəsini
hazırlayan orqan “Lisenziyalar və icazələr” portalında
yerləşdirilmiş layihələrə dair verilən təkliflərə
1 ay müddətində baxılmasını və təklifin
qəbul edilmədiyi halda təklif verənə əsaslandırılmış
cavab göndərilməsini təmin edir. Bu qanunun 11.3-cü
maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş hallarda 1 aydan az müddətə
hazırlanmalı olan layihəyə dair verilən təklifə
müvafiq müddət ərzində baxılır.
Maddə 12. Lisenziya və icazə verilməsi məsələləri
üzrə informasiya təminatı
12.1.
Lisenziya tələb olunan fəaliyyət növlərini və
icazələri, lisenziyanın və icazənin şərtlərini
və verilməsi prosedurlarını müəyyən edən
hüquqi aktlara (o cümlədən, texniki normativ hüquqi
aktlara) sahibkarların sərbəst, ödənişsiz və
məhdudiyyətsiz çıxışı təmin
olunmalıdır.
12.2.
Lisenziya tələb olunan fəaliyyət növlərinin və
icazələrin, lisenziya və icazə şərtlərinin
siyahısı, onları müəyyən edən hüquqi
aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar),
lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin
verilməsi, yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpa edilməsi və ləğvi
qaydaları, lisenziya və icazə verən orqan tərəfindən
qəbul olunan inzibati aktlardan şikayət verilməsi
qaydası, lisenziya və icazə verən orqanın səlahiyyətlərini
əks etdirən məlumatlar, lisenziyalara və icazələrə
dair hüquqi aktların tətbiqinə dair verilən izahatlar,
tez-tez verilən suallara cavablar, habelə sahibkarlıq fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsinə xidmət
edə biləcək məlumatlar lisenziya və icazə verən
orqanların internet saytlarında yerləşdirilməli və
“Lisenziyalar və icazələr” portalında yerləşdirmək
üçün səlahiyyətli orqana göndərilməlidir.
Həmin məlumatlarda dəyişikliklər
baş verdikcə, onlar yenilənməlidir.
12.3.
Sahibkar lisenziya və icazə məsələlərinə
dair metodiki yardım göstərilməsi, məsləhət
almaq və müvafiq sahədə vəziyyəti qiymətləndirmək
üçün lisenziya və icazə verən orqana
müraciət etmək və onu yerləşdiyi və ya
faktiki fəaliyyət göstərdiyi ünvana dəvət
etmək hüququna malikdir.
12.4.
Lisenziya və icazə verən orqan səlahiyyətlərinə
aid məsələlər üzrə sahibkara yazılı və
şifahi şəkildə izahatlar verməyə, habelə
qarşıya çıxan çətinliklərin aradan
qaldırılmasına dair metodiki yardım göstərməyə
borcludur.
12.5.
Lisenziya və icazə verən orqan bu qanunun 12.2-ci maddəsində
nəzərdə tutulmuş məsələlər üzrə
sahibkarların daha operativ məlumatlandırılması məqsədi
ilə ödənişsiz çağrı xidməti
yaratmalıdır. Çağrı xidməti
vasitəsilə alınan izahata və göstərilən
metodiki yardıma uyğun hərəkət edən
sahibkarın ona istinad etməsinə şərait
yaradılması üçün lisenziya və icazə verən
orqan verdiyi məlumatları texniki vasitələrin köməyi
ilə qeydə almalıdır. Sahibkar qeydə
alınmış səs yazısının elektron surətini
onun yazıldığı gündən 3 ay ərzində
almaq hüququna malikdir.
Maddə 13. Lisenziyanın və icazənin “bir pəncərə”
prinsipi əsasında verilməsi
13.1.
Lisenziyanın və icazənin verilməsinin sadələşdirilməsi,
bununla bağlı inzibati prosedurların, tələb olunan sənədlərin
sayının, müddətin və xərclərin
azaldılması məqsədi ilə “bir pəncərə”
prinsipi tətbiq edilir.
13.2.
Lisenziyanın və icazənin verilməsinin “bir pəncərə”
prinsipi əsasında həyata keçirilməsi
aşağıdakıları nəzərdə tutur:
13.2.1. lisenziyanın və icazənin, onun
dublikatının və əlavəsinin verilməsinin, yenidən
rəsmiləşdirilməsinin,
dayandırılmasının, bərpasının və ya ləğvinin
ərizəçinin (lisenziya və icazə sahibinin)
müraciət etdiyi orqan tərəfindən həyata
keçirilməsi;
13.2.2. lisenziyanın və icazənin, onun
dublikatının və əlavəsinin verilməsi, yenidən
rəsmiləşdirilməsi, dayandırılması, bərpası
və ya ləğvi üçün qanunvericiliyə
uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin
tələb olunan rəyinin (razılığının) və
verməli olduqları sənədlərin (icazələrin,
aktların və s.) lisenziya və icazə verən orqan tərəfindən
alınması;
13.2.3. lisenziya və icazə verən orqan tərəfindən
bu qanunun 18.3-cü maddəsində nəzərdə
tutulmuş vəzifələrin yerinə yetirilməsi.
