AZƏRBAYCANDA ƏN MÜASIR
ELEKTROENERGETIKA SISTEMI YARANIR
Mən xoşbəxtəm ki, Azərbaycanın
müstəqil elektrik enerjisi potensialının
yaradılmasına nail olmuşam.
Heydər ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 10
avqust 2006-cı il tarixli sərəncamı
ilə “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti
bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə
islahatlara start verilmişdir.
Dövlət rəhbərinin müvafiq
tapşırıqlarına əsasən sərəncamın
icrası ilə əlaqədar Bakı şəhəri
elektrik təsərrüfatında ölkənin sürətli
sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma
işləri həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri
üzrə elektrik şəbəkəsinin qoyuluş
gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6
200 MVA-ya qaldırılıb, texniki itkilər 16,9 faizdən
7,8 faizə endirilib, güc defisiti və ifrat yüklənmələr
aradan qaldırılıb, respublikamızda ilk dəfə 110
kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Bununla da istehlakçıların fasiləsiz, dayanıqlı
şəkildə elektrik enerjisi ilə təchizatı yüksək
səviyyədə təmin edilib.
Ötən müddətdə Bakı şəhəri
beynəlxalq səviyyəli ən mötəbər tədbirlərə
evsahibliyi edib ki, həmin zamanlarda digər xidmət sahələri
kimi, Bakı şəhəri elektrik şəbəkəsi də
istehlakçılara beynəlxalq standarta uyğun səviyyədə
xidmət etməyə qadir olduğunu göstərmişdir.
Qeyd edilənlərə
əsasən və on ildən artıq müddətdə
respublikamızın regionlarının sosial-iqtisadi
inkişafına yönələn proqramların icrası, həmçinin
elektrik paylayıcı şəbəkələrdə
islahatların növbəti mərhələsi kimi Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı
ilə “Bakıelektrikşəbəkə”ASC-nin adı dəyişdirilərək
“Azərişıq”ASC adlandırılmaqla ölkə ərazisində
(Naxçıvan Muxtar Respublikası istisna olmaqla)
istehlakçıların etibarlı, təhlükəsiz və
səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının
həyata keçirilməsi “Azərişıq”ASC-yə həvalə
edilmişdir.
Heydər Əliyev və Azərbaycan
elektroenergetikası
Ötən
əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi
ölkəmizin həyatında sözün həqiqi mənasında,
işıqlı bir yolun, qarşısıalınmaz
inkişaf erasının başlanğıcı oldu. Dahi lider zəngin və mənalı ömür
yolunu Azərbaycan xalqının tərəqqisinə, maddi
rifahının yüksəlməsinə, dünya xalqları
arasında şərəfli yer tutmasına, elminin və mədəniyyətinin
inkişafına sərf etmişdir. İstər
1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə
Azərbaycanın qazandığı nailiyyətlər
böyük rəhbərin adı ilə bağlıdır.
Respublika bütün strateji əhəmiyyətli
sahələrdə inkişaf etmiş, sosial-iqtisadi və
intellektual resurslarına görə keçmiş SSRİ-də
öncül yerlərdən birini tutmuşdu. Bu baxımdan, Azərbaycanda enerji təhlükəsizliyi
sisteminin təməli də 1970-ci illərin əvvəllərində
məhz ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Ulu öndər respublikanın elektrik enerjisinə olan tələbatını
yerli imkanlar hesabına ödəməyi və
xalqımızı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə
təmin etməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə
gərgin fəaliyyət göstərmişdir. 1970-1980-ci illər
ərzində ümummilli lider iqtisadiyyatın inkişafı və
sosial vəziyyətin daha da
yaxşılaşdırılması məqsədilə ilk
növbədə, enerji təhlükəsizliyi sisteminin
möhkəm bünövrəsini yaratmağı, neft-qaz sənayesini
və elektroenergetika sahəsini yeni texnika və texnologiya əsasında
gücləndirməyi məqsədəuyğun hesab
etmişdir.
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi
təchizatınin müəyyən qisminin daxili imkanlar
hesabına ödənilməsinin təmin edilməsi məqsədilə
1971-ci ildə Araz çayı üzərində gücü
22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edildi.
Qarabağ bölgəsində kənd təsərrüfatının
inkişaf etdirilməsi, məhsuldar torpaqların
suvarılması üçün su anbarının
yaradılması, bölgənin elektrik enerji təchizatının
yaxşılaşdırılması, enerjinin
ötürülməsində itkilərin azaldılması məqsədilə
Tərtər çayı üzərində 1976-1977-ci illərdə
Sərsəng su anbarı və gücü 50 MVt olan eyni
adlı su elektrik stansiyası istifadəyə verildi.
Ötən
əsrin 70-ci illərinin sonunda respublikanın ümumi
gücü 2882 MVt olan elektrik stansiyaları 15,4
milyard kVt/saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli
inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı
Azərbaycanı qonşu respublikalardan 2,9-3,5
mlrd kVt/saat elektrik enerjisi idxal etmək məcburiyyətində
qoyurdu. Bu çatışmazlığı
aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir
SES-in və indiki “Azərbaycan” DRES-in inşası həyata
keçirildi. 1980-ci illərdə gücü 380 MVt olan
“Şəmkir” SES və elə bu gün də Cənubi
Qafqazın ən böyük istilik elektrik stansiyası
sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət,
kritik parametrdə də yüksək parametrlərdə
işləmək imkanına malik “Azərbaycan” DRES istismara
verildi.
Mingəçevir
“Azərbaycan” DRES-nin birinci enerji blokunun işə
salınması ərəfəsində - 1981-ci ilin 20
oktyabrında ulu öndər Heydər Əliyevin Mingəçevir
şəhərinə gəlişi, stansiyanın vəziyyəti
ilə tanış olaraq energetiklərə və
inşaatçılara öz dəyərli tövsiyələrini
verməsi unudulmaz tarixi hadisə idi. Xalqımızın
ümummilli liderinin respublikamıza bəxş etdiyi maddi-mənəvi
nailiyyətlər sırasında xüsusi yeri, çəkisi
olan “Azərbaycan” DRES indinin özündə də
ümumilikdə Cənubi Qafqaz məkanının ən iri
istilik-elektrik stansiyası sayılır.
Onu da
vurğulayaq ki, bu tarixi gün - indi 20 oktyabr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 13
oktyabr 2004-cü il tarixli sərəncamı
ilə Azərbaycan energetiklərinin peşə bayramı
günü kimi qeyd olunur. Kollektiv 2015-ci ildə
“Energetiklər günü”nü ilk dəfə olaraq yeni ad
altında - “Azərişıq” ASC kimi qeyd etmiş və
ümummilli liderin Fəxri xiyabandakı məzarını
ziyarət etmişdir.
