BMT-nin tribunası Azərbaycandadır
İlham
ƏLİYEV: “Fərəhlənirik ki, bu gün 140-dan
artıq ölkənin nümayəndəsi Sivilizasiyalar
Alyansı ilə bağlı mühüm məsələlərin
müzakirəsi üçün Bakıda toplaşıb”
Dörd
il bundan öncə - 2012-ci il may ayının 4-də Nyu Yorkda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə BMT Təhlükəsizlik Şurasının yüksək
səviyyəli iclası keçirildi. İclasda
Azərbaycanın təşəbbüsü ilə “Terror
aktlarının beynəlxalq sülh və təhlükəsizliyə
yaratdığı təhdidlər” mövzusunda müzakirələr
aparıldı.
Bəli,
bir daha vurğulayırıq, BMT Təhlükəsizlik
Şurasının iclasına Azərbaycan Prezidenti cənab
İlham Əliyev rəhbərlik edirdi və həmin iclasda
dünyanı hədələyən terror təhlükəsi
barədə məsələ müzakirə olunurdu!
Əvvəlcə
iki məqama diqqət yetirək:
* Azərbaycan
Prezidenti ali qurumda iclasa sədrlik etmək
üçün hansı proseslərdən keçmişdi;
* Ötən
dövr ərzində müzakirə olunan məsələ ilə
bağlı dünyada nə kimi dəyişikliklər baş
vermişdi.
Azərbaycan
çox çətin sınaq və maneələri dəf edərək
dövlət müstəqilliyinə nail oldu. Bununla
bağlı 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktı qəbul
edildi. Həmin dövrdə dövlət
müstəqilliyi deklarativ xarakter daşıyırdı.
Həqiqi müstəqilliyə nail olmaqdan ötrü çox
iş görmək, çox
çalışmaq gərək idi. Hətta
1993-cü ildə təkcə müstəqilliyi
üçün yox, bütövlükdə bir dövlət
kimi Azərbaycanın özünün mövcudluğu təhlükəsi
yaranmışdı. Yalnız xalqın
arzu və tələbi ilə ümummilli lider Heydər
Əliyevin ölkə rəhbərliyinə qayıtması müstəqilliyimizi
əbədiliyə və dönməzliyə çevirdi.
Bu il şərəfli müstəqillik
tarixinin 25-ci ildönümünü qeyd edəcəyik.
Müstəqillik dövründə iqtisadi, siyasi,
hüquqi sahədə çox işlər görüldü,
o cümlədən beynəlxalq münasibətlər və
diplomatiya sahəsində. 1992-ci il
martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında
Azərbaycanın təşkilata üzv qəbul olunması
haqqında qətnamə qəbul edildi. Nyu Yorkda
- BMT-nin iqamətgahı qarşısında təşkilatın
181-ci üzvünün - Azərbaycanın bayrağı
qaldırıldı. Mayın 6-da isə təşkilatda
Azərbaycan nümayəndəliyi fəaliyyətə
başladı.
Azərbaycanın
dünya birliyinə sıx inteqrasiyası, Avropanın enerji təminatında
etibarlı tərəfdaşa çevrilməsi, mühüm
transmilli layihələrin təşəbbüsçüsü
və maliyyəçisi rolunda çıxış etməsi,
Cənubi Qafqazın ən müasir və qüdrətli
dövlətinə çevrilməsi onun beynəlxalq
nüfuzunu qat-qat artırdı. 2011-ci ilin oktyabrında 16
raundluq “döyüşdə” qalib çıxaraq 155 dövlətin
dəstəyini qazanan Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi! Beləliklə,
müstəqillik dövründə xarici siyasətin ən
böyük uğuruna imza atmış oldu!
2012-ci ilin 1 yanvarından ölkəmiz Təhlükəsizlik
Şurasında öz səlahiyyətlərinin icrasına
başladı.
Beləliklə, ABŞ, Çin, Rusiya, Böyük Britaniya və
Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da
dünyanın bir nömrəli beynəlxalq təşkilatının
ən ali qurumunda iştirakı ölkəmizin
tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin
əyani təsdiqinə çevrildi. Əslində,
bütün bunlar Prezident İlham Əliyevin müdrik,
uzaqgörən, qətiyyətli və prinsipial siyasətinin məntiqi
nəticəsi idi!