Maddə 14. Lisenziyanın və icazənin verilməsinə, yenidən
rəsmiləşdirilməsinə, dayandırılmasına,
bərpasına və ya ləğvinə susmaqla
razılıq
14.1.
Lisenziya və icazə, onun dublikatı və əlavəsi,
yenidən rəsmiləşdirilmiş lisenziya və icazə,
lisenziyanın və icazənin dayandırılması və bərpası
haqqında inzibati akt bu qanunun 19.10-cu (birinci cümlədə),
19.11-ci (birinci cümlədə), 23.4-cü, 23.6-cı, 23.7-ci,
23.8-ci, 24.2-ci və 25.6-cı maddələrində göstərilən
müddətdə təqdim edilmədikdə, tələb
olunan lisenziya və icazə, onun dublikatı və əlavəsi
verilmiş, yenidən rəsmiləşdirilmiş (və ya bu
qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində nəzərdə
tutulmuş hallarda yenidən rəsmiləşdirilməmiş),
dayandırılmamış (və ya bu qanunun 25.1.1-ci maddəsində
nəzərdə tutulmuş halda dayandırılmış) və
ya bərpa olunmuş hesab edilir və ərizəçi barəsində
müraciət etdiyi fəaliyyət növünü həyata
keçirmək və hərəkəti icra etmək
hüququna malikdir, lisenziyanın (icazənin) sahibi isə
lisenziyada göstərilən fəaliyyət növünü
həyata keçirmək və icazədə göstərilən
hərəkəti icra etmək hüququna malikdir.
14.2.
Lisenziyanın və icazənin ləğvi haqqında inzibati
akt bu qanunun 26.2-ci maddəsində göstərilən müddətdə
təqdim edilmədikdə, bu qanunun 26.1.1-ci maddəsində nəzərdə
tutulmuş halda lisenziya və icazə ləğv edilmiş
hesab olunur, bu qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində
nəzərdə tutulmuş hallarda isə lisenziya və icazə
ləğv edilməmiş hesab olunur və lisenziyanın (icazənin)
sahibi müvafiq fəaliyyət növünü lisenziyanın
və icazənin ləğvi haqqında inzibati akt ona təqdim
edilənədək həyata keçirmək və hərəkəti
icra etmək hüququna malikdir.
14.3.
Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin
verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpası və ləğvi
haqqında müraciət “Lisenziyalar və icazələr”
portalı vasitəsilə göndərilərsə və bu
qanununun 14.1-ci və 14.2-ci maddələrində müəyyən
edilmiş müddətlər lisenziya və icazə verən
orqan tərəfindən ötürülərsə,
“Lisenziyalar və icazələr” portalı lisenziyanı və
icazəni, onun dublikatını və əlavəsini, yenidən
rəsmiləşdirilmiş lisenziyanı və icazəni,
lisenziyanın və icazənin dayandırılması və bərpası
haqqında inzibati aktı avtomatik rejimdə lisenziyaların və
icazələrin vahid reyestrinə daxil edir və ərizəçiyə
(lisenziyanın (icazənin) sahibinə) göndərir, habelə
bu barədə lisenziya və icazə verən orqana məlumat
verir.
Maddə 15. Lisenziya və icazə tətbiq edilərkən
sahibkarların, cəmiyyətin və dövlətin
maraqlarının mütənasibliyi
15.1.
Lisenziya və icazə tətbiq edilərkən
sahibkarların, cəmiyyətin və dövlətin
maraqlarının balanslaşdırılması təmin edilməlidir.
15.2.
Sahibkarlıq fəaliyyətinin hər hansı
növünün həyata keçirilməsi və hərəkət
ilə bağlı lisenziyanın və icazənin tətbiqinə
yalnız həmin fəaliyyət və hərəkət
növünün tənzimlənməsi məqsədlərinə
başqa vasitələrlə nail olmaq mümkün
olmadığı halda yol verilir.
15.3.
Lisenziyanın və icazənin tətbiqi sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi sahəsində rəqabətin məhdudlaşdırılmasına
yönələ bilməz.
Maddə 16. Tənzimləyici təsirin təhlili
16.1. Tənzimləyici
təsirin təhlili özündə
aşağıdakıları ehtiva edir:
16.1.1. lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin müəyyən edilməsinə
dair qanun layihələrinin qəbul edilməsinin sahibkarlıq
fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;
16.1.2.
lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin
prinsipləri, lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin müəyyənləşdirilməsi
meyarları, habelə sahibkarların və dövlətin
maraqlarının qorunması amili nəzərə
alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini
və icazələri müəyyən edən qanunların
sahibkarlıq fəaliyyətinə təsirinin və
qarşıya qoyulan məqsədlərə nail olunmasının
qiymətləndirilməsi.
16.2. Tənzimləyici
təsir səlahiyyətli orqan və lisenziya və icazə
verən orqan tərəfindən təhlili olunur.