1993-cü
ilin iyununda böyük rəhbər Heydər Əliyev
xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan, müstəqil Azərbaycan dövlətini
dünyanın siyasi xəritəsindən silinməkdən,
bir dövlət kimi məhv olmaqdan xilas etdikdən sonra
iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf
yoluna çıxarmaq üçün
düşünülmüş strategiya həyata keçirdi.
Həmin ərəfədə iqtisadiyyatın
bütün sahələrində olduğu kimi, elektroenergetika
sistemində də böyük böhran vəziyyəti
yaranmış və sistemin ahəngdar işi pozulmuşdu.
Enerji təchizatı sahəsində
bütün ölkədə, o cümlədən paytaxt
Bakıda dağılmış təsərrüfat hökm
sürməkdə idi. Ümummilli lider
enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki
bazasını yeniləşdirmək və möhkəmləndirmək,
dağıdılmış elektrik təsərrüfatını
bərpa etmək üçün məqsədyönlü,
genişmiqyaslı tədbirlər həyata keçirməyə
başladı.
Ötən əsrin axırlarında paytaxt
Bakının enerji təchizatında yaranan problemləri həll
etmək məqsədilə bir sıra mühüm addımlar
atıldı.
Belə ki, ulu öndər tərəfindən
1999-cu il noyabrın 8-də “Bakıelektrikşəbəkə”
İstehsalat Birliyinin özəlləşdirməyə
hazırlanması haqqında” sərəncam
imzalanmışdı. Haşiyə
çıxaraq xatırladaq ki, Bakı elektrik şəbəkəsi
1920-ci ildən etibarən bir sıra qurumların tərkibində
fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər
Azneftin “Elektrotok” idarəsinin tərkibində olmuş, 1929-cu
ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı
ilə Bakı Şəhər Elektrik Şəbəkəsi
(BaŞEŞ) Bakı Şəhər Sovetinin tərkibinə
verilmişdir. Azərbaycan Respublikası Nazirlər
Sovetinin Qərarı ilə 1963-cü ildə “Azərenerji”
Nazirliyin tabeliyində olmuşdur. 1969-cu ildən
2000-ci ilə qədər isə Bakı Şəhər
İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra
Hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir.
Azərbaycan
Prezidentinin 8 noyabr 1999-cu il tarixli sərəncamından bir
müddət sonra dövlət başçısının
2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın
elektrik şəbəkəsinin fəaliyyətinin
sağlamlaşdırılması və şəhərin
elektrik enerjisi ilə təminatının
yaxşılaşdırılması məqsədilə
“Bakıelektrikşəbəkə” İstehsalat Birliyi,
Bakı Şəhər İcra Hakimiyyəti
başçısı aparatının Enerji Nəzarəti və
Satışı Müəssisəsi ləğv edildi,
onların və habelə şəhər icra hakimiyyətinin
Avtonəqliyyat və Mexanizasiya Baş İstehsalat İdarəsinin,
Təmir-tikinti, Quraşdırma və Sazlama İstehsalat
Müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə
xidmət edən strukturlarının, “Azərenerji”nin
paytaxtın enerji təchizatını təmin edən və
onun inzibati ərazisində yerləşən 110 kV-luq və
aşağı gərginlikli elektrikveriliş xətlərinin,
yardımçı stansiyalarının və onların
dispetçer idarəetmə vasitələrinin, binadaxili
elektrik təchizatı idarəsinin bazasında -
“Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar
Cəmiyyəti yaradıldı.
“Bakıelektrikşəbəkə” ATSC-nin
yaradılması və əlverişli şərtlərlə
uzunmüddətli idarəedilməyə verilməsi həmin
dövrdə daxili imkanların məhdudluğu səbəbindən
bu strukturda müvafiq inkişaf sürətinə nail
olunmaması ilə əlaqədar idi. Səhmdar cəmiyyətin
idarəetməyə verilməsi yeni texnologiyaların tətbiqi
ilə şəbəkəni modernləşdirmək,
paytaxtın elektrik təchizatında əsaslı
dönüş yaratmaq zərurətindən irəli gəlirdi.
Elə bu məqsədlə Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamına
uyğun olaraq keçirilən açıq müsabiqənin
qalibi olmuş Türkiyənin “Barmek Holdinq A.S.” şirkəti
2002-ci ilin yanvarından fəaliyyətə başladı.
“Barmek Holdinq A.S.” şirkəti ilə “Bakıelektrikşəbəkə”
ASC-nin 25 il müddətinə idarə
olunmasına dair müqavilə bağlandı.
Bağlanmış
müqaviləyə əsasən, yeni yaradılmış
“Barmek Azərbaycan” MMC Bakı Şəhər Elektrik Şəbəkəsinə
müasir texnologiyaların gətirilməsini, onun balansında
olan 150-yə qədər yüksək gərginlikli
yarımstansiyanın və xətlərin modernləşdirilməsini,
qəza vəziyyətində olan 1600-dək iki transformatorlu 10
kilovoltluq yarımstansiyanın, uzunluğu 8 min kilometrdən
artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin
yeniləşdirilməsini, texniki itkilərin
azaldılmasını təmin etməli idi. Bundan
başqa, “Barmek” istehlakçıların yeni, müasir
sayğaclarla təmin edilməsinə və eləcə də
elektrik enerjisi haqqının yığımının
artırılmasına, işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına da nail olmalı idi.
“Barmek Azərbaycan”
MMC Bakı şəhərinin və ətraf qəsəbələrin
sakinlərinin və müəssisələrin fasiləsiz və
keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində
ciddi qüsurlara yol verdi. “Barmek Azərbaycan”
MMC tərəfindən müvafiq fəaliyyət sahəsinə
investisiya yatırılması və dünyanın müasir tələblərə
cavab verən yeni texnologiya və avadanlıqlarının gətirilməsi
və tətbiq edilməsi ilə bağlı demək olar ki, əhəmiyyətli
heç bir iş görülmədi. Az
miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin,
Çinin və Rusiyanın 1970-1980-ci illərdə istehsal
etdikləri yetərincə köhnə, yəni, müasir tələblərə
cavab verməyən texnologiyalar və materiallar idi. Şirkətin istifadə etdiyi kabel məhsullarının
60-70 faizi vinil izolyasiyalı alüminium kabellər idi ki,
bunların istifadə olunması hələ 1970-ci illərdə
“Bakıelektrikşəbəkə” tərəfindən
qadağan edilmişdi. Şəhərin mərkəzi
hissəsində köhnə dayaq borulardan istifadə olunmaqla
hava xətləri çəkilmişdi.