Şübhə yoxdur ki, cənab İlham Əliyev xarici
siyasətin bütün məqamlarında Azərbaycan
xalqının və dövlətinin maraqlarını
güdür, qoruyur. Eyni zamanda, onun irəli sürdüyü
bütün təşəbbüslər və
çağırışlar dünyada sülhə və təhlükəsizliyə,
bəşəriyyətin əmin-amanlığına xidmət
edir. Məhz buna görə də
bütün beynəlxalq qurum və təşkilatlar, dünya
siyasətçiləri tərəfindən müdafiə
olunur, dəstək verilir.
BMT Təhlükəsizlik
Şurasının ilk iclasına sədrlik edən cənab
İlham Əliyev hüququndan istifadə edərək Azərbaycan
Prezidenti kimi bəyanat verdi. Həmin bəyanatın
bəzi məqamlarına bir daha diqqət yetirək:
“Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə,
o cümlədən bütün üzv dövlətlərdə
insan hüquqlarının, fundamental azadlıqların,
demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi
bütövlüyünün və nəhayət, sosial və
iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir”.
“Azərbaycan terrorçuluğun bütün forma və
təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik
ki, bütün terror aktları ağır cinayətdir, onlar
pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar”.
“Terrora qarşı mübarizə hər hansı konkret
din və ya mədəniyyətə hücum çəkmək
üçün istifadə edilə bilməz”.
“Azərbaycan sivilizasiyaların dialoqu işinə
töhfə verməyə çalışır. Ölkəmiz
müxtəlif dinlərin nümayəndələri
arasında daha yaxşı anlaşmanın yaradılmasına
xidmət edən çoxsaylı tədbirlər keçirir.
Azərbaycan çoxmillətli və
çoxkonfessiyalı ölkədir, bütün millətlərin
və dinlərin nümayəndələri ölkəmizdə
sülh, anlaşma şəraitində yaşayırlar”.
“Terrorçuluğun
hazırkı siması və onun beynəlxalq sülh və
sabitliyə təhlükə olan digər hədələrlə
bağlılığı dövlətlər arasında daha
sıx əməkdaşlığı, o cümlədən
BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar
və sistemli yanaşmasını tələb edir”.
“Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn
ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri
əsasında münaqişələrin, xüsusən ərazi
bütövlüyünün təmin edilməsi və
dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına aid məsələlərin həllinə
çalışmalı və ölkələrə öz əraziləri
üzərində suverenliyin bərpa edilməsinə
yardım etməlidir”.
Təəssüf ki, bu xəbərdarlıqlara kifayət
qədər diqqət yetirilmədi.
NƏTİCƏDƏ:
* Avropa
qaçqınlar dənizində boğulmaq dərəcəsinə
gəldi;
* Suriyada
davam edən insan qırğınına son qoyulmadı;
*
İŞİD-ə qarşı mübarizə lazımi səmərə
vermədi;
* Parisdə,
Ankarada, Brüsseldə terror aktları baş verdi,
günahsız insanlar öldürüldü;
* Ermənistan
ordusu Azərbaycan kəndlərini, mülki əhalini daha
şiddətli atəşə tutmaqda davam etdi;
ÇÜNKİ:
*
Dünyada baş verən proseslərə ikili standartlarla
yanaşma davam edir;
* Hələ
də “xristian” və “müsəlman” adlandırılmaqla
terrorçular “növlərə” bölünür, onlara
müxtəlif münasibət bəslənilir;
* Paris və
Brüsseldəki ilə Ankara və İstanbuldakı terror aktları
“fərqləndirilir”, onlara eyni mövqe nümayiş
etdirilmir;
* Erməni
terrorizmi cilovlanmır;
* Ermənistanın
sülh danışıqlarından yayınmasına prinsipial
qiymət verilmir.
Prezident
İlham Əliyev budəfəki çıxışında
da əsas diqqəti bəşəriyyəti gözləyən
təhlükələrə və ona qarşı mübarizə
məsələlərinə yönəltdi:
“Bizim aramızda bölüşdürəcəyimiz
heç nə yoxdur. Hamımız eyni planetdə
yaşayırıq. Bütün xalqlar
sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində
yaşamağı, ailələrini qorumağı,
övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri -
insanlıq, mərhəmət, həmrəylik və
sülhü təbliğ edir. Bu gün
dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir”.
“Bizim üçün multikulturalizm dövlət siyasətidir
və bizim həyat tərzimizdir. Gəlin alternativlərə nəzər
salaq: onlar nədən ibarətdir? Bunlar
çox təhlükəli alternativlərdir - ksenofobiya,
islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət.