16.3. Tənzimləyici
təsirin təhlili qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
3-cü fəsil
LİSENZİYALARIN
VƏ İCAZƏLƏRİN VERİLMƏSİ
Maddə 17. Lisenziyaların və icazələrin verilməsi ilə
bağlı ümumi məsələlər
17.1.
Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin
verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi,
dayandırılması, bərpası və ləğvi ilə
bağlı inzibati icraat bu qanuna və “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.
17.2.
Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin
verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin,
dayandırılmasının, bərpasının və ya ləğvinin
“Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata
keçirilməsinin xüsusiyyətləri bu qanunun 9.2-ci maddəsində
nəzərdə tutulmuş əsasnamədə müəyyən
edilir.
17.3.
Ümumi lisenziya verildiyi hal istisna olmaqla, lisenziya və icazə
hər bir fəaliyyət növü və hərəkət
üçün ayrıca verilir.
17.4.
Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin,
dublikatının verilməsinin, dayandırılmasının
və ləğvinin hüquqi nəticələri
lisenziyanın və icazənin əlavəsinə də
şamil edilir.
Maddə 18. Lisenziyanın və icazənin alınması
üçün müraciət
18.1.
Ərizəçi lisenziyanın və icazənin
alınması üçün lisenziya və icazə verən
orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə
tutulmuş qaydada ərizə təqdim edir.
18.2.
Ərizəyə aşağıdakı sənədlər əlavə
edilir (lisenziya və icazə verən orqanın özü həmin
sənədlər barədə məlumatları bu qanunun
18.3-cü maddəsində göstərilən qaydada əldə
edə bilmədikdə):
18.2.1. ərizəçi hüquqi şəxs, xarici
hüquqi şəxsin filialı, nümayəndəliyi
olduqda, hüquqi şəxslərin dövlət reyestrindən
çıxarışın surəti;
18.2.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət
vəsiqəsinin surəti;
18.2.3. ərizəçinin vergi ödəyicisi kimi
uçota alınması haqqında şəhadətnamənin
surəti;
18.2.4. ərizədə qeyd olunan obyektlərdən hər
biri üzərində ərizəçinin mülkiyyət,
istifadə və ya icarə hüququnu təsdiq edən sənədin
surəti (əgər lisenziya tələb olunan fəaliyyətin
həyata keçirilməsi və icazə tələb olunan hərəkətin
yerinə yetirilməsi obyektlə bağlıdırsa);
18.2.5. lisenziya və icazə şərtlərinin
(qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq
edən sənədlər.
18.3.
Lisenziya və icazə verən orqan bu qanunun 18.2-ci maddəsində
göstərilən sənədlər barədə məlumat
əldə etmək üçün dövlət
orqanlarının və digər qurumların
apardığı elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin
sənədlərin təqdim edilməsi ərizəçidən
tələb olunur.
18.4.
Xüsusi lisenziyaya malik olan ərizəçi lisenziya tələb
olunan həmin fəaliyyət növünün digər bir və
ya bir neçə alt növünü həyata keçirmək
üçün lisenziyanın alınması ilə
bağlı lisenziya verən orqana ərizə təqdim etdikdə,
həmin ərizəyə yalnız bu qanunun 18.2.4-cü və
18.2.5-ci maddələrində göstərilən sənədlər
əlavə olunur.
18.5.
Qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi
üçün dövlət rüsumu və icazənin verilməsi
üçün dövlət rüsumu və ya ödəniş
bu qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun
olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat
alındığı tarixdən 5 iş günü ərzində
ərizəçi tərəfindən ödənilir və
ödənişi təsdiq edən sənəd lisenziya və
icazə verən orqana təqdim olunur.
18.6.
Ərizə lisenziya və icazə verən orqan tərəfindən
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və
qeydiyyata alınır.
Maddə 19. Lisenziyanın və icazənin verilməsi
19.1.
Lisenziya və icazə verən orqan ərizəçinin təqdim
etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin
bu qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə
uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə
edilmiş sənədlərdə aradan qaldırılması
mümkün olan və lisenziyanın və icazənin verilməsindən
imtinaya səbəb olmayan çatışmazlıqlar
aşkar edildikdə, ərizənin qeydiyyata
alındığı tarixdən 5 iş günündən
gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan
qaldırılması barədə məlumatı ərizəçiyə
təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir və formal tələblərə
əməl olunmamasının hüquqi nəticələrini
ona izah edir. Bütün
çatışmazlıqlar eyni zamanda ərizəçiyə
bildirilməlidir.
19.2.
Ərizəçi həmin çatışmazlıqları
məlumatı aldığı vaxtdan ən geci 10 iş
günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın və icazənin verilməsi ilə
bağlı müddətin axımı dayandırılır
və dayandırılmış müddət lisenziyanın və
icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan
qaldırılması barədə ərizəçinin
müraciətindən sonra müddətin axımı bərpa
olunur.
19.3.