2002-2006-cı
illərdə paytaxtın paylayıcı şəbəkəsində
“Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC tərəfindən
1 ədəd belə 110 kV-luq yarımstansiya inşa edilmədiyi
və həmin şəbəkədə ümumiyyətlə,
heç bir əməli iş görülmədiyi səbəbindəndir
ki, əsas yük mərkəzi olan 110 kV-luq
yarımstansiyaların təqribən 60 faizi ifrat yüklənirdi.
Avadanlıqların əsas hissəsinin istismar
müddəti ötmüş 35 kV-luq paylayıcı şəbəkələrdə
də ifrat yüklənmə 70 faiz təşkil edirdi.
“Barmek Azərbaycan” MMC-nin fəaliyyəti dövründə
orta və alçaq gərginlikli şəbəkələrin
pis vəziyyətdə olması nəticəsində abonentlər
keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirdi. Axşam
maksimum yüklənmə saatlarında Bakı şəhərinin
əksər əhalisi, xüsusilə şəhərətrafında
yaşayan əhali keyfiyyətsiz elektrik enerjisi (200 V-dən
aşağı) alırdı. Şirkət
texniki itkiləri azaltmaq üçün də öhdəlikləri
yerinə yetirmədi. “Barmek Azərbaycan”
MMC tərəfindən baxımsızlıq və nəzarətsizlik
üzündən Bakı şəhərinin mərkəzi
hissəsində güc zəifliyi əmələ gəlmişdi,
yeni yaşayış yerlərində isə ümumiyyətlə,
şəbəkə yaradılmamışdı. Şirkətin
az sayda quraşdırdığı
Hindistan və Çin istehsalı olan sayğaclara isə
müdaxilə asan olduğundan, tez-tez mənfi hallar baş
verirdi. Əhali abonentləri üzrə
yığım faizi 26 faiz təşkil edirdi.
Bütün bu səbəblərə görə “Barmek
Azərbaycan” şirkətinin idarəçiliyi 2006-cı ilin
avqust ayından dayandırıldı.
“Bakıelektrikşəbəkə”
ASC-nin fəaliyyətinın bərpası
Əhalinin və digər istehlakçıların
haqlı narazılıqları və bu
çatışmazlıqların aradan qaldırılması
istiqamətində heç bir tədbirin görülməməsi,
eyni zamanda, həmin problemlərin daha da geniş miqyas
alması ölkə rəhbərliyinin diqqətindən kənarda
qalmadı. Dövlətimizin başçısı Bakı
şəhərinin və ətraf qəsəbələrin
elektrik enerjisi ilə təchizatında “Barmek Azərbaycan”
MMC-nin yarıtmaz fəaliyyəti nəticəsində yaranan
ciddi problemləri təcili şəkildə aradan qaldırmaq
üçün müvafiq addımlar atdı. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpası
Bakı şəhərində elektrik təchizatında
yaranmış böhranın aradan qaldırılmasında
müsbət nəticələr əldə edilməsi
üçün görülmüş tədbirlərdən
birincisi olmaqla, elektrik paylayıcı sahələr üzrə
islahatlara start verilmiş oldu. Bu qərarın
vaxtında qəbul edilməsi bu gün oz müsbət nəticələrini
əyani surətdə göstərməkdədir.
2006-cı
il dekabrın 1-də Prezident İlham
Əliyevin sədrliyi ilə qış mövsümünə
hazırlıqla bağlı keçirilmiş müşavirədə
“Bakıelektrikşəbəkə”də yaranmış vəziyyət
barədə də ətraflı söhbət getmişdir.
Dövlət başçısı “Barmek Azərbaycan”
şirkətinin yarıtmaz fəaliyyətindən
danışaraq demişdir: “Uzun illər ərzində “Barmek”
şirkəti tərəfindən aparılan işlərin
heç bir müsbət nəticəsi olmamışdır,
heç bir əsaslı vəsait qoyulmamışdır,
investisiyalar qoyulmamışdır. “Barmek” üzərinə
götürmüş öhdəliklərini yerinə yetirməmişdir
və nəticədə bizim paylayıcı sistemimiz çox
yararsız vəziyyətə düşmüşdür.
“Barmek”in bizim energetika sisteminə vurduğu zərbə
çox böyük oldu. İndi bunu aradan
qaldırmaq, vəziyyəti sağlamlaşdırmaq
üçün nə qədər böyük işlər
görürük”.
Prezident
İlham Əliyev ümumən energetiklərin
qarşısında duran vəzifələri də
vurğulamış və bildirmişdir ki: “Vəzifələr
aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin
etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm
də paylayıcı sistemi müasirləşdirməkdir ki,
Azərbaycanda ən müasir standartlara cavab verən energetika
sistemi yaransın”.
2006-2016 Paylayıcı elektrik şəbəkələrində
islahatlar
Respublika üzrə elektrik şəbəkələrinin
qoyuluş gücü “Azərişıq”ASC yarandığı
2015-ci ilin əvvəlinə 9,500 MVA-dan 2016-ci ilin birinci
yarımilliyinə 11,111 MVA-ya qaldırılıb. 2016-cı ilin
sonuna 12, 561 MVA təşkil edəcək.
Onu da deyək
ki, faydalı elektrik enerjisinə görə yığım
respublika üzrə 87 faiz o, cümlədən Bakı şəhəri
üzrə 98,3 faiz təşkil edir. İşçilərin
orta aylıq əməkhaqları 2006-cı ildə 340 manat,
2016-cı ildə 625 manat, Bakı regionu üzrə 570 manat,
rayonlar üzrə isə 418 manat təşkil edir. Vergi öhdəlikləri isə tamamilə yerinə
yetirilmişdir.
Paytaxtın elektrik şəbəkəsində
aparılan islahatların keyfiyyətcə yeni mərhələsi
Son 10 ildə görülən işlər, tikilən
yarımstansiyalar elektrik şəbəkəsində
aparılan islahatların keyfiyyətcə növbəti mərhələsinin
başlanğıcı hesab olunur. Diqqət edək: 2007-ci ildə
110/35/10 kV-luq “Buzovna”, 35/10 /6 kV-luq “Bilgəh”, 2008-ci ildə
110/35/10 kV-luq 215 saylı yarımstansiya, 110/35/10 kV-luq
“Şıx”, 35/10 kV-luq “Amburan” və tikintisinə 2008-ci ildə
başlanılıb 23 aprel 2009-cu ildə
açılış mərasimi keçirilən 110/35/6
kV-luq 203 saylı yarımstansiya, 2009-cu ildə 110/35/6 kV-luq 227
saylı yarımstansiya, 110/35/10 kV-luq “Hava Limanı”
yarımstansiyası, 2010-cu ildə 110/35/6 kV-luq “Xocasən”,
35/6 kV-luq 486 saylı və 110/35/6 kV-luq “Köhnə Bayıl”
yarımstansiyası tikilib istifadəyə verilmişdir.