Bu səbəbdən multikulturalizm dəyərlərinin
gücləndirilməsi, hesab edirəm ki, müasir siyasətin
çox müsbət meyli olacaqdır. Bütün
məsuliyyətli siyasətçilər bu müsbət
dinamikaya töhfələrini verməlidirlər”.
“Ermənistan və Azərbaycan arasındakı
münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi,
BMT Təhlükəsizlik Şurasının qətnamələri
və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz
azad edilməlidir, insanlarımız evlərinə geri dönmək
imkanına malik olmalıdır”.
“Enerji təhlükəsizliyi
və nəqliyyat kimi iqtisadi maraqlar, çətinliklərin
öhdəsindən gələrək xalqlarımıza daha
yaxşı şərait yaratmaq kimi dəyərlərin
paylaşılması və bütün bunların təməlində
birgə dəyərlərimiz olan dini
dözümlülük, qarşılıqlı anlaşma və
multikulturalizm əsasında qurulmuş beynəlxalq əməkdaşlıq
formatları, hesab edirəm ki, region xalqlarının həyatını
daha da yaxşılaşdıracaq”.
BMT Təhlükəsizlik Şurasının
iclasındakı bəyanatında cənab İlham Əliyev
problemlər və təhlükələr barədə
açıq danışdı. Təəssüf ki,
dünya gücləri öz əməllərindən
qalmadılar. Bu gün terror harada
yaşamasından, hansı iqtisadi, siyasi və hərbi
imkanlara malik olmasına baxmayaraq, hər bir dövləti və
ölkə vətəndaşını hədələyir.
ABŞ-da, Fransada, Belçikada baş verənləri
yada salmaq kifayətdir. Dünya hər zaman
qarşıdurmalardan, ziddiyyətlərdən ziyan çəkib.
Sabitlik, əmin-amanlıq inkişaf və tərəqqiyə
xidmət edir. Bunu təmin etməkdən ötrü isə
dünya qanunlar, beynəlxalq norma və
prinsiplər əsasında idarə olunmalıdır. İşğalçılar, özgə
torpaqlarına təcavüz edənlər, günahsız
insanların qanını tökənlər, mülki əhalini
ev-eşiyindən didərgin salanlar qınaq hədəfinə
çevrilməli, beynəlxalq qurum və təşkilatların
qərarları və imkanları ilə cəzalandırılmalıdır.
Hamını
Allah yaradlb! İnsanları dini, irqi, milli əlamətlərə
görə fərqləndirmək, baş verən hadisələrə
ikili standartlardan yanaşmaq, qiymətləndirmək təhlükələrin
qarşısını almır. Əksinə,
mənfi meyillərə daha da rəvac verir.
BMT
Sivilizasiyalar Alyansının Prezident İlham Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilən Qlobal Forumu da məhz bu
problemlərin həllinə töhfə verən, həmçinin
milli, dini ayrı-seçkiliyə son qoymağa yönəlmiş
qlobal müzakirə platforması oldu. Ölkə
rəhbərinin forumda çıxışı da Azərbaycan
həqiqətləri timsalında dünyadakı ikili
standartların, ədalətsizliklərin kəskin
ifşasına yönəldi. Prezident
bütün bəşəriyyəti, dövlətləri,
beynəlxalq təşkilatları ədalətli mövqeyə,
haqlını dəstəkləməyə, zora və hərbə
qarşı birgə fəaliyyətə səslədi.
Azərbaycan
yenə də xəbərdarlıq edir:
Dünyanı qorumaq, düzgün məcraya yönəltmək
gərəkdir.
Azərbaycan öz nümunəsi, xalqın əsrlər
boyu keçdiyi həyat yolu əsasında düzgün istiqamət
göstərir.
Prezident İlham Əliyev təkcə öz dövləti
və xalqı üçün yox, bütün bəşəriyyəti
təhdid edən hadisələri öncədən xəbər
verir. Onu dinləmək və dediklərinə əməl
etmək bəşəriyyətin gələcəyi
üçün faydalıdır.
Bu gün
BMT-nin Azərbaycanda qurulan tribunasından səslənən hər
bir təklif, xəbərdarlıq hökmən nəzərə
alınmalıdır!
Dünya
salamat qalmaq, əmin-aman yaşamaq istəyirsə, sülh və
əməkdaşlıqdan, beynəlxalq hüququn bütün
prinsiplərinin bərqərar edilməsindən başqa yol
yoxdur!
Bunu hamı bilməlidir!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2016.- 28 aprel.- S. 1.