Ərizəçi ərizədə və ona əlavə
edilmiş sənədlərdə aşkar olunmuş
çatışmazlıqları bu qanunun 19.2-ci maddəsində
göstərilən müddətdə aradan
qaldırmadıqda lisenziya və icazə verən orqan ərizənin
baxılmamış saxlanılması haqqında inzibati akt qəbul
edir və bu barədə məlumatı 2 iş günü
müddətində ərizəçiyə təqdim edir və
ya sifarişli poçt göndərişi vasitəsilə
göndərir.
19.4.
Ərizəçi aşkar olunmuş
çatışmazlıqları aradan qaldırdıqdan sonra
lisenziyanın və icazənin alınması
üçün təkrar ərizə ilə lisenziya və
icazə verən orqana müraciət edə bilər.
19.5. Bu
qanunun 18.4-cü maddəsində göstərilən halda
lisenziya verən orqan əvvəlki xüsusi lisenziyanın
verilməsi zamanı təqdim olunmuş sənədlərin və
məlumatların təkrar təqdim edilməsini tələb
edə, habelə təsdiq olunmuş sənədləri,
hüquqi və faktiki halları təkrar yoxlaya bilməz.
19.6.
Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə
baxarkən:
19.6.1. sahibkarlıq fəaliyyəti növünün
xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə
nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət
orqan və müəssisələrinin rəyini
(razılığını) alır;
19.6.2. lisenziyanın və icazənin, onun
dublikatının və əlavəsinin verilməsi, yenidən
rəsmiləşdirilməsi, dayandırılması, bərpası
və ya ləğvi üçün qanunvericiliyə
uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin
verməli olduqları sənədlərin (icazələrin,
aktların və s.) alınması üçün tədbirlər
görür;
19.6.3. sahibkarlıq fəaliyyəti növünün
və hərəkətin xüsusiyyətlərindən
asılı olaraq, faktiki hallarla bağlı sualları izah etmək
üçün “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq,
ekspert və ya mütəxəssis cəlb edə bilər;
19.6.4. lisenziya tələb olunan fəaliyyət
növünün həyata keçirilməsi və icazə tələb
olunan hərəkətin yerinə yetirilməsi obyektlə
bağlı olduqda, həmin obyektin lisenziya (icazə)
alınması üçün təqdim edilən ərizəyə
əlavə olunan sənədlərdə göstərilən
məlumatlara uyğunluğunu yerində qiymətləndirir.
19.7. Bu
qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə
verən orqan rəy (razılıq) alınması
üçün aidiyyəti dövlət orqan və müəssisəyə
müraciət etdikdə, ona 7 iş günü müddətində
baxılaraq cavab verilir. Aidiyyəti dövlət
orqan və müəssisələrinin əsaslandırılmış
müraciəti ilə həmin müddət 20 gündən
çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq)
bildirilmədikdə, rəy müsbət və razılıq
verilmiş hesab olunur. Mənfi rəy, habelə
razılığın verilməsindən imtina müvafiq
qanuna istinad edilməklə, əsaslandırılmalıdır.
Aidiyyəti dövlət orqan və müəssisələrinin
rəy (razılıq) verilməsi üçün bu qanunla nəzərdə
tutulan müddət lisenziya və icazə verilməsi ilə
bağlı müddətə daxil edilmir. Bu qanunun
19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə
verən orqan ekspert və ya mütəxəssisin cəlb
olunması ilə bağlı aidiyyəti dövlət
orqanına müraciət etdikdə, həmin dövlət
orqanı 1 iş günü ərzində öz ekspert və
ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin
alınması və ya mütəxəssis fikrinin ifadəsi
üçün təyin olunan müddət 5 iş
günündən çox olmamalıdır. Bu
müddət lisenziya və icazə verilməsi ilə
bağlı müddətə daxil edilmir.
19.8. Azərbaycan
Respublikasının qanunlarında (“İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanunu istisna
olmaqla) daha qısa müddət müəyyən edilməyibsə,
lisenziya verən orqan təqdim olunmuş ərizəyə və
ona əlavə edilmiş sənədlərə
baxılmasının nəticəsi əsasında ərizənin
qeydiyyata alındığı tarixdən 10 iş
günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən
imtina haqqında inzibati akt qəbul edir.
19.9. Azərbaycan
Respublikasının qanunlarında (“İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanunu istisna
olmaqla) daha qısa müddət müəyyən edilməyibsə,
icazə verən orqan təqdim olunmuş ərizəyə və
ona əlavə edilmiş sənədlərə
baxılmasının nəticəsi əsasında ərizənin
qeydiyyata alındığı tarixdən 7 iş
günündən gec olmayaraq icazəni verir (müqaviləni
imzalayır və ya ərizəçiyə münasibətdə
tələb olunan hər hansı digər hərəkəti
edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul
edir.