Təkcə 2011-ci ildə 7 ədəd - 110/35/6 kV-luq
“Badamdar”, 110/35/10 kV-luq “Dağlıq”, 35/6 kv-luq 117 saylı,
35/10 kV-luq 99 saylı, 35/6 kv-luq 249 saylı, 35/10 kV-luq
“Dağüstü Park”, 35/6 kV-luq 111 saylı yarımstansiyalar
tikilmişdir.
Məlum olduğu kimi, 2012-ci ildə Bakıda ilk dəfə
olaraq “Eurovision” mahnı müsabiqəsi keçirilmişdir. Bakı
müsabiqəsi bütün cəhətlərinə görə
yüksək səviyyədə təşkil olunması ilə
fərqlənmişdir. Bu işdə ASC
kollektivinin də rolu olmuşdur. Belə
ki, “Bakıelektrikşəbəkə” tərəfindən
110/20/6 kV-luq köhnə “Bayıl” yarımstansiyasının
yerində müasir tipli və 110/35/6 kV-luq “Bayıl”
yarımstansiyası tikilmişdir. Bundan başqa, istismara
yararsız 119 saylı yarımstansiyanın əvəzinə
110/35/6 kV-luq yeni “İçərişəhər”
yarımstansiyası istismara verilmişdir. Bu
yarımstansiyalar 110 kV-luq ikidövrəli kabel xətləri
vasitəsilə ilə əlaqələndirilmişdir. Həmçinin 35/10 kV-luq “Bayraq meydanı”
yarımstansiyası tikilib istismara verilmişdir. Bundan başqa, həmin ildə 110/20/6 kV-luq “Yeni
Bayıl”, 110/35/10 kV-luq “Yasamal-2”, 110/35/10 kV-luq “Dərnəgül-1”,
110/35/10 kV-luq “Liman” yarımstansiyaları da fəaliyyətə
başlamışdır.
110/35/6 kV-luq “İçərişəhər”
yarımstansiyası paytaxtın elektrik şəbəkəsində
aparılan islahatların keyfiyyətcə növbəti mərhələsinin
başlanğıcı hesab edilə bilər. “Dairəvi sistem”ə əsaslanan
110/35/10 kV-luq qapalı tipli “İçərişəhər”
yarımstansiyası MDB məkanında 110 kV-luq eleqaz
avadanlığı ilə təchiz olunmuş ilk qapalı
tipli yarımstansiyalardan biridir. Açıq tipli
yarımstansiyalardan qat-qat az yer tutan, rele
müdafiəsi və eleqaz avadanlıqları ilə təchiz
edilən, təhlükəsiz, rahat və operativ idarə
olunan belə stansiyalar müasir dövrdə, xüsusilə
meqapolislər üçün olduqca əlverişlidir.
Onu da
vurğulayaq ki, 2013-ci ildə həmçinin paytaxtda 35/10 kV-luq
“Gənclik” və 35/6 kV-luq 118 saylı yarımstansiyaların
açılışı olmuşdur.
I Avropa Oyunlarına hazırlıq və
yüksək səviyyəli xidmət
2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin
Baş Məclisində 2015-ci ildə I Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi haqqında qərar qəbul
edildi və Avropanın idman-olimpiya ailəsi Bakının
namizədliyini böyük səs çoxluğu ilə dəstəklədi. 2013-cü ildə
isə bu idman bayramına hazırlıqlar başlandı.
Yanvar ayının 17-də Avropa Oyunlarını yüksək
səviyyədə keçirmək üçün Təşkilat
Komitəsi yaradıldı və qurumun iclaslarında dövlət
başçısı bütün strukturlara xüsusi
göstərişlər verdi.
“Bakıelektrikşəbəkə”nin
üzərinə düşən vəzifə isə
yarımstansiyaların yenidən bərpası, yenilərinin
inşası və şəhərin ayrı-ayrı ərazilərində
istehlakçıların elektrik enerjisi ilə təchizatını
yaxşılaşdırmaqdan ibarət idi. Üzərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gələn ASC tərəfindən bu müddət ərzində
4 ədəd 110 kV-luq yarımstansiya (204 saylı, “Kürdəxanı”,
“Ağ şəhər”, “Həzi Aslanov”), 7 ədəd 35
kV-luq yarımstansiya (“Koroğlu”, 35, 217, 208, 88, 81, 94 saylı
yarımstansiyalar) tikilib istifadəyə verildi. Onu
da deyək ki, qeyd edilən yarımstansiyalar 110 və 35 kV-luq
kabel xətləri vasitəsi ilə əlaqələndirilmişdir.
Eyni zamanda, I Avropa Oyunlarının keçiriləcəyi
bütün məkanların, xüsusilə Olimpiya stadionunun,
Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin,
Su İdman Sarayının, Atletlər kəndinin,
üzgüçülük hovuzunun, idmançıların və
qonaqların yerləşdiyi çoxsaylı hotellərin,
sosial təyinatlı obyektlərin, tarixi məkanların,
muzeylərin, parkların, küçələrin, fəvvarələrin
fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatını
yüksək səviyyədə təmin etmək
üçün müvafiq tədbirlər görüldü.
“Bakıelektrikşəbəkə”nin fəaliyyətinə yüksək qiymət
verən dövlət başçısı cənab İlham
Əliyev 2013-cü il sentyabrın 25-də 204 saylı
yarımstansiyanın açılışında etdiyi dərin
məzmunlu, proqram xarakterli nitqində demişdir: “Mən
çox şadam ki, Bakı Elektrik Şəbəkəsi
uğurla fəaliyyət göstərir. Eyni
zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə
dövlətə qayıtması barədə vaxtilə qəbul
etdiyim qərar öz səmərəsini verməkdədir.
Siz - şəbəkənin əməkdaşları
bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin
əlində olanda burada nəzarət də, investisiya da və
inkişaf da olacaqdır”.
Yarımstansiya - muzey
“Azərişıq” ASC-nin kollektivi paytaxtın elektrik təsərrüfatının
inkişaf tarixinə də həssaslıqla yanaşır. 1914-cü ildə
Bakının Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar
tikilmiş 20 kV-luq qapalı tipli yarımstansiya ilkin vəziyyətində
bərpa olunaraq Yarımstansiya-muzey yaradılmışdır.
Ölkəmizdə ilk dəfə olaraq yaradılan
yarımstansiya-muzeydə evimizin işığının
hansı tarixi mərhələləri keçərək
formalaşması, hansı texniki proseslərdən sonra mənzillərimizi
işıqlandırması ilə tanış
olmaq mümkündür. “Bakıelektrikşəbəkənin”
80 illik yubileyi ərəfəsində araya-ərsəyə gətirilən
bu muzey çeşidli və dolğun eksponatları ilə
seçilir. Ən əsası isə gələcək
nəsillər şəbəkənin tarixi və 2006-cı
ildən bəri paylayıcı elektrik şəbəkəsi
sahəsində vüsət götürən yenidənqurma tədbirləri
barədə dolğun məlumat ala bilirlər. Bu yarımstansiya XX əsrin əvvəllərində
Binəqədi rayonu ərazisində mövcud olmuş neft mədənlərini
elektrik enerjisi ilə təchiz etmək məqsədilə
tikilmişdi. Yarımstansiyanın
binası ilkin vəziyyətdə olduğu kimi restavrasiya
olunmuş, ərazidə xüsusi abadlıq işləri
aparılmışdır. Açıq
havada xüsusi avadanlıqlar üçün sahələr
yaradılmışdır. Yarımstansiyanın
ekspozisiyaları 100 il əvvəlki
dövrün layihəsinə uyğun olaraq elektromontaj
olunmuşdur.
Fasiləsiz enerji təminatı
Paylayıcı elektrik şəbəkədə həyata
keçirilən ən mühüm islahat Bakı şəhərində
elektrik təchizatının dayanıqlığını və
etibarlılığını təmin edən 110 kV-luq dairəvi
təchizat sisteminin yaradılmasıdır. Ötən illərdə
“Bakıelektrikşəbəkə”nin əsas
hədəflərindən biri məhz dövlətin hərtərəfli
dəstəyi ilə dünyanın ən inkişaf etmiş
meqapolislərində olduğu kimi, respublikamızın
paytaxtında da dairəvi təchizat sisteminin yaradılması
idi. Bu sistemin yaradılmasında məqsəd 220 kV-luq
qovşaq yarımstansiyalarından 110 kV-luq elektrik şəbəkələri
vasitəsilə enerjinin şəhərin müxtəlif yerlərinə
ötürülməsi, həmçinin hər hansı mənbədən
olan elektrik təchizatında fasilə yarandığı təqdirdə
istehlakçının digər mənbə hesabına enerji
ilə təmin olunmasıdır.
Bu sxem günün istənilən vaxtında
istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz
təmin etməyə hərtərəfli imkan verir. Şəbəkənin
bu istiqamətdə də gördüyü təxirəsalınmaz
tədbirlər öz bəhrəsini vermişdir. İlk
olaraq 110 kV-luq dairəvi sxem 220 kV-luq “Müşfiq” və
“Xırdalan” qovşaq yarımstansiyaları arasında
yaradılmışdır. Dairəvi sxemin yaradılması
üçün yeni 110 kV-luq “Bayıl”, “İçərişəhər”
və “Liman” yarımstansiyaları tikilib istifadəyə
verilmişdir. “Müşfiq” - “Badamdar” -
“Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kV-luq
hava xətləri kabel xətləri ilə əvəz
edilmişdir. Bu dairəvi sistem paytaxtın mərkəzindəki
mühüm obyektləri - Bayraq meydanı, Milli Park, “Baku
Crystal Hall”, “İçərişəhər” Dövlət
Qoruğu, habelə neft mədənləri, yaşayış
massivləri və müxtəlif sosial və məişət
obyektlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi
ilə təmin edir.
Bakının
Qaradağ, Binəqədi, Yasamal və Nəsimi
rayonlarının elektrik təchizatında
dayanıqlığı və fasiləsizliyi təmin etmək
üçün isə 220 kV-luq “Səngəçal” və
“Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci
110 kV-luq dairəvi sistem yaradılmışdır. Bunun üçün Xocasən qəsəbəsində
müasir tipli 110/35/10 kV-luq “Xocasən” yarımstansiyası
tikilmişdir. 110 kV-luq “Dağlıq” və
“Yasamal-2” yarımstansiyaları yenidən qurulmuşdur. Bu dairəvi sistem yeni tikilən metro
stansiyalarını, “Avtovağzal” kompleksini, Bakının su təchizatı
sistemini, Bakı Stend Atıcılığı Kompleksini və
digər obyektləri fasiləsiz və dayanıqlı elektrik
enerjisi ilə təmin etməyə imkan verir.
Həmçinin “Xırdalan” və “Nizami”
yarımstansiyaları arasında üçüncü 110
kV-luq dairəvi sistem yaradılmışdır. Bu məqsədlə
110 kV-luq “BMKZ” və 204 saylı yarımstansiyalar qapalı
tipli olmaqla, yenidən tikilmişdir. Bu
yarımstansiyaları əlaqələndirmək
üçün 36 km uzunluğunda 110 kV-luq ikidövrəli
kabel xətti çəkilmişdir. Eyni
zamanda, 110 kV-luq “BMKZ” və 203 saylı yarımstansiyalar
arasındakı hava xətləri kabel xətləri ilə əvəzlənmişdir.
Bu sistem Olimpiya stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi,
Heydər Əliyev adına neft Emalı Zavodu və Heydər
Əliyev prospektindəki dövlət əhəmiyyətli
obyektləri - ARDNŞ, Azərsu, Milli Sağlamlıq Mərkəzi,
Dövlət Neft Fondu və başqa obyektləri fasiləsiz,
dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Sayca
dördüncü olan “Müşfiq”, “Xırdalan” və
“Hövsan” yarımstansiyaları arasında 110 kV-luq dairəvi
sistem üç qovşaq yarımstansiyalarını əlaqələndirir.
Bunun üçün 110/35/10 kV-luq 210 saylı və
110/35/10 kV-luq “Həzi Aslanov” yarımstansiyaları
tikilmişdir. Bu yarımstansiyalar da
qapalı tiplidir və müasir tələblərə cavab
verən avadanlıqlarla təchiz edilmişdir. Onları
qidalandırmaq məqsədilə 110 kV-luq “Liman” - “210” - “Həzi
Aslanov” - “Radiozavod” - “Əhmədli” yarımstansiyaları
arasında ikidövrəli kabel xətləri
quraşdırılmışdır. Bu dairəvi sistemin məqsədi
Xətai və Nizami rayonlarının əksər hissəsini,
“Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ
arası sahil boyu inşa edilən həm yaşayış, həm
istirahət, həm də sosial obyektləri dayanıqlı
enerji ilə təmin etməkdir.