19.10. Lisenziya
və icazə verən orqan bu qanunun 19.8-ci və 19.9-cu maddələrində
müəyyən edilmiş müddətlərdən gec
olmayaraq ərizəçiyə lisenziyanı və icazəni
təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir, lisenziyanın və icazənin
verilməsi üçün qanunla dövlət rüsumunun
(ödənişin) ödənilməsi tələb olunduqda
isə, lisenziyanın (icazənin) verilməsi
üçün dövlət rüsumunu (ödənişi)
ödəməsi vəzifəsi barədə şifahi və
ya məktub vasitəsilə məlumat verir. Lisenziyanın
və icazənin verilməsindən imtina haqqında inzibati akt
lisenziya və icazə verən orqanın rəhbəri və
ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən
imzalanır və möhürlə təsdiq edilir. Həmin
inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü
müddətində ərizəçiyə təqdim edilir və
ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.
19.11.
Dövlət rüsumunu və ödənişin ödənilməsi
faktını təsdiq edən sənəd lisenziya və icazə
verən orqana ərizəçi tərəfindən təqdim
edildikdən sonra lisenziya və icazə 2 iş günündən
gec olmayaraq ərizəçiyə təqdim edilir və ya
sifarişli poçt göndərişi vasitəsilə
göndərilir. Dövlət rüsumunun və ödənişin
ödənilməsi faktını təsdiq edən sənəd
lisenziya və icazə verən orqana təqdim edilmədikdə,
lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən
ləğv edilir və bu barədə məlumat 2 iş günü
müddətində ərizəçiyə təqdim edilir və
ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.
19.12.
Lisenziyada və icazədə aşağıdakılar
göstərilir:
19.12.1. lisenziyanın və icazənin verilmə tarixi
və qeydiyyat nömrəsi;
19.12.2. lisenziya və icazə verən orqanın
adı və ünvanı;
19.12.3. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar
(hüquqi şəxsin, xarici hüquqi şəxsin
filialının və nümayəndəliyinin adı və
hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı,
atasının adı və fəaliyyət ünvanı, vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi);
19.12.4. əgər varsa, icazənin müddəti
(başlama və başa çatma tarixləri göstərilməklə);
19.12.5. lisenziya verilən fəaliyyət növü və
icazə verilən hərəkət.
19.13.
Lisenziya və icazə verən orqanın rəhbəri və
ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən
lisenziya və icazə imzalanır və möhürlə təsdiq
edilir.
19.14.
Aşağıdakı hallarda lisenziyanın (icazənin) əlavəsi
verilir:
19.14.1. lisenziyada göstərilən fəaliyyət
növü və icazədə göstərilən hərəkət
ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata
keçirildiyi (icra edildiyi) halda;
19.14.2. bu qanunun 1 nömrəli əlavəsinin 2-ci,
17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə
tutulmuş fəaliyyət növləri ilə əlaqədar
lisenziya alınması üçün müraciət edildikdə.
19.15.
Lisenziyanın əlavəsinin başlığında
“lisenziyanın əlavəsi” sözləri, icazənin əlavəsinin
başlığında isə bu qanunun 1.0.11-ci maddəsinə
uyğun olaraq, icazənin müvafiq adı qeyd edilməklə,
“əlavəsi” sözü yazılır. Həmin əlavələrdə
fəaliyyətin həyata keçirildiyi və hərəkətin
icra edildiyi obyektin ünvanı (bu qanunun 19.12-ci maddəsində
nəzərdə tutulan məlumatlarla yanaşı) və bu
qanunun 4.3-cü maddəsinin ikinci cümləsinə uyğun
olaraq, müvafiq iş və xidmətlərin siyahısı
göstərilir. Fəaliyyətin həyata
keçirildiyi və hərəkətin icra edildiyi hər bir
obyekt üçün lisenziyanın (icazənin) ayrıca əlavəsi
təqdim olunur.
19.16.
Lisenziya (icazə) verildikdən sonra lisenziyanın (icazənin)
sahibi lisenziyada (icazədə) göstərilən fəaliyyət
növünü (hərəkəti) başqa obyektlərdə
də həyata keçirmək üçün
lisenziyanın (icazənin) əlavəsinin, lisenziyanın əlavəsində
göstərilməyən fəaliyyət növləri,
iş və xidmətlər ilə məşğul olmaq
üçün lisenziyanın əlavəsinin alınması
ilə bağlı lisenziya və icazə verən orqana ərizə
ilə müraciət edə bilər. Həmin ərizəyə
yalnız bu qanunun 18.2.4-cü və 18.2.5-ci maddələrində
göstərilən sənədlər əlavə olunur.
19.17.
Lisenziyanın (icazənin) əlavəsi bu qanunun 19.13-cü
maddəsində nəzərdə tutulmuş qaydada
imzalanır və təsdiq edilir.
19.18. Fəaliyyət
növünün bir neçə alt növünü eyni
vaxtda həyata keçirmək üçün müraciət
olunduqda, lisenziya bir blankda və bir qeydiyyat nömrəsi ilə
verilir. Lisenziya sahibi fəaliyyət
növünün lisenziyada göstərilməyən digər
alt növləri ilə məşğul olmaq
üçün lisenziya verən orqana ərizə ilə
müraciət etdikdə, ona mövcud lisenziya blankı dəyişdirilmədən,
ayrıca blankda və ayrı qeydiyyat nömrəsi ilə
lisenziya verilir.