110/35/10
kV-luq 2x40 MVA gücündə yeni “Buzovna-2”
yarımstansiyanın tikintisi ilə Abşeron
yarımadasında olan 110 kV-luq paylayıcı şəbəkələrin
respublikamızın şimal bölgəsi ilə əlaqələndirilməsi
planının ilk mərhələsidir. Bununla 3 elektrik
stansiyanın (Şimal ES, Təmiz Şəhər ES,
Sumqayıt ES) və 2 ədəd 220 kV-luq qovşaq
yarımstansiyanın (“Zabrat” və “Sənaye
Qovşağı”) əlaqələndirilməsi ilə 110
kV-luq elektrik təchizatı sxeminin etibarlığı
artırılır. Bundan əlavə, yeni
inşa edilmiş “Buzovna-2” yarımstansiyası mövcud 35
kV-luq şəbəkə üçün mənbə
olduğundan ayrı-ayrı 35 kV-luq dairəvi sxemə aid olan
yarımstansiyaları əlaqələndirir. Bu da öz
növbəsində mövcud 35 kV-luq yarımstansiyalar
arasında dairəvi elektrik təchizat sxeminin, elektrik şəbəkələrinin
dayanıqlı iş rejiminin yaradılmasına şərait
yaradır.
Bütün Azərbaycan ərazisini əhatə
edən “Azərişıq”
“Bakıelektrikşəbəkə”nin təkcə Bakı və ətraf qəsəbələri
deyil, bütün Azərbaycan ərazisini əhatə edən
yeni bir quruma çevrilməsi ölkə
başçısının apardığı iqtisadi və
sosial siyasətin uğurlu nəticəsi idi.
2006-cı
ildən başlayaraq 9 il müddətində görülən
möhtəşəm işlər, Bakı və ətraf qəsəbələrin
dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı
istiqamətində yaradılan yüksək səviyyəli
xidmət, elmi-texniki nailiyyətlərdən səmərəli
istifadə, peşəkar kadrların
formalaşdırılması və s. mühüm işlərin
nəticəsi kimi dövlət rəhbərliyi tərəfindən
“Bakıelektrikşəbəkə” kollektivinə növbəti
etimad göstərilərək bu fəaliyyətin təkcə
Bakı və ətraf qəsəbələri deyil,
bütövlükdə Azərbaycan ərazisini əhatə
etməsi qərara alınmışdır.
Azərbaycan
Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045
saylı sərəncamına əsasən,
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin
adı dəyişdirildi və “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan”
layihəsinin reallaşdırılması çərçivəsində
bu işin yeni yaradılan “Azərişıq” Açıq Səhmdar
Cəmiyyətinə tapşırılması qürurverici
faktdır. “Azərişıq” ASC-nin kollektivi bundan sonsuz şərəf
duyur və Bakıda həyata keçirilən islahatların
bütün Azərbaycanı əhatə etməsi istiqamətində,
ölkəmizin ən ucqar yaşayış məntəqələrinin
belə, nura bələnməsi naminə yorulmadan və
iftixarla çalışmaqdadır.
“Azərişıq” ASC respublikamızın 57 rayon və
şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı
satış idarəsi yaratmışdır. Bunlar Bakı,
Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və
Qərb regional enerji təchizatı və satışı
idarələridir. “Azərişıq” ASC-nin əsas
missiyası istehlakçıları etibarlı, təhlükəsiz
və səmərəli elektrik enerjisi ilə təchiz etmək;
yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın
müasirləşdirilməsi və ondan səmərəli
istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə
əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən
müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni
formalaşdırmaq; istehlakçılara göstərilən
xidmətin keyfiyyətini yüksək səviyyədə təmin
etmək və daim təkmilləşdirmək; elektrik
enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə
endirmək və sairədir.
Hazırda respublikanın bütün RETSİ-lərdəki
elektrik şəbəkələrində yeni güc mərkəzlərinin
yaradılması, bütün qəsəbə və kəndlərin,
bütövlükdə yaşayış məntəqələrinin
dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması işləri geniş şəkildə və
böyük sürətlə davam etdirilir.
“Azərişıq” yaradılarkən üzərinə
çox böyük vəzifələr qoyulmuşdur. Bu vəzifələr
şərəfli olmaqla, çox böyük məsuliyyət
tələb edir. Bu missiyanın yerinə
yetirilməsinin çətin olduğunu dövlətimizin
başçısı da vurğulamışdır.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq
demişdir: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
bu il yaranıb. Cəmiyyətin
qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə
elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ
deyil. Həm vəsait lazımdır, həm
texniki məsələlər həllini tapmalıdır.
Bölgələrdə köhnəlmiş
infrastruktur əfsuslar olsun ki, kifayət qədər
çoxdur. Yeni infrastruktur,
ötürücü xətlər, transformatorlar, yəni,
bölgələrdə bütün elektrik təsərrüfatı
Bakının səviyyəsinə qalxmalıdır.
Bakıda da işlər davam edir. Baxmayaraq, bir
neçə ildir ki, biz Bakıda təminatı artıq
maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər
böyüyür, əhali artır, yeni sənaye obyektləri,
ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ
şəhər” kimi şəhər içində şəhər
tikilir. Bütün bunlar əlavə enerji
resursu almalıdır. Ona görə yeni
yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının
tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir,
ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan
10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də
bizim ixrac potensialımız da var.
Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə
daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə,
ölkə daxilində, xüsusilə bölgələrdə,
uzaq kəndlərdə bütün enerji infrastrukturu ən
yüksək səviyyədə olmalıdır”.
Bakıdakı
ənənəyə sadiq qalan “Azərişıq” ASC Azərbaycanın
qədim şəhəri olan Gəncədə də gözəl
memarlıq abidəsinin yaradılmasına nail olmuşdur. Gəncənin qədim şəhərsalma
üslubuna uyğun olaraq tikilən yarımstansiyanın birinci
mərtəbəsi daş üzlüklə, ikinci mərtəbəsi
isə qırmızı kərpicdən olmaqla xüsusi
memarlıq üslubunda inşa edilib. İnşaat
işləri zamanı 1200 metr məsafədə asfalt yol
salınıb, ətraf abadlaşdırılıb,
yaşıllıq zolaqları yaradılıb. Yarımstansiya foyesində ulu öndər Heydər
Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və
fəaliyyətindən bəhs edən guşə
yaradılıb. Həmçinin 35/6 kV-luq
“Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi
də yaradılmışdır.
Yaradıldığı
çox qısa müddət ərzində, 2015-ci ildə “Azərişıq”
ASC 3 yeni 110 kV-luq yarımstansiya inşa etmişdir: Bakı
şəhərində “Buzovna-2”, Şəki rayonunda
“Göynük” və Gədəbəy rayonunda “Gədəbəy”.
Bundan başqa, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir
olunmuş, 3 ədəd transformator yenisi ilə əvəz
edilmiş və 400 km-yə yaxın EVX təmir olunmuşdur. Ümumilikdə, 25 km kabel xətti, 70 km hava xətti
çəkilmişdir. ASC tərəfindən
22 ədəd 35 kV-luq yeni yarımstansiya inşa edilmişdir.
Bunlardan
4-ü
Bakı şəhərində, 3-ü Bakıətrafı qəsəbələrdə,
1-i Gəncə şəhərində, 2-si Xaçmaz
rayonunda, 3-ü Quba rayonunda, 2-si Şabran rayonunda, 3-ü
Daşkəsən rayonunda, həmçinin Qəbələ,
Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər
birində bir yarımstansiya inşa edilmişdir. Rayonlarda 17 ədəd müasir standartlara cavab verən
rayon enerji təchizatı və satış idarələrinin
ofisləri tikilmişdir. 35 kV-luq 400-dək
yarımstansiya təmir olunmuşdur.
Bundan
başqa, regionlarda 1450 ədəd müasir tipli yeni TM və
KTM tikilərək quraşdırılıb, 6500-ə
yaxın transformator yarımstansiyalarında təmir işləri
aparılıb, 24 000 km-yə yaxın elektrik verilişi xətləri
təmir edilib, 15 000-dən çox yeni dayaqlar qurulub, 750 km
kabel xətti, 2400 km hava xətti çəkilib. 0,4 kV-luq
şəbəkələrin yenidən qurulması məqsədilə
2450 km-yə yaxın ÖİN (SİP) kabeli, 552 km kabel, 2000
km hava xətti çəkilib, 110 000-dən artıq dayaq və
uçot sisteminin təkmilləşdirilməsi məqsədilə
200 000-ə qədər yeni sayğac komplekti
quraşdırılıb.
Ucqar dağ kəndlərinin zülmətli
gecələri işıq selinə bürünüb
Paylayıcı elektrik şəbəkələrində
islahatlara başlanmasının 10 illiyi münasibəti ilə
2016-cı ildə “Azərişıq”ASC-nin həyata
keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki
illərlə müqayisədə bir neçə dəfə
artırılmışdır. Xüsusi ilə nəzərə
almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri
cəlb etmədən -”Azərişıq”ASC-nin tam daxili
resursları hesabına həyata keçirilir. Hazırda
110 kV-luq şəbəkələr üzrə 12 ədəd
- 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə
41 ədəd 35 kV-luq yarımstansiya tikilir. 10 ədəd
ofis binasının tikintisi aparılır. Onu da deyək
ki, 2006-cı ilə qədər “Bakıelektrikşəbəkə”nin Nərimanov və Xətai rayonlarında yerləşməklə
cəmi 2 inzibati binası mövcud idi. 10 il
müddətində 50-yə yaxın ofis binaları,
yardımçı və texniki əhəmiyyətli bina və
qurğular tikilib istifadəyə verilmişdir.
Yeni tikilən yarımstansiyalar isə xüsusi layihə
əsasında iki transformatorlu (açıq şəraitdə)
olmaqla qapalı tipli tikilir. Yüksək və
alçaq gərginlikli xətlərin yarımstansiyaya
girişi və çıxışı xüsusi kabel
kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata
keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli
və təhlükəsiz olmaqla dayanıqlıdır.
Ölkəmizin bütün rayon mərkəzlərində,
qəsəbə və kəndlərində yararsız,
istismar müddəti başa çatmış köhnə
transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri
(KTM) ilə əvəz olunur. 2015-ci ildə 1450 ədəd
quraşdırılıb, 2016-cı ildə isə 1650 ədəd
bu tip KTM-lər quraşdırılmaqdadır. “Azərişıq”
ASC Bakı kimi respublikamızın bütün şəhər
və rayonları, kənd və qəsəbələrində,
hətta ən keçilməz dağ silsilələrində,
ən ucqar yaşayış məskənlərində belə,
genişmiqyaslı işlər görməkdədir. Zaqatala rayonunun Qalal kəndi 35 illik (!) fasilədən
sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə
təmin olunmuşdur. Bu kənd rayon mərkəzindən
30 km məsafədə, Rusiya ilə sərhəddə yerləşir.
Kənd sakinləri 35 il idi ki,
işıqsız qalmışdılar! Elektrik
enerjisi olmaması səbəbindən burada yaşayan insanlar
üçün radio-televiziya əlçatmaz idi. “Azərişıq” ASC yaradıldıqdan sonra bu vəziyyət
tamamilə aradan qalxmış, zülmət gecələr
işıq selinə bürünmüşdür.
“Azərişıq” ASC müharibə şəraitində
olan ölkəmizdə cəbhə bölgəsində yerləşən
rayonlara da xüsusi diqqət və qayğı göstərilir. Düşmənlə
təmas xəttində yerləşən Tərtər,
Ağdam və Füzuli rayonlarında köhnəlmiş,
istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər,
transformatorlar yeniləri ilə əvəz edilir və
müasir tipli yarımstansiyalar quraşdırılır.
Bu bölgələrin fasiləsiz,
dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət
mərkəzindədir.
Bütün yeni tikililər əsasən mövcud
yarımstansiya və digər energetika qurğularının ərazisindən
səmərəli istifadə etməklə, birbaşa həmin
ərazilərdə inşa olunmuşdur. Ümumilikdə,
bütün yeni inzibati binalardakı infrastruktur və xidmət
mükəmməlliyi ilə seçilir. İşçilərin
fasilə zamanı normal istirahəti üçün də hərtərəfli
şərait yaradılmışdır.
“Azərişıq” ASC ölkəmizin digər
regionlarında da gözəl memarlıq quruluşlu ofis
binalarının tikintisini davam etdirir. ASC tərəfindən yerlərdə
əhaliyə keyfiyyətli xidmət göstərilməsi
üçün optimal iş şəraitinin
yaradılması istiqamətində işlər davam etdirilir. 18 rayonda yeni ofis binalarının tikintisi başa
çatdırılmış, 10 rayonda (Cəlilabad, Sabirabad,
Sumqayıt, Ucar, Şəki, Hacıqabul, Qəbələ,
Ağsu, Gədəbəy, Goranboy) isə ofis
binalarının tikintisi davam edir. Bu binalarda şəbəkə
əməkdaşları üçün hər cür şərait
yaradılır, iş otaqları müasir
avadanlıqlarla, kompüter texnikası və internetlə də
təmin edilirlər.