19.19.
Lisenziyanın və icazənin müsabiqə əsasında
verilməsinin halları və qaydası Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
edilir.
Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina
20.1.
Lisenziyanın və icazənin verilməsindən
aşağıdakı hallarda imtina edilir:
20.1.1. ərizədə və ona əlavə
olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar
olduqda (bu qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş hal istisna edilməklə);
20.1.2. ərizəçi lisenziya və icazə verilməsi
şərtlərini yerinə yetirmədikdə.
20.2.
Lisenziyanın və icazənin verilməsindən imtina
haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır.
Ərizəçi həmin inzibati aktdan inzibati
qaydada və məhkəməyə şikayət verə bilər.
Maddə 21. Lisenziyanın və icazənin verilməsi
üçün ödəniş
21.1.
Lisenziyanın verilməsi üçün dövlət
rüsumunun ödənilməsi “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
21.2.
İcazənin verilməsi üçün dövlət
rüsumunun və ödənişin ödənilməsi
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan
Respublikasının digər qanunları ilə müəyyən
edilir.
Maddə 22. Lisenziyanın və icazənin müddəti
22.1.
Lisenziyalar müddətsiz verilir. Azərbaycan
Respublikasının qanunlarında müddət müəyyən
edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş icazə etibarsız hesab
olunur.
22.2.
Müddətli icazənin müddətinin uzadılması icazənin
yenidən rəsmiləşdirilməsi qaydasında həyata
keçirilir.
22.3.
İcazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi
istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin
müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.
22.4.
İcazənin dublikatının müddəti əvvəlki
icazənin müddəti ilə məhdudlaşır.
22.5.
İcazənin dayandırıldığı müddət
icazənin müddətinə daxil edilir.
Maddə 23. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi
23.1.
Lisenziya və icazə aşağıdakı hallarda yenidən
rəsmiləşdirilir:
23.1.1. lisenziyanın (icazənin) sahibi olan hüquqi
şəxs yenidən təşkil edildikdə;
23.1.2. lisenziyanın (icazənin) sahibi olan hüquqi
şəxsin, xarici hüquqi şəxsin filialının,
nümayəndəliyinin adı və ya hüquqi
ünvanı dəyişdikdə;
23.1.3. lisenziyanın (icazənin) sahibi olan fərdi
sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət
ünvanı dəyişdikdə;
23.1.4. icazənin sahibi icazənin müddətinin
uzadılması ilə bağlı icazə verən orqana
müraciət etdikdə;
23.1.5. lisenziya sahibinin ümumi lisenziyada göstərilən
fəaliyyət növünün bir və ya bir neçə
alt növünü həyata keçirmək hüququna bu
qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü
maddələr istisna olmaqla) göstərilən əsaslar
üzrə xitam verildikdə.
23.2. Bu
qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində
göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin)
sahibi və ya onun hüquqi varisi həmin əsasların
yarandığı gündən 5 iş günündən gec
olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi
üçün lisenziya və icazə verən orqana ərizə
ilə müraciət etməlidir.
23.3. Həmin
ərizəyə yenidən rəsmiləşdirilməli olan
lisenziya və icazə, hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışın, fərdi
sahibkarın şəxsiyyət vəsiqəsinin və vergi
uçotuna alınması haqqında şəhadətnamənin
surətləri əlavə olunur.
23.4.
Lisenziya və icazə verən orqan bu qanunun 23.2-ci və
23.3-cü maddələrinə uyğun olaraq, ərizə və
ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş
günü ərzində müvafiq düzəlişləri
edərək yenidən rəsmiləşdirilmiş
lisenziyanı və icazəni lisenziyanın (icazənin) sahibinə
və ya onun hüquqi varisinə təqdim edir, yaxud
sifarişli poçt göndərişi vasitəsilə
göndərir.
23.5.
İcazənin sahibi icazədə göstərilmiş hərəkətin
yerinə yetirilməsini onun müddətinin bitməsindən
sonra da davam etdirmək istədikdə, icazənin müddətinin
bitməsinə ən azı 30 gün qalmış icazənin
müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi
üçün icazə verən orqana ərizə ilə
müraciət etməlidir.
23.6. Bu
qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində
göstərilən hallar mövcud deyilsə və icazədə
göstərilmiş hərəkətin yerinə yetirilməsi
ilə bağlı icazə şərtlərində hər
hansı dəyişiklik edilməmişdirsə, icazə verən
orqan ərizə daxil olduqdan 5 iş günü ərzində
icazəni müddətsiz edərək yenidən rəsmiləşdirilmiş
icazəni sahibinə və ya onun hüquqi varisinə təqdim
edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə
göndərir.
23.7.
İcazədə göstərilmiş hərəkətin
yerinə yetirilməsi ilə bağlı icazə şərtlərində
hər hansı dəyişiklik edilmişdirsə, icazənin
sahibi icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi
barədə ərizəsinə bu qanunun 18.2.5-ci maddəsində
göstərilən sənədləri əlavə edir. İcazə verən orqan həmin ərizəyə
və ona əlavə edilmiş sənədlərə
baxılmasının nəticəsi əsasında bu qanunun
19.9-cu maddəsində nəzərdə tutulan müddətdə
icazəni müddətsiz edərək yenidən rəsmiləşdirilmiş
icazəni sahibinə və ya onun hüquqi varisinə təqdim
edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə
göndərir.
23.8. Bu
qanunun 23.1.5-ci maddəsində göstərilən halda
lisenziya verən orqan lisenziya sahibinin ümumi lisenziyada göstərilən
fəaliyyət növünün bir və ya bir neçə
alt növünü həyata keçirmək hüququna xitam
verdiyi tarixdən 5 iş günü ərzində ümumi
lisenziyanı xüsusi lisenziya (lisenziyalar) şəklində
yenidən rəsmiləşdirərək onu lisenziyanın
sahibinə təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir.
23.9.
Lisenziyanın və icazənin yenidən rəsmiləşdirildiyi
müddətdə lisenziyanın (icazənin) sahibi və ya
onun hüquqi varisi öz fəaliyyətini lisenziya və icazə
verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və
nömrəsi haqqında arayış əsasında həyata
keçirir.
23.10. Bu
qanunun 23.8-ci maddəsində göstərilən halda
lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə
lisenziyanın sahibi öz fəaliyyətini (xitam verilməyən
hissədə) əvvəlki lisenziya əsasında həyata
keçirir.
23.11.
Lisenziya və icazə verən orqanın adı dəyişdikdə
və ya lisenziya (icazə) vermə səlahiyyəti digər
lisenziya və icazə verən orqana keçdikdə, əvvəllər
verilmiş lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi
yalnız lisenziya (icazə) sahibinin müraciəti əsasında
bu qanunun 23.3-23.4-cü maddələrində nəzərdə
tutulmuş qaydada aparılır. İcazədə
göstərilən hərəkətin yerinə yetirilməsi
başa çatdıqda, həmin icazənin bu qanunun 23.1.1-ci,
23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən
hallarda yenidən rəsmiləşdirilməsi tələb
olunmur.
Maddə 24. Lisenziyanın və icazənin dublikatının verilməsi
24.1.
Lisenziya və icazə itirildikdə və ya zədələndikdə
lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin
dublikatının verilməsi üçün lisenziya və
icazə verən orqana ərizə ilə müraciət edir.
24.2.
Lisenziya və icazə verən orqan ərizənin daxil
olduğu tarixdən 3 iş günü müddətində
lisenziyanın və icazənin dublikatını hazırlayaraq
ərizəçiyə təqdim edir və ya sifarişli
poçt göndərişi vasitəsilə göndərir.
24.3.
Lisenziyanın və icazənin dublikatının verildiyi
müddətdə lisenziyanın (icazənin) sahibi öz fəaliyyətini
lisenziya və icazə verən orqana təqdim etdiyi ərizənin
qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında
həyata keçirir. Həmin arayış
lisenziya və icazə verən orqanın rəhbəri və
ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
24.4.
Lisenziyanın və icazənin dublikatı itirilmiş və
ya zədələnmiş lisenziya və icazə ilə eyni
hüquqi qüvvəyə malikdir.
Maddə 25. Lisenziyanın və icazənin dayandırılması
25.1.
Lisenziya və icazə aşağıdakı hallarda
dayandırılır:
25.1.1. lisenziya (icazə) sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və
icazə şərtlərinin pozulması hallarının
aradan qaldırılmasına dair lisenziya və icazə verən
orqanın, həmçinin müvafiq nəzarət
orqanının göstərişlərini yerinə yetirmədikdə;
25.1.3. Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş digər hallarda.
25.2.
Lisenziya və icazə lisenziya və icazə verən
orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən
hallar və lisenziyanın və icazənin
dayandırıldığı müddət göstərilməlidir.
Bu qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində
göstərilən əsaslar üzrə lisenziyanın və
icazənin dayandırılması haqqında inzibati aktda həmçinin
dayandırılmaya əsas verən halların aradan
qaldırılması üçün görülməli olan
tədbirlər və lisenziyanın və icazənin
dayandırıldığı müddətdə həmin
halların aradan qaldırılmamasının nəticəsi
göstərilməlidir.
25.3.
Ümumi lisenziyada göstərilən fəaliyyət
növünün bir və ya bir neçə alt
növünü həyata keçirmək hüququnun
dayandırılması həmin lisenziyada göstərilən
fəaliyyət növünün digər alt növlərinin
həyata keçirilməsinə mane olmur.
25.4. Lisenziyanın
(icazənin) sahibi lisenziyanın və icazənin
dayandırıldığı müddət bitənədək
bu qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində
göstərilən halları aradan qaldırmalı və nəticəsi
barədə 3 iş günü müddətində lisenziya və
icazə verən orqana yazılı məlumat verməlidir.