Son 10 il ərzində
70 mindən artıq smart tipli sms sayğac
quraşdırılıb
950 mindən çox elektron-rəqəmsal sayğaclar
istismara verilmiş və uçot komplekti ilə təchiz
edilmişlər. İlk dəfə olaraq, insan faktoru təsirinin
minimallaşdırılması məqsədilə, məsafədən
oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində
quraşdırıldı və xüsusi proqram təminatı
mərkəzi idarəetmə bazasına inteqrasiya edildi.
Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və
istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik
və aylıq (cari ay və ya 4 həftə müddəti
götürülür) sərfiyyat göstəricilərini
virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə
ötürür (əvvəlcədən qurulmuş virtual
ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və
ya istismar şərtlərini pozan şərait
yarandığı hallarda sayğac mərkəzə
müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını
da çatdırır. Generasiya olunan
informasiyalar şifrələnir, mərkəzə
çatdırıldıqda isə deşifrə olunaraq
xüsusi cədvəllər şəklində monitorda əks
etdirilir. Bu günədək 500-dən çox bu tip
sayğaclar quraşdırılmış və uğurla
istismar olunur. İnformasiya mübadiləsi
prosesinin (uçot avadanlıqları məlumatlarının
ümumi bazaya çatdırılması) daha da sürətləndirilməsini
təmin etmək məqsədilə, elektron sayğac göstəricilərini
on-line (davamlı-xəttə qoşulu) rejimdə işləyən
və daxil edilmiş məlumatı birbaşa GPRS kanalı ilə
Mərkəzi Abonent Bazasına ötürə bilən
“CASİO” markalı əl terminallarının tətbiqi
uçota nəzarəti və ümumilikdə enerji
satış işinin səmərəliliyini daha da
artırmışdır. Belə ki, sayğac oxunma
prosesi ilə yanaşı, abonent bazasındakı məlumatlar
da (“abonent haqqında məlumat vərəqəsi” səhifəsi)
avtomatik yenilənir, bununla da enerji sərfiyyatı
miqdarının lokal və total dəyərinin
proqnozlaşdırılması, şəbəkəyə yeni
qoşulacaq istehlakçıların güc göstəricilərinin
qabaqcadan təyin edilməsi və s. üçün əlverişli
şərait yaranır.
2011-ci ildən
tətbiqinə start verilmiş SMS Smart sayğacların
istismarını tam şəkildə həyata keçirmək
məqsədilə, müəssisənin intellektual
texnologiyalar mütəxəssisləri tərəfindən
xüsusi SİMS proqram təminatı işlənib
hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart
sayğacların oxunması, balans artırılması, alarm -
xəbərdarlıq mesajlarının alınması, məsafədən
tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı
(gündəlik, həftəlik, aylıq,yarım illik və
illik) haqda tam məlumatların alınması/verilməsi,
abonentin mobil telefonuna faydalı məlumatların
ötürülməsi təmin edilir. SMS Smart
tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə,
şifrələnmiş informasiya mübadiləsi rejimində
fəaliyyət göstərir və funksional imkanları tətbiq
şəraitinə uyğun qabaqcadan
proqramlaşdırılır. 2011-2016-cı
illər ərzində 70 mindən artıq SMS Smart sayğac
paytaxt rayonlarında və ölkəmizin müxtəlif
regionlarında quraşdırılıb və uğurla
istismar edilir.
Dispetçer idarəetməsi
Prezident İlham Əliyevin 2011-ci ildə
açılışında iştirak etdiyi Mərkəzi
Dispetçer Xidməti şirkətin ən uğurlu layihələrindəndir. Yeni tikilən
və əsaslı şəkildə yenidən qurulan
yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə
nəzarət və idarəetmə) sisteminə qoşulur.
110 və 35 kV-luq yarımstansiyaların SCADA
sisteminə keçməsi ilə onların uzaq məsafədən
operativ idarə olunması təmin edilir. Bu
sistem kompüter bazası əsasında qurulan və
proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə
sistemidir. Onun əsas funksiyası şəbəkəni
və ya enerji sistemini operativ idarə edən dispetçerlə
idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə
yaratmaqdan ibarətdir. SCADA vasitəsilə
şəbəkənin elektrik avadanlıqlarına nəzarət
və onları idarə etmək, təcili operativ əməliyyatlar
həyata keçirmək, şəbəkədə gedən
prosesləri təhlil etmək, hesabatlar hazırlamaq
mümkündür. Bu sistemə qoşulan
yarımstansiyalarda qəza baş verərsə, SCADA sistemində
dərhal vizuallaşır. Dispetçer isə
qəzanın baş verdiyi elektrik avadanlığını təyin
edir, qəzanın yaranma səbəblərini
aydınlaşdırır, hadisənin nəticələrinin
qısa zaman çərçivəsində aradan
qaldırılmasını həyata keçirir.
Abonentlərinə müxtəlif elektron xidmətlər
də göstərən “Azərişıq” ASC-nin fəaliyyətində
kadr siyasətinə xüsusi diqqət verilir. Ən son
elmi-texniki yeniliklərə əsaslanan texnologiya və
avadanlıqlardan istifadə, eləcə də şəbəkənin
inkişaf tempinin ildən-ilə sürətlənməsi və
işin həcminin durmadan artması müasir tələblərə
cavab verən yüksək ixtisaslı işçilərin
sayının artırılmasını və fəaliyyətdə
olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi
üçün respublikamızda ilk dəfə elektroenergetika
sahəsində müasir tələblərə cavab verən
tədris mərkəzi yaradılıb.
Bir sözlə, “Azərişıq” ASC öz
missiyasını - istehlakçıların dayanıqlı,
fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini
daim şərəflə yerinə yetirir. Dövlətimizin
dəstəyi ilə “Azərişıq” ASC kollektivi kənd,
qəsəbə və respublikamızın rayon və şəhərlərində
paylayıcı elektrik şəbəkələrinin bərpası
və yenidənqurma işlərini yaxın gələcəkdə
uğurla həyata keçirəcəkdir.
Baba RZAYEV,
“Azərişıq”
ASC-nin sədri
Azərbaycan.- 2016.-
10 avqust.- S.4-5.