25.5. Bu
qanunun 25.1.1-ci maddəsində göstərilən əsas
üzrə dayandırılmış lisenziya və icazə
lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu
qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən
hallarda dayandırılmış lisenziya və icazə isə
həmin halların aradan qaldırılması barədə
lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata
əsasən lisenziya və icazə verən orqanın inzibati
aktı ilə bərpa olunur.
25.6.
Lisenziyanın və icazənin dayandırılması və bərpa
olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən
2 iş günü müddətində lisenziyanın (icazənin)
sahibinə təqdim edilir və ya sifarişli poçt
göndərişi vasitəsilə göndərilir.
25.7.
Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin
dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və
məhkəməyə şikayət verə bilər.
Maddə 26. Lisenziyanın və icazənin ləğvi
26.1.
Lisenziya və icazə aşağıdakı hallarda ləğv
edilir:
26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
26.1.2. icazənin müddəti bitdikdə;
26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi
şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi
ləğv edildikdə;
26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin
fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
26.1.5. məhkəmənin müvafiq qərarı
olduqda;
26.1.6. lisenziyanın və icazənin verilməsi
üçün təqdim edilmiş sənədlərdə
sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
26.1.7. bu qanunun 25.4-cü maddəsində göstərilən
məsələ ilə bağlı lisenziya və icazə verən
orqana yazılı məlumat verilmədikdə;
26.1.8. lisenziyada göstərilmiş fəaliyyət
növü və icazə lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin siyahısından
çıxarıldıqda;
26.1.9. Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş digər hallarda.
26.2.
Lisenziya və icazə bu qanunun 26.1-ci maddəsində göstərilən
hallara (bu qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə,
lisenziya və icazə verən orqanın inzibati aktı ilə
ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən
2 iş günü müddətində lisenziyanın (icazənin)
sahibinə təqdim edilir və ya sifarişli poçt
göndərişi vasitəsilə göndərilir.
26.3.
Ümumi lisenziyada göstərilən fəaliyyət
növünün bir və ya bir neçə alt
növünü həyata keçirmək hüququna bu qanunun
26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr
istisna olmaqla) göstərilən əsaslar üzrə xitam
verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət
növünün digər alt növlərinin həyata
keçirilməsinə mane olmur.
26.4.
Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin
ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə
şikayət verə bilər.
Maddə 27. Lisenziyanın və icazənin şərtlərinə
riayət olunmasına nəzarət
27.1.
Lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə
riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən
Azərbaycan Respublikasının qanunları ilə müəyyən
olunmuş qaydada həyata keçirilir.
27.2.
Lisenziyanın və icazənin şərtlərinə riayət
olunmasına nəzarət çərçivəsində səyyar
yoxlamalar “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” və
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq həyata
keçirilir.
27.3. Bu
qanunun 1 nömrəli əlavəsində nəzərdə
tutulmuş fəaliyyət növlərinin həyata
keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən
Azərbaycan Respublikası qanunlarının tələblərinə
və lisenziyanın şərtlərinə riayət edilməməsi
hallarını aşkar edən nəzarət orqanı
lisenziyanın dayandırılması və ləğvi
üçün lisenziya verən orqana əsaslandırılmış
təqdimat göndərir.
4-cü fəsil
MƏSULİYYƏT
Maddə 28. Lisenziya və icazə verən orqanların və
onların vəzifəli şəxslərinin məsuliyyəti
28.1.
Lisenziya və icazə verən orqanın vəzifəli şəxsləri
bu qanunun tələblərinin pozulmasına və
lisenziyanın (icazənin) sahibinə vurulan zərərə
görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
28.2.
Lisenziyanın (icazənin) sahibi ona dəyən zərərə
görə lisenziya və icazə verən orqan tərəfindən
kompensasiyanın ödənilməsindən imtinadan inzibati və
məhkəmə qaydasında şikayət verə bilər.
Maddə 29. Lisenziya və icazə sahibinin məsuliyyəti
Bu qanunun
tələblərinin, lisenziya və icazə şərtlərinin
pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan
Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyır.
5-ci fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 30. Qanunun qüvvəyə minməsi
Bu qanun
2016-cı il iyunun 1-dən qüvvəyə
minir.
Maddə 31. Keçid müddəaları
31.1. Bu
qanunun qüvvəyə mindiyi günədək verilmiş
icazələr onlarda göstərilmiş müddət bitənədək
öz qüvvəsini saxlayır.
31.2. Bu
qanun qüvvəyə mindikdən sonra lisenziya tələb
olunan fəaliyyət növlərini və icazələri tənzimləyən
qanunlarda müvafiq lisenziya və icazə şərtləri təsbit
olunanadək, həmin fəaliyyət növlərinə
lisenziya və icazə verilməsi üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlər
tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 mart
2016-cı il
Azərbaycan 2016.-
23 aprel.- S. 3, 4 .